Türkiyəli kino xadimləri Bakıda - Fotolar
V Türk Filmləri
Həftəsi tamaşaçıların böyük marağı ilə davam edir
Türkiyə ilə Azərbaycan arasında yeni mədəniyyət
körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan
ən önəmlisi könül bağlarıdır. Bizlər bir-birimizi hər sahədə tanımalı,
yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etmək
üçün bir araya gəlməliyik. Türk filmləri həftəsi isə buna vəsilədir".
Film mədəni təbliğat vasitəsidir. Onun köməyi ilə
bütün dünyaya sözünü deyə bilərsən. Bir ölkəni tanıtmaq üçün ideal vasitə olan
film festivalları və təqdimatların rolu isə bu yöndə əvəzsizdir.
Noyabrın25-dəNizami Kino Mərkəzində
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı
səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin təşkilatçılığı və
Nizami Kino Mərkəzinin dəstəyi ilə V Türk Filmləri Həftəsinin açılış mərasimi
keçirildi. Noyabrın 29-na qədər nəzərdə tutulmuş film həftəsində Türkiyədə
çəkilən yeni filmlər iştirak edir. Eyni zamanda bu layihəyə filmlərdə baş
qəhrəmanları yaradan aktyor heyəti, rejissorlar, prodüserlər də qatılıb. Onlar
bir həftə ərzində filmlərin nümayişi ilə bərabər, iki ölkə arasında mədəni əlaqələrin
yaradılmasında əsas vasitəçi rolunu oynayırlar. Belə ki, bu bir həftə ərzində Türkiyədən
Bakıya səfər edən yaradıcı heyət tələbələrlə diskussiyalar, azərbaycanlı
rejissor və prodüserlərlə yaradıcı fikir mübadilələri aparacaqlar.
Bu dəfə Azərbaycana "Locman” filminin rejissoru
Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa
Sofiya Aksongur, "Çakallarla Dans 5”
filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla İrmak,
"Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, "Annem”
filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali,
SETEM baş direktoru Mehmet Güleryüz, "Star” qəzetinin mədəniyyət-sənət
redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və
baş koordinatoru Öner Kılıç gəlmişdilər.
Türkiyənin Azərbaycandakı
səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçiqeyd edir ki, V Türk Filmləri Həftəsinin keçirilməsi iki ölkə arasında
mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə təsirsiz ötüşmür: "Bakıda
keçirilən V Türk Filmləri Həftəsi hər iki ölkə arasında mədəni əlaqələrin
möhkəmləndirilməsinə və film sektorunda qarşılıqlı münasibətlərin yaradılmasına
müsbət təsir göstərir. Günümüzün ən aktual və birbaşa təsir gücünə malik olan
sənət növü məhz filmlərdir. Danılmaz faktdır ki, dünyada türk filmləri kifayət qədər
sevilir və izlənilir. O cümlədən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə
də ən təsirli vasitələrin başında filmlər dayanır. Hər kəsə bəllidir ki, bu gün
türk filmləri öz inkişaf dövrünü yaşayır, xaricdə belə türk film və serialları
çox izlənilir, sevilir. Azərbaycan da bunun bir parçası olmağa başlayıb. Çünki
Türkiyədə kinoteatrlarda nümayiş etdirilən filmlər, demək olar ki, eyni zamanda
Azərbaycanda da nümayiş etdirilir. Türk filmlərinin Azərbaycanda çoxlu tamaşaçıları
var. Bu, kiçik hadisə deyil, yaxınlığın, birliyin, bərabərliyin ən önəmli
göstəricilərindən biridir. Bu baxımdan, sadəcə bu layihə deyil, türk filmləri ilə bağlı keçirilən bütün
tədbirlər müsbət təsirlidir”.
İ.Çiftçi qeyd etdi ki, Bakıda keçirilən türk
filmləri həftəsi çərçivəsində kinosevərlər maraqlı filmləri izləmək fürsəti
əldə edir: "V Türk Filmləri Həftəsində nümayiş olunan filmlər hər bir
tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdırır. Təşkil
edilən film həftəsində azərbaycanlı kinosevərlərə türkiyəli peşəkar
rejissorların, aktyorların tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda
dərin izlər buraxmış filmləri təqdim edilir. Həftə ərzində təqdim olunacaq
ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm
də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir
daha onlara çatdırır”.
Müşavir festivaldan danışarkən türk filmlərinin
beynəlxalq kino sənayesindəki hazırkı vəziyyətinə də aydınlıq gətirdi. Bildirdi
ki, bu gün türk filmləri nəinki dünya və Türkiyə kinoteatrlarında, eyni zamanda
"Youtube” kanallarında da ən çox izlənilən filmlərdir: "Film çox əvəzsiz
vasitədir və məhz film vasitəsi ilə türk aktyorları dünyaya çıxır, tanınır,
sevilir və böyük rəğbət qazanır. Türk filmləri, eləcə də aktyorlar, rejissorlar
dünyaca məşhur film müsabiqələrində ən önəmli nominasiyalara layiq görülürlər. Misal
üçün, bir neçə il bundan öncə Nuri Bile Ceylan "Qış Yuxusu” filmi ilə "Kann”
film festivalının baş mükafatı olan "Qızıl palma”ya layiq görüldü. Ötən gün
türk aktyoru Haluk Bilginər "Şahsiyet” serialındakı Agah Beyoğlu roluna görə
47-ci beynəlxalq "Emmi” mükafatınalayiq görüldü. Yəni bu gün türk
filmləri dünyada tanınır və kifayət qədər sevilir. Biz isə bununla fəxr edirik”.
V Türk Filmləri
Həftəsinın baş koordinatoru Öner Kılıç ötən illərdə də
Bakıda türk film həftələrinin keçirildiyini və tamaşaçıların marağına səbəb
olduğunu, türk filmlərinin böyük izləyici kütləsinin formalaşdığını dedi:
"Həftə ərzində təqdim olunacaq ekran əsərləri türk dünyasının adət-ənənələrini,
tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq. Hazırda
türk filmlərinin böyük auditoriyası var. Qardaş Azərbaycanda belə bir tədbirin
keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və
genişləndirilməsinə xidmət edir. V Türk Filmləri Həftəsinin keçirilməsində əsas
məqsəd türk dünyası filmləri ilə bağlı forum yaratmaq, ortaq tük dünyası kinosu
forumu olaraq rejissorlar, ssenaristlər, prodüserləri bir mərkəzdə
birləşdirərək ortaq mədəniyyəti, dili olan topluluqların ortaq sənət əsərlərini
yaratmaqdır.Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə
rol almış aktyorlarla izləyicilərin görüşü təşkil edildi və biz bu görüşdən böyük
zövq aldıq. Onu da qeyd edim ki, bu layihə çərçivəsində Türkiyə ilə Azərbaycan
arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox
səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Bizlər bir-birimizi
hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı
surətdə təbliğ etmək üçün bir araya gəlməliyik. Türk filmləri həftəsi isə buna
vəsilədir".
Nizami Kino
Mərkəzinin kino işləri üzrə direktor müaviniArzu Əhədovabizimlə söhbətində 5 ildir ki, türk filmləri həftəsinin keçirildiyini və hər il
bu festival ərəfəsində Kino Mərkəzində böyük izdiham yaşandığını bildirdi: "Film
həftəsi başlamamışdan artıq filmlərin sosial şəbəkələrdə elanı verilmişdi.
Tamaşaçılar bir həftə öncədən maraqlanır və filmlərin seanslarını öyrənib
izləməyə gəlirlər. Nizami Kino Mərkəzində keçirilən türk filmləri həftəsində
zallarımız tamaşaçı ilə dolu olur. Bizim kiməsə müraciət etməyimizə ehtiyac
olmur. İzləyicilər özləri "Facebook”, "İnstagram” səhifəmizi izləyirlər və
seçdikləri filmlərə baxırlar. Ötən il türk filmləri həftəsində o qədər çox
tamaşaçı bizə müraciət etmişdi ki, məcbur qalıb, kiçik zalı böyük zalla əvəz etmişdik.
Tamaşaçıları yerləşdirmək üçün daha böyük zalları açdıq və bu dəfə də bütün
tədbirləri, gələn qonaqları nəzərə almışıq”.
Arzu xanım bildirir ki, bu layihə türk filmlərinin
tanıdılması və sevdirilməsi üçün ən gözəl vasitədir: "Festivalda türk
rejissorlarının çəkdiyi yeni filmlər nümayiş olunur. Hansı ki, bu filmlər
Türkiyədə də kifayət qədər sevilir və izlənilir. Danılmaz faktdır ki, türk
filmləri dünyada da ən çox izlənilən və baxılan filmləri sırasındadır. V Türk Filmləri
Həftəsində iştirak edən türk qonaqlarımızın məqsədi burada öz tamaşaçıları ilə
görüşmək və Azərbaycandakı həmkarları ilə birlikdə böyük layihələrə imza
atmaqdır. Onlar istəyirlər ki, bizim rejissorlarla, aktyorlarla münasibət qursunlar,
müştərək filmlər çəksinlər. Türkiyəli məşhur aktyor və rejissorlar həftə
ərzində burada olur, universitetlərə gedir, tələbələrlə görüşürlər. Həm də
bizim rejissor və prodüserlərlə görüşlər təşkil olunur. Bu görüşlərdə müəyyən
danışıqlar aparılır, əlaqələr qurulur”.
A.Əhədova Nizami Kino Mərkəzində tamaşaçıların türk
filmlərini böyük maraqla izlədiyini və daha çox 25-45 yaşında tamaşaçıların
üstünlük təşkil etdiyini deyir.
Qeyd edək ki, film həftəsi ərzində noyabrın 27-də
saat 17:00-da "Annem”, 19:00-da "Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da
"Çakallarla dans 5”,
19:00-da "Kapan”; noyabrın 29-da saat 17:00-da "Rafadan Tayfa”, 19:00-da
"Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim
olunacaq. Giriş sərbəstdir.
Xəyalə Rəis