• cümə, 26 Aprel, 03:47
  • Baku Bakı 16°C

Türkologiya Kafedraları Şurasının iclası keçirilib

29.05.20 20:45 740
Türkologiya Kafedraları Şurasının iclası keçirilib
Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Monqolustan, habelə Rusiya Federasiyasının Altay, Başqırdıstan və Tatarıstan universitetlərindən rektorlar, dilçilik institutları və türkologiya kafedralarının rəhbərləri iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin moderatorluğu ilə türkdilli ölkələr arasında ilk dəfə təşkil olunan iclasda mütəxəssislər müasir təhsil prosesində türkologiyanın yeri, türkologiya kafedralarının hazırkı vəziyyəti, problemləri və uğurları barədə fikir mübadiləsi aparıblar.
İştirakçılar, həmçinin əməkdaşlıq imkanları, türkdilli ölkələrin universitetləri arasında təcrübə, tələbə və müəllim mübadiləsi, təhsil prosesində ümumi standartların nəzərdən keçirilməsi, tələbələr üçün təqaüd, məzunların işlə təmin olunması məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, türkoloqlar arasında əlaqələri gücləndirmək, türkologiyanın müasir trendlərə uyğun olaraq genişləndirilməsi, türkoloji tədqiqatlara tarix, ədəbiyyat, coğrafiya, texnologiya sahəsində mütəxəssislərin də cəlb olunmasının zəruriliyinə diqqət çəkilib.
SCOPUS bazasına daxil olan dünya səviyyəli jurnalların nəşri, rəqəmsal texnologiyaların zəngin potensialından istifadə edərək məsafədən təhsil, elektron jurnal və kitabların çapı məsələləri də nəzərdən keçirilib. Habelə birgə kurikulumların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər türkologiya sahəsində vacib məsələlər üzrə birgə tədqiqat layihələri həyata keçirmək, mütəmadi olaraq onlayn seminar və mühazirələr, həmçinin gənc tələbələrin təcrübə mübadiləsi üçün yay düşərgələrinin təşkili barədə razılığa gəliblər. Qeyd olunub ki, mütəxəssislərin fikirləri akademiya tərəfindən Elmi Şuranın iclaslarında üzv ölkələrin Təhsil və Elm nazirliklərinə çatdırılacaq.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Təhsil və Elm nazirlərinin iştirakı ilə Bakı şəhərində keçirilən III iclasında ali məktəblərin türkologiya kafedralarının fəaliyyətinin əlaqələndirilməsinə başlamaq qərara alınmışdı.
banner

Oxşar Xəbərlər