• şənbə, 20 Aprel, 10:44
  • Baku Bakı 14°C

Türkiyəli jurnalist-yazar: “20 Yanvar qətliamına qarşı Türkiyənin hər yerində etiraz aksiyaları keçirildi”

20.01.17 11:30 1956
Türkiyəli jurnalist-yazar: “20 Yanvar qətliamına qarşı Türkiyənin hər yerində etiraz aksiyaları keçirildi”
TRT "Türkiyənin səsi” radiosunun Azərbaycan dilində verilişlər redaksiyasının rəhbəri, jurnalist-yazar Seyfəddin AltaylınınAPA-ya müsahibəsi
- Sovet imperiyasının 20 yanvarda Bakıda törətdiyi qətliam xəbərini ilk dəfə haradan aldınız?
- Mən o vaxt Avropadakı milliyyətçi qurumlarla iş aparmaq, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə dəstək vermək üçün Almaniyada idim. Sovet imperiyasının Bakıya qoşun yeridərək xalqımızı qətlə yetirməsini orada TV-lərdən öyrəndim. İstanbuldakı Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı Nihat Çətinqaya ilə əlaqə yaradıb ondan məlumatlar alırdım. Almaniyanın Berlin, Hannover, Köln, Ştutqart və b. şəhərlərindəki türk dərnəklərinin hamısı sovet imperiyasının Bakıda törətdiyi qətliama etiraz etmək üçün aksiyalar keçirdilər. Berlində milliyyətçi dostum Həsən Kiçikin qurduğu təşkilat da geniş tərkibli aksiya təşkil etdi.20 Yanvarın türklərin tarixinə qızıl hərflərlə yazıldığını o vaxt hamımız dərk edirdik. Almaniyadan Bakıya zəng edib bir çox tanınmış ziyalı ilə əlaqə yaratmış, onların etiraz səsinin Avropada yayılmasına nail olmuşduq. Türkiyəyə qayıdan kimi ölkəmizin bir çox bölgəsində - Ankarada, Samsunda, İstanbulda, Konyada mitinqlər təşkil etdik. Mən "Türkiyənin səsi” radiosunda Azərbaycan redaksiyasının rəhbəri idim. Bakı ilə daimi əlaqə saxlayırdım. Təkcə ziyalıları yox, kommunist sistemdə rəhbər vəzifələrdə işləyənləri də danışdırıb onların qətliama qarşı etirazlarını dünyaya yayırdım. O vaxt inanırdıq ki, rus xalqının içində də bu imperiya ambisiyalı cinayətləri qəbul etməyən insanlar var. Bakı qətliamından bir müddət əvvəl mən əqidədaşlarımla Azərbaycanı Tanıtma Dərnəyi qurmuşdum, o təşkilatımız da 24 saat çalışaraq Bakı qətliamına qarşı Türkiyədə etiraz aksiyaları keçirilməsinə nail oldu. Rəhmətlik İbrahim Bozyel İğdırda Azərbaycan Dərnəyi qurmuşdu, onların İğdırda təşkil etdiyi mitinqdə bölgənin bütün əhalisi - türküylə, kürdüylə20 Yanvarqətliamını lənətlədi.
- Mərhum Xəlil Rza 22 yanvarda keçirilən mitinqdə türk qəzetlərinin Bakı qətliamıyla bağlı manşetlərini oxumuşdu...
- Mən rəhmətlik Xəlil Rza ilə də daimi əlaqədə idim, onu danışdırırdım, millətimizi buxovlardan, boyunduruqlardan azad olmağa çağıran şeirlərini daima efirdə səsləndirirdik. Qəzetlərin manşetlərini ona bizim arkadaşlarımız hələ mən Almaniyada olarkən yazdırmışdılar. Sovet imperiyasının 20 Yanvarda Bakıda törətdiyi qətliama qarşı sanki Türkiyədə bütün sahələrdə səfərbərlik elan edilmişdi. Azərbaycanın o şərəfli müqaviməti digər türk xalqları üçün də örnək oldu və olmağa davam edəcək. Əminəm ki, əsarətdə qalmış bütün türk xalqları20 Yanvarmüqavimətini örnək alaraq boyunduruqdan xilas olacaqlar.
-20 yanvarqətliamının Türkiyədə ictimaiyyətə çatdırılmasında mərhum Mehmet Əli Birandın da rolu az olmamışdı...
- Televiziyanın təsir gücü daha genişdir. Mehmet Əli Biranda Allah rəhmət eləsin, onun rolu da böyük oldu. Qətliamdan bir müddət sonra professor Abbas Zamanov Türkiyəyə gəldi. Konyadakı Səlcuq Universiteti Abbas müəllimə fəxri professor ünvanı vermişdi. Son dərəcə vətənpərvər insan olan Abbas Zamanov Konyadakı çıxışında20 Yanvarqətliamı barədə ətraflı məlumat verərək, Azərbaycanın istiqlalı uğrunda mübarizənin mahiyyətindən danışdı. Abbas müəllimi Konyadan Ankaraya gətirdik, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi, Ankarada keçirdiyi bütün görüşlərdə20 Yanvarbarədə danışdı. Onun çıxışları Azərbaycanın istiqlal mübarizəsi barədə Türkiyədə olan inamı daha da gücləndirdi.20 yanvarşəhidlərimizə Allahdan rəhmət diləyir, 27 ildən sonra mənə o günlərdəki fəaliyyətimiz barədə danışma imkanı verdiyiniz üçün sizə təşəkkür edirəm.
banner

Oxşar Xəbərlər