• cümə, 19 Aprel, 10:00
  • Baku Bakı 13°C

“Tutulan iradlara qarşı emosional davranmamaq önəmlidir” - Uğur hekayəsi

13.03.20 12:37 3679
“Tutulan iradlara qarşı emosional davranmamaq önəmlidir” - Uğur hekayəsi
Ruslan Səfərov: "Otel sektorunda çalışan insanın xarakterində təbii təbəssümün olması onun işinə böyük köməklik göstərir”
Düşünür ki, bildirilən iradlar özünü inkişaf etdirmək üçün önəmli ola bilər. Ona görə sənə irad olaraq bildirilən fikirləri analiz etməli, üzərində işləməli və dərhal onu aradan qaldırmağa çalışmalısan. Bunu uğurun əsas nüanslarından hesab edən müsahibimiz "Excelsior” otelin satış və marketinq şöbəsinin direktoru Ruslan Səfərovdur.

- Tərcümə üzrə təhsil almısınız, amma bu gün otel sektorunda çalışırsınız. İşləməyə, karyera həyatına otel sektoru ilə başlamısınız?
- 2005-2009-cu illərdə Qərb Universitetində tərcümə üzrə təhsil almışam. İxtisasımdan dolayı, tələbə vaxtı müxtəlif dövlət tədbirlərində tərcüməçi kimi fəaliyyət göstərmişəm. Bəzi hallarda könüllü kimi çalışırdım, bəzən ödəniş edilirdi. Bələdçi kimi də fəaliyyətim olub, bu zaman xarici turistlərlə işləyirdim. Bundan başqa, üçüncü kursda oxuyanda, bir semestrlik tələbə mübadilə proqramı ilə İngiltərədə təhsil aldım. 6 ay İngiltərədə olduğum müddətdə orda bir restoranda işlədim. Təhsilimi başa vurduqdan sonra hərbi xidmətə getdim. Qayıdandan sonra artıq otel sektorunda karyeram başladı.

- Otel sektorunun işiylə tanışlığınız var idi?
- Tələbə vaxtı tərcümə sahəsində çalışmağım, bələdçi kimi fəaliyyətim məndə otel işinə maraq yaratmışdı. Elə tələbəlik dövründə otel işi ilə bağlı dünyəvi şəbəkə otellərindən birinin Bakıdakı bölməsindən iş təklifi də almışdım. Müsahibədə iştirak edib, işə qəbul olmuşdum. Dərs saatlarımla onların tələb etdiyi iş qrafiki uyğunlaşmadı deyə, həmin işə gedə bilmədim. Eyni zamanda, İngiltərədə çalışarkən bir neçə şəbəkə otellərində təcrübə xarakterli müsahibələrim olmuşdu. Həmin müsahibələrdə də otel işi ilə bağlı geniş nəzəri informasiya aldım. Ona görə əsgərlikdən qayıdandan sonra otel sahəsində çalışmaq qərarı verdim. 2010-cu ildən artıq otel sektorundayam.


- Oteldə işə satış şöbəsiylə başladınız?
- Yox, yarım il restoran xidmətində çalışdım. Sonra şirkətdaxili imtahan verərək yeni qurulmuş satış və marketinq şöbəsində satış koordinatoru işinə keçdim.

- Satış xüsusi bacarıq tələb edən sahədir. Heç də hər kəs bu sektorda uğurlu fəaliyyət göstərə bilmir. Satışa keçmək sizin üçün çətin gəlmirdi?
- Bələdçi kimi çalışanda, müxtəlif ölkələrdən gələn qonaqlarla ünsiyyətdə olmağım məndə özümə bir balaca əminlik yaratmışdı ki, bu da satış işinə keçməyimdə köməklik etdi. Otel sektorunu bilənlərin bu sahədəki satışın ağırlığı haqqında da təsəvvürləri var. Çünki bu iş elədir ki, hər zaman şirkətin hədəfləri olur və sən ona çatmaq üçün peşəkar şəkildə, dayanmadan çalışmalısan. Təbii ki, bu ağırlıq mənim üçün çətinlik kimi görünmədi. Əksinə, özümü sınamaq istədim və bu sınaqdan da uğurlu nəticələr əldə etdim.

- İlk vaxtlar iki oteldə eyni vaxtda çalışmısınız.
- Bəli, hərbi xidmətdən qayıtdıqdan sonra həm "Sheraton” otelindən, həm də "Keppel FELS” şirkətinə məxsus otellərdən birində işə qəbul olundum. Qrafikim uyğun gəldiyi üçün bir il hər ikisində işlədim. Sonra isə digər oteldən ayrılıb "Sheraton” oteldə çalışmağa davam etdim. Çünki satış işinə keçirdim və bu iş məndən daha çox vaxt ayırmağı tələb edirdi. Bu nüansı nəzərə alaraq fəaliyyətimi "Sheraton”da davam etməyi qərara aldım.

- Bəzən otel sektorunda çalışanlarla bağlı "onların gecəsi-gündüzü" olmur deyirlər. İş rejiminiz bu 10 ildə necə olub?
- Bəli, deyilənlər həqiqəti əks etdirir. Çünki oteldə işin gərgin və eyni zamanda maraqlı vaxtları olur. Gərgin vaxtları dedikdə, bəzən planlaşdırılmamış qruplar, tədbirlər olurdu və biz iş qrafikindən əlavə çalışırdıq. Bu, xidmət sektorudur, işdə axsamalar olmasın deyə, öz qrafikimizdən sonra da işləmişik. Qonaq xidmətimizdən məmnun qalsın deyə bunu edirdik. Həftə sonları da işlədiyimiz olurdu. Ancaq işdə qaldığımız həmin artıq saatlara, həftə sonları işləməyə görə bizə boş günlərdə əlavə istirahət günü verilirdi. Təbii ki işin çoxluğundan dolayı şəxsi həyatımıza vaxt ayıra bilmədiyimiz dönəmlər də olurdu.

Ancaq işin maraqlı tərəfləri də çox idi. Bəzən yemək yeməyə vaxtımız olmadan çalışırdıq, amma zövq aldığımız işi gördüyümüz üçün bir də görürdük ki, iş bitib. Vaxt çox tez keçirdi.


- Otel sektoru elədir ki, ən aşağı pillədən qalxıb, öz gücünə yaxşı vəzifəyə qalxa bilirsən. Sizdə də belə olub. Maraqlıdır, bu prosesdə özünüzdən asılı olan nə idi?
- Bu sektor elədir ki, bütün nüansları dərindən bilmirsənsə və vəzifəni yerinə yetirə bilməyəcəksənsə, qonaq səndən məmnun qalmayacaq. Bu da ümumilikdə otelin xidmət keyfiyyətinə təsir edir. Otel işlədənlər isə peşəkarlara və işi öyrənə biləcək əməkdaşlara ehtiyac duyurlar.

Tələbəlik illərində mən satış təcrübəsi də qazanmışdım, ancaq yenə də otelçilikdə satış işinə başlayanda, müxtəlif treninqlərdə satış biliklərimi artırdım. Bu da nəticəsini göstərdi. Mən işə satış koordinatoru olaraq başlamışdım. Növbəti pillə satış icraçısı idi. Bir il sonra mənə artıq bu işi həvalə etdilər. Bir il üç ay o işi gördükdən sonra satış meneceri vəzifəsinə təyin olundum. Bu vəzifəyə təyin olunduqdan sonra şirkət rəhbərliyinin regionlarda yeni açdığı otellərin birbaşa satış nümayəndəsi olaraq fəaliyyətə başladım. Üç otelin satış meneceri olduqdan sonra isə "Pullman Baku”ya satış meneceri olaraq getdim. Ordan isə ilk dəfə olaraq yerli şəbəkəyə aid olan "Excelsior” otelinə satış və marketinq direktoru vəzifəsinə təyin olundum.

- İrəliləməklə bağlı danışanda, işi öyrənmək məsələsini vurğuladınız. Öyrənmək deyərkən nəyi nəzərdə tutursunuz?
- Gündəlik iş prosesində həm komanda yoldaşlarının, həm də digər şöbələrin əməkdaşlarının işə yanaşması sənin üçün yaxşı nümunə ola bilər. Sən hər hansı çatışmaz tərəfini onların nümunələrindən yararlanıb düzəldə bilərsən. İnkişaf etmək üçün keçirilən treninqlərdə aktiv iştirak etmək lazımdır. Eyni zamanda, iş fəaliyyəti ərzində təcrübələrdən yararlanaraq növbəti pilləyə yüksəlmək üçün əlindən gələni etməlisən. Otel kənardan gərgin və stressli sahə kimi görünür. Bəzən həqiqətən də belə olur. Buna baxmayaraq, daim yeniliyə açıq olmalı, o yenilikləri gündəlik iş fəaliyyətində də tətbiq etməlisən. Beləliklə, bunlar sənə hədəflərinə çatmaq üçün kömək göstərir.

- Deyirlər ki, çalışdığın sahə sənin xarakterinlə uyğunluq təşkil etməlidir. Otel işinin sizin xarakterinizlə olan uyğunluğu nədən ibarətdir?
- Düşünürəm ki, otel sahəsində ən vacib şeylərdən biri qarşı tərəfin, yəni qonağın tez bir zamanda nə istədiyini anlamaqdır. Bunun üçün də ünsiyyət qabiliyyəti olmalıdır. Otel sektoruna qoşulmadan öncə tələbəlik illərimdə bələdçilik fəaliyyəti ilə məşğul olmağım mənə ünsiyyətlə bağlı çox şey öyrətmişdi. Oteldə də çalışmağa başladıqda yenidən müxtəlif insanlarla ünsiyyətdə oldum, onların hər hansı ehtiyacını tez bir zamanda anlamağa çalışdım.

Otel sektorunda çalışan insanın xarakterində təbii təbəssümün olması onun işinə böyük köməklik göstərir. Onu da demək istəyirəm ki, oteldə keçirilmiş mükafatlandırma mərasimində oteldaxili əməkdaşların arasında "ən yaxşı təbəssümlü əməkdaş” mükafatına layiq görülmüşdüm.


- Otel işi sizə nə öyrətdi?
- Əsasən təmkinli və daha səbirli olmağı öyrətdi. Gərgin və stressli sahədə sən bunun öhdəsindən gəlirsən. Eyni zamanda, problemi daha çevik və asan üsulla həll etməyi öyrədir.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- İlk olaraq deyim ki, sənin daim inkişaf üçün planların olmalıdır. Özünə hər zaman öyrənmək üçün vaxt ayırmalı, peşəni sevməlisən. Bərabər çalışdığın insanlara qarşı hər zaman müsbət fikirlər duymalısan. Bəzən hər sahədə olduğu kimi pis niyyətli insanlarla da üzləşirsən, xoşagəlməz hadisələrlə qarşılaşırsan, sənin inkişafını həzm edə bilməyənlər də olur. Bu hadisələr də realdır. Amma sən hər bir pislikdən yaxşı nümunə götürə bilərsən və yenə də öz uğuruna davam edərsən. Düşünürəm ki, öz zəhməti hesabına uğur əldə edə bilən insan şübhəsiz ki, daşlı-kəsəkli yollardan keçir. Tutulan iradlara qarşı emosional davranmamaq önəmlidir. Bu uğurun əsas nüanslarındadır. Hansısa zəif cəhətin varsa, bu, sənə tövsiyə olunursa, üzərində çalışmalı, onu dərhal aradan qaldırmalısan.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər