• cümə axşamı, 28 mart, 12:33
  • Baku Bakı 16°C

Türkmənistan çətin durumda

28.04.17 10:00 1569
Türkmənistan çətin durumda
Türkmənistanda yaşanan maliyyə böhranı ölkə vətəndaşlarını əmanətlərini bu ölkədə yerləşən Türkiyə banklarından çıxarmağa məcbur edir. Ancaq məsələ ondadır ki, vətəndaşlar əmanətləri ancaq Türkiyədə çıxara bilirlər.
Türkmənistanın Mərkəzi Bankı valyuta satışını dayandırdıqdan sonra əhali bu addımı atmağa məcbur olub. Valyuta satışında istisna hal ölkə üçün əhəmiyyətli layihələrin reallaşdırması ilə məşğul olan şirkətlərə şamil edilir. Konkret olaraq, payızda keçiriləcək "Asiada-2017” oyunları ilə məşğul olan şirkətlər üçün valyuta satışı nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, problemlər neft və qaz satışından əldə olunan valyutanın azalmasından və prezident Qurbanqulu Berdiməhəmmədovun hədsiz məsrəflərindən sonra başlayıb. Hakimiyyətin valyuta satışına qoyulan rəsmi qadağası, eləcə də bankların valyuta satışına tətbiq etdiyi məhdudiyyətlər ölkə vətəndaşlarını bank kartlarındakı vəsaitləri çıxarmağa məcbur edir. Bununla da Türkiyə Türkmənistan vətəndaşlarının maliyyə ziyarətlərinin ən çox reallaşdığı ölkəyə çevrilib. "İstanbulun ən gur ticarət mərkəzi hesab edilən Aksaray rayonunda bankomatlar qarşısında toplaşan xeyli sayda türkmənə rast gəlmək olar. Türkmənistan banklarındakı hesablarından pullarını çıxarmaq üçün türkmənlər ölkə hüdudlarından kənara çıxmağa məcbur olublar. Bir çoxları hətta satışa qızıl da çıxarıblar. Ölkədən çıxa bilməyənlər isə vasitəçilərə üz tutmalı olurlar. Nəticədə onlar çıxardıqları vəsaitlərin 10 faizindən məhrum olurlar.
"Bu vəsait komission xərclərə çıxılır”, - deyə adının çəkilməsinin istəməyən mənbə qərb nəşrlərindən birinə açıqlamasında bildirib. Ekspert Batır Məhəmmədov hesab edir ki, Türkmənistan hakimiyyət orqanları bu kanalı böyük ehtimalla bağlayacaqlar. "Türkmən hakimiyyət orqanları çox güman ki, Türkiyədəki səlahiyyətli bankla əlaqə saxlayıb kartlardan pul çıxarılmasına son qoyulmasına çalışacaqlar. Özü də vəsaitləri kart sahibləri deyil, vasitəçilər çıxarırlar”, - deyə Batır Məhəmmədov bildirib. Onun qənaətinə görə, ölkədə valyuta satışına "dayza-bazar” (dayza- yaşlı qadın deməkdir. Məhz onlar Saparmurad Niyazovun dövründə dollar alqı-satqısı ilə məşğul olurdular - müəl.) nəzarət edir. Hakimiyyət bəyan edirdi ki, "qara bazar”a son qoyulub. Ancaq görünür, bu bazar yenidən dirçəlir. Müvafiq olaraq, qiymətlər və risklər də artır. Onun qənaətinə görə, maliyyə böhranının kökü prezident Qurbanqulu Berdıməhəmmədovun hədsiz xərclər aparması ilə bağlıdır. Belə ki, tək "Asiada-2017” oyunları üçün nəzərdə tutulan Olimpiya şəhərciyinə və yeni aeroportun inşasına büdcədən 8 mlrd. dollar sərf edilib. Bundan əlavə, "Asiada” fonduna büdcə işçiləri öz əmək haqlarının 10-20 faizindən keçməli olurlar.
Beləliklə, türkmən tarixində "qızıl dövr” kimi qeyd edilən illər arxada qaldı. Həmin dövrdə türkmənlərə işıq, qaz və duz pulsuz idi. Onu da qeyd edək ki, Türkmənistanda maliyyə böhranı çoxdan start götürüb. Bu daha çox enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən, kreditlərin ödənilməsi və daxili istehsalın olmamağından sonra başlayıb. Praktiki olaraq, ölkəyə bütün məhsullar – avtomobillərdən başlamış ərzağa kimi xaricdən gətirilir. Bura əlavə olaraq düzgün olmayan maliyyə siyasətinin də daxil etmək olar. Rusiya Elmlər Akademiyası E.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli İnstitutunun postsovet tədqiqatları üzrə mərkəzinin rəhbəri Yelena Kuzmina da bu qənaətdədir. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı sırf qaz ixracı üzərində qurulub. Bu da sonda belə mənfi nəticələrə gətirib çıxarmalı idi. Ekspert xatırladıb ki, ötən ildən başlayaraq Türkmənistanın bank sistemində əhalinin imkanlarını məhdudlaşdıran tədbirlərə əl atılıb. İlk növbədə Mərkəzi Bank yerli şirkətlərə və əhaliyə xarici valyutanın satışını məhdudlaşdıran qaydalar tətbiq edib. Ölkədə yağ, şəkər və digər ərzaq məhsullarının qıtlığı yarandıqdan sonra istisna yalnız idxalçılara şamil edilib.
"Röyters”in məlumatına görə, onlar valyutaları yalnız kommersiya banklarından əldə edə bilərlər. Daha sonra isə həm ölkə hüdudları, həm də ondan kənarda bank əməliyyatları üzərində məhdudiyyətlər tətbiq edilməyə başladı. Mərkəzi Bankın kursu ilə satılacaq valyutanın həcmi də müəyyən edilib. Bu məhdudiyyətlər əhalinin bütün təbəqələrinə, o cümlədən xaricdə təhsil alan tələbələr və sahibkarları da əhatə edir. Ölkə xaricində plastik kartlardan gün ərzində çıxarıla biləcək vəsaitlərin həcmi də müəyyən edilib - 250 dollar. Sonra isə Mərkəzi Bank beynəlxalq plastik kartlarla onlayn hesablamaları da azaldıb. Ən son olaraq əhalinin banklardakı əmanətlərini, o cümlədən plastik kartlara köçürülən əməkhaqqının, pensiya, sosial müavinətlərin nağdlaşdırılmasını məhdudlaşdıran qaydalar tətbiq edilib. Hökumət bütün ticarət mərkəzlərinin, mağazaların nağd pulla ödəmələr həyata keçirmələrini də məhdudlaşdıran qərar qəbul edib. Bunun üçün də sahibkarlardan işlətdikləri obyektləri müəyyən avadanlıqlarla təchiz etməyi tələb edib. Lakin sonuncu məsələnin baş tutacağı real görünmür. Hakimiyyətin hələ ki, başı bu problemi həll etməyə qarışdığından, ekspertlər hesab edirlər ki, yaxın vaxtlarda ölkəni aclıq üsyanları bürüyə bilər. Onu da qeyd edək ki, Türkmənistan ərzaq qıtlığı ilə bu yaxınlarda üzləşmişdi.
Beləliklə, yaranmış durum türkmənlər üçün yaxşı heç nə vəd etmir. Hökumətin bu kimi sərt tədbirləri də müvəqqəti addımlardır. Ölkənin yeganə valyuta mənbəyi olan qaz tədarükündə ciddi problemlər var. Bir vaxtlar Türkmənistan qazının əsas alıcısı olan Rusiyanın qaz nəhəngi "Qazprom” ölkədən qovulub. Hazırda türkmən qazının əsas alıcısı olan Çinlə bağlı da vəziyyət yaxşı deyil. Türkmənistanın Çinə çoxmilyardlıq kredit borcu var. İranla da bağlı eyni vəziyyətdir. Türkmənistan bu ölkəyə satdığı qazı dayandırıb. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, türkmənləri qarşıda elə də xoş günlər gözləmir. Belə getsə, ölkə iri dövlətlərin, konkret olaraq Çinin hərtərəfli təsiri altına düşə bilər. Bu isə onun iqtisadi müstəqilliyinə, daha sonra siyasi müstəqilliyinə son qoya bilər. Digər bir çıxış yolu isə Qərbin maliyyə strukturları ilə danışıqlara gedilməsi ola bilər. Lakin onların da maliyyə şərtləri çox ağırdır. Beləliklə, ölkə çox mürəkkəb bir durumla üzləşib. Belə vəziyyətdən Türkmənistan rəhbərliyinin necə çıxacağını isə zaman göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər