• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Uşaq qidalarına nəzarət sərtləşdirilir

19.02.20 10:30 1329
Uşaq qidalarına nəzarət sərtləşdirilir
Ekspertlər bunu körpələrin sağlamlığının qorunması istiqamətində mühüm addım kimi dəyərləndirirlər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süni uşaq qidalarının ölkədə istehsalı və ölkəyə idxalı ilə bağlı vəziyyəti dəyərləndirib. Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Uşaq qidaları yüksək risk qrupuna aid olduğu üçün ölkəmizə idxal edilən hər bir məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Laborator analizlər məhsulun mikrobioloji və fiziki-kimyəvi göstəriciləri əsasında həyata keçirilir. Əgər nümunələr qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə cavab vermirsə, məhsulun satışına icazə verilmir: "Bu zaman idxal olunmuş uşaq qidalarının ixracatçı ölkəyə geri qaytarılması, zərərsizləşdirilməsi və ya utilizasiyası üzrə Agentlik tərəfindən zəruri tədbirlər görülür. Ekspertizanın nəticələri uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edirlər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların uşaq qidalarının tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.
Bəs görəsən AQTA-nın həyata keçirdiyi bu yoxlamalar uşaq qidaları ilə bağlı ümumi situasiyaya necə təsir edəcək? Bazarda uşaq qidaları ilə bağlı çatışmazlıq yarana bilər?
Tibb Universitetinin uşaq-yeniyetmələrin sağlamlığı və əməyin təşkili kafedrasının müdiri Şəhla Balayevabildirir ki, AQTA-nın bu istiqamətdə gördüyü tədbirlər müsbət addım kimi qiymətləndirilməlidir: "Uşaqların qidası həmişə ən həssas mövzulardan biri olub. Bu mənada keyfiyyətsiz uşaq qidalarının idxalı və satışı birmənalı olaraq yolverilməzdir. Uşaqlarda yaranan xəstəliklərin böyük bir qismi məhz süni uşaq qidalarının keyfiyyət parametrləri ilə bağlı olur. Bu yerdə biz ana südü ilə qidalanmanın vacibliyini bir daha vurğulamaq istəyirik. Yeni doğulan körpələr bir yaşına qədər ana südü ilə qidalandırılmalıdır. Xüsusi hallarda yeni doğulan uşaqlara süni uşaq qidası verilə bilər. Bu zaman keyfiyyətli süni qida məhsullarından istifadə olunmalıdır. Uşaqlara verilən hər hansısa keyfiyyətsiz qida məhsulu ciddi problemlərə yol aça bilər. Bu mənada nəzarət tədbirlərinin gücləndirilməsi vacib məsələdir. Görülən tədbirlərin uşaqların sağlamlığının qorunması istiqamətində mühüm bir addım kimi qiymətləndirmək olar”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla qeyd etdi ki, uşaq qidaları, o cümlədən bəzi dərman preparatları ilə bağlı dövlət reyestri olmalıdır: "Azərbaycana müxtəlif adda bir sıra uşaq qidaları idxal olunur. Hesab edirəm ki, dünyada tanınan və qəbul olunan iki-üç uşaq qidasının ölkəyə idxalı yetərli sayılır. Bəzən mənşəyi bilinməyən uşaq qidalarının idxalına və satışına ehtiyac yoxdur. Bu qidaların laborator baxışdan keçirilməsi və texniki şərtlərin yoxlanılması elə də asan məsələ deyil. Yaxşı olardı ki, dövlət səviyyəsində bu məsələyə nəzarət olunsun. İstifadəsinə icazə verilən uşaq qidaları ilə bağlı kodeks olmalıdır və burada həmin qidaların adı bu kodeksdə qeyd oluna bilər. Əslində bu tədbirlərin həyata keçirilməsi uşaq qidalarının azalmasına gətirib çıxarmayacaq. İdxal edilən məhsullara müəyyən texniki standartlar tələb kimi qoyulmalı və yoxlanaraq nəzarətdən keçməlidir. Məncə, bu üsul daha effektiv nəticə verə bilər. Təəssüflər olsun ki, bəzi uşaq qidalarının keyfiyyət parametrləri istənilən səviyyədə deyil. Burada söhbət uşaqların taleyindən gedir. Ona görə də nəzarət tədbirlərinin gücləndirilməsinə ehtiyac var”.
Qida mühəndisi İsa Əliyev bu addımı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə uşaq qidaları sahəsində müsbət nəticələrin əldə oluna biləcəyini qeyd etdi: "Uşaq qidaları digər qidalarla müqayisədə daha həssasdır. Xüsusilə 0-6 yaş arasında olan uşaqların zehni və fiziki inkişafında qida böyük rol oynayır. Ona görə də uşaq qidalarının tərkibindəki inqridientlər tələb olunan dozada olmalıdır. Təəssüflər olsun ki, bir sıra hallarda uşaq qidalarının tərkibi keyfiyyət parametrlərinə cavab vermir. Bu da uşaqlarda bir sıra xəstəliklərə gətirib çıxara bilir. Azərbaycana uşaq qidaları xarici ölkələrdən idxal olunur. Bu məhsullar ölkəmizə əsasən Rusiyadan, keçmiş sovet ölkələrindən və Avropadan idxal olunur. Avropada bəlli normativlər var və bu normativlərə ciddi şəkildə riayət olunur. Uşaq qidalarının idxal olunduğu Azərbaycan kimi ölkələrdə gömrük laboratoriya prosedurlarının sərt olmalıdır deyə düşünürəm. AQTA-nın bu məsələ ilə bağlı çıxardığı normativlər təqdirlə qarşılanmalıdır. Ümid edirəm ki, uşaq qidalarının yoxlanışı daha da gücləndiriləcək və əgər neqativ hallar varsa, dərhal ortaya çıxarılacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər