AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Uduzmaq üçün getmirik”

“Uduzmaq üçün getmirik”

İdman
23 Oktyabr 2012, 18:04 1256
“Neftçi” klubu futbol üzrə Avropa Liqasında növbəti oyununu keçirmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb. Komanda səfərə çarter reysi ilə çıxıb.
“Rubin”lə görüşə gedənlər arasında futbolçulardan zədədən sonra bərpa prosesini keçən Bahodir Nasimov da yer alıb. Lakin o, zədəsi tam sağalmadığı üçün meydana çıxmayacaq. Cavid İmamverdiyev isə Kazana yollanmayıb. O, oktyabrın 23-də əməliyyat olunub.
Qeyd edək ki, “Rubin”-“Neftçi” oyunu oktyabrın 25-də Kazandakı mərkəzi stadionda saat 21:00-da başlanacaq.
Oyun öncəsi “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibə verib.
- Premyer Liqanın “Kəpəz”ə qarşı keçirilən doqquzuncu turunun oyununda ehtiyatda qalmışdın. Zədəli idin, yoxsa baş məşqçi sənə istirahət vermişdi?
- Xeyr, zədəm yox idi. Baş məşqçi qərara gəldi ki, həmin oyunda Təralan Quliyevə şans versin. Bizdə hər mövqedə rəqabət güclü olduğundan hər matçda başqa futbolçunun oynaması normal haldır.
- Bəlkə Böyükağa Hacıyev səni “Rubin”lə oyuna qorumaq üçün ehtiyatda saxlayıb?
- Nə deyim. Bu barədə heç bir məlumatım yoxdur. Ona görə dəqiq bir söz deyə bilmərəm. Mənə də oynamamaq xoş deyil. İstəyirəm, hər oyunda meydanda olub komandama kömək edim. Baş məşqçimizdən həmişə şans gözləyirəm.
- Artıq çempionatda “Neftçi” qələbələr qazanmağa başlayıb. Turnir cədvəlində mövqeyini yaxşılaşdırıb. Səncə ötən ilki nəticəsini bu ildə qorumağı bacaracaqsınız?
- Bu gün iki cəbhədə mübarizə aparmaq bizim üçün həqiqətən çətindir. Amma buna öyrəşməyə çalışırıq. Avroliqa oyunları kimi ölkə çempionatının matçları da çox vacibdir. Çünki biz ötən il çempion olmağımızın sayəsində indi Avropa Liqasının qrupunda oynayırıq. Ona görə bu il də ölkə çempionluğu uğrunda mübarizə aparacağıq.
- Dediyin kimi, “Neftçi” Avroliqanın qrup mərhələsində də çıxış edir. Yəqin ki, bir müdafiəçi olaraq, yerli çempionatla Avropadakı oyunların nə qədər çox olduğunu görürsən.
- Təbii, fərq çoxdur. Bu da normaldır. Ancaq bir məsələ var ki, çempionat oyunlarında da rəqibə ciddi yanaşmasan, qarşındakı futbolçuya qarşı oynamaq çətin olar. Fikrimcə, hər bir rəqiblə sona qədər mübarizə aparmaq lazımdır ki, sənə başağrısı olmasın.
- “Rubin”lə oyunun hazırlıqları necə gedir?
- Oyuna çox ciddi hazırlaşırıq. Cavid İmamverdiyevi zədəli olmasını çıxmaqla komandada problem yoxdur. Rəqibin oyunlarını izləyəcəyik. Çalışacağıq, zəif tərəflərini tapıb ondan istifadə edək. Şəxsən mənim fikrimcə, “Rubin” “İnter”dən zəif komanda deyil. Bizim üçün onlara qarşı oynamaq çətin olacaq. Əsas da “Rubin” doğma meydanda çox güclü təsir bağışlayırlar. Amma bu o demək deyil ki, onlardan çəkinirik. Kazana uduzmaq üçün getmirik. Düzdür, ola bilsin hansısa oyunda məğlub olaq. Ancaq istənilən komandaya qarşı ancaq qələbə qazanmaq üçün çıxırıq.
- Proqnozun necədir?
- Nəticə barəsində əvvəlcədən nəsə demək düzgün olmaz. Amma Kazana uduzmaq üçün getmirik.