• cümə axşamı, 25 aprel, 12:20
  • Baku Bakı 23°C

Universitetlər niyə publik hüquqi şəxsə çevrilir?

23.06.17 10:00 4365
Universitetlər niyə publik hüquqi şəxsə çevrilir?
Prezidentİlham ƏliyevBakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Bir neçə gün əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb. Bu sərəncamda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək Nazirlər Kabinetinə tapşırılıb.

Bəs Publik hüquqi şəxsə çevrilmə nə deməkdir?
Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz

Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev qaranlıq məqamlara aydınlıq gətirib: "Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya Mülki Məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub. Bir sıra ölkələrdə, məsələn, Yunanıstanın Əsas Qanununun 17-ci maddəsində publik hüquqi şəxslərə Konstitusiya statusu verib.Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. Ona görə ki, bu, aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz”.

Ş.Əliyev qeyd edib ki, burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə, yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar: "Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyaları həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icaraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətləri yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir. Sual oluna bilər: həmin funksiyaları, məsələn, qeyri-kommersiya təşkilatları həyata keçirə bilməzmi? Xeyr, qeyri-kommersiya təşkilatlarının həyata keçirdiyi funksiyalar dar çərçivədədir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir”.
Publik hüquqi şəxs yeni imkanlar yaradır

Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək, görərik ki, uşaq bağçalarından başlamış, məktəb və universitetlərə, dövlətə məxsus tibb klinikalarından tutmuş, böyük korporasiyalaradək publik hüquqi şəxslər var: "Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Onlar müflis ola bilməz, çünki ölkədaxili sərnişin daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəmir yolu hər bir halda işləməlidir. Ona görə dövlət bunu öz üzərinə götürüb və bu, idarəçilik funksiyası deyil, təsərrüfat funksiyası olduğu üçün dəmir yolu şirkətlərinə publik hüquqi şəxs statusu verilib. Azərbaycanda isə belə bir zərurət yoxdur. Çünki avtomobil nəqliyyat daşımaları əhalinin ehtiyaclarını tam ödəyir. Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir. Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin”.
Biz də "təhsil ocaqlarının publik hüquqi şəxsə çevrilməsinin hansı üstünlükləri var və növbəti mərhələdə hansı effektləri olacaq” sualına cavab tapmağa çalışdıq.
Büdcənin yüngülləşməsi...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Asim Mollazadədeyir ki, universitetlərin bu cür publik hüquqi şəxsə çevrilməsi büdcədən deyil, məhz öz qazancı əsasında inkişafını təmin edəcək: "Bu, universitetlərin maliyyə imkanını, eyni zamanda bu təhsil ocaqlarına cəlb olunan müəllimlərin də maaşlarını kifayət qədər artıracaq. Bununla yanaşı, universitetin tədris prosesi, təhsillə bağlı olan bütün qərarlar təbii olaraq Təhsil Nazirliyinin nəzarətində olacaq. Edilən bu dəyişikliklər əsas etibarilə, idarəetməyə, maliyyələşməyə və büdcənin yüngülləşməsinə gətirib çıxarır. Bugünə qədər büdcədən təhsilə ayrılan maliyyə digər istiqamətlərə yönəldilə bilər. İlk növbədə orta təhsil məktəblərinin gücləndirilməsi və təhsillə bağlı digər sahələrin inkişafına xərclənməsi məqsədəuyğun olar. Hələ ki hazırlıq işləri gedir. Bununla bağlı sənədlər tam hazır olduqdan sonra yenidən bu məsələyə qayıdacağıq”.

Komitənin digər üzvi, millət vəkili Gövhər Baxşəliyeva bu işi müsbət qiymətləndirdiyini deyir: "Bu, dünya təhsil sisteminə inteqrasiya yolunda atılmış növbəti bir addımdır. Dünyanın bir çox ölkələrində təhsil müəssisələri publik hüquqi şəxs qismində fəaliyyət göstərir və ali təhsil sistemi bu yolla inkişaf edir. Bizim universitetlərdə də bunun tətbiq edilməsi çox yaxşı haldır. Onlara bu hüququn verilməsi təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Həmin qurumların fəaliyyət sisteminin genişlənməsinə, müstəqil şəkildə maliyyə vəsaiti qazana bilməsinə, həmçinin universitetlərin nəzdində elmi-tədqiqat institutlarının yaradılmasına böyük təsir göstərəcək”.

Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov bildirir ki, bu sistem başqa ölkələrdə çoxdan mövcuddur: "Burada məqsəd adambaşı maliyyələşməyə keçməklə əlaqədardır. Tutaq ki, dövlət hesabına ali məktəbdə yüz tələbə təhsil alırsa, bunun pulunu universitetə dövlət ödəyir. Ümumiyyətlə hazırkı dövrdə təhsil ocağı tələbədən aldığı illik təhsil haqqı pulu ilə yaşamalı deyil. Publik hüquqi şəxs statusu geniş şərait yaradır ki, təhsil müəssisəsi imkanlarını, elmi işçilərinin, doktorlarının, professorlarının işini satışa çıxara bilsin. Məncə, bu alqışlanası bir addımdır. Bu qərar həmin universitetlərin inkişaf etməsinə, iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.
Günel Azadə

banner

Oxşar Xəbərlər