• çərşənbə, 24 Aprel, 08:49
  • Baku Bakı 13°C

“Ukrayna Təhlükəsizlik Xidmətinin sənədi təxribat xarakteri daşıyır”

16.04.16 12:10 2828
“Ukrayna Təhlükəsizlik Xidmətinin sənədi təxribat xarakteri daşıyır”
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım azərbaycanlıları icmasının rəhbəri Rəhim Hümbətovu, həmçinin Krım tatar xalqının lideri Mustafa Cemilevi Türkiyənin maraqlarını qorumaq üçün Ukraynanın daxili maraqlarına zidd fəaliyyətdə ittiham edib. Bununla bağlı bir neçə gün öncə yayılan məlumatlarda qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları əməkdaşları uzun müddət M.Cemilevin fəaliyyətini müşahidə edib və onun türk kəşfiyyatına işlədiyi, milli təhlükəsizlik üçün təhlükə doğurduğu qərarına gəliblər. UTX-nin bu barədə müvafiq sənədləri də yayılıb. Təhlükəsizlik xidməti həmçinin hesab edir ki, bu məxfi materiallar M.Cemilevin “nüfuzlu türk xüsusi xidmətlərinin” casusu olmasından şübhələnməyə əsas verir. Bu əsas isə onun və Krımın Azərbaycan diasporunun lideri R.Hümbətovun 2013-cü ildə Krım Muxtar Respublikasının Ali Radasında “1915-ci ildə Türkiyədə “erməni soyqırımı”nın tanınmasına dair” qanun layihəsinin fəal şəkildə blok edilməsinə çalışmaları, eləcə də 1944-cü ildə Krım türklərinin deportasiyasının soyqırımı olduğunun etiraf edilməsini irəli sürmələridir. Həm sözgüdən mövzu ilə əlaqədar, həm də Krımda cərəyan edən hadisələr, həmyerlilərimizin üzləşdiyi problemlərlə bağlı suallarımızı cavablandırması üçün Krımdakı Azərbaycan diasporunun rəhbəri R.Hümbətovla əlaqə yaradaraq, qəzetimiz üçün müsahibə aldıq.
- Rəhim müəllim, əgər yanılmıramsa, hazırda Siz Yalta şəhərində yaşayırsınız. İndi orada vəziyyət necədir?
- Vəziyyət normaldır. İnsanlar çalışır, nəqliyyat işləyir, mağazalar açıqdır, bazarlar da bağlı deyil. Belə demək mümkündürsə, həyat öz qaydasında davam edir.
- Krımın Rusiyaya birləşdirilməsindən sonra oradakı insanların həyatında müsbətə və ya mənfiyə doğru nə isə dəyişibmi?
- Dəyişikliklərin sürəti hələ ki çox yüksək deyil.
- Krım böyük turizm potensialına malik olan bir yarımadadır. 2012-ci ilin yekunlarına görə, təkcə bir il ərzində bu yarımada 6 milyon 100 mindən çox turist qəbul etmişdi. Bəs indi necə, Krım yenə də turistləri özünə daha çox cəlb edən məkan rolunu oynaya bilirmi?
- Krımın turizm potensialı həqiqətən də böyükdur. Lakin son zamanlar məlum səbəblər uzundən turistlərin sayı azalıb. Amma buna baxmayaraq, bu sahə ilə bağlı olan, bu sahədə çalışan məmurların proqnozları bu il üçün optimist səslənir.
- Hazırda Krımda yaşayan azərbaycanlıların sayı nə qədərdir və onların əsas qayğıları nədən ibarətdir?
- 2014-cü ilin əvvəlinə olan operativ məlumatlara görə, Krımda yaşayan azərbaycanlıların sayı 10-15 min nəfər civarında idi. Lakin 2015-ci ildə keçirilən siyahıyaalmada buradakı azərbaycanlıların sayı 4 minə yaxın göstərilir.
- Krımda yaşayan insanların, o cümlədən azərbaycanlıların Ukrayna, yaxud digər ölkələrlə gediş-gəlişində hər hansı problemlər, maneələr özünü göstərmir ki?
- İnsanların Ukraynaya gediş-gəlişində heç bir problem yoxdur. Sadəcə, çətinlik Ukraynadan malların gətirilməsi ilə əlaqədardır. Bundan başqa, Krımdan digər ölkələrə gediş də mümkün deyil.
- Bu günlərdə Azərbaycan-Ermənistan cəbhə xəttində erməni silahlıları təxribata əl atdılar və əks hücuma keçən ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, işğal altında olan bir neçə yüksəkliyə, strateji mövqeyə nəzarəti bərpa etdi. Krımda yaşayan azərbaycanlıların reaksiyaları necə oldu?
- Dünyanın hər bir yerində yaşayan azərbaycanlılar kimi, krımlılar da Qarabağın tezliklə azad olunmasını istəyirlər. Gələcək qələbənin bu kiçik hissəsini Krımda yaşayan həmvətənlərimiz də böyük sevinclə qarşıladılar. Hətta gənclər yarımadanın paytaxtında maşın yürüşü keçirdilər, Azərbaycana, onun əsgərinə dəstəklərini nümayiş etdirdilər, Qarabağ dərdimizlə bağlı həmrəyliyimizi göstərdilər.
- Cəbhə xəttində yaşanan gərginlikdən sonra yalan üzərində qurulan erməni təbliğat maşını həqiqətləri təhrif etməyə, hadisələri öz məqsədlərinə uyğun şəkildə qələmə verməyə, Azərbaycanı haqsız çıxarmağa çalışır. Krımda yaşayan erməni icması tərəfindən də belə bir üsula əl atıldımı?
- Bu, ayrıca, daha geniş mövzudur. Amma onu qeyd edim ki, buradakı vəziyyətlə bağlı o cür hallara əl atmağa o qədər də imkan yoxdur. Eyni zamanda, biz də müəyyən tədbirlər görmüşdük.
- UTX Krım azərbaycanlıları icmasının rəhbəri kimi Sizi və Krım tatar xalqının lideri Mustafa Cemilevi Türkiyənin maraqlarını qorumaq üçün Ukraynanın daxili maraqlarına zidd fəaliyyətdə ittiham edir, hətta bunu sübut etmək üçün müvafiq sənədlər də yayır. Bu ittihamlar nə dərəcədə əsaslıdır?
- Əslində bu sənədlərdə yazılanlar, təbii ki, əgər o kağız yalan deyilsə, ittiham deyil. Bunu başa düşmək üçün o sənədi diqqətlə oxumaq kifayətdir. Orada qeyd olunanlar daha çox ehtimal yükü daşıyır. General ehtimal edir ki, ola bilsin mənim fəaliyyətimdə Türkiyənin xarici siyasət maraqlarına uyğun çalışmalar yer ala bilər.
- O zaman bu sənədin ictimailəşdirilməsinin, Sizə qarşı təşkil edilən bu təxribatın məqsədi, hədəfi nədir?
- Elə mən də ehtimal edirəm ki, bu sənəd, bir daha qeyd edim, əgər “feyk” deyilsə, təxribat xarakteri daşıyır. Erməni kütləvi informasiya vasitələrinin yazdığı kimi, guya mənim “böyük işlər görən” fəaliyyətimlə əlaqədar ola biləcəyini göstərir. Ümid edirəm ki, Azərbaycan kütləvi informasiya vasitələri də proseslərin əsl mahiyyətini bilib bu məsələdə mənə dəstək olacaqlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər