• şənbə, 20 Aprel, 05:50
  • Baku Bakı 15°C

Uşaq ədəbiyyatının inkişafına və zənginləşməsinə xidmət edən kitab

14.12.16 14:20 3844
Uşaq ədəbiyyatının inkişafına və zənginləşməsinə xidmət edən kitab
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nəzakət Rza qızı İsmayılovanın bu yaxınlarda "Naxçıvan ədəbi mühiti uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” adlı kitabı nəşr olunmuşdur. Bu kitabın əsas məramı Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların qələminin məhsulu olan uşaqlarla bağlı yazılmış əsərlərin araşdırılması, axtarılıb üzə çıxarılması və təhlil edilməsidir. Bu sahədə ayrı-ayrılıqda hər bir şair və yazıçı haqqında məlumata rast gələ bilərik. Lakin tam araşdırma aparılması ilk dəfə bu kitabda öz əksini tapır.
"Uşaq yazıçısına iki istedad lazımdır”
Kitabda Məmməd Tağı Sidqidən başlamış, Əli Səbri, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əyyub Abbasov, Cavad Cavadlı, Kəmalə Ağayeva, Hüseyn İbrahimov, Tofiq Mahmud, Tofiq Mütəllibov, Məmməd Araz və başqalarının əsərlərindən pedaqoji tərbiyənin əsasını anlatmaq baxımından dəyərli nümunələr toplanmışdır. Məsələn: H. Cavidin "Qız məktəbində” şeirini bilməyən yoxdur. Oxucuların hədsiz marağına səbəb olmuş ibrətamiz, sadə və aydın bir dillə yazılmış şeirdə böyük müddəalar irəli sürülmüşdür. Eləcə də C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povesti, "Saqqalı uşaq”, "Poçt qutusu”, Ə. Səbrinin "Qaraçılar” ,"Firuzun kədəri”, Ə. Abbasovun "Çal, Ülkərim bir də çal”, "Ana Vətən”, "Ana torpaq”, "Ömrümüzün zirvəsi”, "Bu torpağın məhəbbəti”, "Danışan qayalar”, M.Arazın "Müharibə olmasa”, "Araz nəğməsi”, "Kəndim balacasan, çox balacasan” , "Vətən mükafatı” ,"Yəqin, dağlar küsüb məndən” T. Mahmudovun "Yerə dağılan muncuqlar” T. Mutəllimovun "Kəkliklər oxuyanda” , "Gözəllikdən doymur ürək”, "Mənim əzizlərim” , "Vüqarın nəgmələri”, "Durnaların qanadında” və s. əsərləri göstərmək olar. Bu sənətkarların yaradıcılığında uşaq ədəbiyyatına aid nümunələr araşdırılaraq, təhlil edilmişdir. Məşhur pedaqoq V. Q. Belinskinin sözləri ilə desək adi yazıcıya bir, uşaq yazıçısına isə iki istedad lazımdır. Çünki bu ədəbiyyatın başlıca xüsusiyyəti onun öyrədici xarakter daşımasıdır. Tədqiqatçının kitabda qeyd etdiyi kimi son illər Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı sahəsində böyük irəliləyiş hiss olunur. Bu ədəbiyyatın zənginləşməsi və təsir dairəsi xeyli artmış, bədii dəyəri ilə seçilə bilən əsərlər ortalığa qoyulmuşdur. Azərbaycan Respublikasının təhsil sistemində, təhsilin forma və məzmununda köklü dəyişikliklər etmək üçün ümummilli lider H. Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq edildi. Bu proqramın mahiyyət və məzmunundan və ümumiyyətlə, təhsilin dövlət həyatında oynadığı əvəzsiz rolundan danışarkən, ümummilli liderimiz demişdir. "Hər bir dövlət istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini mədəniyyətini dünya standartlarına çatdırsın, o millət hər şeydən çox təhsilə fikir verməli, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik”. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü Muxtar Respublikada hər il dövlət səviyyəsində qeyd olunur. Uşaqların istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır. Elmimizə dəyərli töhfə olan bu kitabda göstərildiyi kimi Naxçıvan Muxtar Respublikasında uşaqlara göstərilən qayğı və diqqət, yaradılan şərait uşaqlar üçün çox əhəmiyyətlidir. Hazırda Muxtar Respublikada uşaq kitabxanası, uşaq teatrı, uşaq filarmoniyası, Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, şahmat və musiqi mərkəzləri fəaliyyət göstərir. 1995-ci ildən bu günə qədər 197 məktəb binası, 18 uşaq bağçası, 40 idman obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilmiş, təhsil ocaqları, müasir informasiya texnologiyaları ilə təmin olunmuşdur. Bütün bunların uşaqların inkişafında, formalaşmasında, düzgün tərbiyə olunmasında mühüm əhəmiyyəti var.
İnsanın gələcək həyatının təməli körpəlikdən başlayır
Xalq şairi Səməd Vurğun yazırdı: "Uşaqlar üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Mənası dayaz, qayəsi və məqsədi aydın olmayan ötərgi hisslər , tərənnüm olunan əsərlər uşağın hafizəsində ani bir qığılcım kimi parlayıb sönür”. Dediyimiz məna gözəlliyi həqiqətlə nəfəs almalıdır. Bu sözlər nəcib xeyirxah, cəmiyyətlə gərəkli bir insan yetişdirilməsi üçün vətəndaş çağırışıdır. Son illərdə Naxçıvanda "Əcəmi” nəşriyyatında çap olunmuş "Uşaqlar və günəş” şeirlər, poemalar, hekayə və povestlər toplusunda, əsasən, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əsərləri toplanmışdır. Bu əsərlərin hamısı uşaq ədəbiyyatının inkişafına və zənginləşməsinə xidmət edir.
Hər bir uşaqdan insan, vətəndaş tərbiyə etməliyik ki, o, aydın və işıqlı sabahını görə bilsin. Buna görə də hər bir yazıçı və şair əsərini yazarkən, uşaq kitablarının dilinə xüsusi əhəmiyyət verməli, ətrafımızda baş verən yenilikləri, kəşfləri ixtiraları, elmi nailiyyətləri, tarixdə baş vermiş hadisələri və s. asan və maraqlı dillə nəql etməyi bacarmalıdır. İnsanın gələcək həyatının təməli körpəlikdən başlayır. Bu təməl nə qədər möhkəm, nə qədər etibarlı olarsa, övladlarımız da psixoloji cəhətdən bir o qədər sağlam, gümrah böyüyər, onların gələcəyi də fərəhli olar. Bu isə ciddi təlim-tərbiyə ilə mümkündür.
Tədqiqatçıların bu sahədə araşdırma aparmaları ümumi işin xeyrinə olar
Dünya inkişaf edir - texnologiya, əyləncə, təlim-təhsillə birlikdə düşüncə tərzimiz də sürətlə dəyişilməli və inkişaf etməlidir. Onu da qeyd etməliyik ki, uşaq ədəbiyyatına müraciət edən hər bir yazıçı və şair öncə uşaqların dünyasını, psixologiyasını dərindən öyrənməli və bələd olmalıdır. Bundan sonra onların yaş xüsusiyyətlərini, maraq dairəsini, estetik zövqünü öyrənməli, onu müəyyən bir istiqamətə doğru yönəltməli, fərdi şəkildə inkişaf etdirməlidir.
Böyüklər üçün əsər yazmaq uşaqlar üçün əsər yazmaqdan çox asandır. Çünki böyüklər üçün yazılan əsərin mövzusu istənilən şəkildə, formada, ölçüdə ola bilər. Unutmayaq ki, uşaqlarda bu, belə deyil. Eyni zamanda, uşaq ədəbiyyatına aid olan hər bir əsər onların yaş xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Təbii ki, ilk növbədə fərdin ictimai mühiti, inkişafı, idrakı, zövqü, nitqi, bilik dairəsi nəzərə alınmalıdır. Bütün bunlarla yanaşı uşaqların yaş xüsusiyyətlərinin tələblərinə də riayət olunmalı, bu şərt unudulmamalıdır. Bu baxımdan son illər Naxçıvan ədəbi mühitində uşaq ədəbiyyatı sahəsində böyük irəliləyiş hiss olunur. Bu ədəbiyyatın zənginləşməsi və təsir dairəsi xeyli artmış, bədii dəyəri ilə seçilə bilən əsərlər ortaya qoyulmuşdur. Tədqiqatçıların bu sahədə araşdırma aparmaları ümumi işin xeyrinə olar. Ümidvaram ki, bu sahədə gələcəkdə elmi əsrlər və təhlillər aparılacaqdır. Hər kəs öz üzərinə düşəni etməlidir. Bu sahədə əldə olunan son nailiyyətlər də araşdırılıb, tədqiq edilməli, yeni nəslə çatdırılmalıdır. Uşaqlar üçün yazılan əsərlər həcmcə azlıq təşkil etsə də, ümumilikdə uşaq psixologiyasını düzgün anlayan, onu istədiyi məcraya yönəltməyi bacaran, saf uşaq şüurunda mütərəqqi, pedaqoji tərbiyənin əsasını anlatmaq baxımından dəyərli əsərlər yazılmalı, müfəssəl təhlil olunaraq, oxuculara çatdırılmalıdır. Bu mənada "Naxçıvan ədəbi mühiti uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” adlı kitabı dəyərli bir vəsaitdir.
Xuraman MƏMMƏDOVA,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
banner

Oxşar Xəbərlər