AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Uçot dərəcəsinin dəyişdirilməsi nəyi dəyişəcək?

Uçot dərəcəsinin dəyişdirilməsi nəyi dəyişəcək?

İqtisadiyyat
12 Fevral 2013, 10:15 1574
Mərkəzi Bank uçot dərəcəsini bu gündən etibarən 5 faizdən 4, 75 faizə endirib. Bankın yaydığı açıqlamaya görə, bu addım inflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq qəbul edilib. Qeyd edək ki, MB sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsini endirib. Həmin vaxt bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 5,25 faizdən 5 faizə endirilmişdi.

Vüqar Bayramov: “Uçot dərəcəsi strateji alətə çevrilməyib”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bankın bu addımını şərh edərək bildirib ki, uçot dərəcəsinin 0,25 faiz aşağı salınması bank sektorunda hər hansı ciddi dəyişikliklərə səbəb olmayacaq: “Əvvəla, inflyasiya səviyyəsinin aşağı olması ilə bağlı rəsmi rəqəmlərə rəğmən, istehlak bazarında qiymət artımları müşahidə edilir. İkincisi, Mərkəzi Bankın uçot dərəcəsi hələlik iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsi baxımdan strateji alətə çevrilməyib. Üçüncüsu, bankın uçot siyasətindən daha çox məzənnə siyasəti qeyri-neft sektorunun dəstəklənməsi üçün əhəmiyyətlidir ki, bu sahədə də tənzimlənən valyuta rejimi hələ də saxlanılmaqdadır. Dördüncüsü, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin cəmi 5 faizini təşkil etdiyindən uçot dərəcəsinin aşağı salınması nəinki ciddi, hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlərlə təmin edilməsinə səbəb ola bilməz. Beşincisi, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, ya ümumiyyətlə yoxdur. Altıncısı, uçot dərəcəsinin aşağı olmasına baxmayaraq, mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyllərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığı üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır”.

V.Bayramovun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınmasından yalnız mərkəzləşdirilmiş kreditlərə çıxış imkanları olan az sayda banklar yararlana bilər. Ekspert təəssüflə qeyd edir ki, heç də bütün bankların reallıqda bu vəsaitləri əldə etmək imkanları yoxdur. Bu isə MB-nin son qərarının bütün bankları əhatə etməyəcəyindən xəbər verir. İSİM sədrinin fikrincə, Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı daha çox bankın proseslərə çevik reaksiya verməsi görüntüsü yaratması təsiri bağışlayır: “Aydındır ki, bank sektorunun indiki durumunda uçot dərəcəsinin 0,25 faiz aşağı salınması əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Belə olan halda, MB-nin 1 faizin 1/4-i həcmində faiz endirimlərinə getməsinin tam olaraq iqtisadi faktorlarla izah edilməsi çətinləşir”. V.Bayramov deyir ki, Avropa Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı sıfır tamlı endirimləri Azərbaycan Mərkəzi Bankı üçün nümunə rolunu oynaya bilməz: “Çünki hazırda 0,75% uçot dərəcəsi olan Avropada hətta 0,05 faizlik endirimlər də bu qitənin bank sistemində ciddi dəyişikliklərə səbəb olur”. Ekspertin qənaətincə, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı.

Samir Əliyev: “Azərbaycan nə ABŞ-dı, nə də Avropa”

“Yəqin Mərkəzi Bankda hesab edirlər ki, Azərbaycan ABŞ və ya Avropadır, uçot dərəcəsini 0,25% aşağı salan kimi inflyasiya artacaq və kreditlərin faiz dərəcəsi azalacaq”. Bunu isə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bizimlə söhbətində Mərkəzi Bankın qərarına münasibət bildirərkən dedi.

Ekspertin fikrincə, uçot dərəcəsinin 0,25 faiz azaldılmasının kredit faizlərinə heç bir təsiri olmayacaq: “Uçot dərəcələri ölkə üzrə kredit faizlərinə ciddi təsir göstərmir. Bunun əsas səbəbi bankların kredit portfelində Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin payının az olması və ölkə iqtisadiyyatında riskin yüksək olmasıdır. 2008-2009-cu ildə MB uçot dərəcəsini 7,5 dəfə (15%-dən 2%-ə kimi) azaltdı. Amma bu, kredit faizlərinə təsir göstərmədi. Çünki ölkədə kredit faizlərinə əsas təsiri əmanətlərin faiz dərəcəsi göstərir. Nə qədər ki əmanətlər üzrə faiz dərəcələri 10%-dən yüksəkdir, kreditlər də 20%-dən yüksək olacaq”.

S.Əliyevin sözlərinə görə, bankların kredit portfelində mərkəzləşdirilmiş kreditlərin payı 10-15%-dən çox deyil: “Çox az bank MB-dən mərkəzləşdirilmiş kredit alır. Əsasən əmanətlər üstünlük təşkil edir ki, bu bənd üzrə pay 50%-dən çoxdur. Hətta elə bank var ki, onun kredit portfelində əmanətlərin payı 70 faizə çatır. Ona görə də əsas təsiri əmanətlər göstərir”. Bütün bunların fonunda ekspertin qənaətincə, kreditlər üzrə faiz dərəcələrinin azalması üçün əmanətlər üzrə faiz dərəcələri azalmalıdır: “Məsələn, sığortalanan əmanətlər üzrə faiz dərəcələri 15-dən 12-yə endiriləndə kredit faizləri də müəyyən qədər azaldı”. S.Əliyev onu da qeyd etdi ki, Azərbaycanda bankların kredit vermək üçün əldə etdikləri resursların dəyəri baha olduğu üçün kreditlər də baha olur.

Ekspertin sözlərinə görə, ölkədə illik inflyasiya 1,1% inflyasiya təşkil edirsə, uçot dərəcəsi indiki kimi 4,75%-ə yox, daha aşağı salınmalı idi: “Ən çoxu 2-3% civarında olmalı idi. İndiki qərar onu göstərir ki, inflyasiya reallıqda daha çoxdur. Ona görə MB uçot dərəcəsini cüzi aşağı salmağa məcburdur”.
Həbibə ABDULLA