• çərşənbə axşamı, 16 aprel, 21:31
  • Baku Bakı 18°C

“Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır!”

19.11.19 17:18 2413
“Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır!”
BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib

Noyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr olunmuş "Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır!” adlı geniş tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov,təhsil nazirinin müavini Firudin Qurbanov, "Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Xalq artisti Rasim Balayev, təhsil eksperti, professor Şahlar Əsgərov, media strukturlarının rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində "Tusi” Tərtibat və Dizayn Mərkəzi tərəfindən təşkil edilmiş "Nəsimi-650” adlı sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev 2018-ci il noyabr ayının 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Sərəncam imzalayıb. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 11-də Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri dövlət başçımızın "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. Bizim bu gün BSU-da keçirdiyimiz bu tədbir də yuxarıda qeyd etdiyim sərəncamlara uyğun olaraq keçirilir. BSU-da bugünədək Nəsimi ilə bağlı müxtəlif tədbirlər keçirilib və biz bu tədbirlərin keçirilməsini öz müqəddəs mənəvi və vətəndaşlıq borcumuz hesab edirik. İmadəddin Nəsimi həm Azərbaycan ədəbiyyatının, həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığı, irəli sürdüyü mütərəqqi ideyalar həmişə aktualdır, müasir dövrümüzlə səsləşir.
Tədbirdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Rəhim Əliyev tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə BSU-nun rəhbərliyinə minnətdarlıq edib. Professor R.Əliyev öz maraqlı və məzmunlu çıxışında qüdrətli söz ustadı, böyük mütəfəkkir Nəsiminin həyat və yaradıcılığı, eləcə də hürufilik fəlsəfi təliminin mahiyyəti haqqında ətraflı məlumat verib. Onun çıxışında şairin zəngin bədii-fəlsəfi irsi ətraflı təhlil edilib, ümumbəşəri səciyyə daşıdığı xüsusi vurğulanıb.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışında azadlıq ideyalarının Nəsimi yaradıcılığında öz geniş əksini tapdığını qeyd edib.
Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb.
Sonra tədbir bədii-musiqili hissə ilə davam edib. Azərbaycan əsilli tanınmış musiqiçiSami Yusifin İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırladığı musiqili kompozisiyasının videosu təqdim edilib. "Dərviş qrupu”nun solisti Zeynal Əhmədovun ifasında "Bayatı-Şiraz” müğamı səslənib. Ümid Abbaszadənin rejissorluğu ilə BSU-nun tələbələrinin hazırladıqları "Nəsimi və bəşəriyyət” adlı bədii kompozisiya nümayiş olunub. BSU-nun xoreoqrafı Əli Natiqoğlunun hazırladığı Nəsimiyə həsr olunmuş pantomim rəqsi "Arzu” rəqs ansamblı və "Dərviş qrupu” tərəfindən ifa edilib.


banner

Oxşar Xəbərlər