• cümə, 29 Mart, 14:11
  • Baku Bakı 14°C

Tut ağacının gileyi

26.06.19 09:30 7516
Tut ağacının gileyi
Bakının Hüseyn Cavid prospektində görünüşü ilə çoxlarını özünə cəlb edən, nağıllardakına bənzər qoca bir tut ağacı var. İrigövdəli, qollu-budaqlı ağaca baxanda ömür payının son çağlarını yaşayan insanı xatırlamalı olursan. İşə gedib-gələndə arabir avtobusun pəncərəsindən o ağaca doğru boylanır, xəyalən onunla söhbətləşirdim. Bu günlərdə sanki qəribsədim və işdən çıxıb evə gedəndə yolumu o ağacın yanından saldım. Köhnə dostlar kimi görüşdük, dərdləşdik:
- Salam, nağıl ağac, necəsən?
- Ay əleykum salam. Nə əcəb kiminsə yadına düşdüm? Mənimlə kəlmə kəsmək istəyən kimdir?
- Bir Allah bəndəsi. Səninlə görüşmək üçün çoxdan fürsət axtarırdım...
- Çox sağ ol ki, məni sayıb gəlibsən. Ancaq nədənsə sifətində bir narahatlıq var.
- Elədir. Problemlərim çoxdur...
- Yoxsa işsizsən? Bəlkə təqaüdə göndərirlər səni?
- Doğru tapıbsan.
- Başa düşürəm, peşəsini sevən adam üçün çətindir təqaüdə getmək. İllərlə ürəyinin odunu, düşüncələrini bölüşdüyün insanlardan ayrılmaq, bir küncə çəkilib yaşamaq, sonra da unudulmaq… Nəhayət, mənim kimi, insanların yolu üstündə gərəksiz bir şeyə çevrilmək… Çox ağırdır.
- Sənin dediklərin məni o qədər də qorxutmur. Ömürdür, gəncliyi də var, qocalığı da. Əgər qocalmaq da gənclik kimi qaçılmazdırsa, təqaüdə çıxdığıma görə niyə təəssüf hissi yaşamalıyam? Atalar demişkən, bir gün gələn, bir gün gedər. Nə qədər ömrümüz qalıb, bunu Allahdan başqa, kimsə bilməz. Bu qədər yaşamışam, işləmişəm, məgər azdır?.. Əslində təqaüd yaşına gəlib çatmaq özü xoşbəxtlikdi. Bir də, əgər mən öz ağlıma, işgüzarlığıma inanıramsa, təqaüdə çıxdıqdan sonra da bekar qalan deyiləm.
- Bağışla, deyəsən qəlbinə dəydim. Qocalıqdır da, bir saat belə olursan, bir saat elə - bulud kimi dolub-boşalırsan. Elə ki, günəş batdı, ya naqolay Bakı küləyi əsdi, yatağına elə bil qor dolur. Səhərə kimi fikrində dağı arana, aranı dağa daşıyırsan, nə illah eləyirsən bu dünyanın dərdi-səri səni yatmağa qoymur. Belə yerdə deyiblər, heyf səndən, ay cavanlıq!
- Bəlkə cavanlığından danışasan, necə cahıl olubsan, neyləmisən? Ömrünə yazılan neçə xoş ayın, ilin olub?
- Vaxtın varsa, lap uşaqlıqdan başlayım. Axı yaşa dolduqca uşaqlıq daha şirin gəlir sənə. O çağlar çəkir səni. Eləcə gözünü yumub qayıtmaq istəyirsən o illərə. Göz önünə gətirdikcə uşaqlıqda yaşadığın günlər öz qoynuna alıb aparır səni. Bəzən qışın şaxtalı, yaxud yayın qorabişirən istisində xatirələrlə ovunur, xumarlanırsan. O çağlar sözlə ifadəsi çətin olan dəmlərdi...
- Gəl sarı simə vurma. Deyəsən, hiss edirsən ki, mən də belə söhbətlərdən həzz alan adamam. Amma biz daha o yaşda deyilik ki… Dünyanın çox üzünü görmüşük. Bir də gözü arxada qalmaq, ötən günlər üçün təəssüflənmək nəyi dəyişər axı? Mən də hərdən həyatda elədiklərimə və ya eləmədiklərimə görə yaşıma yaraşmayan sözlər gətirirəm dilimə. Onda dostlarım danlayır məni. Deyirlər ki, təmiz yaşadığın beş-üç gününü də silmə hesabdan, sabahı fikirləş… Dediklərimə də peşman oluram.
- Sən də məni danlama. Mən hələ eləsinə rast gəlməmişəm ki, haçansa buna bənzər düşüncələri yaşamasın. Bəs gözəl şairimiz, o boyda qələm sahibi Musa Yaqub niyə yazıb:
...Bərədə boş yerə anları sayıb
Ovunu hürküdən ovçular kimi,
Eləmədiklərim yandırar məni.
Yaylaqda çeşməyə məhəl qoymayıb,
Səhrada alışan yolçular kimi,
Eləmədiklərim yandırar məni.
Yox, daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun, birisi pərvaz
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni.
Görürsən, nə yazıb şair?
- Nə olsun şair sözüdür də, duyğulanıb yazıb. Xalq şairi Musa Yaqubun payız şeirlərini, çılpaq qalmış budaqların üşüməsini, yandırılmış vələsin naləsini oxuyanda az qalır adamın başına hava gəlsin...
- Elə mən də o ağaclardan biriyəm də, niyə qoymursan ürəyimi boşaldım? Bəlkə bir də belə söhbət qismət olmadı...
- Yaxşı, danış, ancaq nə məni kövrəlt, nə də özünü. Küçədən keçib gedənlər var. Bayaqdan o təkər yamayanlar göz qoyurlar. Sonra cavanlar bizi ələ salıb gülərlər.
- Oldu. Canım sənə desin, təxminən səksən-doxsan il əvvəl bu yerlər şəhərin kənarı idi. Camaat burada mal-qara saxlayır, heyvanların südünü, qatığını da iç şəhərdə satırdı. Bəzi yerlərdə üzüm becəriblər. Bakı şanısının dadı-tamı başqa olub onda.
Almanlarla müharibə başa çatandan sonra Bakıda böyük tikinti işləri başlanıb. Çox sayda milli arxitekturalı binalar inşa edilib, stadionlar tikilib, parklar, körpülər salınıb. Bu küçənin tarixi də o illərdən başlayır. Bakı neftinin pulundan az da olsa, şəhərin abadlaşdırılmasına sərf ediblər. Təxminən 20 saylı məktəbdən üzü bəri dağlı məhəlləsinin bəzi yerlərini söküb, ilk beşmərtəbələri tikiblər. Tikintidə öz adamlarımızla yanaşı, alman əsirləri də işlədiblər. İndiki Texniki Universitetin binasını, onunla bir sırada olan yaraşıqlı beşmərtəbəli yaşayış evlərini də əsirlər tikiblər. Özü də o illərdə həmin məhəllələrdən yad adamın keçməsi nəinki gecə, elə gündüz də qorxulu olub. Ölkə müharibədən çıxmışdı, o qədər ac-yalavac, yetim-yesir, dustaqxanadan qaçan vardı ki… Əhali də "poyok"nan dolanırdı. Mən dayanan yerlərdə tək-tük alçaq evlər olub. Küçəni üzü bəri uzadanda həmin evlər düşüb plana, söküblər. Az sonra küçə boyunca yaşıllaşdırma işinə başlayıblar.
- Səni də onda basdırıblar bura?
- Yox. İlk basdırılan ağacların çoxu quruyub. Yerinə gətirib bizim iqlimə uyğun olmayan ağaclar əkiblər. Həmin ağaclara xüsusi qulluq göstərsələr də, onların ömürləri gödək olub. Çünki o ağaclar Bakı küləyinə davamlı deyillər. Quru iqlimə dözümləri azdır, gərək tez-tez suvarasan. Bir dəfə güclü külək neçəsini sərdi torpağa. Onların boyu ucaldıqca yıxılma təhlükəsi artır. Mən isə boyum atdıqca, köklərim torpağın daha dərin qatlarına gedir, həm gövdəmi möhkəm saxlayır, həm də su mənbələrini tapıb qol-budağımı qidalandırır. Digər tərəfdən, məhsul verdiyimə görə insanlar, quşlar, həşəratlar daha çox mənim ətrafıma yığılıblar. Məhəllə uşaqları tut yemək üçün qollarım üstünə çıxanda neçə-neçə kövrək budaqlarımı sındırıblar. Lakin barımla onları müəyyən qədər doyuzdurduğuma görə, çox sevinmişəm, ağrılarımı unutmuşam. Yan-yörəmdəki ağac dostlarımla özümüz üçün bir dünya qurmuşduq. Düz küçənin kənarında bir yaraşıqlı titrəkyarpaq qovaq vardı. Küçəni genişləndirəndə o qonşumu mişarlayıb uzatdılar yerə, kökünə də neft töküb yandırdılar. Sonra üstünə asfalt döşədilər. Ona yaxın olan gül kolları da güdaza getdilər. Bəzi ağacları da çıxarıb başqa yerə əkdilər, amma onların çoxu qurudu. O qovağın faciəsi hamımız üçün gözdağı oldu. Hər dəfə bu küçədə yenidənqurma və asfaltlama işi aparılanda "Allah, Allah" deyirik. Həmin qovaqdan biri son illərə kimi "Azneft" meydanından bir az aşağı, sahilə yaxın yaxşıca qol-budaq atmışdı. Görənləri heyran edirdi. O ətrafda meh olmayanda belə o ağacının yarpaqları oynaşaraq sərinlik yaradırdı. Buna görə də həmin qovağı görənlər qaynar havalarda onun kölgəsinə tələsirdilər. Bilmirəm, o ağac yaşayır, ya yox.
Bir müddətdən sonra telefon və kanalizasiya xətləri çəkməyə başladılar, elektrik dirəklərini basdırmaq üçün dərin, enli çalalar qazdılar.
Bu işlər görüləndə də neçə-neçə qonşum, soydaşım bizimlə vidalaşmalı oldu.
1990-cı ilin 20 yanvar gecəsi rus qoşunları Bakıya soxulanda məhəllə cavanları mənim ətrafımda toplaşmışdılar. Gecəyarısı tanklar bu küçəyə də girdilər və onların arxasınca gedən hərbi maşındakı əsgərlər hər tərəfə atəş açmağa başladılar. Evlərin pəncərələri çilik-çilik oldu, binaların suvağı pətək-pətək oldu. Cavanların bir neçəsi verdi özünü mənim arxama. Güllələr qol-budağımı qırıb tökdü. O güllələrin bir neçəsi hələ də gövdəmdə qalıb. Əlacım olsaydı, o gecə mən torpaqdan qopub düşmən tanklarının qarşısına uzanardım.
Mən insanlardan təşəkkür əvəzinə, zərbə yemişəm. Bütün bunlara baxmayaraq, ağac ömrümü vicdanla yaşamağa çalışmışam və keçmişim üçün heç vaxt utanmıram.
Xatırladım ki, bir azdan yağış yağacaq, əynin də nazikdir, başında da tük qalmayıb, soyuqlaya bilərsən.
- Yağış yağacağını nədən bildin, göyün üzündə elə də bulud yoxdur axı?
- İllərlə müşahidə eləmişəm. Külək bu səmtdən əsəndə yağış gətirir. Bakı havasının öz sirləri var. Bir də bilməmiş olmazsan, çox illərdə yaz ayları qarışıq keçir. Nə soyuna bilirsən, nə də isti geyimdə gəzib-dolaşa. İndiki cavanlara nə var, qışın şaxtalı vaxtında əyinlərində nazik gödəkçə, pis çıxmasın, dar şalvar, başları da açıq gəzirlər. Fikirləşmirlər ki, canı cavanlıqdan qorumaq lazımdı.
- Deyəsən, bu iki qolunu da təzə sındırıblar?
- Birini yük maşını qırıb, qonşuya daş aparırdı. Biri də axır günlər bərk külək olanda qırıldı. Öz dərdimə özümdən başqa ağlayan yoxdur. Bax, bu təkər təmir eləyənlər əllərinə keçən çirki, işlənmiş zəhərli yağı tökürlər ətrafıma. Deyən yoxdur ki, bura küçədir, buradan hər cür insan keçir, niyə belə edirsiniz?
Yağış başladı. Mən islanmayım deyə ağac dostumdan bir neçə metr aralı divarın dibinə çəkilib ona baxırdım. Yağış damlaları onun çılpaq budaqlarına, qolları ilə üzü aşağıya, gövdəsinə süzülürdü. Bəlkə də qoca tut ağacı mininci dəfə idi ki, yaz yağışında yuyunur, rahatlanırdı. Bu anlarda mənə elə gəlirdi ki, bu yağış suyunun və ilıq yaz günəşinin təsirindən ağacın budaqları yenidən yarpaqlayacaq.
Oradan ayrılanda qoca tut ağacı dedi:
- Mən öz taleyimə çoxdan boyun əymişəm. Şair demiş: "Bu da belə bir ömürdür, yaşadıq". Ancaq arabir buradan keçəndə söhbət eləməyə macalın olmasa da, mənə sarı boylan. Məni unutma, dostum!
Səməd Məlikzadə


banner

Oxşar Xəbərlər