• cümə axşamı, 25 aprel, 12:50
  • Baku Bakı 23°C

“Uşağı tərbiyəli böyütmək üçün onu döyməyə ehtiyac yoxdur” - Mənim balam

27.09.19 10:00 1612
“Uşağı tərbiyəli böyütmək üçün onu döyməyə ehtiyac yoxdur” - Mənim balam
Onun üçün dünyanın ən dəyərli məfhumu ailədir. Deyir ki, valideyn ilk növbədə, övladı üçün bir nümunədir. Bunun üçün ailədə başqalarından nümunə gətirməyə əsas yoxdur, elə valideynin özünün övladın yanında nümunəvi davranması kifayət edir. Övladlarına daha yaxın və daxili aləmlərinə bələd olmaq üçün xüsusisi bir siyasəti var - dost olmaq. Beləliklə onların hər bir işində ən böyük məsləhətçi olmağı bacarır. "Mənim balam” rubrikamızın qonağı "Region Plus” jurnalının baş redaktoru, tanınmış jurnalist Namiq Mayılovdur.
- Övladlarınızın neçə yaşı var?
- Qızımın 17, oğlumun isə 15 yaşı var.
- Adətən atalar övladlarının yaşını dəqiq xatırlamırlar.
- Bizdə bir qədər fərqlidir. Hərçənd, bəzən mən də unuduram.
- Övlad yetişdirərkən daha çox nələrə diqqət yetirməyə çalışırsınız?
- Övladlarımı daha çox şəxsiyyət kimi yetişdirməyə çalışmışam. Doğulan vaxtdan onlara uşaq kimi deyil, şəxsiyyət kimi yanaşmışam. Valideynlərin bəzən övladlarına dedikləri "uşaqsan, otur uşaq yerində” ifadəsilə razı deyiləm. Təbii ki, hər kəsin ailədə öz yeri, öz missiyası var. Ancaq bunu uşağa demək yox, örnəklərlə göstərmək, aşılamaq lazımdır. Hesab edirəm ki, uşağa şəxsiyyət kimi yanaşmaq lazımdır. Belə yanaşdıqda, zamanında doğru qərar verdiyinin şahidi olursan.

- Ailədə valideyn-övlad münasibətini necə tənzimləyirsiniz?
- Ailədə hər bir fərdin öz rolu və yeri var. Biz ailədə 4 dostuq - iki övlad, iki valideyn. Ailədaxili məsələləri dördlükdə müzakirə edir, birlikdə qərarlar veririk. Burada heç bir şişirtmə yoxdur. Bəzən çevrəmdəki insanlara qəribə gəlir və mənə irad tuturlar ki, adi bir məsələni nə üçün övladlarınla məsləhətləşirsən. Ancaq bizim ailədə sistem bir az fərqlidir. Ailədəki hər bir fərdin fikri mənim üçün önəmlidir. Birlikdə gedəcəyimiz hər hansı bir məkan varsa, ilk növbədə onların vaxtının, zamanının, həvəsinin olub-olmadığını soruşuram. Sonda qərarı birlikdə veririk. Hətta votsapda ailə qrupumuz da var – qızım yaradıb, adını da "Mutlu ailə” qoyub. Fərqli yerlərdə olanda, ailə toplantımızı həmin qrupda virtual keçiririk.
- Adətən valideynlər istəmirlər ki, onların keçirdiyi qayğılı uşaqlıq illərini övladları da yaşasın. Sizin uşaqlıqda yaşadığınız hər hansı qadağalar varmı ki, indi onu övladlarınıza tətbiq edəsiniz?
- O baxımdan uşaqlıq illərim o qədər də qayğılı olmayıb. Düzdür, valideynlərim mənim öz uşaqlarıma yanaşdığım şəkildə mənə yanaşmayıblar. Böyüdüyüm ailədə böyük-kiçik fərqi, qadağalar daha çox olub və valideynlərim heç də hər zaman qərar verərkən bizimlə məsləhətləşməyib. Ancaq bu o demək deyil ki, bizim fikirlərimiz nəzərə alınmayıb. Sadəcə, bizim uşaqlığımız cəmiyyətin indikindən daha mühafizəkar dövrünə təsadüf edib.
- Bəzən valideynlər xüsusən də qız övladlarının ya həkim, ya da müəllim olmasını istəyirlər. Ancaq cəmiyyətdə daha çox tələbat olan başqa sahələrdə çalışması, yararlı kadr olması haqda düşünmürlər. Bəs siz necə?
- Mənim övladlarımla bağlı belə bir problemim olmayıb. Qızım Fidan bu il Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin idarə edilməsi” fakültəsinə daxil oldu. O bu ixtisası özü seçdi. Bu fakültədə tədris türk dilində və Türkiyə sistemi əsasında aparıldığı üçün çoxları deyirdilər ki, orada oxumaq çətin olacaq. Ancaq qızım israrlı idi və istədiyi ixtisasa da qəbul olundu. Onun bu seçiminə ailədə heç bir müdaxilə etmədik. Əksinə, dəstək verdik. Qızımın daha çox özünü hansı sənətdə tapa biləcəyi ilə bağlı fikir mübadilələri apardıq və o, öz qərarını verdi. Oğlum 9-cu sinifdə oxuyur. Hələ seçəcəyi ixtisas barədə düşünür, tam qərar verməyib. Nə qərar verərsə, mən istənilən halda onun seçiminə hörmətlə yanaşacam.

- Az əvvəl qeyd etdiniz ki, uşaqlıq dövrünüzdə xüsusi bir çətinlik çəkməmisiniz. Ancaq həmin illər ölkənin ən qaynar və çətin dönəminə təsadüf edir.
- Həmin dövrdə yaşadıqlarımız hamının yaşadığı, ellə gələn problemlər idi. Onun üçün qeyd etdim ki, ailə daxilində qeyri-adi, fövqəladə bir çətinlik çəkməmişik. Bəli, uşaqlığımızın son illəri müharibə dövrünə təsadüf etdi. Doğulub-böyüdüyüm Xankəndi şəhərindən məcburi köçkün düşdük. Ev-eşiyimiz dağıldı, maddi çətinliklərimiz oldu. Ancaq bu əziyyəti o dövrün bütün uşaqları çəkdi axı. Üstəlik, çoxları müharibədə valideynlərini, ailə üzvlərini itirdi. Yəni deyə bilmərəm ki, ətrafımızdakı insanların hamısı şad-xürrəm yaşayırdı və yalnız biz çətinlik içərisində idik. Doğrudur, fəhlə ailəsində doğulmuşam. Atam da, anam da ağır işlərdə işləyib, əziyyət çəkiblər. Böyük imkanımız olmayıb. Bəlkə də başqalarının pul xərcləyə bildiyi nələrəsə bizim imkanımız çatmayıb. Ancaq yenə də qayğısız olmuşuq. Arxayın idik ki, valideynlərimiz arxamızdadır. Onlar bizi darda qoymayacaq. Bəzən atam aylarla ezamiyyətdə olurdu, evə gəlmirdi. O zaman texnologiya bu qədər inkişaf etməmişdi ki, internet vasitəsi ilə evə pul göndərsin. Pulumuz qurtarırdı, ancaq anam bunu bizə hiss etdirmirdi. Hətta bir gün anam evdə qalan son qəpiyimizi mənə verib çörək almağa göndərdi. Mən də həmin pula qəzet köşkündən rəngli, üzəri şəkilli təqvim alıb, çörəksiz geri qayıtdım. Xatırlamıram, anam həmin vaxt vəziyyətdən necə çıxdı, ancaq mən əməlli-başlı danlandım. İndi o hadisəni övladlarım da bilir və tez-tez zarafatla mənə xatırladırlar.
- Etdiyiniz o hərəkəti indi övladlarınız etsə, hansı reaksiyanı verərsiniz?
- Çox normal qəbul edərəm. Hətta sizə deyim ki, övladlarım o məsələdə mənə oxşayıblar. Dəftərxana ləvazimatları satılan mağazalara daxil olanda, hər şeyi unudurlar. Razıyam, təki son qəpiklərini dəftərə, kitaba versinlər. Hesab edirəm ki, uşağın dəftərə, kitaba marağı varsa, bu, geyim, elektronika, əyləncə vasitələrindən daha yaxşıdır.
- Uşaqların yetişməsində ailədən başqa çevrənin də böyük rolu var. Övladlarınızın çevrəsindəki insanlara nəzarət edə bilirsinizmi?
- Açığını desəm, xüsusi bir nəzarətə ehtiyac duymuram, çünki onlara güvənirəm. Əslində, övladlarımın dostu olduğum üçün onların çevrəsi elə mənəm. Ancaq bu o demək deyil ki, onların dostu, rəfiqələri yoxdur. Mən onların da hər birindən xəbərdaram. Hərçənd, indi ən böyük çevrə internetdir, sosial şəbəkələrdir. Ancaq sən övladını əvvəldən doğru yönəldə bilsən, burada da heç bir nəzarətə ehtiyac qalmayacaq. Mən hesab edirəm ki, övladlarımı doğru yönəldə bilmişəm. Ona görə də onlara güvənir və mühitin mənfi təsirindən qorxmuram.

- Dostun ataya çevrildiyi anlar necə, olmayıbmı?
- Ailədə hər bir fərdin öz rolu və yeri var. Mənim övladım bu günə qədər üzümə qayıtmayıb. Odur ki, heç zaman dost olmağım ata olmağıma mane olmayıb.
- "Tərbiyəli övlad” anlayışı sizin üçün nədən ibarətdir?
- Birinci növbədə cəmiyyət üçün yararlı vətəndaş yetişdirməyə çalışıram. Əgər o, cəmiyyətə yararlı şəxsiyyət kimi yetişibsə, deməli, tərbiyəlidir. Kənarda ailəsinə layiq davrana bilirsə, ölkəsinin qanunlarına hörmət edirsə, kökünü tanıyırsa, milli-mənəvi dəyərlərinə hörmət edirsə, bu mənim üçün tərbiyə anlayışıdır. Əslində uşağın kökünə bağlı olması, milli dəyərlərinə sevgi bəsləməsi üçün bizim əvvəlki o sərt tərbiyə metodikasına ehtiyac yoxdur. Əgər övladınla dost olsan, onunla bərabərhüquqlu davrana bilsən, istədiyinə bu şəkildə də nail olarsan. Bu gün cəmiyyətdə öz kökündən aralı düşən, kökünü danan insanlar az deyil. Təbii ki, burada beynəlxalq arenaya açılmağın, internetin, əcnəbi dillərdə təhsil almağın da öz təsiri var. Ancaq bu heç də bəhanə deyil, çünki mən də rus dilində təhsil almışam. Heç zaman da kökümdən aralı düşməmişəm. Yeri gələndə valideynlərimiz tərəfindən döyülmüşük. Ancaq mən uşağın döyülməyinin əleyhinəyəm. Tərbiyəli övlad böyütmək üçün onu döyməyə ehtiyac yoxdur.
- Siz şiddət görən övlad olmusunuz?
- Xeyr, xüsusi bir şiddət görməmişəm. Əksər ailələrdə uşaq sözə baxmayanda cəzalandırılır. Bizim dövrümüzdə hər ailədə uşaqlar "ata şapalağı” ilə tanış olurdu və buna da xüsusi bir şiddət kimi yanaşmırdıq.
- Hesab edirsiniz ki, şapalaq şiddət deyil?
- Bu günün reallığından yanaşanda, şiddət görünə bilər. Ancaq o zaman üçün şiddət sayılmırdı. Təbii ki, davamlı olmadıqda. Çünki valideynlərimiz bizə ondan qat-qat artıq qayğı göstərirdi.
- Bəs sizin övladlarınız necə, ata şapalağı görübmü?
- Əsla, onlar ata şapalağı görməyiblər. Dünyanı dərk etdikləri zamandan onlarla dost mövqeyində olmuşam. Şəxsiyyətin yetişdirildiyi ailədə şapalaq olmamalıdır. Əgər övladı davamlı döyərsənsə, o uşaq tərbiyəsiz olar. Çünki uşaq davamlı şiddət gördükdə aqressivləşir, özü alçaldıldığı üçün çalışır ki, bunun əvəzini özündən zəiflərdən çıxsın. O, özünü şəxsiyyət kimi təsdiqləməyin yolunu bunda görür. Başqa məsələ ki, bəzən valideynlərin səbri tükənir və övladına dediyimiz ata şapalağından birini vurur. Ancaq bunun müqabilində ömür boyu övladına diqqət, sevgi, qayğı göstərirsə, o şapalaq da uşaqda acı xatirə, iz buraxmır.
- Ancaq nədənsə uşaqların yaddaşında bu qədər diqqət, sevgi, qayğıdan daha çox məhz o bir-iki şapalaq qalır.
- Uşağı hətta ailə üzvlərinin yanında belə alçaltmamalısan. Ona görə ki, uşaqlar alçalmış hiss etdikləri anları unutmurlar. Məhz buna görə də uşaqlarla şəxsiyyət kimi davranmağın tərəfdarıyam. Əgər uşağa şəxsiyyət kimi yanaşırsansa, qeyri-ixtiyari olaraq sən ona şiddət də tətbiq etməyəcəksən. Hər bir uşaq uşaqlığını yaşamalıdır. Çalışıram ki, övladlarıma səsimi belə yüksəltməyim. Ancaq bu onların tərbiyəli böyüməsinə heç də mane olmur. Bir sərt baxış kifayət edir ki, o özünü düzəltsin.
- Tərbiyə metodikasında heçmi dədə-baba üsulundan faydalanmamısınız?
- Çalışmışam ki, öz böyüklərimdən gördüyüm tərbiyədən bəhrələnib fərdi nümunə göstərim, övladlarımın yanında mənfi hərəkətlər etməyim, danışığıma fikir verim, özümdən böyüyə hörmət edim ki, özüm də ehtiram görüm. Övladım görəndə ki atam içəri daxil olanda mən ayağa qalxıram, o da mən gələndə ayağa qalxacaq.
- Namiq Mayılov daha çox yaxşı övladdır, yoxsa yaxşı ata?
- Yəqin ki, daha çox yaxşı atayam... Hesab edirəm ki, valideynlərin borcunu vermək mümkün deyil.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər