AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ukraynada Arsen Avakov erası bitir?

Ukraynada Arsen Avakov erası bitir?

Təfsilat
03 İyun 2020, 14:45 185
Ukrayna Ali Radasının iyunun 2-də keçirilən iclasında Daxili işlər naziri Arsen Avakovun istefası məsələsinin gündəmə gəlməsi ölkədə müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Xüsusilə bu çağırışın hakim partiya olan "Xalqın xidmətçisi” fraksiyası tərəfindən edilməsi artıq dövlətin də Arsen Avakova qarşı etimadının azalmasının göstəricisidir. "Xalqın xidmətçisi” fraksiyasının üzvü Yevgeni Şevçenkonun Ali Radanın iclasında deputatları Avakovun istefaya göndərilməsinə səs verməyə çağırışından sonra nazirin vəzifəsindən kənarlaşdırılması üçün imzatoplama kampaniyasına başlanılıb və bu proses davam etdirilir. Bir gün ərzində artıq 50-dən çox deputat imza atıb.
Ukrayna Prezidenti Vladimir Zelenskiyə istər öz komandasında, istərsə cəmiyyətdə ən çox edilən iradlardan biri də Arsen Avakovun işini yarıtmadığı halda yenə də vəzifəsində qalmasıdır. Zelenski son bir ildə jurnalistlər qarşısında keçirdiyi iki mətbuat konfransında da bu ictimai qınağı hiss edib. "Ukraynanın Daxili İşlər naziri Arsen Avakov sınaq müddətindədir. Avakova hər hansı vədim yoxdur. Daxili İşlər Nazirliyində yeni simalar görmək istəyirik. Orada çox sayda yeni kadrlar var. Bütün nazirlərə demişəm, gördüyünüz real işləri gətirin, əgər olmasa, işdən çıxarılacaqlar” – bu, Vladimir Zelenskinin Daxili işlər naziri haqqında mətbuat konfranslarında söylədiyi fikirlərdi. Görünən tərəf isə odur ki, Avakov işinin öhdəsindən gələ bilmir, Ukraynada quldurluq, odlu silahdan istifadə, kriminal qruplaşmalar arasında savaş və sifarişli qətllərin statistikası artmaqda davam edir. Bu da cəmiyyətdə stabilliyə, investorların ölkəyə maliyyə yatırımına əsas təhdidlərdən biridir. Son bir həftədə Ukraynanın bütün bölgələrində ağır cinayətlər baş verib və iş o yerə çatıb ki, Vladimir Zelenski bunların hesabatını vermək üçün Avakovdan izahat tələb edib.
Hakimiyyətə yaxın dairələrin yerli mətbuata ötürdükləri informasiyada Avakovun yerinə yeni namizədlərin müəyyən edildiyi də qeyd olunur. Birmənalı şəkildə demək olar ki, erməni əsilli nazirin əhali arasında etimadını itirməsi, adının daha çox korrupsiyalaşmış məmur kimi hallanması və kriminal dairələrlə yaxınlığı ilə seçilməsi Vladimir Zelenski hakimiyyətini dilemma qarşısında qoyub. Avakovun nazir vəzifəsini tutduğu dönəmdə Ukraynada yaşayan milli azlıqlara, xüsusən azərbaycanlı iş adamlarına qarşı qərəzli mövqe sərgiləməkdədir. Hətta bir neçə dəfə azərbaycanlı iş adamlarının oğurlanması, mallarının qaçırılması halları baş verib. Azərbaycan tərəfinin rəsmi etirazlarına baxmayaraq, bununla bağlı bəzi cinayət işləri hələ də açılmamış qalır.
Onu da xatırlamaq yerinə düşər ki, müxtəlif illərdə Avakov barəsində cinayət işləri açılıb. Hələ 2012-ci ildə o, İtaliya polisi tərəfindən saxlanılmışdı. Ukrayna Daxili İşlər Nazirliyi həmin dövrdə Xarkovun qubernatoru olan Avakovun həbsinə beynəlxalq order vermişdi. O vaxt Xarkovda 55 hektar torpağı qanunsuz özəlləşdirməkdə təqsirləndirilən Avakov barəsində cinayət işi bir müddət qüvvədə olsa da, onun həbsi baş tutmamışdı.