• şənbə, 20 Aprel, 17:10
  • Baku Bakı 23°C

Ukrayna Rusiyaya nota verməyə hazırlaşır

27.04.17 10:00 764
Ukrayna Rusiyaya nota verməyə hazırlaşır
Ukrayna xarici işlər nazirinin müavini, Beynəlxalq Haaqa Məhkəməsində Ukrayna nümayəndə heyətinin rəhbəri Yelena Zerkal bildirib ki, Rusiyaya diplomatik nota ilə müraciət edəcəklər. Rəsmi Kiyev notada Krımla bağlı BMT məhkəməsinin çıxardığı qərarı Moskvanın nə vaxt yerinə yetirəcəyinə cavab istəyəcək. Öz növbəsində, Ukrayna Ədliyyə Nazirliyi də Krımla bağlı məhkəmə qərarına Rusiyanın əməl etməməsinə reaksiya verməyə hazırlaşır. Ukrayna ədliyyə naziri Pavel Petrenko bildirib ki, əgər Moskva Haaqa Məhkəməsinin qərarlarını icra etməsə, onda BMT Baş Assambleyası qarşısında Rusiyanın cəzalandırılması məsələsini qoyacaqlar.
Ukrayna yanvar ayında Rusiyanı Beynəlxalq Haaqa Məhkəməsinə verib və bu günlərdə bununla bağlı qərar qəbul edilib. Ukrayna Krımla yanaşı, Donbasdakı vəziyyətlə də bağlı Haaqa Məhkəməsi qarşısında iddia qaldırmışdı. Ukrayna tərəfi məhkəmədə Rusiyanın terrorizmi maliyyələşdirməsini sübuta yetirməyə çalışıb. Bununla bağlı rəsmi Kiyev Moskvanı Donetsk və Luqansdakı qondarma qurumlara yardım etməməyə, eləcə də Ukrayna ilə sərhədlərdə vəziyyəti nəzarətə almağa çağırıb. Lakin Avropa İnsan Haqları Məhkəməsində sonuncu məsələ ilə bağlı Ukrayna tərəfinin iddiaları əsassız hesab edilib. Krımla bağlı isə tək Ukrayna tərəfinin deyil, ATƏT-in missiyasının arqumentləri də əsas götürülüb. Ukrayna tərəfi Krımda Ukrayna dilində təhsilin alınmasında problemlərin olduğunu hesabata salmağa müvəffəq olub. Eləcə də Krım tatarlarının Məclisinin ləğv edilməsinin mənfi nəticələri barədə məsələ də orada öz əksini tapıb. Qeyd edək ki, ötən ilin aprelində tanınmamış Krım Ali Məhkəməsi Məclisi ekstremist təşkilat kimi tanıyıb və onun fəaliyyətinə qadağa tətbiq edib. Haaqa Məhkəməsinin qəbul etdiyi qərarda göstərilir ki, Rusiya Krım tatarlarının nümayəndəliklə bağlı hüquqlarını məhdudlaşdırmamalı, o cümlədən Məclisin fəaliyyətinə razılıq verməlidir. İkinci qərar isə Krımda Ukrayna dilində təhsilə imkan yaradılması ilə bağlı olub. Lakin tanınmamış Krım bunların heç birinə reaksiya vermək istəmədiyini bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Məclisin taleyi ilə bağlı bildirib ki, Rusiya ərazisində ictimai təşkilatların fəaliyyətinə heç bir qadağa yoxdur.
Öz növbəsində, siyasi analitik Sergey Sideronko hesab edir ki, bu məsələlərdə Ukraynanın mövqeyi güclüdür. Rəsmi Kiyev tələb edir ki, Moskva Krım Məclisinin rəhbərləri Refat Çubarov və Mustafa Cəmilovun bölgəyə səfərlərinə qoyduğu qadağanı aradan qaldırmalıdır. Ukraynada keçirilən rəy sorğularının nəticələrinə görə, ukraynalıların 70 faizi Krımın onlara məxsus olduğu qənaətindədir. 12 faiz yarımada üçün müstəqilliyi, yalnız 7 faiz Krımın Rusiya tərkibində qalmasını zəruri sayır.
Yeri gəlmişkən, münaqişənin iki ölkə iqtisadiyyatına vurduğu ziyan milyardlarla dollarla ölçülür. "Stratfor” Ukraynadakı münaqişənin vurduğu iqtisadi ziyanın nəticələrindən bəhs edən araşdırma hazırlayıb. Qeyd edilir ki, separatçı üsyan irimiqyaslı müharibəyə çevrildikdən sonra Ukraynadakı müəssisələrin böyük əksəriyyəti dayanıb. Ölkə ixracının böyük bir hissəsindən məhrum olub. Ukrayna 2013-cü ildə Rusiyaya 15 mlrd. dollarlıq mal ixrac edirdi və bir il sonra bu rəqəm 9 mlrd. dollara düşüb, 2015-ci ildə 4, ötən il isə 3 mlrd. dollara kimi enib. İki ölkə arasında münasibətləri gərginləşdirən başqa bir məsələ qazla bağlıdır. 2020-ci ildə "Qazprom” Avropaya yeni qaz kəmərinin yeni xəttini işə salacaq. Bu isə Ukrayna ilə tranzit müqavilənin sonu demək olacaq. Lakin avropalılar Rusiyadan Ukrayna tranzitindən imtina etməməyi tələb edirlər. Rusiyanın qaz nəhəngi "Qazprom” dünən Ukrayna üçün saxlaya biləcəyi tranzitin həcmini açıqlayıb. Bu həcm əvvəlkindən beş-altı dəfə azdır. "Röyters”ə müsahibəsində "Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, onlar danışıqlara hazırdırlar: "Lakin indiki nəql il ərzində 15 mlrd. kub metr ola bilər. Bu həcmdə yalnız Ukrayna ilə qonşu ölkələrə çatdırıla bilər”.
Məlumat üçün bildirək ki, Ukrayna ərazisindən vaxtilə il ərzində 120 mlrd. kub metr qaz nəql olunurdu. Ötən il nəql 82 mlrd. kub metrə düşüb. Ukrayna özü bu kəmər vasitəsilə bir kub metr də qaz almır. Onun hamısı Avropaya nəql olunur. Avropaya tək Ukrayna ərazisi ilə qaz nəql edilmir. Yamaladan Belarusa, oradan isə Polşaya da nəql edilən qaz kəməri mövcuddur. Eləcə də, "Şimal axını-1” boru xətti ilə Baltik dənizinin dibi ilə Almaniyaya Rusiya qazı nəql edilir. 2016-cı ildə "Qazprom” Avropaya rekord həcmdə - 179 mlrd. kub metr qaz nəql edib. "Qazprom”un Avropa bazarında payı son 20 il ərzində üç dəfə artıb. Kompaniya hesab edir ki, Brüsselin Moskvadan enerji asılılığından ehtiyat etməsinə baxmayaraq, həcmi artıra bilərlər.
Azər
banner

Oxşar Xəbərlər