“Ulduz xəstəliyinə” tutulmayan idmançı - Portret
Azərbaycanlılar döyüş idman növlərini sevirlər. Uşaq vaxtı bir
çoxumuz döyüş filmlərinin həvəskarı olmuşuq. Hətta bu filmlərlə böyümüşük
desək, yanılmarıq. Bu cür kinolardakı baş qəhrəmanlar uşaqlığımızın idealı olublar.
Bir çoxları "odda yanmaz, suda batmaz” bu qəhrəmanları kumir seçərək, onlara
bənzəməyə çalışıb. Hətta bu döyüşçülərə bənzəmək arzusu ilə idman klublarına üz
tutanlarımız da az olmayıb. Ancaq bu addımı atanlardan çox az bir qismi bu
yolda sonadək irəliləyir. Digərləri isə ya təhsili üstün tutur, ya idmanla
həvəskar formada məşğul olmağa davam edir, ya da ki, döyüşə olan həvəsini
televizor qarşısında bu cür idman növlərini izləməklə öldürür.
Bu gün bəhs edəcəyimiz qəhrəman da uşaq vaxtından döyüş filmlərinin
həvəskarı olub. Ancaq o, bu həvəsi televiziya qarşısında yox, tatami üzərində
davam etdirməyə qərar verib. Elə yaxşı ki, belə də edib. Onun bu seçimi
sayəsində ölkəmiz karatenin kumite növündə yeni çempion qazanıb. Söhbət İlk
Avropa oyunlarının, son iki İslam Həmrəyliyi Oyunlarının qalibi, qitə
çempionatının ikiqat gümüş mükafatçısı Ayxan Mamayevdən gedir. Bu yazıda sizə
Ayxanın televiziya qarşısında yaranan xəyallarının tatami üzərində gerçəkliyə
çevirməsinin hekayəsindən bəhs edəcəyik.
Brus Linin pərəstişkarı
Ayxan Mamayev 1991-ci il dekabrın 3-də Bakı şəhərində dünyaya gəlib.
Onun karate ilə tanışlığı 19 il öncəyə təsadüf edib. Mamayev ailəsinin iki
oğlundan biri olan balaca Ayxan, karate ilə məşğul olan böyük qardaşının
məşqlərinə gedir, onun etdiyi hərəkətləri təkrarlayırdı. Onda bu idman növünə
çox böyük maraq yaranmışdı. Marağın yaranmasında əsas səbəb isə onun uşaqlıq
dövründə Brus Linin filmlərinin efirləri bəzəməsi idi. Belə ki, bu filmlərin
həvəskarı olan kiçik Ayxan, nə vaxtsa bu cür idmançı olmağı arzulayırdı. Elə
qardaşının məşqlərinə getməsi, burda olan hərəkətləri həvəslə təkrarlamasının
əsas səbəbi də məhz bu idi. Ancaq onun ailəsinin maddi imkanının aşağı olması,
karateyə yazılmasına mane olurdu. Lakin çox çəkmir ki, onun bu həvəsi məşqçi
Şahin Xudaverdiyevin diqqətindən yayınmır. O, Ayxanın atasına kiçik oğlunu da
karateyə yazdırmağı məsləhət bilir. Məşqçi bu uşaqda potensial olduğunu, onun
gələcək vəd etdiyini bildirir və onun məşqlərə təmənnasız gəlməsinə razılıq
verir. Ata Mamayev mütəxəssisin sözünü ciddi qəbul edir və balaca Ayxanı da
karateyə yazdırmağa razı olur.
İlk nailiyyətlərdən,
çempionluqlara qədər
Tezliklə, Xudaverdiyevin seçiminin nə qədər düzgün olduğu bəlli olur.
Mamayev ilk olaraq yerli yarışlarda nailiyyətlərə imza atır. Çox çəkmir ki,
onun daxili yarışlardakı uğurları ölkə sərhədlərini də keçir. Artıq Ayxan ölkə
xaricində keçirilən yarışlardan da medalla qayıtmağa başlayır. Mamayev ilk
ciddi uğurunu 2012-ci ildə qazanır. İspaniyanın Tenerife şəhərində keçirilən
Avropa çempionatında 84 kq-dək çəkidə komanda yarışlarında bürünc, fərdi
yarışda isə gümüş medal qazanır. Ardınca isə başqa uğurlar gəlir. Növbəti ildə
gənc karateçi ilk ciddi çempionluğunu qazanır. O, İndoneziyanın Palembanq
şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarının qızıl medallarına sahib
çıxır. Ayxan komanda yarışlarında da "qızıl”a yiyələnir. Mamayev 2015-ci ildə
isə 3 il öncə Avropa çempionatında əldə etdiyi nəticəni İstanbulda keçirilən
analoji yarışda da təkrarlayır.
Almacıq sümüyü sınsa da…
Həmin il Ayxan üçün daha çox Bakıda keçirilən birinci Avropa oyunları
ilə əlamətdar oldu. O, 84 kq-dək çəki dərəcəsində yarışın ilk mərhələsini
keçir. İkinci döyüşündə mübarizəni dayandırmaq təhlükəsi ilə üz-üzə qalır. Belə
ki, ukraynalı rəqibi ilə görüşdə zədə alır. Görüşün baş hakimi idmançımızı
dərhal həkimin yanına göndərir. İndi hər şey tibb işçisinin qərarından asılı
idi. Belə ki, o, Ayxanın döyüşü davam etdirməməli olduğu qərarını versəydi,
Mamayev məğlub elan olunacaqdı. Onun almacıq sümüyü sınmışdı. Belə vəziyyətdə
döyüşü dayandırmalı, məğlub elan olunmalı idi. Ancaq Ayxan bu cür, mübarizəsiz
uduzmaq istəmirdi. Xoşbəxtlikdən görüşün hakimlərindən biri azərbaycanlı idi.
Mamayev həmyerlimizin köməyi ilə görüşün həkimləri ilə ünsiyyət qurur və onları
dilə tutaraq, mübarizəni davam etdirməyə qadir olduğuna həkimləri inandıra
bilir. O, tatamiyə qayıdır və qalib gələrək, yoluna davam edir. Bu yol, finala
kimi davam edir. Həlledici görüşdə də qalib gələn Mamayev, sonda ilk Avropa
oyunlarının qalibi olur.
Ayxan bu il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında öz çəki
dərəcəsində qızıl medala əsas namizədlərdən sayılırdı. Elə gözlənilən kimi də
oldu. Yarımfinalda özbəkistanlı Abdulaziz Ataboyev, həlledici görüşdə isə
türkiyəli Alparslan Yamanoğlunu məğlub edən Mamayev, ardıcıl ikinci dəfə İslam
Həmrəyliyi Oyunlarının qalibi olur.
Təkcə öyrənmir, həm də…
Ayxan öz üzərində daim çalışır. Ancaq o, təkcə öyrənmir, həm də,
öyrədir. Belə ki, 26 yaşlı idmançı dostu, özü kimi karate millimizin üzvü olan
Asiman Qurbanlı ilə birlikdə "Qara Qaplan” adında karate məktəbi açıb. Gənc
idmançılarımız bu məktəbdə uşaq və yeniyetmələrə bu idman növünün sirlərini
öyrədirlər.
Adətən, idmançılar təhsildən uzaq olurlar. Uşaq vaxtından özünü gərgin
məşqlərə həsr edən çox az idmançı ali təhsil almağa nail olur. Ali təhsil
alanlar da, adətən, öz ixtisaslarına uyğun olaraq Bədən Tərbiyəsi və İdman
Akademiyasını bitirirlər. Mamayevdə isə bu cəhətdən vəziyyət fərqlidir. O, Bakı
Dövlət Universitetini bitirib.
Kumiri
Yuxarıda Ayxanın mərhum karateçi Brus Linin pərəstişkarı olduğunu,
karateyə həvəsin də məhz bu pərəstişin nəticəsi olması barədə məlumat verdik.
Ancaq çinli idmançı Mamayevin yeganə kumiri olmayıb. Belə ki, onun digər kumiri
amerikalı idmançı Mayk Taysondur. Maraqlıdır ki, Tayson karate ilə yox,
Mamayevin sevimli idman növünə yad olan boksla məşğul olur. Ayxan amerikalı
boksçunun döyüşünün yox, onun əzmkarlığının, inadkarlığının heyranı olduğunu
deyir. O, boş vaxtlarında daima internetdə Taysonun məşqlərini izləyir və
bundan əlavə ilham alır.
Xarakter
Sakit təbiətlidir. Bu xüsusiyyəti sadəliyindən irəli gəlir. Böyük
uğurlara baxmayaraq, "ulduz xəstəliyinə” tutulmur. İnadkardır. Özünün sözlərinə
görə, bu xarakteri həyatda ona bir o qədər də kömək eləməsə də, idmandakı
uğurlarında böyük rol oynayır.
Həyatda hazırkı mövqeyindən razıdır. Ancaq idmanda əsas məqsədlərinin
irəlidə olduğunu deyir. Karate idman növünün olimpiya oyunlarına daxil edilməsi
ilə birlikdə, bir çox karateçinin arzusu reallaşdı. İndi bu idman növünü seçən,
illərini karatenin sirlərinə yiyələnməyə həsr etmiş, ağır məşqlərə tab gətirib,
beynəlxalq arenalarda uğurlar qazanmış karateçilərimiz də dünyanın ən nəhəng
idman yarışında medal qazanmaq arzusunu reallaşdıra bilərlər. Ayxanın da həmişə
əsas arzusu olimpiya oyunlarının medalçısı olmaq olub. O, bu yarışa qatılacağı
təqdirdə, arzusunu reallaşdıracağına inanır.
Portret
Öz məqsədinə çatmaq üçün gərgin məşqlərdən çəkinməyən, çətinliyin
gözünə dik baxan Ayxanın bu günə kimi əsas uğurları Avropa və İslam
oyunlarındakı çempionluqlardı. Ancaq onun kolleksiyasında daha böyük uğurlar -
Avropa, dünya çempionatlarının və Olimpiadanın qızıl medalı hələ ki, yoxdur.
Sakit təbiətinə rəğmən, inadkar olan, qarşısına qoyduğu məqsədə
çatmaq üçün hər cür əziyyətə qatlaşmağa hazır olan Ayxanın yaxın gələcəkdə
medal kolleksiyasındakı bu boşluğu doldurması real görünür.
Elnur