
Ucuz avtomobilə bahalı görünüş verən xidmət - Reportaj
Gənclik qəzeti
19 İyun 2020, 13:30
8331
"Bu üsulla avtomobili həm daxildən, həm
də xaricdən dəyişmək mümkündür”
Son
dönəmlər şəhərdə şütüyən maşınlar arasında fərqli rənglərə və görünüşə sahib
olanları çoxdur. Danılmaz faktdır ki, gözümüzün alışdığı ağ, qara, qırmızı və
bozdan fərqli bir rəngdə avtomobil diqqətimizi daha çox cəlb edir. Məsələni bir
az araşdırdıqda, bu fərqliliyin "tuninq” vasitəsilə əldə olunduğunu öyrənirik.
Xüsusilə də gənclərin seçilən rəngdə və görüşdə avtomobilə olan marağını nəzərə
alaraq, "AZART” avto-tuninq servisinə baş çəkib işləri ilə yaxından tanış
olduq. Həmsöhbətimiz isə servisin rəhbəri
Arif Zeynalovdur.
"Tuninq”
nədir?
Arif
bəylə ilk olaraq "tuninq”in nə olduğu və mahiyyəti haqqında danışırıq. Həmsöhbətim
deyir ki, "tuninq” seçilmək, fərqlilikdir: "Hər insan daha gözəl görünmək,
geyimi, imici ilə seçilmək istər. Xüsusilə də gənclərimiz hansısa aksesuarla öz
geyimlərinə rəng qataraq fərqlilik yaradır. Bu, avtomobillər üçün də keçərlidir.
Öz xarici görkəminə önəm verən şəxslər, maşınlarına da bu cür yanaşırlar və
avtomobilləri ilə seçilməyi sevirlər. Məsələn, Avropada belə bir tendensiya
yoxdur. Onlar maşını salondan və ya ikinci əldən hansı rəngdə, formada
alırlarsa, o cür də sürürlər. Amma bizdə elə deyil. Müştəri maşını alıb bizim
yanımıza gətirir və onu bəzəməyimizi, xarici görünüşünü dəyişməyimizi istəyir.
Bazarda elə maşın var ki, tam şəkildə hər cür aksesuarı ilə yığılmış vəziyyətdə
100 minə satılır. Amma eləsi də var ki, natamamdır və 70 minə satılır. Müştəri
həmin 70 minlik maşını alıb gətirir və ona "yaraşıq” verməyimizi, natamam olan
hissələrini tamamlamağımızı istəyir. Biz də o maşını "tuninq” edib 100.000-lik avtomobil
görünüşü qazandırırıq. Qarşılığında isə 3000, 2000, 1500 dollar alırıq. Yəni
düşünün ki, biz estetik cərrahıq və maşınlara həm daxildən, həm də xaricdən,
gözəl estetik görünüş qazandırırıq”.

"Tuninq”
deyəndə çox adam elə anlayır ki...
Arif
bəy deyir ki, "tuninq”in ən böyük üstünlüklərindən biri də avtomobilin rəngini
istənilən vaxt çox rahat şəkildə dəyişməkdir: "Tuninq” zamanı maşını boyamağa
ehtiyac yoxdur. Rəng dəyişimi üçün avtomobil vinillərindən istifadə edirik.
Hansı ki, maşına heç bir ziyanı yoxdur. Altda maşının öz rəngi qalır və biz
üstdən müştərinin istəyinə uyğun vinil çəkirik. Çünki maşınlar istehsal zamanı
daha çox standart ağ, qara və bəzən də gümüşü rənglərdə olur. Amma təbii ki, fərqliliyi,
seçilməyi sevən müştərilərimiz avtomobillərini gətirib rəngini dəyişdirirlər.
Hazırda 120 çeşid vinil rənglərimiz var. Kimisi mat, kimisi parıltılı rəngləri
seçir. Amma son dönəmlər daha çox mat rənglər dəbdədir deyə, müştərilərin çoxu
seçimini bu istiqamətdə edir. "Tuninq” deyəndə çox adam elə anlayır ki, bura,
sadəcə maşının xarici görkəminin dəyişməsi daxildir, amma elə deyil. Bizim elə
müştərilərimiz var ki, maşını alıb, lakin daxili, yəni oturacaqları, çexolun rəngi
xoşuna gəlmir. Yaxud da, maşının salonu tutaq ki, boz rəngdədir. Amma boz rəngi
sevmir. Avtomobilini bizim servisə gətirir, biz də maşına və müştərinin istəyinə
uyğun interyer dizayn edirik”.
Müsahibimin
danışığından aydın olur ki, çox maraqlı və zövqlü işləri var. Amma bunu da nəzərə
almaq lazımdır ki, hər müştərini razı salmaq, kaprizinə dözmək asan məsələ
deyil: "Əslində, işimizin çətinliyi də ondadır. Hər müştərinin öz psixologiyası
var, hər biri ayrılıqda titizdir. Lakin bir müddətlik söhbətdən sonra onun nə
istədiyini anlayırıq. Müştəri ilə qərara gəldikdən sonra hər xırda detal yazı şəkilinə
salınır və plan qurulur”.

"Bu,
müştərinin öz günahı olur”
Həmsöhbətim
deyir ki, çox az müştəri olub ki, edilən dizaynı bəyənməsin: "Bəyənməmə
ehtimalı çox aşağıdır, amma olur. Biz belə müştəri ilə az qarşılaşmışıq. Çünki əvvəlcədən
hər nüansı danışırıq. Yəni maşını ilk olaraq kompüterdə xüsusi proqramla dizayn
edirik, göstəririk ki, "tuninq”dən sonra belə olacaq. Əgər müştəri bəyənirsə,
razılıq verirsə, işimizi görürük. Bununla da müştərinin bəyənməmə riskini
minimuma endirmiş oluruq. Bəyənməmə ehtimalı olsa belə, bu, müştərinin öz günahı
olur. Çünki biz estetik görünüş baxımından maşına yaraşmayacaq dizaynı heç vaxt
etmərik. Hətta, elə müştərilər olur ki, özləri müəyyən rəng, aksesuar təklifi
edirlər. Baxırıq ki, bu dizayn avtomobili gözəl göstərməyəcək. O zaman ya o işi
götürmürük, ya da öz təklifimizi irəli sürüb daha yaxşı dizayn edirik. Yəni hər
işin öz ustası var, ona görə də, işi bilən birinə həvalə etmək lazımdır”.
Əks
cinsin nümayəndələri azlıq təşkil edir
"Tuninq”in
nə qədər müddət çəkməsindən danışan Arif bəy qeyd edir ki, bu, avtomobildən və
görüləcək işlərdən asılı olaraq dəyişir: "Maşına, sadəcə vinilin vurulması 1 həftə,
10 gün zaman alır. Amma ümumi "tuninq” isə 1 həftədən 3 aya qədər davam edə bilər.
Yəni bu, prosesdən asılıdır. Əgər bir avtomobilinin həm interyeri, həm də
eksteryeri dəyişiləcəksə, bu zaman çox vaxt gedir. Servisimizdə 34 nəfər şəxs
çalışır və hər biri də öz işinin peşəkarıdır. Hətta, Amerikada, Rusiyada işləmiş
ustalarımız belə var”.
Həmsöhbətim
bildirdi ki, müştəriləri daha çox kişilərdir, amma xanımlarda da yavaş-yavaş "tuninq”ə
maraq yaranıb: "Müştərilərimiz arasında xanımlar hələ ki, azdır. Servisə gələnlər
isə daha çox rəng dəyişimi üçün müraciət edirlər. Xanımlar rəng seçimində hamelyon
rənglərə üstünlük verirlər”.

Qiymət
hansı aralıqda olur?
Həmsöhbətimdən
vinilin, "tuninq”in qiymətindən də danışdı. Bildirir ki, bu, avtomobildən və
görüləcək işdən asılı olaraq dəyişir: "Qiymətlər maşına uyğun müəyyənləşdirilir.
Məsələn, bir avtomobilin vinillənməsinin 1400, 1500 manatdan, 3000 manata qədər
xərci var. Bu qiymət, vurulacaq rəngdən və maşının ölçüsündən asılıdır. Amma "tuninq”də
qiyməti əvvəlcədən bilmək olmur. Bəzən elə müştəri olur ki, maşınını həm daxildən,
həm xaricdən dəyişdirmək istəyir. Təbii ki, bu zaman qiymət daha yüksək olur.
Eləsi də var ki, sadəcə maşının buferində hansısa işlərin görülməsini istəyir.
Yəni qiymət, görüləcək işə uyğun hesablanır”.
Avtosalondan
birbaşa servisə gələn maşın
"Elə
avtomobillər olur ki, salondan alınıb və birbaşa bizim servisimizə gətirilib”
deyən Arif bəy, bunun səbəbini də izah etdi: "Bizim avtoservisə salondan
birbaşa gələn maşınlar da olub. Təzə avtomobillərin gətirilməsinin ən əsas səbəbi
qoruyucu vinilin vurulmasıdır. Həmin vinil maşını xarici təsirlərdən qoruyur. Məncə,
bahalı hər bir avtomobilə mütləq şəkildə qoruyucu vinil vurulmalıdır. Düşünün,
yeni telefon alanda, necə ki, ekranına qoruyucu vurdururuq, eynən də yeni
maşına qoruyucu vinil çəkilir. Həmin vinil 5 ilə yaxın avtomobili cızıqdan,
yağışdan, qardan qoruyur. Burada da qiymət avtomobilin ölçüsündən və vurulacaq
vinilin materialından asılı olaraq dəyişir. 2500 manatdan başlayıb, 6-7 min
manata qədər dəyişir”.

"Maşın
ikinci arvad” kimidir
"Tuniniq”
işi ilə tanındıqlarını deyən Arif bəy qeyd edir ki, ölkəmizdə bu işi ilk görənlərdəndirlər:
"Tərifləmək kimi olmasın, amma həqiqətən işimizlə tanınırıq. Çünki illər əvvəl
bu sahədə fəaliyyətə başlayan ilk servislərdən biri, hətta birincisi olduğumuzu
deyə bilərəm. Servisimizdə 34 işçi var və avtomobilə aid 34 növ iş görülür. Yəni
maşına aid hər bir xidməti göstəririk. Artıq daimi gələn müştərilərimiz belə
var. Hər ay avtomobillərini yoxlanışdan keçirirlər. Bu, bir növ, insanın "Check-up”dan
keçməsi kimidir. Elə insanlar var ki, avtomobilinə çox dəyər verir. Onunla
yaşayır, nəfəs alır. Bir az loru dildə desək, maşın "ikinci arvad” kimidir
(gülür). Gərək onun nazını çəkəsən, gözəl görünməyi üçün çalışasan. Hətta, elə
kişilər var ki, avtomobilində nəsə problem olanda gecə yata bilmir”.

20
minlik maşın 30-35 minlik qiymətə olur
Müsahibimlə
söhbət edə-edə servisi gəzirik və ustaların maşınları necə "yaraşığa” saldığını
izləyirik. Həmsöhbətim bəzi maşınlar haqqında məlumat verir. İlk olaraq
"Mercedes-Benz W212 E-class” markalı avtomobilin üzərində görülən işlərdən
danışır: "Bu maşın 2010-cu il modeldir. Biz bunu yığıb 2016-cı ilin
"Mercedes-Benz E-63 class AMG” modeli halına gətirdik. Maşının həm arxa, həm də
qabaq hissəsində ciddi dəyişiklik olub. Buferləri, kapotu, faraları yenidən işlənib.
Bu maşının hazırda bazarda ikinci əl olaraq qiyməti 20 min manatdır. Biz 3500
dollara başa gələn "tuninq” işi ilə onu 30-35 min dollarlıq avtomobil halına gətiririk”.
Beləcə,
bir neçə maşın üzərində görüləcək "tuninq”
işi ilə tanış oluruq. Aydın olur ki, "Gözəllik ondur, doqquzu dondur”
atalar sözünü maşınlar üçün də istifadə edib "Gözəllik ondur, doqquzu "tuninq”dir”
deyə bilərik.
Günel Azadə
Digər xəbərlər