“Uşaqlarla öz dillərində danışmaq lazımdır” - Fotolar
Abdulla
Şaiq adına Dövlət Kukla Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasında keçirilən
"Orteke” V Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edib. Orada
uşaqların sevimlisi, tanınmış aktyorumuz Rəhim Rəhimov "Zəng” adlı
mono-tamaşasındakı obrazına görə festivalın "Ən yaxşı aktyor” nominasiyası üzrə
qalibi olub. Festivaldan əlidolu dönən Rəhim Rəhimov, "Kaspi”nin suallarını
cavablandırdı.
- Rəhim bəy, ilk olaraq sizi təbrik edirik və
uğurlarınızın davamlı olmasını diləyirik.
- Təşəkkür
edirəm. Diqqətiniz üçün də minnətdarlığımı bildirirəm.
- İstərdik, festival barədə təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
- 6-10
iyun tarixlərində Qazaxıstan Respublikasında keçirilən "Orteke” V Beynəlxalq
Kukla Teatrları Festivalına dəvət almışdıq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə həmin festivalda iştirak etdik. Səfər "Azərbaycan Teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya
miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşdı. Tədbir
TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan
olunan Türküstan və Şimkənd şəhərlərini əhatə etdi. Biz orada ölkəmizi mənim
ifamda olan "Zəng” adlı mono-tamaşa ilə təmsil etdik. İki ildən bir keçirilən
festivalın təşkilində məqsəd müasir teatr meyillərinin öyrənilməsi və kukla sənətinin
ayrı-ayrı qollarının təbliğ olunmasından ibarət idi. Orada bizi çox gözəl
qarşıladılar. Böyük və möhtəşəm bir festival gerçəkləşdi.Bizim
orada nümayiş etdirdiyimiz tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru
teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova idi. Həm
uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan
münasibətdən bəhs edir. Tamaşa izləyicilərə valideynləri unutmamaq, onları diqqətdən
kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır. Bu tamaşanın premyerası
keçən ilin aprelində olmuşdu. Bu tamaşa Kukla Teatrının repertuarında olan uğurlu tamaşalardandır. Hətta "Zəng” tamaşası
Yunanıstanın dörd şəhərində oynanılıb. Səhhətimdə problemlər yaşadığıma görə,
bir müddət teatrdan uzaqlaşmışdım. Ona görə tamaşanın bir müddət taleyi
durğunluq yaşadı. Əməliyyatdan sonra bir müddət səhnəyə çıxa bilmədim. Həkimlər
buna icazə vermirdilər. May ayından artıq teatra qayıtdım.
- Gözləyirdinizmi ki, "Ən yaxşı aktyor”
nominasiyası üzrə qalib olarsınız?
- Əslində
gözləmirdim. Festivalda ümumilikdə 80-dan çox aktyor heyəti iştirak edirdi. Bir
qədər narahatlıq hissi keçirirdim və hesab edirdim ki, bu qədər peşəkar aktyor
heyətinin içərisində yəqin ki, birincilik bizim olmaz. Amma nəticə düşüncələrimin
əsassız olduğunu sübut etdi. Biz tamaşamızı nümayiş etdirdikdən sonra münsiflər heyəti, eləcə də tamaşaçılar
yaxınlaşıb, tamaşamızın festivalın ən yaxşı tamaşalarından olduğunu deyirdilər.
Ancaq təsəvvürümə belə gətirə bilməzdim ki, bu nominasiyanın qalibi ola bilərəm.
Təqdimat qazax dilində keçirildiyi üçün dili başa düşmürdüm. Səhnədən məni
çağırırdılar, hamı əl çalırdı, mənsə dillərini başa düşmədiyim üçün oturub, səhnəyə
baxırdım. Direktorumuz Rəşad müəllim dedi ki, səhnə səni gözləyir. Onda bildim
ki, nominasiyanın qalibi mənəm.
- Bu sizin beynəlxalqfestivallarda əldə etdiyiniz
neçənci mükafatdır?
- Biz
Kukla Teatrının yaradıcı heyəti ilə beynəlxalq festivallara hər zaman kollektiv
olaraq getmişik və ən yaxşı tamaşa nominasiyasına layiq görülmüşük. Təbii ki,
bu, hamımızın uğurudur. Teatr kollektiv sənətdir. Ancaq şəxsi olaraq bu, ilk
mükafatımdır. Misal üçün, Mərakeşdə festivalda "Xeyir və Şər” tamaşasında
iştirak etmişdik. Orada heç kim inanmırdı ki, iki aktyor 17 kuklanı idarə edir.
Deməyim odur ki, indiyə qədər kollektivimizlə hansı festivala getmişiksə, uğurlarla
geri qayıtmışıq.
- Sizcə, teatrlarımızın beynəlxalq
festivallarda iştirakı bizə nə qazandırır?
- Çox
şey qazandırır. Biz beynəlxalq festivallara getməklə bilmədiklərimizi öyrənmiş
oluruq. Orada müxtəlif tərzli aktyor oyunu, səhnə tərtibatı görürük.
Festivallarda müxtəlif ölkələrin mütəxəssisləri tamaşalardan sonra ustad dərsləri
keçirirlər. Onlar da elə-belə insanlar deyil. Neçə illərdir səhnədə sözünü
demiş peşəkarlardır. Aktyorlar orada bilmədiklərini, kukla sənətinə aid bir çox
şeyləri öyrənmiş olurlar. Nəinki aktyorlar, elə rəssamlar, rejissorlar və başqaları
da. Baxmayaraq ki 20 ildir Kukla Teatrında çalışıram, beynəlxalq festivallardan
yenə də çox şey öyrənirəm. Dünya kukla teatrlarının təcrübəsindən də
yararlanırıq. Festival aktyor, rejissor və rəssam üçün çox önəmlidir. Məncə,
bu, mütləqdir.
- Adətən xarici ölkələrin teatrlarına baş çəkəndə,
öz teatrlarımızın, aktyorlarımızın qədrini daha yaxşı bilmiş oluruq.
- Sizinlə
razıyam. Bizim çox istedadlı aktyorlarımız, rejissorlarımız var. Düzdür,
xaricilərin teatrlarında güclü və qeyri-adi tamaşalar çoxdur. Hər kəs çalışır
ki, festivala gedərkən özünün ən yaxşı tamaşasını aparsın və uğur qazansın. Biz
hansı festivala getmişiksə, hamısında uğur əldə etmişik. Hətta bir dəfə
Tatarıstanda festivalda olarkən münsif heyətindən biri bizə demişdi ki, Azərbaycan
Kukla Teatrının yaradıcı heyətindən çox şey öyrənmək olar.
- Hər teatrın festival üçün nəzərdə tutduğu
tamaşası olur. Elə hesab edirik ki, sizə uğur gətirən "Zəng” tamaşası da məhz
festivallar üçün nəzərdə tutulub.
- Mən
deməzdim ki, "Zəng” tamaşası məhz festival üçün nəzərdə tutulub. Artıq bu
tamaşanı 4 dəfə səhnəmizdə oynamışıq və tamaşaçılar tərəfindən də rəğbətlə
qarşılanıb. Adətən festivala gedəndə, tərkib olaraq az və maraqlı tamaşalar
seçilir. Bunun yol, otel və digər xərcləri var. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə getdiyimiz üçün xərcləri onlar qarşılayır. Dövlət
teatrı olaraq nazirliyin xətti ilə gedirik. Elə olub ki, festivallara 10, 6, 4 nəfərlik
yaradıcı heyətlə getmişik. Repertuarımızda olan tamaşalarla beynəlxalq
festivallarda çıxış etmişik. Onlardan
"Ağ və qara”, "Qoçaq Əhməd” və digər tamaşalarımızın adlarını çəkə bilərəm.
- Bu dəfə qismət mono tamaşanın imiş.
- (Gülürük)
Mono tamaşa aktyorun istedadını üzə çıxarır. Bir növ aktyorun qabiliyyətini
göstərir. Kollektiv şəkildə işləmək də çox gözəldir və eyni zamanda məsuliyyətlidir.
Ancaq səhnədə tək işləmək daha çətindir. Sən bu tamaşa vasitəsi ilə tamaşaçı ilə
üz-üzə qalırsan və öz qabiliyyətini göstərirsən.
- Həm teatrda, həm də televiziyada uşaqların
sevimli aktyorusunuz. Hazırda verilişlərinizin vəziyyəti nə yerdədir?
- Mən
iki kanalda - ARB və İctimai Televiziyada çalışırdım. ARB-də mövsüm sonuna çıxdıq.
Səhhətimlə əlaqədar müəyyən problemlər yaşadım. Oradakı verilişin formatı elə
idi ki, uşaqlarla bölgələrə getməli olurduq. Bu da mənim səhhətimlə uyğun gəlmirdi
deyə bu layihəni dayandırdıq. İnşallah, növbəti mövsüm üçün Günəş-ARB kanalından
yeni bir layihə təklifi almışam. Yeni mövsümdən uşaqların görüşünə gələcəyəm.
Bu kanal mənə çox doğmadır. Hazırda isə İctimai Televiziyada "Biz belə əylənirik”
verilişinin aparıcısıyam. 4 aylıq fasilədən
sonra qaldığımız yerdən davam edirik.
- Zəmanə uşaqlarının dilini tutmaq, onları
anlamaq bir qədər çətindir. Uşaqlarla necə dil tapırsınız?
- Bu,
illərin təcrübəsinə söykənir. 20 ildir ki, sənətdəyəm və bu 20 ildə ancaq
uşaqlarla işləmişəm. Bu illər ərzində teatrımızın mərhum rejissoru Rəhman
Əlizadə ilə işlədim. Ondan uşaqların psixologiyasını və səbirli olmağı öyrəndim.
Rəhmətlik Ələkbər Hüseynovun uşaqlarla necə işlədiyini gördüm. İsrafil Məmmədov
və digər sənətkarlarımızla birlikdə işlədim və illər öz sözünü dedi. Mən dahi sənətkarlarımızdan
uşaqlarla necə işləmək lazım olduğunu öyrəndim. Onlardan öyrəndiklərim mənə çox
kömək etdi. Artıq müxtəlif xasiyyətli uşaqlarla
dil tapa bilirəm. Hər bir uşağın öz dili var. Onlarla öz dillərində
danışmaq lazımdır.
- Qeyd etdiniz ki, səhhətinizlə bağlı bir müddət səhnəyə
çıxa bilmədiniz. 20 il sənətdə olan yaradıcı insan üçün səhnəyə çıxmamaq necə
bir hissdir?
- Çox
pis... Bir var səhnəyə çıxmasan da dostlarla görüşürsən, ünsiyyət qurursan, bir
də var ki, nəinki səhnəyə çıxa bilmirsən, heç kimlə görüşə də bilmirsən, qapalı
bir vəziyyətdə qalırsan. 5 ay qapalı otaqda oturmuşam. Heç kimi görməyib, canlı
ünsiyyətdə olmamışam. Bu, dəhşətli bir şeydir. Dostlarımla ancaq telefon vasitəsi
ilə əlaqə saxlayırdım. Çünki heç kimlə ünsiyyət qurmağa icazə vermirdilər.
Ancaq balkona çıxıb şüşə arxasından dostlarımla görüşürdüm. Yanıma heç kimi
buraxmırdılar. Şükürlər olsun ki, hər şey arxada qaldı. Həkim 6 ay desə də, 4
ay yarımdan sonra səhnəyə qayıtdım. Həkimə də dedim ki, evdə otursam, daha pis
olaram. Analizlər verdim, hər şey yaxşı olduğuna görə həkimdən icazə aldım.
Allah heç kimə göstərməsin.
- İndi səhhətiniz necədir?
- Çox
şükür, özümü yaxşı hiss edirəm. Festivala getməmişdən öncə də analizlər verdim.
Mütəmadi olaraq hər ay yoxlanışdan keçirəm. Bu dəfə festivala görə prosesi tezləşdirdim.
Şükürlər olsun ki, hər şey qaydasındadır.
- Sizi daima Kukla Teatrının səhnəsində
görmüşük. Yaradıcılığınızda yenilik edib, başqa teatrların səhnəsinə çıxmaq
arzusunda olmusunuzmu?
- Düzü,
bu barədə fikirləşməmişəm. Bir çox seriallarda rol almışam. Əgər dəvət olarsa,
bəlkə də gedərəm, ancaq öz teatrımdan çıxmamaq şərti ilə. Bunu da bir yoxlamaq
istərdim. Onu deyim ki, Musiqili Teatrının səhnəsində bir müddət müqavilə ilə
işləmişəm. Belə ki, "Əlin cibində olsun” tamaşasında balaca bir rolum var idi.
Ancaq hardan dəvət gəlirsə-gəlsin, Kukla Teatrı mənə çox doğmadır. Digər
teatrlarda da özümü təsdiq edə bilərəm. Ancaq heç bir teatr Kukla Teatrının
yerini verə bilməz.
Xəyalə Rəis