“Uşaq cəmiyyətdə böyüyür” - Mənim balam
Övlad Tanrı tərəfindən valideynlərə
göndərilən bir nemət, paydır. Tanrının göndərdiyi bu varlığı yetişdirmək, onu
sabaha hazırlamaq isə valideynlərin öhdəsinə düşür. "Uşaq evin güzgüsüdür”
deyirlər. Bu məsəllə bəzi müsahiblərim razılaşsa da, bir çoxları etiraz edir.
"Mənim balam” rubrikamızın bugünkü qonağı isə məsələlərə tamam başqa aspektdən
yanaşır.
Qonağımız tanınmış
astroloq, "Qoroskop”qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. Onunla
gözünün ağı-qarası, bircə övladı olan Nuray haqqında danışdıq. Astroloq deyir
ki, övladın tərbiyəsində valideynlərin yalnız 30 faiz rolu var, digər xüsusiyyətlərinin
formalaşmasında isə düşdüyü cəmiyyət rol oynayır.
-
Səbuhi müəllim, övladınızı tərbiyə edərkən hansı üsullardan faydalanırsınız? Dədə-baba
üsuluna üstünlük verirsiniz, yoxsa sizin öz qaydalarınız var?
- Əslində bu sualın özü
ilə çox da razı deyiləm. Hər bir fərd individualdır, fərdi xüsusiyyətlərə
malikdir. Misal üçün, mənim valideynlərim müəllim olub və biz ailədə yeddi uşaq
olmuşuq. Bizim hamımıza ayrı-ayrı yol göstərməyiblər. Həyatda gördüyümüz,
bildiyimiz, bizə dedikləri, sadəcə bu olub ki, "oxuyun”, "dalaşmayın”, "özünüzü
yaxşı aparın”. Amma dünya dəyişir, dünya dəyişdikcə insanlar da dəyişir. İşimlə
əlaqədar olaraq insanlarla işləyirəm. İnsanların problemini həll etmək üçün
özümü onların yerinə qoymalıyam. Yoxsa mən tək Səbuhi «pəncərə»sindən məsələyə
baxsam, təbii ki, bu problemləri həll etmək çətin olar. İstənilən məsələyə
insanların öz baxış bucağı var. Hər zamanın öz kriteriyaları, tələbləri var.
Övlad böyüdərkən təbii ki, bunların hamısını nəzərə almaq lazımdır. "Dədə-baba
qaydası” deyilən bir mexanizm yoxdur. Əgər mən bir valideyn kimi nə vaxtsa nədənsə
sarsıntı keçirmişəmsə və yaxud da hər hansı problem yaşamışamsa, ilk növbədə öz
qorxduqlarımdan övladımı çəkindirəcəm. Amma ola bilər ki, uşaq o hadisə ilə heç
vaxt rastlaşmasın. Nuray ailəmizə toyumuzdan 6 il sonra daxil olub. Ancaq bu o
demək deyil ki, həyatımıza gec daxil olduğu üçün biz onu ərköyün böyütməliyik.
Bu gün onu ifrat tələbkarlıqdan uzaqlaşdırmışıq, müasir gənclərin, yeniyetmələrin
valideyn büdcəsini nəzərə almadan tələbetmə mexanizmini dayandırmışıq. Normal səviyyədə
qorumağa çalışmışıq. İndi ideal uşaq yetişdirmək çətindir. Düzdür, cəmiyyətin
özü də insanı yetişdirir.
Bu gün uşaqlar asudə
zamanlarını keçirmək üçün kanallarda baxmağa bir veriliş tapa bilmirlər. Bizim
dövrümüzdə humanist, tərbiyəvi əhəmiyyətli cizgi filmləri verirdilər. İndiki
uşaqların baxdığı cizgi filmlərində ancaq döyüş, aldatmaq kimi hadisələr əks
olunur. Bu kimi hadisələr istər-istəməz uşağın düşüncəsinə də təsir edir.
Düşünürəm ki, uşaqların bu tipdə böyüməsinə başlıca səbəb uşaq telekanalının
olmamasıdır. Uşaq verilişləri də ancaq nağıl danışmaq, yaxud da cizgi filmi
göstərməkdən ibarət deyil. Bizdə uşaq psixoloqları demək olar ki, yox kimidir.
İnkişaf etmiş ölkələrdə ən çox uşaq televiziyalarına üstünlük verirlər.
- Yəni deyirsiniz ki, valideynin övladın tərbiyəsində rolu azdır?
- Demirəm təsirsizdir.
Valideyn uşağa 30 faizdən artıq təsir qüvvəsi ola bilməz. Qalanını isə insan
mühitdə öyrənir. Gündəlik həyatda da görürük ki, bir ailədə böyüyən iki
qardaş-bacının gələcəkdə hərəsi bir yolun yolçusu olur. Deməli ətraf mühit, cəmiyyətdə
aparılan təbliğat onlara birbaşa təsir edir. Uşaq günün çoxunu məktəbdə
keçirir. Orada gördükləri də birbaşa olaraq ona təsir edir. Danılmaz faktdır
ki, bu gün məktəblərdə müəllimlərin əksəriyyəti qadınlardan ibarətdir. Hətta
son vaxtlar idman, hərbi dərsləri belə, qadın müəllimələrə həvalə edirlər.
Oğlan uşaqları kişi cinsi ilə ünsiyyətdə olmalıdır. Bir neçə dəfə şahidi
olmuşam ki, uşaqlar məktəblərdə kişi müəllimdən imtina edib qadın müəllim istəyiblər.
Bu, faciədir. Qadın psixologiyası, qadın davranışı başqadır. Heç olmasa, arada
uşaqlar zəhmli kişi cinsinin energetikasını da götürməlidirlər. Onsuz da indiki
dövrdə atalar işdə olur. Axşam övladını görməyə güclə vaxt tapırlar. Belə olan
halda, tərbiyəvi ünsiyyət arxa plana keçir. Uşaq isə evdə ananı, məktəbdə qadın
müəlliməni görür.
-
Bəzən gün valideynlər övladlarını tərbiyə etmək adı ilə şiddət göstərirlər.
Sizcə, döymək tərbiyə üsuludurmu?
- Bəzi məqamlarda
razıyam, o da baxır adama. Misal üçün, "Böyük dayaq” filmində Rüstəm kişi
oğluna bir sillə vurur. O sillədən sonra oğlu sanki ayılır. Demirəm ki, döymək
mütləqdir. Döymək xilas metodu deyil. Hətta şiddət bəzi uşaqlarda kin yaradır və
bu, onların hafizələrindən asan silinmir. Mən bir tələbə qız tanıyıram. Atası
ömründə bir dəfə ona sillə vurub. Ancaq o, 4 ildir ki, atasını danışdırmır.
Çünki bu çox həssas bir məqamdır. Uşaqla valideyn arasında uçurum yaranarsa,
övlad bədbəxt olar. Valideynlər mümkün qədər səbrini basmalı, övlada şiddət tətbiq
etməməlidirlər.
-
Deyirlər, qız ataya daha çox bağlı olur. Bəs sizdə necədir?
- Bu da fərqli bir
şeydir. Uşaq dünyaya göz açanda, başının üzərində valideynlərini görür. Uşağın qəlbi sevgi ilə dolmalıdır. Maddi təminat
da olsa, daha yaxşı, olmasa da onun qəlbini sevindirməyin bir yolunu
tapmalıdır. Hər bir valideyn istəyər ki, övladına bahalı, keyfiyyətli məhsul
alsın. Misal üçün, 50 manatlıq çantaya gücü çatmır, 20 manatlığını alır. Ancaq
onu elə gözəl təqdim edir ki, uşaq onu görəndə sevinir. Mən belə edirəm. Qızıma
fərqli bir çanta almışam və deyirəm ki, bunu Kanadadan dostlarım göndərib.
Uşaqlara dünyanın gözəl olmağını təqdim etmək lazımdır. Heç zaman icazə verməmişəm
ki, kimsə övladımın yanında ölkəmiz və millətimiz haqqında mənfi rəy
formalaşdırsın. Tam ifrat yalan da olmaz. Amma uşağın içindəki o sevgini öldürmək
olmaz.
-
Nurayla dostsunuz?
- Əlbəttə ki, dostuq.
Anası ilə daha yaxındır. O, sirlərini bizimlə bölüşür, məsləhət alır. Uşaq
vaxtı çox az suallar verirdi, indi isə daha çox suallar verir. Bəzən elə
suallar verir ki, o sualların qarşısında aciz qalıram. Çalışıram nə yolla
olursa-olsun, suala cavab tapım – tapa-tapa özüm də öyrənirəm. Uşaq dünyaya göz
açanda ilk sualının cavabını valideynlərindən alır. Düşünür ki, valideynlər hər
şeyi bilir və hər şeyi doğru deyirlər. Çünki alternativ variant görmürlər. Mən
də çalışıram ki, ona hər şeyi olduğu kimi göstərim.
- Nurayın
sosial şəbəkə ilə münasibəti necədir? Siz onun sosial həyatına müdaxilə
edirsinizmi?
- Mən Nuraya müstəqillik
vermişəm. Onun yalnız "İnstagram” səhifəsi
var. Dostluğunda ailə üzvləri, yaxın dostları var. Bilir ki, axşam saat 9-dan
sonra telefondan istifadə etmək olmaz. Whatsapp-dan da çox istifadə etməyə icazə
vermirik, çünki dərsləri ilə məşğul olmalıdır. Boş zamanımızda filmlərə
baxırıq, onun baxdığı filmlərə də nəzarət edirəm. "Bozbaş” mahiyyətli filmləri
mümkün qədər məhdudlaşdırmağa çalışıram. Onunla birlikdə köhnə Azərbaycan filmlərinə
baxırıq. Danılmaz faktdır ki, bu günün uşaqları daha çox Türkiyə filmlərinə
baxırlar və bu da onların danışıqlarına təsirsiz ötüşmür. Uşaqlara milliliyi təlqin
etmək lazımdır.
-
Qızınız hansı bürcdəndir?
- At ilinin Əqrəb
bürcüdür.
-
Nurayda at ilinin xarakteri özünü büruzə verirmi?
- Təbii ki. Bu mənim sahəmdir.
Nuraya öncədən deyirəm ki, sənin bürcündə bu kimi xüsusiyyətlər var, mənfiyə
aparan xüsusiyyətlərin bunlardır. Məsələn, aqressiya, hökmranlıq, birincilik
iddiası kimi hisslərin ola bilər – onları aradan qaldır. Nuray o qədər də bürc aludəçisi deyil. Heç vaxt gəlib
demir ki, mənim dostum, yaxud sinif yoldaşım filan bürcdəndir, mənimki onunla
tutmur. Bürc köməkçi vasitədir. Əsas ana xətt isə həyatda olanlardır.
- İki ildən sonra Nuray ali məktəbə sənədlərini verəcək. Onu hansı sahəyə istiqamətləndirəcəksiniz?
- Mən Nuraya sərbəstlik
vermişəm. O artıq 3-cü qrupu seçib. Qoy nəyi bacarırsa, onu da oxusun. Hətta
ona demişəm ki, oxumasan, yenə də başqa bir sənət taparıq. Ancaq görürük ki,
çalışır.
-
Bəs, bir ata kimi siz onu hansı ixtisasda görmək istəyirsiniz?
- Mən onu bir ata kimi
xoşbəxt görmək istəyirəm. Ancaq qısa deyə bilmərəm ki, onu gələcəkdə filan
ixtisasda görmək istəyirəm. Biz ailədə 5 qardaş olmuşuq. Biz kiçik olanda atam
hərəmizə bir ixtisas "seçmişdi”. Ancaq onun dediklərinin heç biri olmadı.
Hamımız müxtəlif peşələrin sahibi olduq. Mən real insanam. Hadisələrə real
yanaşmağı bacarıram. Romantikaya qapılanların xəyal qırıqlığı çox olur. İnsan təki
özü öz yolunu seçsin. Belə olanda, o yolun şirini də, acısı da adama təcrübə
qazandırır.
Xəyalə Rəis