• çərşənbə axşamı, 23 aprel, 19:27
  • Baku Bakı 20°C

Uşaqları payız tətili günlərində hansı tədbirlər gözləyir?

01.11.17 09:30 4329
Uşaqları payız tətili günlərində hansı tədbirlər gözləyir?
Tətil günlərində Rusiyada uşaq cizgi filmlərindən ibarət festival keçirilməsi nəzərdə tutulub. Həmin günlərdə 40-a yaxın Rusiyanın ən yaxşı cizgi filmi repertuara daxil ediləcək. Təbii ki, tətil günlərində animasiya və cizgi filmlərinin nümayişi uşaqlar üçün ən gözəl bayram olacaq. Çünki cizgi filmləri uşaqların nağıl dünyasının əlvan rəngə boyanması üçün ideal vasitədir.

Bizə gəldikdə isə, bizim dövrün insanları Sovet dönəmində çəkilən cizgi filmlərini izləyərək böyüyüb. Elə bu gün də yeri gələndə həmin cizgi filmlərini izləyirik. Düzdür, ölkəmiz müstəqillik əldə etdikdən sonra yerli cizgi filmlərimiz də çəkilir. Amma əvvəllər izlədiyimiz həmin cizgi filmlərindən də qopa bilmirik. Bu bir az da zövq məsələsidir desək, yəqin ki, yanılmarıq. Bəs görəsən, bizim ölkəmizdə uşaqların tətil günlərini səmərəli keçirməsi və onların əylənməsi üçün hansı layihələr həyata keçirilir?
Qarşıdan gələn payız tətilini uşaqların asudə və səmərəli keçirməsi üçün hansı imkanlar yaradılır? Bu sahədə lazımi şərait varmı? Bu kimi suallara cavab axtardıq.
"Uşaqlarla bağlı heç bir layihəmiz nəzərdə tutulmayıb”
Mövzu ilə bağlı "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyir ki, əslində belə layihələrin bizdə də olmasını çox istəyərdi: "Düzünə qalsa, 2017-ci ildə tammetrajlı animasiya filmləri çəkməmişik. Kinostudiya olaraq qısametrajlı sənədli filmlər çəkirik. Animasiya filmlərinin çəkilməsi üçün "Azanfilm” studiyası fəaliyyət göstərir. Uşaq filmləri məhz bu studiyada hazırlanır. "Azanfilm” studiyası peşəkar komandası, kreativ yaradıcı heyəti ilə audiovizual materialların sürətli və ən yüksək səviyyədə hazırlanmasına qadirdir. Bu studiyada bir neçə animasiya filmlərimiz hazırlanıb. Sırf uşaqların tətil günlərində belə layihələrimiz olmur. Ancaq məxsusi bayram günlərində kinoteatrlarımızda, bəzi uşaq təşkilatlarında animasiya filmlərimiz göstərilir. Misal üçün, "Dərs” filmi mütəmadi olaraq göstərilir. Bundan başqa, hazırladığımız animasiyalar bəzi tədbirlərdə nümayiş olunur”.

Müşfiq Hətəmov deyir ki, ölkəmizdə keçirilən və gələcək illərdə keçilməsi gözlənilən festivalların içərisində cizgi filmləri ilə bağlı bir layihə yoxdur: "Bu yaxınlarda "Turizm film festivalı”nın keçirilməsi planlaşdırılır. Gələn ildə qısametrajlı bədii filmlər festivalının keçirilməsi gözənilir. 2019-cu ildə tammetrajlı film festivalı keçirmək üçün danışıqlar aparılır. Hələ ki uşaqlarla bağlı layihə və ya festivallarımız nəzərdə tutulmayıb”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov qəzetimizə açıqlamasında onların tabeliyindəki təhsil müəssisələrində məktəbdənkənar təhsilin əsas istiqamətləri üzrə işlərin tənzimləndiyini, təhsil müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair çoxşaxəli fəaliyyətin yerinə yetirilməsinə ümumi rəhbərliyin həyata keçirildiyini dedi: "Hər ilməktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamətlər üzrə müvafiq zəruri işlərin həyata keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının müəyyənləşdirilməsi, onların yaradıcılıqlarının, asudə vaxtlarının səmərəli təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmətədbirlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsi yerinə yetirilir. Məktəblilərin tətilgünlərində ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü genişləndirmək məqsədilə YARAT Müasir İncəsənətMərkəzinə ekskursiyaların təşkili nəzərdə tutulub. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalar qısa mühazirə və bir çox yaradıcı oyunlardan ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri və idman məktəbləri tətil günlərində öz fəaliyyətlərini davam etdirirlər. Bu müəssisələrdətətil günlərində uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılır, onların istirahətləri, asudə vaxtları, əyləncələri mənalı təşkil edilir”.

B.Məmmədovun sözlərinə görə, həyata keçirilən tədbirlər yeni nəslin intellektual səviyyəsinin yüksəldilməsinə və sosial aktiv gənclərin formalaşdırılmasına xidmətgöstərir: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri üçün maarifləndirici tədbir və yarışlar keçirilib. Onların tarixi məkanlara, kitabxanalara, istirahət yerlərinə ekskursiyaları təşkil olunub. Məktəblilər üçün maarifləndirici tədbir, yarış və ekskursiyaların təşkil olunmasının əsas məqsədi asudə vaxtdan səmərəli istifadə etmək, həmçinin şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.Eləcə də paytaxt məktəbliləri üçün "Məktəblinin dostu” layihəsi çərçivəsində "Yay məktəbi” fəaliyyət göstərib. Onu da qeyd edək ki, paytaxt məktəblilərinin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması üçün silsilə tədbirlər təşkil edilib”.
"Uşaqlar üçün yalnız sosial aksiyalar keçiririk”
Cizgi filmləri nümayiş olunan ən ideal məkanlardan biri də kinoteatrlardır. Biz də ölkəmizdə nüfuz qazanmış və tanınmış kinoteatr olan "Nizami” Kino Mərkəzinin direktor müavini Arzu Əhədova ilə söhbət etdik. Arzu xanım deyir ki, kinoteatrda hər hansı film nümayiş olunarkən orada yaş həddinə mütləq nəzarət olunur: "Təbii ki, uşaqlar bizim üçün əzizdir. Kinoteatrda film seçərkən onların da zövqünü nəzərə alırıq. Böyüklərlə bərabər uşaqlar da bizim mərkəzə üz tuturlar. Distribüter bizə hər hansı cizgi filmini təqdim edəndə, mütləq götürürük. 2 həftədən bir də olsa, cizgi filmini repertuara daxil edirik. Valideynlər uşaqlarını cizgi filminə gətirməkdə maraqlıdırlar. Biz də onların istəklərini nəzərə alırıq. Bundan başqa, uşaqlar üçün sosial aksiyalar keçiririk. Tətillərdə məktəbliləri, uşaq evlərini kinoteatra dəvət edirik. Onlara ya uşaq filmi, ya da animasiya filmlərini təqdim edirik. Payız tətilində də şagirdləri kinoteatra dəvət edəcəyik”.
"WaltDisney”in məşhur cizgi filminin motivləri əsasında "Soyuq ürək”
Payız tətilində Heydər Əliyev Sarayı da öz azyaşlı tamaşaçılarını qəbul etməyə hazırdır. Saray xarici cizgi filmi motivləri əsasında hazırlanmış şou hazırlayıb. Belə ki, Bakıda ilk dəfə olaraq "WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında "Soyuq ürək” adlı şou göstəriləcək. Şou bütün ailə üzvləri üçün nəzərdə tutulub.

Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə deyir ki, heyrətamiz tamaşa 12 noyabr tarixində Heydər Əliyev Sarayında nümayiş etdiriləcək. Tamaşada "Made in Odessa” Prodüser Mərkəzinin (Ukrayna) teatrının aktyorları iştirak edəcəklər: "Balacalar və valideynlər üçün nəzərdə tutulmuş inanılmaz tamaşa "WaltDisney” şirkətinin tarixi ərzində kassa yığımı ən yüksək olan və bütün dünya uşaqlarının ən sevimli "Soyuq ürək” cizgi filminin motivləri əsasında hazırlanıb. Cizgi filmi H.K.Andersenin "Qar kraliçası” əsərinə əsaslanır.Tamaşaçılar nağıl qəhrəmanları ilə birlikdə şən şaradalar həll edəcəklər və "Soyuq ürək" tamaşasının qəhrəmanlarına çətin vəziyyətlərdən necə çıxmağı öyrədəcəklər. Macəralardan sonra uşaqları heyrətamiz Yeni il macəralarının bütün qəhrəmanları ilə birlikdə fotosessiya gözləyir”.
Noyabrın 9-dan "Ağ pələnglər atraksionu” başlayacaq
Bak Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəriMahirHümbətov isə deyir ki, yeni mövsümə bir ay öncədən başlanılsa da, Sirk öz planlarını məhz uşaqların payız tətili üçün hazırlayıb. Noyabrın 9-dan mövsümün açılışı münasibətilə möhtəşəm proqram hazırlanıb. Belə ki, Bakı Dövlət Sirki "Ağ pələnglər atraksionu” adlı yeni şounu tamaşaçılarına təqdim edəcək. 2 saat davam edən şou noyabrın sonuna qədər nümayiş olunacaq. M.Hümbətov bildirdi ki, məktəblilərin payız tətili üçün nəzərdə tutulmuş konsert proqramında biri-birindən maraqlı şoular nümayiş olunacaq: "Payız tətilində fasiləsiz olaraq şoumuz nümayiş olunacaq. Artıq "Ağ pələnglər atraksionu” adlı yeni şounun 40-a yaxın heyəti Bakıdadır. Biz böyük heyətlə işə başlayırıq. Bu şouda hava nömrələri, jonqlyorlar, təbiətin möcüzəsi olan ağ pələnglər, qeyri-adi illüziya, "İriston” cigidlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrdə rəqs, şən klounlar olacaq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər