• cümə axşamı, 28 mart, 23:18
  • Baku Bakı 13°C

Türkiyənin düşüncə tarixinin yazarı

20.12.16 13:30 2348
Türkiyənin düşüncə tarixinin yazarı
Türkiyənin böyük mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974) yaradıcılığı ilə elmin və fəlsəfi fikrin inkişafında müstəsna xidmət göstərmişdir. Alim elmi və bədii yaradıcılıqla məşğul olmuş, filosof, sosioloq, şair və nasir kimi tanınmışdır. Onun fəlsəfəyə və sosiologiyaya dair yazdığı əsərlər elmi dəyərilə seçilir. Alimin "Türk təfəkkürü tarixi", "Eşq əxlqı", "İnsani vətənpərvərlik", "Oyanış dövrlərində tərcümənin rolu", "Məntiq tarixi", "Dünyada və Türkiyədə sosiologiya", "Bilgi və dəyər", "Türkiyədə çağdaş düşüncə tərzi", "İslam fəlsəfəsi, qaynaqları və təsirləri", "Varlıq və oluş", "Ümumi fəlsəfə dərsləri" və başqa əsərləri bütün dövrlərdə böyük elmi əhəmiyyət kəsb edir.
Hilmi Ziya Ülkənin zəngin yaradıcılığında türk təfəkkürü, düşüncə tarixinin inkişaf mərhələləri haqqında məsələlər xüsusi yer tutmuşdur. Alim XX əsrin 30-cu illərindən türk təfəkkürü, düşüncəsi haqqında araşdırmaya başlamış, bu mövzunu bir fənn kimi də tədris etmişdir. O, Farabi, İbn Sina kimi böyük türk filosoflarının olduğunu ilk dəfə 1921-1923 illərdə İstanbul Universitetində professor İsmail Hakkı İzmirlidən eşitdiyini, 1931-1932 illərdə rəsmi proqramda olmadığı halda, "Qalatasaray liseyi”ndə "Türk təfəkkürü tarixi" adlı bir fənni tədris etdiyini bildirmiş və 1933-cü ildən etibarən yeni qurulan İstanbul Universitetində bu dərsləri getdikcə genişləndirərək, 1960-cı ilə qədər tədris etmişdir.
Filosofun yaradıcılığında mühüm yer tutan "Türk təfəkkür tarixi" kitabı müəllifinə şöhrət qazandırmışdır. Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürk (1881-1938) kitabı yüksək qiymətləndirmiş, Hilmi Ziya Ülkənlə görüşmüşdür. Hilmi Ziya Ülkən türk düşüncəsi, türkçülük tarixində mühüm yer tutan, böyük Azərbaycan mütəfəkkirləri Əhməd bəy Ağaoğlu (1869-1939) və Əli bəy Hüseynzadə (1864-1940) ilə şəxsən tanış olmuş, onların xidmətlərini hərtərəfli şəkildə göstərmişdir. Alimin yaradıcılığında XX əsr Azərbaycan mədəniyyəti tarixi ilə əlaqədar məsələlər də öz əksini tapmışdır.
Hilmi Ziya Ülkən Şərq fəlsəfəsini, həm də Qərb fəlsəfəsini araşdırmış, eləcə də dünya fəlsəfəsinin qarşılıqlı, müqayisəli şəkildə qədim dövrdən müasir dövrə qədər inkişaf xəttini əsərlərində işıqlandırmışdır. Alim Türkiyədə sosiologiyanın tərəqqi etməsində böyük xidmət göstərmiş, sosiologiyaya dair əsərlər qələmə almaqla yanaşı, 1949-cu ildə "Türk Sosiologiya Cəmiyyəti"ni yaratmışdır.
Hilmi Ziya Ülkənin yaradıcılıq irsi hər zaman aktuallığı ilə böyük maraq doğurur. Dahi alimin əsərləri Türkiyənin elmi ictimaiyyəti, müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, yaradıcılığının müxtəlif aspektləri tədqiqata cəlb edilmişdir. Hilmi Ziya Ülkənin irsinin tədqiqində və təbliğində öncə qızı Gülseren xanım Ülkənin, eləcə də Prof.Dr. Erol Güngörün, Prof.Dr. Eyyüp Sanayın, Prof.Dr. Necati Önərin, Prof.Dr. Süleyman Hayri Bolayın böyük xidmətləri vardır. Prof.Dr. Mahmud Coşqun Değirmencioğlu, Prof.Dr. Nazmi Avcı, Prof.Dr. Aykut Kazancıgil, Prof.Dr. Cahit Tanyol, Prof.Dr. Kurtuluş Kayalı, Dr. Fahri Atasoy, Dr. Ayhan Vergili, Hüseyn Dıraman və başqaları da mütəfəkkirin yaradıcılıq irsini müxtəlif baxımdan araşdırmışlar. Azərbaycanda bu sətirlərin müəllifi tərəfindən Hilmi Ziya Ülkənin yaradıcılığı əsasında əsasən Şərq fəlsəfəsi və Türk düşüncəsi tarixi ilə bağlı məsələlər tədqiqata cəlb edilmişdir.
Bu mənada Dr. Ayhan Vergilinin "Ord.Prof. Hilmi Ziya Ülkən” (həyatı, əsərləri və haqqındakı nəşrlər, İstanbul, İşaret Yayınları, 2016. 348 səh.) adlı biblioqrafik kitabı mütəfəkkirin yaradıcılığının işıqlandırılmasında mühüm əhəmiyyət daşıyır. Müəllif kitabı müəllimi Prof.Dr. Aykut Kazancıgilə ithaf etmişdir. Qeyd etmək lazımdır ki, kitab ilk dəfə 2006-cı ildə, ikinci dəfə 2013-cü ildə çapdan çıxmışdır. Hazırkı üçüncü nəşr isə əvvəlkilərin genişlənmiş variantıdır.
"Ord.Prof. Hilmi Ziya Ülkən” kitabına "Ön söz" yazan, alimlə şəxsən tanış olan Prof.Dr. Aykut Kazancıgil Hilmi Ziya Ülkən haqqında, onun fəlsəfə və sosiologiya sahəsindəki elmi fəaliyyəti barədə fikirlərini göstərmişdir. "Ön söz"də Ayhan Vergilinin kitabı haqqında "böyük bir müvəffəqiyyətlə böyük bir mütəfəkkiri yenidən gündəmə gətirmə cəhdidir. Özü də sosioloq olaraq mövzuya yanaşan Ayhan Vergili bunu gerçəkləşdirmiş və Cümhuriyyətin ilk əlli ili ilə bağlı dəyərləndirməmizin böyük bir çatışmazlığını tamamlamışdır" yazmışdır.
Biblioqrafik kitabına Prof.Dr. Cahit Tanyolun " Hilmi Ziya Ülkənin şəxsiyyəti və düşüncə dünyası", Prof.Dr. Necati Önərin "Ord.Prof. Hilmi Ziya Ülkən", Prof.Dr. Kurtuluş Kayalının "Türkiyənin ən rəngli və ən fənlərarası intellektualı: Hilmi Ziya Ülkən" və "Qərarlı bir düşüncə tarixi yazarı olaraq Hilmi Ziya Ülkən" adlı məqalələri daxil edilmişdir.
Ayhan Vergili "Hilmi Ziya Ülkən biblioqrafiyası haqqında bir dəyərləndirmə" adlı yazısında mütəfəkkirin yaradıcılığını dörd dövrə bölmüşdür: I dövr 1918-1933 illəri, II dövr 1933-1942 illəri, III dövr 1942-1960 illər, IV dövr 1960-1974 illəri əhatə edir. Birinci dövrdə 142, ikinci dövrdə 163, üçüncü dövrdə 920, dördüncü dövrdə 209 əsəri çapdan çıxmışdır. Müəllif alimin tərcümə və əsər olmaqla 64 kitabının nəşr edildiyini, bunlardan beşinin fransızca və birinin ingiliscə olmaqla əlavə on ədəd kitab tərcüməsinin mövcud olduğunu bildirmişdir.
"Ord.Prof. Hilmi Ziya Ülkən kitabı" iki bölməyə ayrılır: birinci bölüm "Hilmi Ziya Ülkən biblioqrafiyası", ikinci bölüm "Hilmi Ziya Ülkən haqqında aparılan çalışmaların biblioqrafiyası" adlanır. Ayhan Vergili alimin 1918-1974 illər ərzində çapdan çıxmış, ümumilikdə 1434 əsərini tarixi ardıcıllıqla göstərmişdir. Müəllif Hilmi Ziya Ülkənin vəfatından sonra 1975-ci ildən 2015-ci ilə qədər çap edilən 84 əsəri, eləcə də nəşr edilməmiş 16 əsərindən bəhs etmişdir. Mütəfəkkirin məqalələrinin çap edildiyi qəzet və dərgilər barədə məlumat verən Ayhan Vergili "Tanin", "Tercüman", "Yeni Sabah" və digər on qəzetin, "Anadolu", "Dergah", "Felsefe Yıllığı", "Türk Düşüncesi", "Türk Yurdu" və başqa 98 dərginin adını göstərmişdir. 1974-cü ildə, alimin vəfatından sonra isə məqalələrinin dərc edildiyi "Felsefe Dünyası", "Milli Kültür", "Sosyoloji Yıllığı" olmaqla on iki dərginin adı müəllif tərəfindən təqdim olunmuşdur.
"Ord.Prof. Hilmi Ziya Ülkən” kitabının ikinci bölümündə alimin irsi əsasında aparılan araşdırmalar barədə də ətraflı məlumat verilir. Ayhan Vergili mütəfəkkir haqqında üçü doktorluq, iyirmi dördü magistr, iyirmi üçü bakalavr işi olmaqla əlli tədqiqat işi yazıldığını qeyd etmişdir. Müəllif Hilmi Ziya Ülkənə həsr edilmiş kitab və dərgilərin özəl sayların, kitabların bölümləri və ensiklopediyalardakı məqalələrin adlarını göstərmişdir. Alimin çoxistiqamətli yaradıcılığının müxtəlif aspektləri barədə qələmə alınmış məqalələrin adları burada yazılmışdır.
Kitabda dahi alimin doğumunun 100 illik, vəfatının 30 və 35 illik yubiley tədbirləri münasibətilə keçirilən simpoziumlar və konqreslər haqqında məsələlər öz əksini tapmışdır. Ayhan Vergili Hilmi Ziya Ülkənin əl yazısı ilə olan tərcümeyi-halını, bəzi şəkillərini və kitablarının titul səhifələrini də kitaba daxil etmişdir.
Hilmi Ziya Ülkən haqqında yazılmış bu biblioqrafik əsər, müəllifin böyük əməyinin, zəhmətinin məhsuludur. Ayhan Vergili kitabda mütəfəkkirin həyatını və əsərlərini, ümumiyyətlə, zəngin yaradıcılığını hərtərəfli şəkildə işıqlandırmışdır.
2016-cı ildə böyük mütəfəkkir Hilmi Ziya Ülkənin doğumunun 115 ilidir. Bu baxımdan Dr. Ayhan Vergilinin "Ord.Prof. Hilmi Ziya Ülkən” kitabı (həyatı, əsərləri və haqqındakı nəşrlər)" adlı əsəri Hilmi Ziya Ülkən irsinə dəyərli töhfədir.
Aytək Zakirqızı (Məmmədova),fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər