• şənbə, 20 Aprel, 02:00
  • Baku Bakı 15°C

Türkün dili tək sevgili, istəkli dil olmaz...

15.12.15 12:21 2480
Türkün dili tək sevgili, istəkli dil olmaz...
Səhnələrində dünya klassiklərinin əsərlərinə geniş yer verən teatrlarımızın repertuarında türk xalqlarının əsərlərinə demək olar ki, rast gəlinmir. Nə teatr rəhbərləri bu əsərlərin repertuara salınmasının tərəfdarı kimi görünür, nə də rejissorlar türkdilli xalqların dramaturgiyasına maraq göstərirlər. “Kaspi” öz “Müzakirə”sində problemin səbəbini axtarıb.
Niyə qopuzu, dombranı, özbək tarını eşitməyək?
Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, Şekspir dünya xalqlarının tanıdığı və müraciət etdiyi dramaturq olduğundan bu cür yazarların əsərləri mütləq teatrlarda səhnəyə qoyulmalıdır. Bununla belə, dünya ölkələrinin səhnə əsərlərinə, filmlərinə baxanda, musiqisinə qulaq asanda ilk növbədə bizə doğma olan xalqların, qardaş ölkələrin yazarlarının əsərlərini görmək istəyirik: “Mən bu fikri dəfələrlə Türkiyə televiziyalarında, orada keçirilən konfranslarda da səsləndirmişəm. Demişəm ki, biz türk xalqlarının yaxınlaşmasından, ünsiyyət dilinin yaranmasından, bu xalqların aralarında münasibətlərin möhkəmlənməsindən, gələcəkdə müəyyən qurumların – parlament, akademiyaların fəaliyyətinin daha da genişlənməsindən danışırıq. Amma buna baxmayaraq, hələ də bir-birimizin ədəbiyyatını, mədəniyyətini dərk etmək, tanımaq istiqamətində zəif addımlar atırıq. Mən hətta Türkiyədə olarkən “Siz bir ay ərzində telekanallarda neçə qırğız, tatar filmi göstərir, neçə özbək mahnısı səsləndirə bilirsiniz?” sualını verdim. Təəssüf ki, bu ümumi cəhət unudulub”.
Xalq şairinin sözlərinə görə, Bakıda fəaliyyət göstərən köşklərin Heç birində Türkiyənin gündəlik qəzet və jurnallarını almaq mümkün deyil: “Amma Rusiya qəzetləri bizdə gündəlik çap olunur. Həmçinin bizdə Rus kitab evi fəaliyyət göstərir. Çar Rusiyasından sonrakı bolşevik Rusiyası bizim nə qədər ağıllı insanlarımızı məhv edib. Türkü ümumiyyətlə, Qafqazdan yox etmək istəyiblər. Qarabağ savaşı da buna sübutdur. Bunu sakitcə unudublar. İndi Rusiyanın bizə daha da yaxınlaşması arzusu ilə yaşayanlar daha da çoxdur. Amma türk xalqlarından söhbət düşəndə dodaq büzürlər”. S.Rüstəmxanlının fikrincə, türkdilli ölkələrin əsərlərinə müraciət məsələsində keyfiyyət məsələsi də rol oynayır. Belə ki, hələ də hər hansı qırğız filmi fransız filmi səviyyəsində deyil: “Biz demirik ki, hər gün qırğız, qazax və s. türkdilli xalqların filmi göstərilsin. Hər gün davamlı olaraq Avropa musiqisi ilə yanaşı, özbəyin, qazaxın gözəl musiqisi, başqa mədəniyyət və incəsənət nümunələri niyə səslənməsin? Niyə qopuzu, dombranı, özbək tarını arada biz də eşitməyək? Bu çox ciddi məsələdir” .
Xalq şairi hesab edir ki, Çingiz Aytmatovun pyeslərini səhnələşdirməyə ehtiyac var: “Onun əsərləri nə vaxtsa teatrlarımızda oynanılıb. Ancaq həmin əsərlərin və digərlərinin yenidən səhnəmizdə oynanması lazımdır. Həmçinin qazaxların, qırğızların, özbəklərin çox maraqlı səhnə əsərləri var. Mən hələ başqırdları, tatarları demirəm. Bu xalqların əsərləri mütləq bizim səhnəmizə yol tapmalıdır”.
Tamaşaya qoyulsa, çox maraqlı olar
Tərcüməçi, nasir Nəriman Əbdürrəhmanlı məsələnin çox əhəmiyyətli olduğunu önə çəkərək hazırda teatrlarımızın repertuarında türkdilli xalqların dramaturgiyasına rast gəlinmədiyini qeyd edir: “Şübhəsiz ki, biz dünya dramaturgiyası deyəndə Qərbi nəzərdə tuturuq. Biz Qərb yazıçılarının əsərlərinə müraciət etməyi daha üstün tuturuq. Türkdilli xalqların əsərlərinin bizim səhnəmizdə olmamasının səbəblərindən biri də bununla əlaqədardır. Təbii ki, türkdilli mənbə, türkdilli xalqlar bizə daha yaxındır. Türkdilli yazıçıların əsərləri tamaşaya qoyulsa, çox maraqlı olar və tamaşaçı da yığılar”. Türk yazıçısı Nəsib Fazil Qısakürəyin iki pyesini tərcümə etdiyini bildirən N.Əbdürrəhmanlı hesab edir ki, həmin əsərlər dünya ədəbiyyatının ən gözəl səhnə əsərləri ilə yanaşı durmağa layiqdirlər: “Mən həmin əsəri hətta rejissorlara da təklif etdim, ancaq onlardan heç bir səs çıxmadı. Yəqin ki, onlar nüfuz axtarırlar. Avropa dramaturgiyasına müraciət etməklə bunu üstünlük hesab edirlər. Bu məsələdə mən başqa izah tapa bilmirəm”. Nasirin fikrincə, türkdilli ədəbiyyat təkcə Türkiyə ilə bağlı deyil, həmçinin Orta Asiya respublikaları, digər türkdilli dövlətlər də kifayət qədərdir: “Elə Rusiyanın özündə muxtar respublikalar və onların türkdilli yazıçıları var. Yəni onların ədəbiyyatında Azərbaycandilli ədəbiyyata mənsub olan yazıçılar var. Əlbəttə, onların əsərlərini səhnəmizdə görmək daha maraqlı olar”.
Ümumi oxşarlıq
Xalq artisti Ağakişi Kazımov indiyə qədər bizim teatrlarda türk ədəbiyyatına aid çoxlu tamaşaların hazırlandığını bildirdi: “Qanlı Nigar”, “Uçqun” və s. əsərlər bu sıradandır. O cümlədən, əyalət teatrları da bir sıra əsərlər səhnələşdirib. Ancaq türkdilli ölkələrin dramaturgiyasına az müraciət olunur. Məsələn, Çingiz Aytmatovun bir-iki əsəri hazırlanıb. Ancaq türkdilli ədəbiyyata böyük məhəbbətlə müraciət az olur. Bu da onunla bağlıdır ki, bu tip əsərlərin çoxu bizə rus dilində gəlib çatıb. Öz dillərində də əsərlər gəlirdisə, biz türk dilindən başqa ayrı dil oxuya bilmirdik. Əgər hər bir teatr 2 və ya 3 ildən bir türkdilli qonşularımızın əsərlərini tamaşaya qoyarsa, bu çox yaxşıdır».
Rejissorun fikrincə, türkdilli əsərlərin Azərbaycan səhnəsinə çıxmasının həm böyük ictimai, həm tərbiyəvi, həm də tarixi əhəmiyyəti var: “Biz bilirik ki, biz tək deyilik. Bizim dilə yaxın dillərdə milyonlarla insan danışır. Onların da ədəbiyyatı inkişaf edib və bu ədəbiyyatı tanıyırıq. Həmçinin onların həyat tərzini, əxlaqını, coğrafiyasını, xarakterlərini öyrənirik. Bu, çox gözəldir. Digər əhəmiyyəti isə bizim tarixən bağlı millətlər olmağımızdır. Bu, çox böyük fəlsəfi, tarixi məna daşıyan ədəbiyyatdır”.
Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinə quruluş verən rejissorun sözlərinə görə, bu tamaşa 3-4 dəfə Türkiyəyə qastrola çağırılıb: “Orada deyilir ki, türk xalqlarının ürəyi, məhəbbəti, xalqına olan bağlılığında ümumi bir oxşarlıq var. Biz bu oxşarlığı hər bir ədəbiyyatın nümunəsində görəndə bunun böyük əhəmiyyəti var”.
TÜRKSOY-un imkanlarından yararlanmaq
“Türkdilli ölkələrə məxsus ədəbi əsərlər Azərbaycan teatrlarında birmənalı şəkildə səhnələşdirilmir” fikri ilə razı olmayan yazıçı-publisist Əkbər Qoşalının fikrincə, türk dünyasına mənsub olan bir neçə yazarın əsərləri ayrı-ayrı zamanlarda Azərbaycan teatrlarında səhnələşdirilib. Belə ki, türkiyəli müəlliflərlə yanaşı, Qırğızıstandan Çingiz Aytmatovun, Qazaxıstandan Muxtar Şaxanovun və b. əsərləri Azərbaycan teatrsevərlərinə təqdim edilib: “Sovet dövründə də belə hallar olub. Bununla belə, mən sizin sualınızın haqlılığını və narahatçılığınızı anlayıram. Bu da gələn il dövlət müstəqilliyinin 25 illiyini qeyd edəcək qardaş ölkələrin daha sıx mədəni işbirliyi içində olmaları ilə bağlıdır. O cümlədən qardaş Türkiyə teatrları ilə, başqa dövlətlərin tərkibində olan türk topluluqlarının teatrları ilə işbirliyi qurulması, klassiklərin əsərlərinə müraciətlə yanaşı, ünlü yazarların, istedadlı gənclərin əsərlərinə diqqət edilməsi işin xeyrinə olardı”.
Yazarın fikrincə, ümumən teatrlarımızın repertuarının zənginləşdirilməsinə ehtiyac var: “Əlbəttə, bu zənginləşdirmə sürəcində türksoylu yazarların əsərlərinə diqqət edilməsi daha doğma, daha əziz bir yanaşma olardı. Dünya klassikləri, Avropa çağdaş teatr yanaşmalarının şəkillənməsi də öz yerində... Klassiklərin əsərlərinin bu gün üçün də yeni olan çağırışları, insanca yönü öz yerində, bəs elə bu günün və sabahın səhnə təcəssümünü verə bilən çağdaş yazarlar özləri nə zaman geniş planda teatra cəlb olunacaq, onların əsərləri işləmə nə zaman alınacaq? Özü də hər yaşayan yazar, hər cavan dramaturq çağdaş deyil – seçim meyarı olaraq məhz sərt sənət ölçüləri – istedad, güncəllik, sənətin estetik dəyərləri əsas götürülməlidir”. Ə.Qoşalı hesab edir ki, türksoylu ölkə yazarlarının əsərlərinin Azərbaycan səhnəsinə arzuolunan səviyyədə gəlməsi üçün TÜRKSOY-un imkanlarından yararlanmaq olar: “Yeri gəlmişkən, məhz TÜRKSOY iki dəfə “Teatr Almanaxı” nəşr edib ki, bu da tam da sizin sualınızdakı narahatçılıqlara bir növ cavab sayıla bilər. TÜRKSOY 2015-ci ili Haldun Taner ili elan etmişdi, bu il çərçivəsində türk dünyası miqyasında bir sıra tədbirlər həyata keçirildi, o cümlədən dram əsərlərinin müsabiqəsi keçirildi, habelə bizim Şəki teatrı Haldun Tanerin əsərini səhnələşdirdi və s.” Yazarın fikrincə, problemi yaradan səbəblər sırasında türk xalqlarının dilləri (şivələri) arasında birbaşa çevirmə işinin yetərli olmaması, türk ölkə və topluluqları arasında teatrlar səviyyəsində işbirliyinin zəif olması və s. yer alıb: “Qaldırdığınız problem yalnız sırf müəlliflərlə bağlı məsələ olmayıb, ümumi baxış, sahəyə məsul şəxslərdən bitkin yanaşma tələb edən bir işdir. Orijinaldan çevirmə işi inkişaf etdikcə, teatrlarımız neçə və necə yeni əsər qazana biləcək; teatrlar arasında birbaşa ilişkilər repertuar mübadiləsinə gətirib çıxaracaq; TÜRKSOY-un imkanlarının gərəyincə dəyər-ləndirilməsi, həm maddi, həm mənəvi baxımdan yeni şəkillənmələr yaradacaq. Əlbəttə, dediklərimizlə yanaşı, bəlkə bunlardan daha öncə, məhz öz işlərinə sevdalı yanaşan, eşqli, ecazlı düşünən, hərəkət edən rejissorlarımızın, aktyorlarımızın (əlbəttə, bu sırada teatr başbilən-lərimizin) işi daha təsirli, qapsamlı olacaqdır...”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər