Türkiyəni silkələyən “Ayla” - Fotolar
Son iki həftədə Türkiyə mediasında Can Ulkayın
rejissoru olduğu "Ayla” filmi müzakirə mövzusuna çevrilib. Bu film Türkiyənin
Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Kino Təşkilatı nümayəndələrindən
ibarət 17 nəfərlik məclis tərəfindən "Xarici dildə ən yaxşı film” nominasiyası
üzrə "Oskar” mükafatına namizəd göstərilib. Bu film son iki həftədə
Türkiyənin ən sevilən və reytinq
toplayan filmlərindən birinə çevrilib. Filmin hekayəsi də çox fərqli və orijinaldır.
60
il sonra yenidən görüşdülər
Oktyabr ayında yayımlanmağa
başlayan və ötən həftənin ən çox müzakirə olunan filmlərindən biri türkiyəli
rejissor Can Ulkayın "Ayla” filmi haqqında söz-söhbətlər səngimək
bilmir.Koreya müharibəsindən bəhs edən kino dünya kinomanlarının
diqqətini çəkib. Filmdə 1950-ci ildə Koreya müharibəsində iştirak edən gənc
türk əsgərinin ata-anasını itirmiş 5 yaşlı koreyalı qızı tapması, bir il yarım
ərzində ona atalıq etməsindən, daha sonra isə ayrılmaq məcburiyyətində
qalmasından və ata-qızın 60 il sonra yenidən qovuşmasından bəhs edir.
Gənc Süleyman 1950-ci ildə könüllü şəkildə Koreya müharibəsində iştirak edib.
O, savaşdıqları zaman qarla örtülmüş bir ərazidə soyuqdan büzüşərək oturmuş,
donmaq üzrə olan bir qız uşağı tapır.
Ata-anası öldürüldüyündən, kimsəsiz qalan qız uşağına sahib çıxıb, onu özü ilə aparır.
Süleyman uşağa Ayla adı verir. Müharibənin davam etdiyi 1,5 il ərzində Süleyman
Aylanı yanından ayırmayıb, ona atalıq edib, öz qızı kimi baxıb.Ölkədən
ayrılmaq vaxtı çatanda isə Süleymana Aylanı Türkiyəyə apara bilməyəcəyi
deyilib. O, qızı kimi sevdiyi Aylanı məcburən uşaq evinə verib və "ata-bala”
bir-birindən ayrılıb. Ayla ailəsini bir dəfə daha itirib…
O hadisədən 60 il keçdikdən sonra türk əsgəri 85 yaşında Koreyada qoyub gəldiyi
"qızını” axtarmaq fikrinə düşüb. O, 5 yaşında ayrılmaq məcburiyyətində qaldığı
Aylanın harada olduğunu, yaşayıb-yaşamadığını bilmək üçün aidiyyəti qurumlara
müraciət edib.
Əlində sadəcə, şəkillər olan Süleyman kişi "qızının” axtarışına başlayıb.
Türkiyəli əsgərlərin sahib çıxdığı ana və atasını itirən 20-yə yaxın uşaq
tapılır. Lakin Ayladan səs çıxmır. Nəhayət 1 ay sonra gözlənilən xəbər gəlir.
Ayla tapılır.
Məlum olur ki, 5 yaşlı Ayla indi 60 yaşında Kim Eunjadır. Ona Süleymanla olan
fotoları göstəriləndə isə Kim göz yaşlarını saxlaya bilmir və hər şeyi dünənki
kimi xatırladığını deyir.
"Ata-bala”nın görüşü Koreyada, onların ayrılmaq məcburiyyətində qaldığı yerdə
gerçəkləşir. Süleyman-Ayla qovuşması isə ətrafdakı hamını göz yaşına
boğur.
Film kimi
hekayə
Gerçək həyat hekayəsi ilə gündəmə gələn Süleyman
Dilbirliyinin səhhətinin birdən birə pisləşməsi tamaşaçıları məyus edib. "Ayla”
filmində Türk tamaşaçılarını göz yaşına boğan və böyük sevgi qazanan Süleyman
Dilbirliyinin səhhəti günü-gündən pisləşir. Dilbirliyi tənəffüs çatışmazlığı
səbəbi ilə xəstəxanaya qaldırılıb. "Ayla” filminin prodüseri Mustafa Uslu Türkiyə
mətbuatına açıqlamasında deyib ki, Süleyman əmi mələk kimi bir insandır və onun
Türkiyə tərəfindən nə qədər sevildiyini görməyini çox istəyir: "Hər kəsdən
Süleyman əmi üçün dua etməsini istəyirəm”.
Filmi
izləyən hər kəs Süleyman əmiyə heyranlığını bildirib Kiçik bir qız uşağının
həyatını xilas edən Süleyman əmi bütün Türkiyənin sevgisini qazanıb. Hazırda Haydar
Paşa Numune xəstəxanasında müalicə olunan keçmiş əsgərin görüşünə gəlmək
istəyən insanların sayı gündən-günə çoxalır. Filmin prodüseri Mustafa Uslu göz
yaşları içində bildirib ki, həkimlər hər an hər şeyə hazırlıqlı olmamızı istəyir:
"Oktyabr ayında Süleyman əminin bütün müalicələrini aparırdıq. Ayağında çiban
kimi çıxan böyük bir çirk vardı. Onu müalicə etdirdik. Ondan sonra Süleyman əmi
filmin qalasına qatıldı. Və qalanın bitməsinə bir neçə saniyə qalmış əyilərək
qulağıma "Oğlum, məndən bu qədər. Sən mənim arzumu gerçəkləşdirdin, mən də Aylaya
verdiyim sözü tutdum” dedi. Qala gecəsində onun nə demək istədiyini anlamadım.
Bir də onda gördüm ki, o, yerə sərildi. Həkimləri də onun ciddi bir xəstəliyi
olmadığını, amma artıq yaşam üçün mübarizə aparmaqdan imtina etdiyini dedilər.
Nə olar, bütün Türkiyə dua etsin. Çünki Süleyman əmi də, həyat yoldaşı Nimet
xanım da bizim üçün tanrı tərəfindən göndərilmiş mələkdirlər. Onlar aldıqları
kiçik bir pensiya ilə küçədə yaşayan heyvanlara baxıb, qarışqanı belə incitməyiblər.
Mənim bu həyatda tək istədiyim şey odur ki, Süleyman əmi insanların onu nə
qədər sevdiyini görsün. Xəstəlik xəbərini eşidəndən hər kəs onunla görüşmək,
əlini öpmək istəyir. Süleyman əmi hazırda ölüm ayağındadır, taleyi aparatlardan
asılıdır. Bütün dualarımız Süleyman əmi üçündür. Gözlərini açsın və görsün ki,
bu xalq onu necə sevir”.
Gerçək
fotolardan götürülmüş kadrlar
Real həyatdan götürülmüş filmin Türkiyədə qalası
keçirildi. Filmi izləyən tamaşaçılar Süleyman bəyə məktublar yazmağa başlayıblar. Rejissor
Can Ulkay film haqqında öz təəssüratlarını türk mediası ilə bölüşüb.
Filmin necə ərsəyə gəlməsi ilə bağlı bütün detalları mətbuat nümayəndələri ilə
bölüşüb. O deyib ki,Süleyman əmi Koreyaya gedəndə fotoaparatını da özü
ilə aparıb: "Süleyman əmi müharibədə 300-400 şəkil çəkib. Onların hamısını bizə
göstərdi. Yeri gəlmişkən, onların yenilərini çıxartdıq. Sonra da Süleyman
əmidən bir-bir şəkillərin hekayəsini danışmasını xahiş etdik. Danışdıqca
hadisələri və adları xatırlamağa başladı. Bu film yalnız kiçik uşaq və bir
şəxsin həyatı haqqında ola bilməzdi. Süleyman Əmi bizə 15 obraz danışdı.
Onların arasında Əli və Pepe də var. Məsələn, Pepe pəltək olduğu üçün Süleyman
əmi onun dediklərini heç vaxt anlamazmış. Onu da, Əlini də filmə daxil etdik.
Filmdə bu insanların prototiplərini görəcəksiniz”.
Rejissor deyir ki, Süleyman əminin çəkdiyi şəkillər
əsnasında bir neçə kadrlar hazırlanıb: "Bütün hekayə və detallar yüz faiz real
hadisələr əsasında çəkilib. Amma onların ssenaridə birləşdirilməsi vacib idi.
Məsələn, o illərdə Merlin Monro Koreyada konsert proqramı ilə çıxış edib. Biz
onu ssenariyə uyğunlaşdırdıq. Bu kimi birləşdirmələrin aparılması mütləq idi. Süleyman
əminin fotolara baxarkən verdiyi reaksiyanı həyatım boyu unutmayacağam.
Xəyallara dalması çox qəribə idi”.
"Biz istəmirik
ki, "Ayla” müharibə filmi kimi tanınsın”
Filmin "Oskar” a namizəd olmasına gəlincə isə
Can Ulkay bildirib ki, bu barədə məlumat veriləndən sonra geniş
müzakirələr başlayıb: "Lakin biz istəmirik ki, "Ayla” müharibə filmi kimi
tanınsın. Bu, sevgi filmidir. Müharibə səhnələri filmin hər yerində var, amma
mövzuya uyğun olsun deyə. Bir neçə qarşıdurma səhnəsi çəkdik. Hər halda, filmin
90 faizi sevgi, qardaşlıq və yardımsevərlikdən danışır. Qırmızı, Mavi və Ağ
film üçlüyü var. Biz də tizerləri dostluq, sevgi və ayrılıqla bağlı hazırlamağa
qərar verdik. Çünki filmin mahiyyətində üçü də var. Bu hekayə dünyanın hər
hansı yerində, başqa iki millət arasında da baş verə bilər. Filmdən Türkiyənin
gerbini: ay ulduzu və qızın qıyıq gözlərini çıxarsan, bu hekayə dünyanın
istənilən ölkəsinə aid edilə bilər.
İstəyirəm ki, "Ayla”nın beynəlxalq məhəbbət və
yaxşılıqdan bəhs edən film olduğuna diqqət çəkilsin. İnsanlar müharibə filmi
kimi qələmə verir, amma baxandan sonra elə olmadığını anlayacaqlar. Biz dünya
kinosunda edilə biləcək ən yaxşı tarazlığı qoruyub saxladıq”.
Can Ulkay 1950-ci illəri və II Dünya Müharibəsini
gözəl təsvir edib. Deyir ki, həmin illərdə dünya ikiyə bölünmüşdü: "Çətin
mənzərədir, təsəvvür edin, dünya ikiyə bölünüb: Kommunizm və digər tərəf.
Filmin sonunda Amerika, Çin, Koreya, Türkiyə də var. Əgər nə vaxtsa film təhlil
edilsə, müharibə, kommunizm kimi faktorların olduğunu görərsiniz. Amma bunların
hamısı yuxarıda dediyim kimi, mövzu etibarilə detallar kimi daxil edilib.
Filmdə amerikalıları da canlandırmışıq, çünki
müharibədə onlar da olub. Millətçiliyə xüsusi diqqət çəkməmişik. Amerikalı bir
general "Buraya türklər gəldilər, biz onları bu xidmətə aldıq. Amma müharibə
elə bir vəziyyətə gəlib ki, türklərin gəlişi müharibənin rəngini dəyişdirdi.
Müharibə bitdikdən sonra heç kim Amerika və ya başqa ölkədən danışmayacaq,
yalnız türklərdən danışacaqlar” deyib. Generalın bu çıxışı rəsmi sənədlərə
daxil edilib, bu sözlər filmdə də var. Bunun həqiqət olduğunu bilməyənlər, boş
danışdığımızı düşünəcək. Lakin Amerika sənədlərində bu deyilənlər var”.
Filmin
keyfiyyətinə gəlincə isə rejissor
bildirib ki, prodüserin
işə ürəyini qoyması çox əhəmiyyətlidir: "Biz heç bir mübahisəsiz bu yerə
gəlmişik. Mənim üçün şansdır. Hər istədiyimizi etdilər. Çox böyük iş görmüşük,
layiqdir də. Biz Türkiyə standartlarına uyğun film çəkmək niyyətində deyildik.
Biz, kino standartlarında uyğun film çəkməliydik! Beynəlxalq standart və
Türkiyə standartları arasında ayrı-seçkilik olmamalıdır. Odur ki, xaricdə bizi
təmsil edən doğru film çəkməliyik”.
Qeyd edək ki, sözügedən filmin Azərbaycanda nümayişi gözlənilir.
Filmin süjet xətti və mövzusu bizdə də böyük marağa səbəb olub.
Xəyalə Rəis