• cümə axşamı, 18 aprel, 21:46
  • Baku Bakı 21°C

“Ukraynadakı hadisələrin ölkəmizə transferi mümkünsüzdür”

26.02.14 09:39 1431
“Ukraynadakı hadisələrin ölkəmizə transferi mümkünsüzdür”
Ukraynada baş verən hadisələr sonda prezident Viktor Yanukoviçin impiçmenti ilə nəticələnib. Ali Radada keçirilən səsvermədə yeni təyin olunan spiker Aleksandr Turçinov ölkənin müvəqqəti prezidenti elan edilib. O, mayın 25-nə təyin olunan növbəti prezident seçkilərinədək müvəqqəti Ukrayna prezidenti olacaq. Ukrayna Daxili İşlər Nazirliyi həm prezident vəzifəsindən kənarlaşdırılan V.Yanukoviçi, həm də digər yüksək vəzifəli şəxsləri axtarışa verib. Çünki V.Yanukoviç parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldıqdan bir neçə saat sonra əvvəl helikopterlə, ardınca zirehli avtomobillə naməlum istiqamətdə gedib. Daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov bildirib ki, dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı sabiq prezident haqqında cinayət işi açılıb. Bütün bunların fonunda isə Ukraynada gerçək bir dərəbəylik başlayıb. Vətəndaşlar məmurlara qarşı qəzəblərini cilovlaya bilməyərək, onlara ağlasığmaz üsullarla cəzalar verirlər. Ukraynada yaşanan hadisələr, V.Yanukoviçin devrilməsi, bu olayların Azərbaycana transfer olunma ehtimalı və sairlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, Ukraynada V.Yanukoviçin devrilməsindən sonra yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Ukraynada vəziyyət olduqca mürəkkəbdir. Etirazçıların prezidenti devirməsinin ardınca ölkədəki rejim dəyişikliyi tamam başa çatdırılmalıdır. Hazırda hakimiyyət strukturlarının formalaşdırılması prosesi gedir. Artıq bu, başa çatdırılmalı və baş nazir təyin olunmalı, Milli Birlik hökuməti elan edilməlidir. Hələlik prezidentin səlahiyyətlərini Ali Radanın sədri icra edir. Güman edirəm ki, hakimiyyət strukturlarının tam formalaşması prosesi bir-iki günə başa çatacaq. Çünki bunu Qərb dairələri də istəyirlər. Prosesin ardınca Qərb dövlətləri Ukraynaya böyük miqdarda maliyyə yardımı edəcəklər. Bunu Avropa parlamentinin xarici işlər komitəsinin rəhbəri Elmar Brok da qeyd edib. Bildirib ki, Ukraynada yeni hökumət formalaşandan sonra Avropa İttifaqı Kiyevə 20 milyard avro ayıracaq. Bu vəsait islahatların keçirilməsinə yönələcək. Brok açıq şəkildə deyib ki, Avropa İttifaqı lazımi islahatları həyata keçirə biləcək hökuməti dəstəkləyəcəyik. O, insanları defoltun baş verəcəyindən və Ukraynanın tək qalacağından qorxmamağa səsləyib. Ümumiyyətlə, indiki durumda Ukraynaya Avropanın edəcəyi maliyyə yardımı hava və su kimi lazımdır. Ölkədə maaşları vermək mümkün deyil. Həmçinin iqtisadiyyatın digər sahələrində də vəziyyət ürəkaçan səviyyədə deyil.
- Bəzi ekspertlər Ukraynanın iki hissəyə bölünəcəyi barədə də proqnozlar verirlər. Belə bir ehtimalın reallaşması mümkündürmü?
- Ukraynanın parçalanması barədə verilən xəbərlərin doğruluğuna inanmıram. Düzdür, Rusiya seyrçi mövqeyində qalmayıb, bunun üçün müəyyən cəhdlər edəcək. Rəsmi Moskva çalışacaq ki, Ukraynanı yenidən öz təsiri altına sala bilsin. Amma son nəticədə bu cəhdlərin hamısı uğursuzluqla nəticələnəcək. Çünki Kremlin istəklərini həyata keçirmək qeyri-mümkündür. Bütün hallarda Ukraynanın bütövlüyü qorunub saxlanılacaq.

- Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ola bilərmi?
- Zənn etmirəm ki, Rusiya belə bir səhv addım atsın. Dünya cəngəllik qanunları ilə idarə olunmur. Belə bir hal mümkün deyil. Sadəcə Ukraynada psixoloji gərginlik bir müddət davam edəcək. Amma Ukraynada vətəndaş müharibəsi, parçalanma, Rusiyanın təcavüzü mümkünsüzdür. Çünki Ukraynanın arxasında Amerika dayanır. Artıq ABŞ nümayəndələri də bu və ya digər dərəcədə Rusiyaya təpiniblər. ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Suzan Rays bu barədə danışarkən açıq bəyan edib ki, Rusiyanın Ukraynaya qoşun göndərməsi “ağır səhv” olardı. O, Ukraynanın parçalanmasının heç kəsin mənafeyinə uyğun olmadığını da bəyan edib, rəsmi Vaşinqtonun Ukraynada demokratik seçkilərin keçirilməsinə, milli birlik hökumətinin yaradılmasına tərəfdar olduğunu söyləyib. Raysın sözlərinə inansaq hətta ABŞ indiki halda Ukraynaya maliyyə yardımı ayırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə birgə çalışır. Bundan başqa, ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadakı vəziyyətin müzakirə edildiyi telefon danışığı olub. Ardınca, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon vasitəsilə Ukrayna hadisələrini müzakirə ediblər. ABŞ və Rusiyanın xarici siyasət idarəsinin rəhbərləri əsas məqsədin zorakılığa yol verilməməsi olduğu fikrini bölüşüblər. Con Kerri xüsusi olaraq vurğulayıb ki, Viktor Yanukoviçin Kiyevdən getməsindən sonra şəhərdə vəziyyət sakitdir. Bütün bunlar Avropanın, ABŞ-ın Ukrayna hadisələrinə necə həssas yanaşdığının göstəricisidir. Hər iki tərəf prosesləri çox ciddi şəkildə izləyir, nəzarətdə saxlayırlar.
- Radikal düşərgə sahibləri nəzarət etdikləri mətbu orqanlar vasitəsilə Ukraynada baş verənlərin Azərbaycana transfer olunacağı barədə fikirlər səsləndirirlər. Bu cür fikirlərin əsası varmı? Ümumiyyətlə, bu hadisələr postsovet məkanına necə təsir edəcək?
- Mən belə fikir sahiblərinin dediklərini bölüşmürəm. Ukraynadan fərqli olaraq Azərbaycanda hər şey öz qaydasındadır. Azərbaycanda hakimiyyətlə xalq arasında uçurum yoxdur. Hakimiyyətdə hər kəs öz yerindədir. Əhalinin iqtidardan narazılığı müşahidə edilmir. Ona görə də, Ukraynadakı hadisələrin ölkəmizə transfer olunması mümkünsüzdür. Belə fikirləri dilinə gətirənlər bədxahlardır. Ukraynada yaşananların digər postsovet ölkələrinə təsirinə gəlincə, proseslərin müşahidəsi onu göstərir ki, Qərbə inteqrasiya xətti üstünlük qazanıb. Gələcəkdə də ölkələrin çoxu demokratiya, söz azadlığı və sair bu kimi dəyərlərin arxasınca getməyə üstünlük verəcəklər. Yəni, avtoritarizm ötüb keçmiş bir mərhələ kimi ömrünü tarixə bağışlayacaq. Bu, təbii proses olacaq. Rus avtoritarizmi də baş verən bu proseslər nəticəsində məğlub olacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər