AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Uşaqlarla böyüklərin birgə oynadığı yer - “Megafun”

Uşaqlarla böyüklərin birgə oynadığı yer - “Megafun”

Gənclik qəzeti
07 Aprel 2014, 08:39 19264
Bakıda yerləşən Avropanın ən böyük və qapalı əyləncə mərkəzi “Megafun” haqqında artıq hər kəsin məlumatı var. Qısa müddətdir, fəaliyyətə başlamasına baxmayaraq, bu əyləncə mərkəzi gənclərin, uşaqların, ailələrin ən sevimli məkanına çevrilib. Çünki, burada yaş fərqindən asılı olmayaraq hər kəs üçün istirahət etməyə şərait yaradılıb. Biz də son zamanlar dillər əzbəri olan bu əyləncə mərkəzindən reportaj hazırlamaq qərarına gəldik.

“Həyəcanın yaşı yoxdur”

Məlumat üçün bildirək ki, “Megafun” əyləncə mərkəzi Bakının tam mərkəzində Nobel prospekti, 15 ünvanında yerləşən “Azure” əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir. “Həyəcanın yaşı yoxdur” devizi ilə fəaliyyətə başlayan bu mərkəz qısa müddət ərzində bura gələn insanların rəğbətini qazana bilib. Bu məkan ümumilikdə 30 min m2 ərazini əhatə edir. Burada kiçikdən böyüyə bütün ailə üzvlərinə xitab edən 200-dən çox oyun aparatı, attraksion, simulyator, təbii buz meydançası, qorxu tuneli və bir çox digər əyləncə vasitələri var. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət 17 coğrafi zonalara bölünür. Üç mərtəbədən ibarət olan fərqli dizayna məxsus binaya daxil olduqda insan özünü nağıllar aləmində hiss edir. Məkanla tanış olmaq üçün eskalatorlarla yuxarı qalxırıq. Hər mərtəbədə müxtəlif attraksioanlar olduğu üçün burada insanlar daha çoxdur. Xüsusi ilə oyun zonalarında növbələr yaranır. Gənclərin daha çox cəmləşdiyi yer isə “London” zonasında yerləşən 16 xətli boulinq və “Moskva” zonasında yerləşən təbii buz meydançasıdır. Attraksionların qiyməti isə 1 manatla 10 manat arasında dəyişir.

İnsan özünü Avropadakı kimi hiss edir

Buz maydançasından istifadə edən Aysel Səmədova deyir ki, o hər həftə sonu buraya gəlir: “Çox vaxt buraya iş yoldaşlarımızla birgə gəlirik. Ən çox əyləndiyim və istifadə etdiyim zona 3-cü mərtəbədə yerləşən buz meydançasıdır. Qiymətləri də çox münasibdir. Bu əyləncə mərkəzində bizim gözəl istirahət etməyimiz üçün bütün şərait yaradılıb. “Megafun”da özümü Avropadakı kimi hiss edirəm”.
Buz meydançasında həm Zaman kartı, həm də Balans kartından istifadə edərək əylənmək mümkündür. Megafun kartları haqqında məlumat almaq üçün nəzarətçi ilə söhbətləşdik. O, bildirdi ki, burada istifdə olunan kartların qiyməti 1 AZN-dir: “Atraksionlarımızdan istifadə etmək üçün zaman və balans kartı əldə etmək lazımdır. Kartlarımızın dəyəri 1 AZN-dir. Zaman kartlarımızdan isə 5 AZN-ə 20 dəqiqə, 10 AZN-ə 50 dəqiqə, 20 AZN-ə isə 2 saat istifadə etmək mümkündür. Zaman kartı aktiv edildikdə içərisində olan zaman geriyə hesablanmağa başlayır və içərisindəki zaman bitdikdən sonra kart deaktiv olur. Bu zaman daxilində müştərilər qiymətindən asılı olmayaraq istənilən attraksiondan arzuladığı qədər istifadə edə bilərlər. Balans kartımıza isə istənilən məbləğ yükləyib bütün attraksionlardan istifadə etmək mümkündür. Balans kartına hər yüklənilən 5 manata görə 50 qəpik bonus yığılır. Bu kartdan istifadə edərkən attraksionun qiyməti kartda olan məbləğdən çıxılır”. Nəzarətçi deyir ki, balans kartı ilə qiymətlər: 10 dəqiqəsi - 5 AZN, 30 dəqiqəsi - 10AZN, 1 saatı – 15AZN , limitsiz 1 günü– 20AZN-dir”.

“Megafun fərqlidir”

Əyləncə mərkəzini müşahidə edərkən, gənclərin toplaşdığı daha bir zona diqqətimizi çəkir. Maraqlanmaq üçün həmin yerə yaxınlaşırıq. Məlum olur ki, bura karaoke klubdur. Son zamanlar gənclərin ən çox baş çəkdiyi və əyləndiyi klubun qarşısında demək olar ki, hər saat növbə olur. Növbədə gözləyən Rövşən deyir ki, o öz dostları ilə birlikdə karaoke klubda əylənməyə gəlib: “Megafun” əyləncə mərkəzi açılanda düşünürdük ki, bizim cibimizə uyğun olmaz, yəqin bahalıqdır. Girişin pulsuz olduğunu öyrəndikdən sonra, dostlarımla birlikdə tanışlıq üçün bura baş çəkmək qərarına gəldik. Yarım saatına 5 manat ödəməklə əyləndik. Əslində elə istirahət məkanları var ki, orada vəziyyət tamam başqadır. Məsələn, böyüklər üçün sadəcə boulinq var. Amma “Megafun” fərqlidir. Yaşın nə qədər çox olursa-olsun oynamağa mütləq oyun tapacaqsan”.
“Megafun”da yerli və dünya mətbəxini təmsil edən restoranlar da mövcuddur. Burada müştəri o qədər çox olur ki, hətta bəzən restoranlarda əyləşməyə belə yer olmur. Bu restoranlarda gənclərə hansısa xoş günlərini keçirməyə imkanlar yaradılır. Burada ad gününü qeyd edən Günay Həsənova deyir ki, qiymətlər çox münasibdir: “Bu gün mənim ad günümdür. Bütün dostlarımla burada ad günümü qeyd edirik. Qiymətlər də çox münasibdir. Bir adamın menyusu 11 manatdan başlayır və menyuda yemək də bol olur. O qiymətə kənarda düz-əməlli menyu əldə etmək olmur. Üstəlik, bura təmiz və səliqəlidir, xidmətdən isə tam razıyıq”.

Bilet yığıb pulsuz hədiyyə qazanırıq

Emil, Sahibə və onların 5 yaşlı övladı Günay da “Megafun”ın daimi müştərilərindəndir. Sahibə şikayət edir ki, yoldaşının başı oyunlara qarışdığından o, məcbur olub qızını attraksionlara mindirir: “Yoldaşım bura girəndən demək olar, böyüklər üçün maraqlı olan bütün oyunları oynayır, mən də arada uşaq imkan verəndə ona qoşuluram. Ayda 2 dəfə buraya gəlirik”.
Sahibənin sözlərinə görə, onlar adətən 20 manatlıq 2 saatlıqkart alırlar və 2 saat ərzində bolluca əylənirlər: “İnanırsınız, buradan çıxanda bütün iş həftəsi boyu aldığımız stress, işdəki yorğunluq tamam canımızdan çıxır. Özü də bilet yığırıq. Bəzi oyunlar var ki, onları oynayanda sizə bilet verir. Yaxşı oynasanız, daha çox bilet qazanmaq şansınız olur. Sonra həmin biletlərlə aşağıdan biletin sayına uyğun pulsuz hədiyyələr alırıq. Daha çox bilet əldə etmək imkanı verdiyindən yoldaşımtir oyununa üstünlük verir. Çünki tirdə hər vurduğun 1 əşyaya görə aparatdan bir bilet çıxır”.

Cəsarətli attraksionlar

“Tokio” zonasında seqa oyun aparatları və simulyatorlarının ən böyük çeşidi və ən son modelləri cəmləşib. Burada istər uşaqların, istərsə də böyüklərin biganə qalmayacaqları hər növ aparat və attraksion mövcuddur. “Berlin” zonasında yerləşən NASCAR simulyatorları, habelə toqquşan maşınlar və “Venesiya” zonasında yerləşən toqquşan qayıqlar da gənclərin zövqünü oxşayır. Bunlardan əlavə, burada cəsarət tələb edən attraksionalara da yer verilib. Ən qorxulu əyləncə metodları kosmosa səyahət və qorxu tunelidir. Toqquşan maşınlarda gənclərlə yanaşı, azyaşlı uşaqlar da istifadə edirlər.
Bundan əlavə “Megafun”da 8 yerlik 3D, 4D, həmçinin 8 və 24 yerlik 5D və ən maraqlısı 24 yerlik 6D kinozalları da mövcuddur.
Qeyd edək ki, Avropanın ən böyük və qapalı əyləncə mərkəzi “Megafun”a gəlmək üçün pulsuz avtobus servisi də fəaliyyətə başlayıb. Şəhərin müxtəlif istiqamətlərindən “Megafun”a və əks istiqamətlərdə hərəkət edən ödənişsiz avtobuslar ictimayyətin xidmətinə buraxılıb. Avtobuslar hər gün saat 12:00-dan 23:00-a kimi işləyir və 30 dəqiqə interval ilə hərəkət edir. Hazırda 28 may və Koroğlu metrostansiyaları istiqamətində hərəkət edən bu avtobusların yaxın zamanlarda şəhərin digər nöqtələrindən də fəaliyyətə başlayacağı nəzərdə tutulub.

Aygün ƏZİZ“Megafun”"> “Megafun”"> “Megafun”"> “Megafun”"> “Megafun”"> “Megafun”">