• cümə, 19 Aprel, 09:58
  • Baku Bakı 13°C

“Türkiyəyə bəslənən düşmən münasibətin bariz nümunəsi”

14.12.16 13:13 1581
“Türkiyəyə bəslənən düşmən münasibətin bariz nümunəsi”
Bu həftəsonu Türkiyədə növbəti terror hadisəsi törədilib. İstanbulda həyata keçirilən iki ayrı bomba hücumu nəticəsində 44 nəfər həyatını itirib, 155 nəfər yaralanıb. Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır. Bu isə həlak olanların sayının artacağı ehtimalını yaradır. Faciə ilə bağlı hökumət rəsmiləri bildiriblər ki, hücumların hədəfi çevik polis qüvvələri olub. Baş nazirin müavini Numan Kurtulmuş hadisələrə görə şübhəlinin PKK olduğunu söyləyib. Onun məlumatına görə, çevik polis qüvvələrini hədəfləyən hücumlarda azı 300-400 kiloqram parladıcı maddə istifadə edilib.

Bu hadisədən az sonra bomba hücumlarına görə məsuliyyəti TAK (Kürdüstan Azadlıq Şahinləri) qruplaşması öz üzərinə götürüb. Təşkilat bildirib ki, hücumları Abdullah Öcalanın həbsdə olması və cənub-şərqdəki əməliyyatlara görə törədib. Türkiyə hökuməti TAK və PKK-nın eyni təşkilat olduğunu bəyan edib.

İstanbuldakı terror hadisəsindən sonra Türkiyə Parlamentində AKP, CHP və MHP hücumları qınayan birgə bəyanat verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da terror hadisəsi ilə bağlı sərt mövqe nümayiş etdirib, terrorçulara qarşı sonadək mübarizə aparılacağını bildirib. Türkiyədə törədilən terror aktlarına Azərbaycan cəmiyyəti də həssaslıqla yanaşıb, qardaş ölkəyə dəstəyini ifadə edib. Lakin təəssüf doğuran məqam burasıdır ki, Fransada, eləcə də digər Avropa ölkələrində törədilən terror aktlarını birmənalı şəkildə tənqid edən qərbyönümlü media qurumları İstanbuldakı terror aktlarına, bu qanlı hadisələrin günahkarlarına eyni münasibəti sərgiləməyiblər. Həmin transmilli informasiya resursları İstanbul teraktı ilə əlaqədar hazırladıqları materiallarda Kürdüstan Azadlıq Şahinlərini sanki qəhrəman obrazında təqdim edib, dolayısı ilə onların əməllərinə haqq qazandırıblar. Təbii ki, bu, qərəzli münasibətin, ənənəvi ikili standartların göstəricisidir.

Azərbaycan media mənsubları da Qərbin transmilli informasiya resurslarının belə yanaşmasını qeyri-obyektiv, qərəzli, terrorizmə dəstək verməyə hesablanmış addım kimi dəyərləndirirlər. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, əməkdar jurnalist Azər Həsrət qəzetimizə açıqlamasında bildirib ki, Qərbin, o cümlədən onlara məxsus media qurumlarının belə qərəzli mövqeyi artıq heç kimi təəccübləndirmir. Onun fikrincə, Qərb dövlətləri və bu coğrafiyada fəaliyyət göstərən beynəlxalq insan haqları təşkilatları türk dövlətlərinə, eləcə də Türkiyə və Azərbaycana münasibətdə hər zaman ikili standartlardan çıxış ediblər: "Onlar öz ənənəsinə sadiq qalaraq bu dəfə də Türkiyəyə qarşı eyni mövqe nümayiş etdirdilər. Türkiyədə böyük bir faciə baş verib, terror törədilib, onlarla dinc insan həlak olub, yaralanıb. Əslində, belə vəziyyətdə bütün dünya terroru lənətləməli, Türkiyənin yanında olduğunu nümayiş etdirməlidir. Necə ki, bu dəstəyi, həmrəyliyi vaxtilə Fransada baş verən terror aktı zamanı Türkiyə nümayiş etdirmişdi. Lakin əfsuslar olsun ki, Qərb dövlətləri, cəmiyyətləri bu vəziyyətdə belə, Türkiyəni ittiham etməyi, onu küncə sıxmağı, gözdən salmağı daha üstün tutdular. Qərb mediasında da müşahidə edilir ki, terrorçular hansısa formada müsbət adlarla təqdim edilirlər. Özü də bunu utanmadan, abırsızlıqla edirlər. Əslində bu, Türkiyəyə bəslənən düşmən münasibətin daha bir bariz nümunəsidir”.

A.Həsrət bildirib ki, beynəlxalq təşkilat kimi tanınan və mənzil qərargahı Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiə Komitəsinin mövqeyi də təəssüf doğurur. Onun sözlərinə görə, bu təşkilat İstanbul terrorundan sonra dünyada həbsdə olan jurnalistlərin adları qeyd edilən siyahını açıqlayıb və iddia edib ki, Türkiyədə 81 jurnalist həbsdədir: "Halbuki, həbs olunan həmin adamların böyük əksəriyyəti PKK terror təşkilatına bağlılığı olan, terroru dəstəkləyən, Türkiyədə daxili qarşıdurmanı körükləyən şəxslərdir. Özlərini jurnalist kimi təqdim edənlər əslində Türkiyəni daxildən birbaşa çökdürmək istəyənlərdir. Beynəlxalq təşkilatlar böyük həvəs və maraqla həmin adamları müdafiə edirlər. Maraqlı məqam burasıdır ki, İstanbul terrorundan sonra məlum siyahını açıqlayan beynəlxalq təşkilat bu addımla dünya ictimai rəyində Türkiyənin vəhşi bir dövlət, diktator rejimli idarəçilik üsulu olan ölkə imicini yaratmaq istəyir. Bununla terrorçuların əməllərinə də haqq qazandırılır, guya ki, onların məcburiyyətdən bu yola əl atdığı mesajı verilir. Biz bu prosesləri diqqətdə saxlayır və beynəlxalq tədbirlərdə məlum təşkilat təmsilçilərinin diqqətinə çatdırır və onlardan məsələyə aydınlıq gətimələrini tələb edirik. Təbii ki, onlar deməyə heç bir söz tapmırlar, amma əməllərindən geri də qalmırlar. Fikrimcə, belə məsələlərə qarşı beynəlxalq platformada Türkiyə və Azərbaycanla yanaşı, bütün türk dövlətləri həmrəylik nümayiş etdirməli, birgə mübarizə aparmalıdırlar”.

"APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı da "Kaspi”yə açıqlamasında deyib ki, bəhs olunan trensmilli informasiya resursları Qərbin ayrı-ayrı böyük maliyyə qaynaqlarına, dövlətlərinə bağlıdır. Onun fikrincə, media dünyanın hər yerində cəmiyyətin idarə edilməsində vasitələrdən biridir. V.Mahirqızı bildirib ki, belə olan halda, istənilən ölkədə baş vermiş hadisə sözügedən media qurumlarının bağlı olduğu transmilli şirkətlərin maraqlarına zidd olduğu təqdirdə, həmin media məhz o qurumların maraqları kontekstindən çıxış edir: "Türkiyədəki hadisələrə yanaşmada transmilli media qurumlarının qeyri-obyektiv mövqe sərgiləməsi ilk dəfə deyil. Bu il ərzində Avropa ölkələrində, eləcə də Şərq ölkələrində silsilə terror aktları törədilib. Amma həmin terror aktlarına yanaşmada fərqli mövqe ortaya qoyulub. Misal üçün, Fransada baş verən terror birmənalı surətdə lənətlənib, insanlığa, bəşəriyyətə zidd hadisə kimi qiymətləndirilib. Ancaq Türkiyədəki terror hadisəsinə münasibətdə tamam fərqli mövqe ortaya qoyulub. Halbuki hər ikisi terrordur, hər iki halda günahsız insanlar həyatlarını itiriblər. Heç bir halda bu addımlar təqdir oluna bilməz. Lakin bəhs edilən informasiya resursları fərqli yanaşma ortaya qoyurlar. İnsan faktoruna əhəmiyyət vermirlər. Qərbin transmilli informasiya resursları öz dövlətlərinin maraqlarını güdür, hadisələrə də məhz bu prizmadan yanaşır, bu kontekstdə məlumatlar yayırlar. Görünür ki, Türkiyədəki terror aktlarına yanaşmada da eyni maraqlar önə çəkilib və buna uyğun da məlumatlar hazırlanıb”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər