• cümə axşamı, 28 mart, 17:30
  • Baku Bakı 16°C

Türkmənistanın TANAP-a qoşulması yeni imkanlar yaradır

05.05.15 06:22 1189
Türkmənistanın TANAP-a qoşulması yeni imkanlar yaradır
Türkmənistanın paytaxtı Aşqabadda türkmən qazının Trans-Anadolu Boru Xətti (TANAP) vasitəsi ilə Avropa bazarlarına çıxarılması ilə bağlı dördtərəfli görüş keçirilib. Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında danışıqlar aparılıb. Müzakirələrin yekununda Türkmənistan təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb. Qeyd edək ki, dördtərəfli müzakirələrdə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Baymurat Hocamuhəmmədov, Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak ediblər. “Kaspi” qəzeti Türkmənistan qazının TANAP vasitəsi ilə nəqli barəsində politoloq Elman Nəsirov və iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.
Politoloq Elman Nəsirov bildirib ki, uzun müddətdir Avropa İttifaqı türkmən qazının bazarlara çıxarılması ilə bağlı danışıqlar aparır: “Lakin indiyədək heç bir real nəticə olmayıb. Xüsusilə də Trans-Xəzər layihəsi çərçivəsində aparılan danışıqlara üçüncü dövlətlər mane olurdular. Bu layihənin həyata keçirilməməsinə səbəb kimi ekoloji problemləri göstərirdilər. Mən hesab edirəm ki, Azərbaycanın TANAP və TAP layihələri çərçivəsində atdığı addımlar Türkmənistan dövlətinə öz mövqeyini dəqiqləşdirməkdə böyük kömək olub. Aşqabadda aparılan dördtərəfli danışıqlar nəticəsində müəyyən irəliləyişlərin olduğu görünür. Lakin indiyədək Türkmənistan dövləti daha çox Çinə real bazar kimi baxırdı və Avropa ilə bağlı müəyyən tərəddüdlər yaşayırdı. Hazırda türkmən qazının hansı həcmdə Avropa bazarlarına çıxarılması ilə bağlı dəqiq anlaşma olmasa da, mətbuata sızan məlumatlara görə, TANAP layihəsi vasitəsi ilə təxminən 10 milyarddan 30 milyard kubmetrə qədər Türkmənistan qazı nəql oluna bilər. “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi üçün türkmən qazının bu prosesə qoşulması çox mühümdür. Bu, “Cənub Qaz Dəhlizi” üçün yeni imkanların yarandığının göstəricisidir. Mən Anlaşma Memorandumunun imzalanmasını böyük hadisə kimi qiymətləndirirəm. Bu anlaşmadan sonra, 2019-cu ildən başlayaraq Avropa bazarlarına daha çox qazın nəql ediləcəyi gözlənilir”.
E.Nəsirov bu anlaşmanın heç bir dövlətin əleyhinə yönəlmədiyini qeyd edib: “Bu addımı atmaqla Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilk öncə milli dövlətçilik maraqlarını müdafiə edirlər. İndiyədək Rusiya amilinə görə Türkmənistan öz mövqeyini tam bildirməyib. Lakin unutmaq olmaz ki, rəsmi Moskva ilə Aşqabad enerji sahəsində də əməkdaşlıq edirlər. Həmçinin Türkmənistan dövləti enerji resurslarının şaxələndirilməsi istiqamətində də addımlar atır. Bu məsələdə Rusiyanın təzyiq göstərməsi istisna deyil. Amma Türkmənistan tərəfi bu layihənin Rusiyanın əleyhinə olmadığını da həmişə vurğulayır. TANAP layihəsinə qoşulmaq Türkmənistan üçün enerji təhlükəsizliyi baxımından da çox vacibdir. Buna görə də rəsmi Aşqabad hazırda öz mövqeyini qətiyyətlə müdafiə edir. Həmçinin Türkmənistan və Azərbaycanı bu məsələdə Rusiyaya rəqib hesab etmək olmaz. Çünki şimal qonşumuz kifayət qədər qaz resurslarına malikdir. Həmçinin Rusiyanın Avropa bazarlarında özünəməxsus yeri də var”.
Politoloq vurğulayıb ki, türkmən qazının Xəzərin dibi ilə Avropa bazalarına çıxarılması aktualdır: “Bu layihənin həyata keçirilməsində Avropa İttifaqı da maraqlıdır. Bu, həm iqtisadi, həm də təhlükəsizlik baxımından daha faydalıdır. Türkmən qazının İran vasitəsi ilə nəqli isə Avropa İttifaqının marağında deyil. Çünki rəsmi Tehran ilə Brüssel arasında hazırda problemlər öz həllini tapmayıb. Lozanna danışıqlarında müsbət nəticələr olsa da, İran ilə Avropa İttifaqı arasında münasibətlər hələ də yüksək səviyyəyə qalxmayıb. O cümlədən bu layihə ilə bağlı İranın mövqeyinin necə olacağı tam bilinmir. Lakin Azərbaycan və Türkmənistan Xəzər dənizinin bölgüsündə razılıq əldə etdiyinə görə, türkmən qazı Trans-Xəzər layihəsi vasitəsi ilə TANAP-a qoşula bilər”.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Türkmənistanın TANAP və TAP layihələri vasitəsi ilə qazını Avropa bazarlarına çıxarması çox mühüm addım olardı: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatı bu layihələrə qoşulan ölkələrdən çox asılıdır. Bu layihələr Azərbaycan prezidenti İlham Əliyevin şəxsi iradəsi ilə gündəmə gəlib. Həmçinin Türkmənistanın TANAP və TAP-a qoşulması bu layihələrin qazla təminatına müsbət təsir göstərəcək. Bununla da bu layihələrin ötürmə qabiliyyəti daha da artırılacaq. Bu da kəmərlərin rentabelliyinin yüksəlməsinə gətirib çıxaracaq. Həmçinin Türkmənistan qazının bu layihələr vasitəsi ilə nəqli Xəzər dənizinin starateji baxımdan əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Bununla da Xəzəryanı ölkələr Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malik olacaqlar. Həmçinin Azərbaycanın mövqeyi bölgədə daha da güclənəcək”.
Onun sözlərinə görə, türkmən qazının Xəzər dənizinin dibi ilə TANAP-a qoşulması iqtisadi baxımdan daha sərfəlidir: “Bu layihə daha az vəsaitə həyata keçirilə bilər. Lakin hazırda Xəzər dənizinin hüquqi statusu müəyyənləşməyib. Buna görə də, Rusiya Xəzərin hüquqi statusu müəyyən edilməyənə qədər Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulmasına tərəfdar olmayacaq. Yaxın zamanlarda Xəzərin hüquqi statusu müəyyən edilməsə, türkmən qazı alternativ yol olan İran vasitəsi ilə TANAP layihəsinə ötürülə bilər. Mən hesab edirəm ki, Türkmənistan qazının hansı yol ilə Avropa bazarlarına çıxarılması birbaşa Xəzərin hüquqi statusundan çox asılıdır”.
V.Bayramov bu məsələdə Rusiya dövlətinin mövqeyinin çox əhəmiyyətli olduğunu vurğulayıb: “Rəsmi Moskva Xəzərin dibi ilə kəmərin çəkilməsinə razılıq verəcəyi halda, bu layihə reallaşacaq. Türkmənistan ilə Azərbaycan arasında Xəzər dənizinin statusu ilə bağlı razılaşma olsa da, bu məsələdə rəsmi Moskvanın mövqeyi çox vacibdir. Unutmaq olmaz ki, Azərbaycan ilə Türkmənistan arasında bəzi yataqlar barəsində mübahisəli məqamlar mövcuddur. Xəzərin hüquqi statusu müəyyən edilmədən dənizin dibi ilə hər hansı bir kəmərin çəkilməsi real deyil. Unutmaq olmaz ki, TANAP və TAP layihələri Rusiyanın həyata keçirəcəyi “Türk axını”na rəqibdir. Çünki bu layihələr vasitəsi ilə 60 milyard kubmetrə yaxın mavi qaz Avropa bazarlarına çıxarılacaq. O cümlədən gələcəkdə Türkmənistanın, İranın və İraqın da bu layihələrə qoşulması praktiki olaraq “Türk axını” ideyasının gündəmdən çıxmasına gətirib çıxaracaq”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər