• cümə, 19 Aprel, 16:31
  • Baku Bakı 25°C

Türkiyənin “Onder Focan & Shallil Bros” musiqi kollektivi Bakının qonağı olacaq

26.08.17 20:19 1395
Türkiyənin “Onder Focan & Shallil Bros” musiqi kollektivi Bakının qonağı olacaq
Türkiyənin "Onder Focan & Shallil Bros” caz kollektivi oktyabrın 20-28-də keçiriləcək "Baku Jazz Fest-2017” Beynəlxalq Caz Festivalı çərçivəsində paytaxtımızın qonağı olacaq.
Beləliklə, festivalın altıncı günü - oktyabrın 25-də tamaşaçıları "Onder Focan & Shallil Bros” qrupu ilə görüş gözləyir. İndiyədək 13 alboma imza atmış və 90-dan çox beynəlxalq musiqi festivalında həm ifaçı, həm də münsiflər heyətinin üzvü kimi iştirak etmiş gitaraçı, bəstəkar və aranjimançı Önder Focan ətrafına istedadlı gənc musiqiçilər toplayaraq onlarla birlikdə sonuncu "Funkbook” albomunu yazdırıb. Konsertdə artıq tanınan gənc saksofonçular – Anil və Batıxan Şalliel (Shallil Bros) qardaşları iştirak edəcəklər.
Gündüz saat 15:00-da "Landmark”da baş rolları Uma Turmanın və Şon Penin paylaşdıqları "Həm şirin, həm də yaramaz” filmi nümayiş etdiriləcək. Filmdə əfsanəvi gitaraçı Emmet Reydən – onun məhəbbət macərəlarından, keçirdiyi yaradıcılıq böhranından və onu uğurun zirvəsinə aparan kəşməkəşli yolundan bəhs edilir.
Saat 20:00-da "Elektra Events hall”da fransız bəstəkarı və ifaçısı, dünya şöhrətli akkardeonçu caz ustası Rişar Qalyanonun konserti olacaq. Fransada onu "müqəddəs caz divi” adlandırırlar. Konsertdə dirijor, Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovun idarəçiliyi ilə "Sinfonietta” orkestri də iştirak edəcək.
Saat 21:00-da "Omri Mor” triosunun konserti olacaq. S.Rubin adına Qüds Musiqi Akademiyasında klassik musiqi təhsili almış istedadlı caz ustası və pianoçu Omri Mor musiqiçi dostları ilə birlikdə tamaşaçıları improvizasiyalar, Əndəlus motivləri dünyasına aparacaq, həm özlərinin orijinal kompozisiyalarını, həm də klassik fortepiano əsərlərinin interpretasiyalarını təqdim etməklə, rok-n-roll musiqisinin sədaları altında onların ovqatını yüksəldəcək.
banner

Oxşar Xəbərlər