• cümə axşamı, 28 mart, 18:10
  • Baku Bakı 13°C

“Uşaq zamanında böyüməlidir”

14.04.15 12:57 3504
“Uşaq zamanında böyüməlidir”
Kurikulum məktəblərdə yeni tədris olunmağa başlandığından müəllimlər proqramın müsbət tərəflərindən danışırlarsa, valideynlər tərəfindən bu, birmənalı qarşılanmır. Məktəb-Lisey Kompleksinin ibtidai sinif müəllimi Kəmalə Mehdiyeva “Kaspi”nin “Bir məktəbin tarixi” layihəsinə müsahibəsi açıqlaması zamanı ibtidai sinif şagirdləri kurikulumu tam mükəmməl qavramadıqlarını qeyd etdi.
Belə ki, əgər şagird məktəbə hazırlıq qrupundan və ya bağçadan gəlirsə, onda kurikulumu daha asan qavraya bilir: “Evdən gələn uşaqlar üçün isə bütün çətinlik biz müəllimlərin boynuna düşür. Çünki dərslik ilkin mərhələdə biliyi, bazası, dünyagörüşü olan şagird tələb edir. Ən azı uşaq bilməlidir ki, əşya nədir və hansı suala cavab verir. Kurikulumda çətinlik yoxdur, çox maraqlıdır. Sadəcə, valideynlər üzərində maariflənmə getməlidir. Mütləq deyil ki, uşağın məktəbəqədər hazırlığı olsun. Evdə olan valideyn uşağı ilə məşğul olmalı, ən azı karandaşla rəngləməyi, rəngləri tanımağı, 10-a qədər saymağı, meyvələri tanımağı öyrətməlidir. Təəssüf ki, bəzən elə uşaqlar gəlirlər ki, heç nə bilmirlər”.
Bütünlüklə elektron dərsliyə keçidlə bağlı fikirlərini bildirən K.Mehdiyeva hesab edir ki, bu gün elektron dərsliyə keçid dünyada gedən proses olsa da, uşağa ziyandır: “Mən bir müəllim kimi elektron kitab oxumağı sevmirəm. Mənim üçün əlimdə kitabı vərəqləmək daha maraqlıdır. Ancaq nə qədər elektronlaşsaq da, texnikaya meyl etsək də, bəzi şeylər var ki, qorunub saxlanmalıdır. Məncə, elektron dərslik uşağa ziyandır. Çünki o, bütün günü kompüter arxasında oturub oxumalıdır. Bunun müsbət cəhətindən çox mənfi cəhəti də var. Həmçinin bunun onların sağlamlığı ilə bağlı da mənfi tərəfi var”.
K.Mehdiyeva son günlər əllə yazının ləğvi ilə bağlı səslənən fikirlərə toxunaraq, qeyd etdi ki, əllə yazı şagirdlərin dünyagörüşü və intellektual səviyyələrini inkişaf etdirir: “Biz əl yazısı ilə göz yaddaşımızı inkişaf etdiririk. Kurikulum standartlarının içində “Uşaq baxıb götürə bilir” yazılıb. Əgər uşaq sözləri yığmağı bacarırsa, diqqəti də artır. Bu gün tamamilə texnika ilə əhatə olunmuşuq – bu, normaldır. Uşaqlar əl yazısını unutmamalıdırlar”.
Müəllimə şagirdlərin yazı vərdişlərini inkişaf etdirmək üçün istifadə etdiyi metodlardan da danışdı: “Birinci sinif dərsliklərinin yararsız olması ilə bağlı Təhsil Nazirliyinin də müəyyən qeydləri var. Məsələn, “Azərbaycan dili” dərsliyində qrammatika yoxdur. Bundan əlavə, 2-3 cümlədən ibarət mövzular verilir. Ev tapşırığının olmamasını biz alqışlayırıq. Amma ev tapşırığı nə qədər olmasa da, uşaq bu gün işləməlidir. Yazı vərdişinin inkişafı üçünsə onun əlinin altında daim material olmalıdır. Dərslikdə qrammatika çox olsa, uşağın yazı qabiliyyəti də inkişaf edər. Ona görə bu gün yazının ləğvi ilə bağlı söhbətlər gəzir ki, dərsliklərdə qrammatika yoxdur. “Azərbaycan dili” dərsliklərində yazıya ehtiyac görülmür”.
Kəmalə müəllimənin fikrincə, şagirdlər məktəbdə yerilən tapşırıqlarla kifayətlənməməli, evdə də çalışmalıdırlar: “Mən həmişə valideynə deyirəm ki, övladının savadlı olmasını istəyən şəxs daim evdə onunla məşğul olmalıdır. Heç olmasa uşağa “Müəllimə bu gün nə danışdı” - deyə sual verin. Uşaq tam izah edə bilməsə də, heç olmasa müəyyən qədər söhbətin nədən getdiyini anladacaq. Demək, orada nəticə var”.
Müəllimə hesab edir ki, valideynlərin bəziləri savadsız olduğundan uşaqları ilə məşğul ola bilmirlər. Ona görə məcbur olub övladlarını əlavə müəllim yanına göndərirlər: “Valideynlər kurikulumu başa düşmürlər. Biz hansı uşağın valideyninin onunla məşğul olduğunu yaxşı bilirik. Həmin uşaq proqramı daha yaxşı mənimsəyir. Birinci sinifdə 6-7 dərsdən sonra summativ qiymətləndirmə aparırıq. Halbuki uşaq oxuya bilmir. Ona görə məktəbə hazırlıq olmalıdır”.
İbtidai sinif müəllimi uşaqların evdə daha çox telekanalların qarşısında oturması, yaşlarına uyğun olmayan proqramlara meyil etməsi ilə bağlı təkcə valideynin deyil, məktəbin üzərinə də böyük məsuliyyət düşdüyünü qeyd etdi: “Uşaq zamanında böyüməlidir. O, vaxtı çatanda seriala da baxacaq. Hər şey müəyyən çərçivədə olmalıdır. Mən serialların fərqli cəhətlərini uşaqlara aşılamağa çalışıram. Bəzən valideyn uşağının rahatlığı və ya dəcəllik etməməsi üçün onun baxmasına icazə verir. Amma məktəbdə müəllimə o cür serialların və ya verilişlərin mənfi cəhətini uşağa izah etdikcə, bu, onun yaddaşında daha çox qalır. Müəllim uşağın gözündə idealdır. Uşaq başa düşürsə , “Müəllimə deyir ki, olmaz” - deyə həmin proqramlara baxmaqdan imtina edir. İbtidai sinifdə uşaq müəllimini sevirsə, müəllimənin dediyi fikirləri daha yaxşı qəbul edə və ona əməl edə bilir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər