Universitetlərin maddi-texniki bazası - reallıq və perspektiv
"İstər
bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə
cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar
aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o
cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə
edilməlidir”. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini
Bəxtiyar Əliyev komitənin 18 sentyabrda keçirilən iclasında deyib.
Onun
sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən
maliyyələşmənin aparılmamağı müəyyən problemlər yaradır: "Dövlət sifarişli
ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət
formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma
elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində
doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat
işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan
kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi
araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil
müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq
elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar".
B.Əliyev
bildirib ki, bu gün Azərbaycan dövlətinin bir məqsədi var, yüksək texnologiyalar cəmiyyətini
formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirmək: "Yüksək ixtisaslı elmi
kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxşı vəsait
qoyulmalıdır. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi
təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə,
bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı
- ya ali məktəblərdə ixtisaslaşma, differensiallaşma getməlidir, ya da qrant
layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu
layihələrlə konkret mexanizmlər işləyib hazırlaya bilək”.
Bu deyilənləri
nəzərə alaraq, universitetlər arasında sorğu keçirməyə və onların maddi-texniki
bazasının hansı səviyyədə olduğunu, son illər bu yöndə hansı işlərin
görüldüyünü öyrənməyə çalışdıq.
AzMİU-da
laboratoriya bazası, yeni mərkəzlər, emalatxana yaradılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və İnformasiya
şöbəsinin müdiri Nəcibə Mirzəyevadeyir ki, yeni
dövrün tələblərinə uyğun savadlı, təcrübəli mütəxəssis hazırlamaq üçün tədris
prosesinin effektli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi vacibdir: "Bu
baxımdan, yeni forma və metodların işlənib hazırlanması, informasiya
texnologiyalarının geniş tətbiqi, ən əsası, laboratoriya bazasının
gücləndirilməsi və istehsalatla əlaqələrin genişləndirilməsi çox lazımdır. Son
illər Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasını
gücləndirmək məqsədi zəruri avadanlıqlarla təchiz edilib, laboratoriya bazası,
yeni mərkəzlər, emalatxana yaradılıb. 2013-cü ildə İnşaat konstruksiyaları
kafedrasında Fövqəladə Hallar Nazirliyinin maliyyə dəstəyi ilə yaradılmış İnşaat
Konstruksiyalarının Kompüter Modelləşdirilməsi Laboratoriyasında tələbələr
"SAP – 2000”
hesablama kompleksi üzrə konstruksiyaların, bina və qurğuların parametrik
hesablanmaları və layihələndirilməsi işləri ilə məşğul olurlar. 2015-ci ildə "AzərSu” ASC-nin dəstəyi ilə ekologiya
kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə
Elmi-Tədqiqat və Tədris Laboratoriyası
yaradılıb. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların
tərkibindəki 40-a qədər göstəriciləri təyin etmək mümkündür. "Holcim” şirkəti
ilə birgə yaradılan Yapışdırıcı
Materialların və Betonların Sınağı Laboratoriyası sement və betonun,
həmçinin, təqdim edilən texnikanın sınaq işlərinin Avropa standartlarına uyğun
yerinə yetirilməsinə imkan verir. Ölkəmizdə ilk dəfə müasir standartlara uyğun İnşaat Konstruksiyalarının Müayinəsi və
Tətbiqi Laboratoriyası "Paşa-İnşaat”ın böyük maliyyə dəstəyi ilə yaradılıb
və ən yeni texniki avadanlıqlarla təchiz edilib. Son dövrlərdə AzMİU ilə "Təmiz Şəhər” ASC
arasında qurulan əməkdaşlıq nəticəsində ekologiya kafedrasının nəzdində Təmiz Şəhər Mərkəzi formalaşdırılıb.
Mərkəzin yaradılmasında məqsəd tələbələr üçün ekspertlər tərəfindən
seminarların təşkili, təqdimatların keçirilməsi və digər fəaliyyətlərdir. İnformasiya-Kommunikasiya
Fondunun dəstəyi ilə başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması,
inkişafı üçün hüquqi məsləhət və digər xidmətlərə dəstək olan İnnovativ Biznes İnkubator Mərkəzinin
təsis olunması tələbələrin yaradıcılığının və biznes təşəbbüslərinin
dəstəklənməsi üçün yaxşı şərait yaradıb. 2015-ci ildə Aksessuar İnşaat
şirkətinin maliyyə dəstəyi ilə Tədris
Mərkəzi açılıb. Mərkəz Memarlıq fakültəsinin dizayn ixtisası üçün nəzərdə
tutulmuş memarlıq, dizayn sahələrində tələbələrin bilik və bacarıqlarının
inkişaf etdirilməsi, şirkət mütəxəssislərinin cəlb edilərək seminarların
keçirilməsi məqsədi daşıyır. Eyni zamanda, bu mərkəz tələbələrə 3D MAX,
AutoCat, ArchiCat və başqa proqramlarla işləmək imkanı yaradır. 2016-cı ildə "Akkord”
Qazax sement zavodunun dəstəyi ilə Sement və Beton Laboratoriyası yaradılıb. Həmin ildə Avropa Komissiyası tərəfindən dəstəklənən "Avisenna Virtual Campus
inAsia” layihəsi çərçivəsində "Avisenna”
virtual mərkəzi açılıb. Dünyanın 14 ölkəsində tətbiq olunan bu layihənin
məqsədi universitetlər arasında "Avisenna” şəbəkəsi qurmaqla, virtual
konsepsiyalara əsaslanan e-learnig kurslarının yaradılması vasitəsilə regional
təhsilin keyfiyyətinin yüksəldilməsidir. 2017-ci il aprel ayının 25-də "Embawood”
şirkəti AzMİU-da taxta emalatxanası açıb.
Emalatxana tələbələrinmütəxəssis kimi ixtisas biliklərinin
artırılmasıüçün hər cür lazımı texniki avadanlıq və qurğularla təchiz
edilib”.
BSU daim təkmilləşməyə çalışır
Bakı Slavyan
Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin məlumatına
görə, Bakı Slavyan Universiteti 2016- 2017-ci tədris ili ərəfəsində əsaslı
şəkildə təmir edilərək, yeni maddi-texniki baza ilə təchiz edilib: "Universitetin
istilik, su təchizatı, kanalizasiya sistemi tam yenidən qurulub, həyətdə əlavə yeraltı su hovuzu tikilib. Bundan
əlavə, universitetin bütün auditoriyaları əsaslı şəkildə yenidən qurulub,
müasir tələblərə uyğun olaraq ağıllı lövhələrlə təmin edilib. İnformasiya
kompüter texnologiyası, işıqlandırma sistemi, rabitə və s. tamamilə yenilənib.Universitetdə doqquz mədəni-tədris mərkəzi
fəaliyyət göstərir. Onların sırasında Rusiya,
Ukrayna, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Çexiya və s.
Mərkəzləri göstərə bilərik. Hər bir Mərkəz təmsil etdiyi ölkənin tarixi,
mədəni, etnoqrafik xüsusiyyətləri ilə bağlı əyani vasitələrə malikdir. Onu da
qeyd edək ki, həm diplomatik korpusların nümayəndələri, həm də xaricdən gələn
rəsmi qonaqlar bu mərkəzlərdə olur, tələbələr qarşısında müntəzəm çıxış
edirlər. Elm və texnikanın inkişafına uyğun olaraq, universitetin maddi-texniki
bazası təkmilləşməlidir. Bu mənada, universitetimizin daim nümunəvi olmasına
çalışırıq”.
AzTU-da laboratoriyalar
çoxlaıb
Azərbaycan Texniki
Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyir ki, universitet son bir neçə ildə tam yüksək
səviyyədə təmir edilərək, tələbələrimizin ixtiyarına verilib: "İlk növbədə onu
qeyd edim ki, bizim təhsil müəssisəsi auditoriyalarda ağıllı lövhədən ən çox
istifadə edən universitetdir. Təhsil Nazirliyinin vəsaiti hesabına idman
sarayımız təmir edilib. Laboratoriyalara gəlincə isə onu deyim ki, texniki
universitetdə son dövrlər laboratoriyalar çoxalıb. Bunlardan biri "Metrologiya və standartlaşdırma”
laboratoriyasıdır. Orada olan aparatın bir hissəsi yarım milyon dollardır.
Bizdə informasiya texnologiyaları və rabitə də əsas ixtisaslardan olduğu
üçün "NarMobile” ilə birgə keçən il Kommunikasiya Sistemləri Laboratoriyası
yaradıldı. Tələbələr şəbəkə qurmağı, onun idarə edilməsini əyanı şəkildə
öyrənirlər. Bundan başqa, bizdə texnika və texnologiya fakültəsi var. Onun
nəzdində olan kafedranın böyük bir laboratoriyası fəaliyyət göstərir. Həmin
yerdə virtual olaraq 3D formatında olan cihazların detallarının hazırlanması
prosesi gedir”.
N.
Abdullayev onu da qeyd etdi ki, tələbələr arasında sorğu keçirdirlər və bu
sorğu yeni trendləri müəyyən etməyə, tələbələrə istədiyi təhsil
şəraitini yaratmağa kömək edir.
ADİU müasir avadanlıqlar, bank proqramları və
elektron resurslarla təchiz edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya
Departamentindənverilən məlumata görə, təhsil müəssisəsində bir neçə laboratoriya və mərkəz
fəaliyyət göstərir: "İqtisad
Universiteti ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində "Maliyyə laboratoriyası"
yaradılıb. Bundan başqa, "Kapital Bank”ın dəstəyi ilə "İnnovativ bankçılıq” laboratoriyası
fəaliyyət göstərir. "Sabah” qrupları üçün hazırlanan bu laboratoriya müasir
avadanlıq, bank proqramları və elektron resurslarla təchiz edilib. Bu,
UNEC-də maliyyə sektorunda fəaliyyət göstərən 4-cü laboratoriyadır. Laboratoriya
bank sektorunun tələblərinə cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasında böyük rol oynayacaq. İxtisaslaşdırılan laboratoriyada tələbələr
nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edirlər. Bundan
başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə "Sosial
Müdafiənin İnkişafı” layihəsi çərçivəsində virtual müəssisənin açılışı olub. Virtual müəssisənin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq
və işgüzar bacarıqlar əldə edərək onları inkişaf etdirmək, UNEC-in tələbə və
magistrantlarına gündəlik işgüzar həyatı və əmək bazarının reallıqlarını
nümayiş etdirməkdir. Həmçinin yeni yaradılan mərkəzlərimiz də var. Xarici Ticarətə Dəstək Mərkəzi və Digital Marketinq
Mərkəzi. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və
ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi
işlərinin təşkilini həyata keçirəcək. Digital Marketinq Mərkəzi isə qeyri-neft
ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət
etməklə, digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və
spesifik araşdırmalarını aparacaq, professor-müəllim heyətinə və tələbələrə
digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri
aşılayacaq”.
Günel Azadə