Uşaqları sağlamlığa və inkişafa ziyan vuran informasiyalardan necə qorumalı?
Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi
kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati
məsuliyyətə cəlb edilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov
Trend-ə bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların internetdə qarşılaşacağı
zərərli informasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış "Uşaqların
sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”
qanun layihəsinə daxil edilib.
Onun sözlərinə
görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması
məsələsi öz əksini tapıb: "Layihəyə görə, hər bir internet klubda 2
kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər olmalıdır. İnternet
klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə
əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq,
monitorinqlər həyata keçiriləcək. Monitorinq zamanı internet klubda uşağın
süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa,
onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”.
Evdə uşaqların
internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov
əlavə edib ki, "Telekommunikasiya haqqında” qanuna əsasən, uşaqların
sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün
abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz
istifadə imkanları təmin edilir: "Yəni abunəçi internet götürdüyü provayderə
evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün müraciət edir. Bununla
da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına
qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə
və bu cür formada da internet ala bilər”. S.Məmmədov qeyd edib ki, "Uşaqların
sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”
qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə
hökumət tərəfindən baxılır. Bəs görəsən yeni qanun layihəsinin mahiyyəti nədən
ibarətdir və burada hansı yeniliklər öz
əksini tapacaq? Bu mexanizm necə qurulacaq? Qanun layihəsi ilə bağlı
ekspertlərin fikirlərini öyrəndik. Onlar bu haqda müxtəlif fikirlər
səsləndirdilər.
"Yeni
qanun hazırlanarkən milli dəyərlərimiz nəzərə alınıb”
Milli Məclisin
Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin
sədri Aqiyə Naxçıvanlı qəzetimizə açıqlamasında bildirdi ki, ilkin müzakirə zamanı qanun layihəsi ilə bağlı verilən rəylər, edilən
təkliflərin parlamentdə aidiyyəti mütəxəssislər tərəfindən ekspertizadan
keçirilməsi tövsiyə olunub: "Layihə yenidən geniş tərkibdə müzakirə olunacaq.
Yeni qanun layihəsində uşaq hüquqları, telekommunikasiya haqqında qanunlara bir
sıra dəyişikliklər və əlavələr edilib. Bu qanun uşaq hüquqlarına dair
konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqların
hüquqlarını və azadlıqlarını, onların sağlamlığının və inkişafının
qorunmasının, uşaqların mənəviyyatına fiziki, psixoloji, sosial ziyan vuran
informasiya məhsullarına müdaxilə olunması haqqında dövlət orqanları və digər
fiziki şəxslərin vəzifələrini müəyyən edən bir qanundur. Lakin qeyd edim ki, hələlik
yeni qanun layihəsi haqqında təfsilatı ilə danışmaq tezdir”.
A.Naxçıvanlı bildirdi ki, layihə beş fəsil, 23 maddədən ibarətdir:
"Hesab edirəm ki, qanun geniş müzakirə edildikdən sonra bəzi dəyişikliklərin
ediləcəyi də istisna deyil. Uşaqların zərərli informasiyalardan qorunması ilə
bağlı bütün məsələlər qanunda öz əksini tapıb. Xüsusilə ikinci fəsildə,
informasiya məhsulunun təsnifatında uşaqların sağlamlığına və inkişafına ziyan
vuran informasiya təsnifatı ayrıca verilib. Burada 6 yaşa çatmış və ondan
böyük, həmçinin 12 yaşa çatmış və ondan böyük
uşaqlara hansı informasiyaların hansı formada verilə biləcəyi öz əksini
tapıb. Süjetlər, qorxulu süjetlər, qəza, fəlakət, bədbəxt hadisələr, narkotik
vasitələr və digər hadisələrlə bağlı bir çox maddələrlə bağlı məqamlar da
burada öz əksini tapıb. Qeyd edim ki,
qanun layihəsi hazırlanarkən dünya təcrübəsindən də istifadə edilib və layihə
bir çox ölkələrin də qanunları ilə
uzlaşır. Bütün bunlarla yanaşı, yeni qanun hazırlanarkən milli dəyərlərimiz nəzərə
alınıb”.
"Daha çox
maarifləndirmə işinə ehtiyac var”
QHT rəhbəri,
hüquqşünas Sahib Məmmədov deyir
ki, bu məsələ həmişə
cəmiyyətdə öz aktuallığını qoruyub saxlayır: "Uşaqları zərərli
informasiyalardan qorumaq ciddi bir problem olaraq qalmaqdadır. Lakin mən hesab
etmirəm ki, belə bir qanunun qəbul edilməsi problemi bütünlüklə həll edə biləcək.
Lakin istənilən halda qanunvericiliyə edilən bu dəyişiklik bəzi məsələləri qismən
də olsa həll edə bilər. Məhz bu baxımdan yanaşdıqda, deyə bilərəm ki, yeni qanun
layihəsi təqdirəlayiqdir. İndi internet klublarından əlavə hər kəsin evində şəxsi
kompüteri var. Belə olan təqdirdə isə hər şey valideynin iradəsindən asılı
olur. Çünki onda uşağa valideyndən başqa heç kim nəzarət edə bilmir. Digər tərəfdən,
əksər uşaqların əllərində ağıllı telefonlar, planşetlər var və onların vasitəsi
ilə uşaqlar internetdə istənilən resurslara daxil ola bilərlər. Ona görə də bu
qanunun çox ciddi effekt verəcəyini gözləmirəm”.
Müsahibim deyir ki, bu məsələni təkcə
qanunvericiliklə həll etmək olmaz: "Əslinə qalsa mən hansısa internet resurslarının zərərli ad
altında yoxlanmasının da tərəfdarı deyiləm. Müəyyən mənada pornoqrafik və s.
saytların bağlanması qəbul ediləndir. Amma elə kontentlər var ki, onları
bağlamaq da düzgün deyil. Çünki bəzi məsələlər internet azadlığı prinsipinə
zidd olur. Hesab edirəm ki, burada ən böyük iş valideynlərin üzərinə düşür.
Valideyn nəzarəti qanunvericilik nəzarətindən daha güclü olmalıdır. Bununla
yanaşı düşünürəm ki, qanun layihəsindən daha çox maarifləndirmə işinə ehtiyac
var”.
"Uşaqların
inkişaflarına ziyan vura biləcək bütün informasiyalardan qorunmaq hüququ var”
"SOS Uşaq Kəndləri-Azərbaycan”ın İctimai Vəkillik üzrə mütəxəssisi Cavid
İmamoğlu bizimlə söhbətində bildirdi
ki, bu qanun layihəsinin qəbulu ilə uşaq hüquqlarının
müdafiəsi istiqamətində irəliyə daha bir ciddi addım atmış olacağıq: "Hesab
edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
hazırlanan qanun layihəsi son dərəcə önəmli layihədir. Son dövrlər istər
televiziya kanallarında, istərsə də sosial mediada uşaqların izləyə biləcəyi
xoşagəlməz informasiya və kadrların efirə getməsi bu məsələni aktuallaşdırıb.
Belə ki, ayrı-ayrı proqramlarda şou düzəltmək xətrinə həssas əhali qrupundan
olan uşaqların durumundan istifadə edilir. Bu da ciddi şəkildə uşaq hüquqları
ilə ziddiyyət təşkil edir. Uşaqların inkişaflarına ziyan vura biləcək bütün
informasiyalardan qorunmaq hüququ var. Onları ayrı-ayrı xeyriyyə tədbirlərinə
alət etmək, onları yazıq durumda göstərmək, onların razılığı olmadan onlar
haqqında olan informasiyanı ictimailəşdirmək və s. beynəlxalq və yerli uşaq
hüquqları haqqında qanunlarla uyğun gəlmir. Digər tərəfdən isə televiziya
ekranlarında gedən informasiya və verilişlərdə yaş kateqoriyası qoyulmaması da
uşaqları təhlükəli vəziyyətlərə sala bilər. Bəzi vaxtlar efirdə gedən serial və
verilişlərdəki yaş kateqoriyasının yazılmaması və göstərilən kontetin uşaq tərəfindən
izlənilməsi sonrada uşaq üçün təhlükəli anların yaşanmasına səbəb ola bilər”.
Şəbnəm
Mehdizadə