Uşaq tamaşalarına xor baxan rejissor və aktyorlar

Uşaq tamaşalarına xor baxan rejissor və aktyorlar

Mədəniyyət
05 Noyabr 2019, 09:00 500
"Bizim teatrlarda səhnələşdirilən uşaq tamaşaları bəzi rejissorların xaltura fəaliyyətidir” 
 
Bəzən aktyorlarla söhbət zamanı "Mənim üçün rolun böyüyü kiçiyi yoxdur” deyilər. Amma fərqli situasiyaya da şahidlik edirik.Olur ki, bəzi aktyorlar teatrda özünün "tutduqdan” sonra  onlara rol bəyəndirmək müşkülə çevrilir. Xüsusən də, bir neçə dəfə baş rolu canlandıran, fəxri adlara layiq görülən aktyorlar uşaq tamaşalarında oynamağı özlərinə sığışdırmırlar. "Baş rolların mahir ifaçısı olaraq indi məni uşaq tamaşalarına layiq görürsünüz?” deyərək rejissorlara etirazlarını bildirirlər. Məsələ təkcə aktyorlarla da bitmir. Teatra yeni gələn hər gənc rejissora mütləq şəkildə uşaq tamaşaları  verilir. Özünü təsdiq etmək üçün rejissor ilk növbədə uşaq tamaşalarından başlamalıdır kimi bir qayda tətbiq olub. Amma bir neçə tamaşadan sonra tanınmağa başlayan rejissorlar da uşaqlar üçün işləməyi özlərinə sığışdırmırlar. Təbii ki, bu, bütün rejissorlara aid deyil. Amma məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz ekspertlər də etiraf etdilər ki, bəzi rejissor və aktyorlar uşaq tamaşalarına "barmaqarası” yanaşırlar. 
 
Əməkdar artist, rejissor və aktyor Nicat Kazımov deyir ki, belə situasiya ilə rastlaşıb. Rejissor yaranan mənzərə, yaşanan prosesin heç də xoşagələn olmadığını bildirdi: "15 il bundan əvvəl xalq artistlərimiz Firəngiz Şərifova, Solmaz Qurbanova, Xuraman Hacıyeva və digər tanınmış, bu sənətdə sözünü demiş, sənətkarlarla həm böyük, həm də uşaq tamaşalarında oynayırdıq. Mən bu gün də uşaq tamaşalarında oynayıram. 21 ildir ki, uşaq tamaşasında rol alıram. Mənə görə uşaq üçün tamaşada  oynamaq daha çətindir, nəinki böyüklər üçün. Hesab edirəm ki, uşaq tamaşasında rol almaq heç də qazanılan fəxri addan asılı deyil, sadəcə subordinasiya bəzi hallarda pozulur. Belə situasiyanın da yaranması rejissordan və rəhbər mövqe tutanlardan irəli gəlir. Misal üçün, bir aktyor özünə uşaq tamaşasında oynamağı yaraşdırmır, rəhbərlik tərəfindən ona uşaq tamaşasında oynamamaq icazəsi verilər, ondan sonra digər aktyorlar da onunla prinsip aparır. Uşaq tamaşasında oynamaq böyüklər üçün tamaşada oynamaqdan qat-qat çətindir. Çünki uşaq tamaşaçısını aldatmaq çətindir. Uşaq tamaşaçısı riyakar olmur. Böyüklər üçün tamaşa eldədir ki, yaxşı da olsa, pis də olsa, sonda hər kəs alqışlayacaq. Ancaq uşaqlarda belə deyil. Tamaşa uşağın marağını cəlb etmirsə, o, sənə baxmır və söhbət etməyə başlayır. Bu günün uşaqları internet vasitəsi ilə dünyada baş verən proseslərdən xəbərdardır, Hollivudun çəkdiyi nağıllara baxır. Yəni onların dünyagörüşü daha genişdir. Biz də tamaşa hazırlayarkən onların zövqünü nəzərə alırıq. Teatrın hər bir aktyoru hazırlanan hər bir tamaşada ona verilən rolu mütləq oynamalıdır. Misal üçün, Kəmalə Müzəffər "Ana qaz” tamaşasında baş rolu oynayırdısa, "Xeyir və şər” tamaşasında epizodik rol oynayırdı. Yəni demirdi ki, mən illərin sənətçisiyəm, niyə epizodik rol oynayıram. Uşaqlar üçün tamaşaların  digər üstünlüyü ondadır ki, aktyoru formada saxlayır”. 
 
N.Kazımov deyir ki, Gənc Tamaşaçılar Teatrında çalışan rejissorların demək olar ki, hamısının yaradıcılığında uşaq tamaşaları olub: "Məsələ uşaqlar və böyüklər üçün tamaşa hazırlamaq deyil, ada işləməkdir. Rejissorlar daha çox istəyir ki, adlı-sanlı, tanımış əsərlər hazırlasınlar. Yəqin ki, uşaq tamaşalarından imtina etmələri məhz bundan irəli gəlir. Şəxsən mənim üçün bunun heç bir fərqi yoxdur. Həm aktyor kimi uşaq tamaşalarında iştirak edirəm, həm də rejissor kimi uşaq tamaşaları hazırlayıram.  Mən ən çox tamaşa hazırlayan rejissorlardan biriyəm. Əgər böyüklər üçün bir tamaşa hazırlayıramsa, ondan sonra iki uşaq tamaşası hazırlayıram. Çalışıram ki, öz yaradıcılığımda olan tamaşaları tənzimləyim”. 
 
Tanınmış rejissor, kuklaçı Namiq Ağayev  bildirdi ki, bu problem hər zaman olub və yenə də davam edir: "Hər nə qədər uşaqsevər xalq olsaq da, bir o qədər də uşaq psixologiyasına bələd olmayan, uşaqların daxili dünyasını öyrənmək istəməyən, onların istəklərini nəzərə almayan bir toplumuq. Bilirsiniz ki, uşaq teatrlarının işi məhz uşaq tamaşaları hazırlamaqdır. Digər teatrlarda isə hazırlanan uşaq tamaşaları da göz önündədir. O ki qaldı aktyorların uşaq tamaşaları oynamaq  istəməməyinə, bu, danılmaz faktdır. Di gəl ki, hər hansı aktyoru danışdırsanız, boğazdan yuxarı cümlələrlə özünü vəsf edəcək.  Onlara sual versəniz "uşaqların sevinci bizim sevincimizdir, onların üzlərində kiçik bir təbəssümə vasitəçi ola bilirəmsə, nə xoş mənə” kimi ifadələr səsləndirəcəklər. Ancaq aktyora deyəndə ki, sənə uşaq tamaşasında bu rolu həvalə edəcəyik, onda onun halını görməyin. Danışıq başqa olur, hərəkət başqa. Nədənsə, aktyorlarımız uşaq tamaşalarına barmaqarası baxırlar. Digər teatrlarımızda uşaq tamaşalarına pul xərclənsə də, amma yenə də tamaşanın kökünə, iliyinə qədər  dərinliyinə varmırlar.  Uşaq mədəniyyəti ilə məşğul olmaq üçün gərək özün də uşaq qədər saf olasan, öz təmizliyinlə uşağa yaxın olasan. Məkrli hisslərlə, xislətlə yaşayan adamlar buna necə nail olsunlar? Uşağı sevmək ayrı, istəmək ayrıdır. Uşaq, tamaşaya öz gözü ilə baxmaq istəyir. Ancaq nədənsə, nə aktyorlarımız, nə də rejissorlarımız onları duymaq istəmirlər. Mən özüm Kukla Teatrında baş rejissor olaraq çalışanda gördüm ki, aktyorlar daha çox şöhrətpərəstlik yarışındadırlar. Onları uşaqların saf niyyəti, hissləri o qədər də maraqlandırmır. Onlar uşaqların mədəniyyətini ikinci plana atırdılar”.

Rejissorlara gəlincə isə N.Ağayev bildirdi ki, ən çətin tamaşa elə uşaq tamaşasıdır: "17 yaşım olanda birinci kursda oxuyurdum və o zaman müəllimim Tofiq Kazımov mənə demişdi ki, mən proqram-filan bilmirəm, mənə Şekspirdən parça hazırla. Yəni deməyim odur ki, rejissorun özünü göstərə bilməsi üçün uşaq tamaşası ilkin addım olmamalıdır. Bu, seçilmişlərin işidir. Uşaqla məşğul olmaq özəl və ali bir sənət növüdür. Uşaqlara bağlı ortaya hər hansı bir  məhsul  qoyursansa, onu öz reseptinə uyğun hazırlamalısan. Hazırladığın tamaşadan yalnız  uşağın xoşu gəlir, valideynin xoşu gəlmirsə, bu, uşağı aldatmaq deməkdir, yox əgər uşaqla bərabər, eyni vaxtda valideynin də xoşuna gəlirsə, hər ikisi tamaşaya eyni həvəslə baxırsa, bu, sənətin böyük qələbəsidir”. 

Teatrşünas Elçin Cəfərov deyir ki, Azərbaycanda uşaq tamaşalarının hazırlanması və nümayişi ilə bağlı bir sistemsizlik var: "Bakı Uşaq Teatrı, eyni zamanda bölgələrdə və paytaxta fəaliyyət göstərən kukla teatrlarının uşaq tamaşası hazırlaması normal haldır. Bir də var ki, böyük teatrlarımızda zaman-zaman uşaq tamaşalarının hazırlanması… Çox zaman bu, Yeni ilə, Novruz bayramına təsadüf edir. Bu, bir qayda olaraq maddi problemləri həll etməyə yönəlmiş bir addımdır. Teatrların ən çox gəlir qazanma üsulları bu tamaşalar vasitəsi ilə olur. O ki qaldı rejissorların uşaq tamaşaları hazırlamaq istəməməyinə, düşünürəm ki, burada qeyri-adi heç nə yoxdur. Hər rejissorun maraqlandığı bir sahə, ona maraqlı gələn bir janr üslubu var. Rejissor maraq dairəsində olan janrda, üslubda işləmə imkanına malikdir. Vacib deyil ki, hansısa tanınmış bir rejissor gəlib uşaq tamaşası hazırlasın. Heç kim ondan bunu tələb edə bilməz. Misal üçün, Akademik Milli
"Bizim teatrlarda səhnələşdirilən uşaq tamaşaları bəzi rejissorların xaltura fəaliyyətidir” 
 
Dram Teatrının Xalq artisti, şöhrət ordenli aktyorları uşaq tamaşasında görmək mənim üçün qəribə olardı. Məsələnin başqa bir tərəfi də var ki, bizdə bir qayda olaraq uşaq tamaşalarının hazırlanmasına barmaqarası baxırlar. Adətən yeni gələn aktyorlara, yaxud da rejissorlara uşaq tamaşaları həvalə edirlər. Hərçənd ki, uşaq tamaşasında oynamaq o qədər də asan deyil, əksinə çətindir. Çünki uşaqlar ən səmimi tamaşaçılardır. Onların marağını cəlb etmək, diqqətini qazanmaq o qədər də asan məsələ deyil. Əgər tamaşada nəsə yerində deyilsə, bu, uşağın diqqətini cəlb etməyəcək”. 

Gənc rejissor və aktyor Asiman Ağa Rövşən deyir ki, uşaqlar üçün nəzərdə tutulan məhsullar daha yüksək gəlirlidir, özü də  insanın nəsil artırma arzusu var olduğu müddətcə davam edəcək biznesdir: "Bu biznes çox şeyi əhatə edir: mən deyim sosiska, pampers, siz deyin oyuncaqlar, uşaq əyləncə məkanları. Həmçinin uşaq tamaşaları, dolayı olaraq uşaq teatrları da bu biznesin bir hissəsidir. İnkişaf etmiş ölkələrdə uşaq tamaşaları üzərindən böyük məbləğlər dövr eləyir. Kapital texniki inkişaf deməkdir. Uşaq tamaşası birbaşa texniki imkanlar tələb edir. Yüz il əvvəl ələ corab taxıb uşağın başını aldatmaq olardı. Bu günün uşağı o corabı alıb adamın başına geyindirər ki, məni dolamısan?! Bu uşaqlar yeni ildə Şaxta babanın saqqalını dartıb ifşa edən uşaqlardı, o da qalmışdı köhnə, yarığı tikilmiş pərdənin üzərinə çəkilən ağac, günəş rəsminin sehrinə düşsünlər. Əcnəbilər uşaq auditoriyası ilə hesablaşır, onlara yüksək səviyyəli iş təqdim edir. Elə iş ki, aktyor bu tamaşada oynadığına görə xəcalət çəkmir. Əksinə, onun özünə ləzzət edir. Üstəlik, pis də qazanmır. Əlbət ki, həmin aktyorlar ömürləri boyu bu işlə məşğul olacaq. Bizim teatrlarda səhnələşdirilən uşaq tamaşaları isə bəzi rejissorların xaltura fəaliyyətidir. Aktyorlar bunun nəyindən zövq alsın?! Uşaq tamaşalarında oynamaq istəməyən qocaman aktyorlar qınanmalı deyil. İllər ərzində ona görə nüfuz qazanıblar ki, kiminsə yolaverdi tamaşasında oynasınlar? Söz yox ki, teatrlarımızda uşaq tamaşalarına dair bir-iki maraqlı nümunələr var. Həmin nümunələrdən biri, bəlkə də birincisi Əlif Cahangirin Aleksey Tolstoyun əsəri əsasında qurduğu "Buratino axmaqlar ölkəsində" tamaşasıdır. Çox zövqlü, nəfis işdir”. 
 
Xəyalə Rəis