Ukrayna Saakaşvili tərəfdarlarını deportasiya edir
Ukrayna bu ölkədə yaşayan Gürcüstan vətəndaşlarını deportasiya edib. Deportasiya
edilmiş şəxslərdən biri, jurnalist Tamaz Şavşişvilideyib ki, noyabrın
14-də həbs edilərkən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) zabitləri
tərəfindən qəddarlıqla döyülüb. Gözləri yapışqanlı lentlə bağlanıb, qolları
kəndirlənib və mikroavtobusa oturdulub. SBU-nun sözçüsü Olena Hitlyanska ötən
gün verdiyi müsahibəsində Şavşişvilinin dediklərini təkzib edib və bildirib ki,
ona qarşı heç bir qeyri-insani hərəkətə yol verilməyib. Ukraynanın prokuroru Yuriy
Lutsenko isə Saakaşvili və onun tərəfdarlarını ölkədə xaricdən maliyyələşən
çevriliş hazırlamaqda ittiham edib.
Öz növbəsində Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bəyan edib
ki, onu nazirliyinin bu günlərdə Ukraynadan çıxarılmış 8 Gürcüstan vətəndaşının
deportasiyası ilə heç bir əlaqəsi olmayıb. Tsulukiani deyib ki, Ukrayna
Gürcüstanı onun səkkiz vətəndaşının deportasiya edilməsi barədə
məlumatlandırmayıb. Deportasiyaya məruz qalanlar arasında Saakaşvilinin keçmiş
mühafəziçisi Zurab Çinçadze, "Rustavi-2” teleşirkətinin operatoru Tamaz Şavşiaşvili,
eləcə də, Donbasda keçirilən antiterror əməliyyatlarının bir neçə iştirakçısı
var. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, deportasiya olunan
şəxslər dövlət üçün potensial təhlükə ola biləcək fəaliyyətlə məşğul olublar.
Ötən gün Gürcüstan Xarici İşlər Nazirliyi qarşısında deportasiya olunanlarla
bağlı etiraz aksiyası da keçirilib. Aksiya zamanı baş verən insidentin
araşdırılması tələb edilib. İştirakçılar deyiblər ki, dost, hətta az qala
qardaş ölkə kimi xarakterizə edilən Ukrayna heç bir səbəb olmadan Gürcüstan
vətəndaşları ilə belə sərt rəftar etməməli idi. Özü də bu şəxslər Ukraynanın
ərazi bütövlüyünün bərpasında müəyyən xidmətləri olan şəxslərdir. T.Savşiaşvili
bildirib ki, "bir həftə bundan əvvəl ona Ukraynada işləmək və yaşamaq barədə
akkreditasiya hüququ veriblər. "Vilnüs” gəmisində anladım ki, məni soydaşlarım
ilə birlikdə deportasiya ediblər. Çıxarılma əməliyyatı eyni vaxtda Kiyev,
Vinniça, İvano-Frankovskda keçirilib. Deportasiya olunanların sayı minimum 10
nəfər olub”, - deyə T.Şavşiaşvili jurnalistlərə bildirib.
Kiyevdəki Gürcüstan səfirliyi baş verən insidentin səbəbləri barədə
heç bir məlumat əldə edə bilməyib. Ukrayna Təhlükəsizlik Xidməti yalnız məlumatların
məxfi olduğunu və ölkənin milli təhlükəsizliyi ilə bağlı olduğunu açıqlayıb.
Əvəzində isə eks-prezident, "Yeni qüvvələr partiyası”nın lideri Mixail
Saakaşvili məsələni aydınlaşdırıb. Odessanın keçmiş meri "Rustavi-2” telekanalına deyib ki,
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti SBU-ya Ukraynada ötən həftə saxlanmış
və həftəsonu Gürcüstana deportasiya edilmiş şəxslərin adlarını verib. M.Saakaşvili
bildirib ki, bu deportasiya siyasi motivlidir, çünki Gürcüstana göndərilən 8
nəfər ona Ukraynada etiraz aksiyalarını hazırlamaqda kömək edirdi. O hesab edir
ki, bu addımla Ukrayna hakimiyyət orqanları onun tərəfdarlarına təzyiq
göstərmək istəyiblər. M.Saakaşvili iddia edib ki, gürcülərin deportasiya
əməliyyatına şəxsən Ukrayna dövlət mühafizəsi idarəsinin rəhbəri Valeri Qeletey
rəhbərlik edib. "Prezidentin mühafizə idarəsinin rəhbərinin gürcülərin qanunsuz
deportasiyası ilə məşğul olması Poroşenkonun məndən necə çəkindiyinin göstəricisidir.
O, həm də ona görə qorxur ki, başqalarından
fərqli olaraq məni qorxutmağın, pulla ələ almağın və Putinin agenti elan etməyin
mümkün olmadığını bilir. Ondan fərqli olaraq mən talanla məşğul olmamışam, uğur
tarixçəm var”.
M.Saakaşvili "Rustavi-2”
telekanalına müsahibəsində də bildirib ki, bu kampaniya Poroşenko ilə "Gürcü
arzusu”nun lideri Bidzina İvanişvilinin sövdələşməsinin nəticəsidir. Onun
sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinə separatçılara qarşı
əməliyyatlarda iştirak edənlərin adları bəlli olub. Bundan sonra həmin
əməliyyatlarda iştirak edən gürcülərə qarşı əməliyyat keçirilib. Bu isə iki
ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlıq etmələrinin göstəricisidir.
"Bütün məlumatlar Kiyevdən Tbilisiyə Gürcüstan Təhlükəsizlik Xidməti vasitəsilə
verilib. Mən bunu dəqiq bilirəm”, - deyə o əlavə edib.
Gürcü legionerlərin deportasiyasını bir tərəfdən onların həddən artıq
populyarlığı ilə də izah edilirsə, digər səbəb onların siyasi fəaliyyətlə məşğul
olmalarıdır.
"JAM-news” nəşrinin siyasi icmalçısı, bir vaxtlar özü də Ukraynadan
az qala deportasiya olunan Dmitri Avaliani hesab edir ki, Ukrayna hakimiyyəti
ölkədə sözün əsl mənasında təmizləmə işlərinə başlayıb. "Əsl təmizləmədir.
Veteranları və jurnalistləri deportasiya edirlər. Bu insanlar hər hansı bir
qanun pozuntusuna yol verməyiblər. Etsəydilər belə, onları döyməyə lüzum yox
idi. Mənə elə gəlir ki, hakimiyyət söz azadlığı və insan haqlarına necə
yanaşdığını göstərmiş olur. İndi söz Ukrayna cəmiyyətinindir. Əgər bütün bu baş
verənlər normal qarşılanacaqsa və ictimai reaksiya baş verməyəcəksə, onda yaxın
perspektivdə Ukrayna üçün müsbət nəsə gözləmək gərək deyil”, - deyə ekspert
vurğulayıb.
Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstanın
prezidenti olub, amma hazırda onun barəsində dövlət çevrilişinə cəhd ittihamı
ilə cinayət işi açılıb. O 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko
tərəfindən Odessa vilayətinin meri təyin ediləndə Gürcüstan vətəndaşlığından
imtina etmişdi. Lakin M.Saakaşvili 2016-cı ildə bu vəzifəsindən istefa edərək
Poroşenkonun müttəfiqlərini onun islahatlarına mane olmaqda ittiham etmişdi.
Bundan sonra ötən iyunda Saakaşvili Poroşenkonun sərəncamı ilə Ukrayna
vətəndaşlığından məhrum edilmişdi. Sentyabrın 10-da Saakaşvili sərhədə
toplaşmış tərəfdarlarının köməyi ilə Polşadan Ukrayna ərazisinə keçib və bu
hadisədən sonra insanları hakimiyyətə qarşı etirazlara çağırır.
Azər NURİYEV