AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq

Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq

Cəmiyyət
29 Fevral 2020, 16:45 605
"Azərbaycan dövləti və xalqı bütün dövrlərdə qardaş Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyi ilə əhatə olunub. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmağımız bu iki ölkənin xalqlarını həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Məhz buna görə tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir və əhatə dairəsi genişlənərək dərinləşir. Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının keçirilməsi bunu bir daha təsdiq edir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, iclasda görülən işlərə yekun vurularaq əlaqələrin gələcək inkişafına dair müzakirələr aparılıb və 14 sənəd - memorandum, saziş və protokol imzalanıb. Bu iclas və imzalanan sənədlər Azərbaycan-Türkiyə dövlətləri arasında münasibətləri Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət” kimi xarakterizə etməsinin dərin köklərə əsaslandığını əyani olaraq sübut etdi. Əlbəttə, bu münasibətlər uzun müddətdir ki, hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü və qarşılıqlı fayda verən siyasətin məntiqi nəticəsidir. Buna görə də hazırda Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir və bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni mərhələyə keçməkdədir. "Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputat kimi imzalanan sənədlər sırasında Naxçıvan ilə Türkiyə arasında dəmir yolu və qaz xəttinin çəkilməsi məsələsinin razılaşdırılmasını xüsusi qeyd etmək istəyirəm. Belə ki, "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində və Naxçıvanda müxtəlif adda və çeşiddə məhsul istehsalının artımında bu dəmir yolunun işə düşməsi olduqca böyük əhəmiyyət kəsb edir. Çünki Ermənistanın uzun illərdir ki, Naxçıvanı blokadaya alması muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrə ixrac olunmasına böyük maneə törədir. Bu da ölkədə sahibkarlığın inkişafına mane olur, mövcud potensialdan səmərəli istifadə etməyə imkan vermir və əhalinin rifah halının daha da yaxşılaşmasında əngəl yaradır. Türkiyədən Naxçıvana dəmir yolu xəttinin çəkilməsi isə bu problemləri aradan qaldıracaq və Naxçıvan Muxtar Respublikası özünün sənaye və kənd təsərrüfatı potensialını genişləndirərək daha çox xarici ölkələrlə iqtisadi əlaqələr qurmaqla yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Beləliklə, bu dəmir yolu xəttinin çəkilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının sürətlənməsində mühüm rol oynayacaq. İğdırdan Naxçıvanın sərhədinə qədər 160 kilometrlik qaz xəttinin çəkilməsi də çox önəmli məsələdir və bu layihənin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının qazlaşdırılmasına və təbii qazla etibarlı təminatına böyük dəstək olacaqdır. Bu da Naxçıvanda əhalinin sosial şəraitinin yaxşılaşmasına öz töhfəsini verməklə iqtisadiyyatın inkişafına da təkan verəcəkdir”, - deyə E.İbrahimov vurğulayıb.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, bu iclasın gedişində Naxçıvan Muxtar Respublikası üçün önəmli məsələlərdən biri də son günlər Türkiyə-Naxçıvan sərhədində tətbiq edilən məhdudiyyətin aradan qaldırılması oldu: "Belə ki, Türkiyə koronavirus infeksiyasını əsas gətirərək İranla mövcud sərhəd-keçid məntəqələrini bağlamaqla yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də Azərbaycan tərəfi ilə müzakirə aparmadan hərəkəti məhdudlaşdırmışdı. Bu məsələ prezidentlərin görüşündə müzakirə edildi və Azərbaycanda koronavirus infeksiyasının aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırıldı. Bununla da Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən artıq Dilucu sərhəd-keçid məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyət aradan qaldırılıb və məntəqənin fəaliyyəti tam bərpa edilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Türkiyə və Azərbaycan arasında həllini tapmayan heç bir məsələ yoxdur, Türkiyə həmişə Azərbaycanın yanında olduğunu daim sübut edir və sözün həqiqi mənasında qardaş olan bu iki ölkə arasında münasibətlər yüksək səviyyədə olmaqla yeni inkişaf mərhələsinə keçib. Bu da onu göstərir ki, hələ keçən əsrin əvvəllərində Naxçıvanın Azərbaycan Respublikasının tərkibində Muxtar Respublika kimi fəaliyyət göstərməsi üçün həyata keçirdiyi hərbi, siyasi və iqtisadi fəaliyyəti bu gün də davam edir və dərin tarixi köklərə əsaslanan bu münasibətlər bundan sonra da yeni zirvələr fəth edəcək”.