• cümə, 19 Aprel, 12:48
  • Baku Bakı 25°C

Uşaqların öz məhkəməsi olsun

21.11.13 12:54 1588
Uşaqların öz məhkəməsi olsun
Azərbaycanda zorakılığa məruz qalan uşaqlar üçün sığınacaqlar yaradılmalı, bu qəbildən olan uşaqlara hüquqi, psixoloji və tibbi yardımlar göstərilməlidir. Trend-in məlumatına görə, bunu ombudsman Elmira Süleymanova bildirdib. E.Süleymanova qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində qanunvericilik təkmilləşdirilməli və bir sıra müvafiq tədbirlər görülməli, uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai nəzarət gücləndirilməlidir.
Müvəkkil Azərbaycan tərəfindən imzalanmış Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Konvensiyasının ratifikasiya edilməsinin sürətləndirilməsini təklif etdiyini, habelə "Yuvenal ədliyyə haqqında" qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar Milli Məclisə müraciət etdiyini bildirib.
Balacalar valideynsiz dindirilməməlidir
“Ümidli gələcək” Təşkilatının qanunla münaqişədə olan uşaq və gənclər üçün sosial-reabilitasiya mərkəzinin direktoru Kəmalə Aşumova bildirdi ki, uşaqların hüquqi problemləri, zorakılıq və cinayət hər il dərinləşən bir problemdir: «Beş ildir ki, Azərbaycanda yuvenal ədliyə proqramı gerçəkləşdirilir. Bu proqram çərçivəsində YUNİSEF, Daxili İşlər Nazirliyi, «Ümidli Gələcək» Gənclər Təşkilatı tərəfindən yaradılmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu illər ərzində 360-dan çox qanunla münaqişədə olan uşaqlar bizim mərkəzdə olub. Proqram çərçivəsində iki ildir yuvenal ədliyyə haqqında qanun layihəsi Milli Məclisə təqdim edilib, amma təəssüflər olsun ki, hələ də qəbul olunmayıb».
K.Aşumova bildirdi ki, qanun layihəsində uşaqlarla işləyəcək polislərin daha da təkmilləşdirilməsi, mütəxəssis kimi yetişməsi nəzərdə tutulur: “Azərbaycanda uşaq məhkəməsi də yoxdur. Böyüklərin işinə baxan hakimlər uşaqlarla bağlı məsələlərdə də qərar verirlər. Uşaqların polis idarələrində, prokurorluq orqanlarında dindirilməsi zamanı psixoloqların, hüquqşünasların, valideynlərinin iştirakı olmalıdır. Təəssüflər olsun ki, bu gün bir çox hallarda polis və müstəntiqlər tərəfindən bəzi yerlərdə uşaqlar qanuni nümayəndəsi, valideynlərin iştirakı olmadan dindirilir. Bu da qanun pozuntusudur. Bakının Nizami, Xətai və Nərimanov rayonlarında polis idarələrində ayrıca polis uşaq otaqları yaradılıb. Bu, pilot layihədir. Bu otaqlarda polislər uşaqları polis geyimində deyil, mülki geyimdə dindirirlər. Bu zaman uşaq ifadəsini qorxmadan, rahat şəkildə verir. Uşaq bölməyə gətirilərkən psixoloq da, valdideyn də dəvət olunur”.
K.Aşumovanın fikrincə, yuvenal ədliyyə proqramının inkişaf etdirilməsi üçün “Yuvenal ədliyyə haqqında” qanun layihəsinin qəbulu vacibdir.
Avtomobil sığortası və uşaq məsələsinə baxan hakim
Vəkil Ceyhun Cəfərli də sözügedən layihənin qəbulundan sonra uşaq məhkəməsinin yaranacağını və bunun hər bir ölkə üçün vacib olduğunu dedi: “Bu gün Azərbaycanın məhkəmə sistemindəki mənzərəyə diqqət yetirsək, görərik ki, hakimlər vaxt çatışmazlığı ucbatından, inzibati təşkilatçılıq, maddi-texniki təchizat baxımından bəzən işlərə ötəri baxırlar. İşlər o qədər çox olur ki, hər işi dəqiqliklə, hərtərəfli araşdırmağa zamanları olmur. Qonşu mübahisələri, bir-biri ilə yumruqlaşma, hasarın, darvazanın sökülməsi işindən sonra məhkəmə bir də görürsən uşaq işinə keçir. Məsələn, uşağın kimin yanında qalması, aliment məsələsinə baxır və məsələni onca dəqiqəyə həll edir. Çünki sırada hələ başqa işlər də var. Bir sözlə, bir hakim qonşu işindən uşaq işinə, uşaq işindən kredit məsələsinə, kreditdən avtomobil sığortasına keçərək mübahisələri həll edir. Bu zaman uşağın gələcəyini həll edən ədalətli qərarın veriləcəyi bir az çətin olur”.
C.Cəfərli qeyd etdi ki, uşağın gələcəkdə tərbiyəsi, maddi təminatı, düzgün qidalanması, təhsili məsələlərinə kompleks nəzər yetirmək lazımdır və hakimlərin bütün bunları nəzərə almağa zamanları olmur: “Bu cür məsələləri bir məhkəmə işinə sığışdırıb həll etmək praktiki olaraq vaxt baxımından mümkün deyil. Bir çox inkişaf etmiş ölkələrdə ayrıca ailə məhkəmələri var. Azərbaycanda da ayrıca ailə-uşaq mübahisələri ilə bağlı məhkəmələrin olması vacibdir. Bu məsələlərlə bağlı nəinki ayrıca qanunlar qəbul olunmalı, eyni zamanda struktur idarələr yaranmalıdır”.
Müsahibimiz uşaqların hüquqlarına səthi yanaşılmasından narahat olduğunu bildirdi: “Əgər valideynlər boşanırsa, uşaqların hansı valideynin yanında qalma məsələsi araşdırılırsa, məhkəmədə 10 yaşına çatmış uşağın fikri öyrənilə bilər. Hansı formada öyrənilə bilər? Məhkəmədə psixoloq, uşağın müəllimi, həkim-nevropatoloq iştirak etməlidirmi? Bütün bu məsələlər yeni qəbul olunacaq “Yuvenal ədliyyə haqqqında” qanun layihəsində öz əksini tapmalıdır. Düşünürəm ki, bu cür məhkəmələrdə indikindən fərqli olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak etməlidir”.
Məsələ ilə bağlı millət vəkili Çingiz Qənizadə ilə danışdıq. Ç.Qənizadə bildirdi ki, “Yuvenal ədliyyə haqqında” qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına salınmayıb. Millət vəkili qanun layihəsinin nə vaxt qəbul ediləcəyi barədə məlumatı olmadığını bildirdi.
Lalə
banner

Oxşar Xəbərlər