• cümə, 29 Mart, 02:22
  • Baku Bakı 7°C

Uşaqlarda ishal görüldüyü zaman həkimə müraciət etmək tövsiyə olunur

14.07.20 12:00 526
Uşaqlarda ishal görüldüyü zaman həkimə müraciət etmək tövsiyə olunur
Yayda uşaqlar arasında bəzi xəstəliklərə daha çox təsadüf olunur. Bu fəsildə daha çox qeydə alınanlar sırasına ishalla müşayiət olunan xəstəliklər, qida zəhərlənmələri və uşaqlar arasında sidik yolları infeksiyalarının çoxalması aiddir.
Yay ishalları həm uşaqlar, həm də böyüklər arasında müxtəlif səbəblərdən, adətən infeksiyaların təsiri nəticəsində yaranır. Xüsusilə uşaqlar arasında olan ishallar daha çox təşviş doğurur. İshal beş yaşadək uşaqlar arasında ölüm səbəbləri içərisində ilk üçlüyə daxil olub. Hər il iki milyona yaxın uşaq ishal nəticəsində həyatını itirir. Buna səbəb ishal zamanı yaranan su və duz itkisi nəticəsində orqanların susuzlaşmaya məruz qalması və orqan çatışmazlığının inkişafıdır.
AZƏRTACxəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin İnnovasiya və Təhsilin keyfiyyətinin təminatı şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.
Onun sözlərinə görə, bir yaşadək, xüsusilə altı ayadək olan uşaqların su və duz itkisinə olan həssaslıqları daha yüksəkdir: "Çox aşağı bədən kütləsi ilə doğulmuş körpələr, 24 saat ərzində beş dəfədən çox nəcis ifrazı, ikidən çox qusması olan körpələr, maye müalicəsi almayan və ya həmin müalicəni alsa da bunu tolerə edə bilməyən, xəstəlik zamanı qidalanmadan imtina edən körpələr risk qrupuna aiddirlər. Bütün uşaqlarda, xüsusilə kiçik yaş qrupuna aid olanlarda ishal görüldüyü zaman həkimə müraciət etmək məsləhətdir.
İshal özünü qarın nahiyəsində ağrılar, bağırsaq hərəkətlərinin tezləşməsi, bağırsaqda maye miqdarının artması fonunda nəcisin ifrazının pozulması ilə büruzə verir. Nəcis daha sulu duru xarakter alaraq onun ifrazının sayı çoxalır. İshalın sayı adətən ilk 3-7 gün ərzində artır. Əgər bu zaman su və duz itkiləri varsa, bu, həkim tərəfindən dəyərləndirilərək itkinin yeri doldurulmalıdır. O zaman həyati təhlükələrin qarşısının alınması mümkün olur. Yayda ishalın qarşısını almaq üçün xüsusilə əl təmizliyinə, körpələr bez geyinirsə, onun vaxtında dəyişdirilməsinə, süni qidalanma varsa, qida vasitələrinin vaxtı-vaxtında doğru təmizlənməsinə diqqət yetirilməlidir. Ağzı açılmış qidaların hansı şəraitdə qalmalarına və saxlanma müddətlərinə fikir verilməlidir. Əgər pasterizə edilmiş süd və meyvə sularından istifadə olunursa, belə olan hallarda onların saxlanma şəraitinə, hansı temperaturda saxlanmasına, içilən suyun təmizliyinə diqqət yetirilməlidir. Yeyiləcək meyvələrin qabıqlarının soyulmasına, ətlərin bişirilməsinə, pendir, qatıq, dondurma kimi süd məhsullarının istifadə və saxlanma qaydalarına fikir verilməlidir. Küçələrdən açıq satışdan ərzaq almamaq, depolanan qidaları isə qısa zaman ərzində istifadə etmək məsləhət görülür”.
banner

Oxşar Xəbərlər