• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

Ukrayna: Qərblə Rusiyanın döyüş meydanı

21.02.14 08:23 1802
Ukrayna: Qərblə Rusiyanın döyüş meydanı
Dünyanın diqqətini özünə çəkən Ukraynadakı qarşıdurmalar səngimək bilmir. Ölən və yaralananların sayının durmadan artması hər kəsi hadisələrin nə səbəbə bu həddə çatdığını, baş verənlərin istiqamətinin bundan sonra hansı məcraya yönələcəyini düşünməyə vadar edir. Bu mövzuda “Kaspi”nin suallarını politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Ukraynada nə baş verir?

- Ukraynada keçən ildən start götürən narazılıq davam edir. Bilirsiniz ki, vəziyyət Vilnüs sammiti öncəsi, noyabr ayından başlayaraq kifayət qədər qəlizləşdi. Bunun da səbəbi aydın idi. Çünki Ukrayna hökuməti və prezidenti Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirərək iki mühüm sənədə – assosiativ saziş və azad ticarət zonası ilə bağlı sənədlərə imza atacağını elan etmişdi. Son nəticədə isə Rusiyanın təzyiqlərinə tab gətirməyən Ukrayna iqtidarı mövqeyini 180 dərəcə dəyişməli oldu. Bu işdə Rusiyanın onlara 15 milyard dollar həcmində kredit ayırması da öz təsirini göstərdi. Ukraynanın Avropa ilə deyil, Rusiya ilə yaxınlaşması, Gömrük İttifaqına üzv olmaq kursunu seçməsi vətəndaşların ciddi etirazına səbəb oldu. Nəticədə, Ukraynada hazırda şahidi olduğumuz hadisələrin başlanğıcı qoyuldu. Müxalifətçilər və tərəfdarları narazılıqlarını bəyan etmək üçün Maydan meydanına axışdılar. Bir müddət sonra hökumət ciddi etiraz dalğasını yatırtmaq üçün müəyyən kompromisə getdi. Xüsusilə, baş nazirin istefaya göndərilməsini və məlum sərt qanunların Radada ləğv edilməsini qeyd etmək istərdim. Bundan sonra vəziyyətdə bir qədər sakitləşmə özünü göstərdi.
Amma indi vəziyyət yenidən gərginləşib. Bu dəfə hadisələrin episentri Radanın özü oldu. Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı 2004-cü ilə qədərki vəziyyətə qayıdışla bağlı məsələ kifayət qədər mürəkkəb durum yaratdı. Ukrayna parlamentində başlayan növbəti böhran küçəyə çıxdı. Fikir verdikdə, görürük ki, bundan sonra müxalifət liderləri daha az görünməyə başladılar. Yəni, müxalifətin daha radikal hissələri ön plana çıxdılar. Hakimiyyət də bu vaxta qədər göstərmədiyi sərtliyi, güc tətbiqini həyata keçirdi. 30-dan çox insanın həlak olduğu, 400-dən çox insanın yaralanması haqqında müxtəlif məlumatlar yayılır və bununla əlaqədar olaraq Ukraynada ümummilli matəm elan edilib.
Bunlar hamısı onu göstərir ki, Ukraynada proseslər növbəti mərhələyə qədəm qoyub. Bu mərhələnin özəlliyi isə ondadır ki, əvvəllər kənarda qalacağını, Ukraynanın daxili işlərinə qarışmayacağını elan edən Rusiya fərqli mövqe nümayiş etdirməyə başladı. Bunun nəticəsində də Qərbin reaksiyası sərtləşməyə başladı. Artıq Yanukoviç birmənalı şəkildə Rusiyanın yanında olduğunu və onlardan dəstək aldığını gizlətmir. Beləliklə, Qərbdən, ABŞ-dan, Avropa İttifaqı ölkələrindən gələn təzyiqlər artmağa başladı. Qeyd edim ki, onlar tərəfindən Ukraynaya müəyyən sanksiyalar tətbiq ediləcəyi haqda bəyanatlar səslənməkdədir. Avropa İttifaqı bununla bağlı xüsusi iclasını keçirib. Əgər Ukrayna Rusiyanı seçərsə, şimal qonşularımız orada mövqelərini möhkəmləndirəcək. Bu isə Rusiyanın yaxın xaric hesab etdiyi ölkələrə təsir və təzyiqinin artması ilə müşahidə oluna bilər. Belə hal heç də arzuolunan deyil. Çünki regiondakı vəziyyət kökündən dəyişə, gərginlik daha da arta bilər.
- Belə ehtimallar var ki, bu proseslər Ukraynanın parçalanması ilə nəticələnə bilər...

- Bəli, Ukraynanın Qərb hissəsi daha çox Avropa İttifaqına istiqamətlidir. Şərq və mərkəz hissəsi isə Rusiya ilə əlaqədədir. Belə olan halda, Ukraynanın parçalanması ehtimalı yüksəlir. Nəzəri və praktiki baxımdan hadisələr buna apara bilər. Qeyd edim ki, vurğulanan məqam çox təhlükəli tendensiya hesab olunur. Eyni zamanda, Krım məsələsi də aktuallaşmaqdadır. Yəni, Krımın özünün Ukraynadan ayrılması məsələsi gündəmə gələ bilər. Bu da heç şübhəsiz, Ukraynanın parçalanması reallığını daha da artırır. Düşünürəm ki, bu günlər Ukrayna tarixinin çox məsuliyyətli məqamlarıdır. Postsovet məkanının Rusiyadan sonra ən böyük dövləti olan Ukrayna faktiki olaraq parçalanma təhlükəsi ilə üzbəüz dayanıb.
- Proseslərin sonrakı inkişafını necə proqnozlaşdırırsınız?

- Hadisələrin inkişafının iki xətti var. Birinci xətt odur ki, Yanukoviç hökuməti güc tətbiq etməklə Rusiya faktorunu üstün tutacaq. Hətta Rusiya artıq 2 milyard dollar vəsaiti Ukrayna iqtisadiyyatı üçün ayırıb. Belə olan vəziyyətdə birmənalı olaraq Rusiyanın seçildiyinə şübhə qalmır. Bu variantda Rusiya Ukraynadakı hakimiyyətin qorunub-saxlanması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edir və nəticədə Qərb bu vəziyyətlə barışır. Yəni, ABŞ və Avropa Ukraynanı müəyyən qədər Rusiyanın monopoliyasına keçmiş kimi qəbul edir. Zənnimcə, birinci versiyanın reallaşma əmsalı elə də böyük deyil. Sadəcə, nəzəri baxımdan bu mümkündür. İkinci ehtimalım isə ondan ibarətdir ki, bütün bu qırğınlar, toqquşmalar fonunda hakimiyyət ola bilsin ki, növbədənkənar seçkilər keçirsin. Hesab edirəm ki, bu məsələnin aktuallaşması tamamilə mümkündür. Bu cür seçkilərin keçirilməsi isə avtomatik olaraq Yanukoviçin hakimiyyətdən getməsinə bərabər ola bilər. Ehtimalımız baş tutarsa, Qərb və Avropa İttifaqı Ukraynadakı proseslərdə özünü qalib hesab edəcək. Hələlik isə Rusiya ilə qərbin mübarizəsi getməkdədir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər