Uşaqlarda musiqi zövqü necə formalaşır?
"Hörmətli valideyn, övladınız musiqi dərsində
Üzeyir Mehdizadənin repertuarından "Yarım” mahnısını oxuduğu üçün onu cəzalandırmışıq.
Xahiş edirik, övladınızla maraqlanın” – bu, orta
məktəblərin birində müəllimin şagirdin "Gündəliy”inə yazdığı qeyddir. Valideyn
sosial şəbəkədə "Gündəliy”in şəklini paylaşandan sonra olay ciddi müzakirələrə
səbəb oldu.
Müəllimə haqq qazandıranlar da
oldu, əksini deyənlər də. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətindir.
Uşağın oxuduğu mahnı normal bir musiqi olmasa da, burada onu günahkar hesab etmək
də olmaz. Çünki bu gün ətrafımızda, hər yerdə o cür musiqiləri eşidirik. Bəs
necə etmək olar ki, nə şiş yansın, nə kabab? Bu kimi hallarda müəllim necə davranmalıdır? Ümumiyyətlə, uşaqlarda
musiqi duyumu necə formalaşdırılmalıdır?
"Şagird musiqi zövqünü
ilk olaraq ailəsində qazanır”
Əməkdar müəllimi, təhsil
eksperti Almaz Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələni
böyütməyə ehtiyac yoxdur, çünki hər bir
insanın, ələlxüsus da şagirdlərin öz şəxsi musiqi duyumu, musiqi zövqü var. Heç
bir kəsin digərində olan zövqlərə təzyiq göstərməyə ixtiyarı yoxdur: "Azad və
demokratik ölkədə yaşayırıq. Valideynin "Gündəlik”də olan müəllim qeydini
sosial şəbəkəyə yerləşdirməsi məsələsinə gəlincə, bu elə həmin problemin
haradan qaynaqlandığına işarədir. Şagird təhsilini, musiqi zövqünü ilk olaraq
ailəsində qazanır. Ailədə dinlənilən musiqi, televiziyada valideynlərin baxdığı
verilişlər uşaqların zövqünün formalaşmasına təsir göstərir. Burada şagirdin
nöqsanı var demək yerinə, ailənin birbaşa nöqsanı olduğunu bildirmək yerinə düşərdi.
Digər tərəfdən də, hər musiqinin öz dinləyicisi olduğundan, hər hansı bir fərdi
zövqünə uyğun olmayan musiqini dinlətməyə məcbur etmək olmaz. İlk problem ailədə
hansı musiqilərin dinlənilməsidirsə, ikinci problem ictimai nəqliyyatda
radiodan səsləndirilən musiqilərdir. Üçüncü problemin mənbəyi isə məktəb tədbirlərində
şagirdlərin sərbəst seçimi ilə oxuduqları musiqilərdir”.
"Müəllim belə hallarda
fərqli üsula əl atmalıdır”
A.Həsrət deyir ki, müəllimin şagirdi cəzalandırması
tamamilə yanlış seçimdir: "Çünki əsil müəllim şagirdin dərs zamanı marağının
artırılmasına çalışmalıdır, cəzalandırmamalıdır. İlk olaraq dərsin keçirilməsində
arada şagirdlərin də müasir musiqi seçimini nəzərə almalı, onların rəylərini
toplamalı, şagirdlərin musiqi zövqlərinin öyrənilməsində seçim üsuluna yer verməlidir.
Çünki müəllimin ən başlıca vəzifəsi şagirdləri cəmiyyətimiz üçün xeyirli bir vətəndaş,
vətənpərvər və dəyərli şəxsiyyət kimi formalaşdırmaqdır. Müəllim zamanın və
günün tələbinə uyğun bir vətəndaş yetişdirməlidir”.
Təhsil eksperti hesab edir ki, müəllim belə
zamanlarda fərqli üsula əl atmalıdır: "Əgər şagirdin zövqü gərəksiz musiqilərə
meyillidirsə, o zaman əsil müəllim öz musiqi savadı və bacarığından istifadə edərək
şagirdin musiqi seçiminə kiçik dəyişiklik göstərə bilər. Gəlin sorğu aparaq,
görək neçə faiz musiqi müəllimi muğamı, yoxsa simfoniyanı, cazı, meyxananı,
estradanı, saz havalarını və s. musiqiləri dinləməyi və ya oxumağı sevir?.. Çox
fərqli rəqəmlər alarıq. Bu o deməkdir ki, zövqlər müxtəlifdir. Bu da ondan irəli
gəlir ki, hələ ana bətnindən evdə səsləndirilən musiqi artıq dünyaya göz açacaq
övladın zövqünü formalaşdırır. Burada şagirdin heç bir nöqsanı yoxdur, müəllimin
isə şagirdə yanaşmasında, metodiki yanaşmasında diqqətsizliyi olub. Müəllim gərək
şagirdə cəza verməyəydi, bu absurddur”.
"Müəllimin zövqünə
uyğun gəlməyən mahnının...”
A.Həsrətin sözlərinə görə, niyə Halloven kimi gərəksiz
bir bayramın keçirilməsində səsləndirilən, şagirdlərin əzbərləməsi və oxuması tələb
edilərkən o müəllim və ya məktəb rəhbərliyi cəzalandırılmır, ancaq hansısa azərbaycanlı
bir məktəblinin zövqünü oxşayan azərbaycanlı bir müğənninin mahnısını oxumaq qəbahət
sayırlar? O, təhsil işçisi kimi burada
heç bir problem görmədiyini deyir: "Ona qalsa, o zaman məktəb tədbirlərinin
bəzisində səsləndirilən və şagirdlər tərəfindən oxudulan mahnılara daha çox
diqqət ayırsınlar. Bütün xarici və yerli müğənnilərin ara mahnılarının məktəblilər
tərəfindən bəzi məktəb tədbirlərində (xüsusilə də xarici ölkə bayramları və "Son
zəng” tədbirlərində) oxunmasına izn var, ancaq Üzeyirin hansısa mahnısının
oxunmasına ayrıca qadağa qoyulur? Mən Üzeyirin barəsində internetdə axtarış
apardım, maraqlı məlumatlar tapdım. Aydın oldu ki, o, ölkədən kənarda daha çox
bəyənilirmiş. Orta Asiya ölkələrində gənclər onu sevə-sevə dinləyirlərmiş. Barəsində
mənfi informasiya belə yox idi. Müəllimin şəxsi zövqünə uyğun gəlməyən mahnının
məktəbli tərəfindən oxunmasında nöqsan axtarmaqdansa, şagirdin cəzalandırılmağındansa,
milli və xarici musiqilərin daha yaxşı tərəfdən təbliği ilə məşğul olmalıyıq.
Ona görə də məktəblinin Üzeyirin hansısa mahnısını özü üçün oxumasında böyük
qüsur yoxdur”.
Məktəb, müəllim və
valideyn bir yerdə çalışmalı...
İncəsənət
Gimnaziyasının direktoru Aytən Əhmədova deyir ki, uşağın musiqi zövqünü məktəb, müəllim və
valideyn bir yerdə formalaşdırmalıdır: "Valideynin üzərinə düşən vəzifə
uşaqları konsertlərə aparmaqdır. İndi Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasında, Bakı Musiqi Akademiyasında, Beynəlxalq Muğam Mərkəzində çox gözəl
konsertlər keçirilir. Opera və Balet Teatrımızda tamaşalar qoyulur. Valideynlər mütləq şəkildə o
konsertlərə, tamaşalara uşaqlarını aparmalıdırlar. Məktəb, musiqi müəllimləri
isə valideynləri uşaqlarını bu konsertlərə aparmaları üçün yönəltməlidirlər,
istiqamət verməlidirlər. Musiqi dərslərində incəsənətin bütün sahələri üzrə uşaqlar
məlumatlandırılmalıdır. Azərbaycan bir çox beynəlxalq festivalların təşkilatçısıdır.
Hazırda şagirdlərin çoxunun ölkəmizdə keçirilən
festivallardan xəbəri yoxdur. Məsələn, caz festivalı başlayacaq. Uşaqların
bunlardan xəbəri varmı? Sentyabr ayının 18-dən Üzeyir Hacıbəyova həsr olunmuş
festival var. Bizim məktəbin şagirdlərinin bundan xəbəri varmı? Həmin bu festivallara
dünya şöhrətli musiqiçilər dəvət olunurlar. Musiqi müəllimləri bu haqda mütləq şəkildə
uşaqlara məlumat verməlidirlər. Uşaqlar bu festivallardakı konsertlərə getdikdə,
dünyagörüşləri də o musiqilərə görə formalaşır, inkişaf edir. Çünki bilmədikləri
yeni əsərlər, müasir musiqilərin hamısı burada səslənir. Eyni zamanda, orada
klassik musiqi nömrələri səsləndirilir. Niyə bizim uşaqlar bilməməlidirlər ki,
Qəbələdə hər il bu cür beynəlxalq festival keçirilir. Onun tərkibində isə
pianoçuların müsabiqəsi baş tutur. Nə yaxşı ki, bizim "Mədəniyyət” kanalımız
var, nə yaxşı ki, bizim Azərbaycan televiziyasında bu cür keyfiyyətli musiqi səslənir”.
"Keyfiyyətli musiqini
eşidən uşaq bayağıları dinləməyəcək”
A.Əhmədova deyir ki, musiqi dərsliklərinin üzərində
iş gedir: "Uşaqları Azərbaycan musiqisi ilə yanaşı, dünya musiqisi ilə də hərtərəfli
tanış edirlər. Həmin musiqi dərslərində dərsliklərə görə musiqiyə qulaq asmaq
var. Bu yaxınlarda yeni dərsliklərin layihələrinə baxmışdım. O dərsliklərdə
dünya musiqisi Azərbaycan musiqisi ilə yanaşı təqdim olunur. Həmin dərslərdə bu
musiqiyə qulaq asmaq lazımdır. Uşaqları musiqi müəllimləri formalaşdırmalıdır.
Valideynlər də onlara kömək etməlidirlər”.
A.Əhmədova bildirdi ki, uşaq keyfiyyətli musiqini eşidəndən
sonra bayağı olanları dinləməyəcək: "Onu mən sizə yüz faiz əminliklə deyirəm. Çünki
uşaq düzgün istiqamətləndirilsə, özü də bilmədən artıq klassik, keyfiyyətli
musiqi onun beyninə hopur. O, artıq bayağı musiqiyə qulaq asmayacaq”.
"Bayağı mahnıları
zümzümə etdiklərini görməmişəm”
Nərmin Qurbanovanın iki uşağı var. Biri 1-ci, digəri 4-cü sinifdə
oxuyur. O, uşaqlarını bayağı musiqilərdən uzaq tutmağa çalışdığını deyir:
"Düzdür, hər yerdə fərqli mahnılar səsləndirilir. Uşaqlar bunu eşidirlər. Amma
mən evdə çalışdığım qədər klassiklərin musiqilərini dinlədirəm. Dünya və yerli
musiqi qarışıq, hamısı haqda məlumatlı olmalarını istəyirəm. Əgər evdə rəqs etməli
olsalar belə, milli musiqilərimizi seçirəm, toylarda səslənən bayağı mahnıları
yox. Yoldaşım da uşaqlarla maşınla harasa gedəndə musiqi qoyursa, buna diqqət
edir. Düzdür, biz özümüz də o cür mahnılara qulaq asmırıq, amma yenə də diqqətli
oluruq. Bununla onlarda nə dərəcədə musiqi zövqü formalaşdırdığımızı deyə bilmərəm.
Amma hələ ki bayağı mahnıları zümzümə etdiklərini görməmişəm”.
Aygün Asimqızı