• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

Türkiyədə yeni bir çevriliş cəhdi mümkündür

23.07.16 10:49 1252
Türkiyədə yeni bir çevriliş cəhdi mümkündür
Türkiyədə iyulun 15-də baş verən qiyamdan sonra yaşanan gərginlik tədricən azalmağa doğru istiqamət götürüb. Ölkə prezidenti Rəcəb Tayib Ərdoğan isə hesab edir ki, yeni bir çevriliş cəhdi mümkündür. Əlavə edib ki, ancaq onu reallaşdırmaq asan olmayacaq. "Bu dəfə daha sayığıq”, - deyə prezident Reuters agentliyinə bildirib.
R.T.Ərdoğan fövqəladə vəziyyətin ehtiyac olacağı təqdirdə, daha üç ay uzadıla biləcəyini açıqlayıb. Türkiyə prezidenti çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmazlıqların olduğunu və silahlı qüvvələrin sürətlə yenidən formalaşdırılacağını deyib: "12 saat ərzində hər şey nəzarət altına alındı. Millətimizin meydanlara çıxması hər şeydən önəmli idi. Çətin olsa da, baş nazirlə əlaqə qura bildim. Vətəndaşlarımı küçələrə dəvət etdim”. Prezident deyib ki, "üç ay davam edəcək fövqəladə vəziyyət ərzində gecə-gündüz çalışacağıq. Bu günləri yenidən yaşamaq istəmirik”.
İyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub
Prezident onu da bəyan edib ki, iyulun 15-i Türkiyədə şəhidlərin anım günü elan olunub. R.T.Ərdoğan deyib ki, Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişinə uğursuz cəhd etdiyi günlərdə türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməlidir, yalnız və yalnız hökumətimizin səlahiyyətli qurumlarının və şəxslərinin verdikləri məlumatlara etibar etməyinizi xüsusi olaraq xahiş edirəm”. Prezident əlavə edib ki, Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə edilən cəhddən sonra ölkədə 4000 nəfər saxlanılıb. O bildirib ki, saxlanılanlardan 103 nəfəri ordu generalıdır.
CİA rəhbəri qarşıdurmanın artacağı proqnozunu verib
Maraqlıdır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan da iyulun 15-də dövlət çevrilişi planının baş tutmamasından sonra Türkiyədə qarşıdurmanın artacağı proqnozunu verib. O, bəzi dairələrin Türkiyədə dövlət çevrilişi planında CİA-nın rol aldığı haqda dediklərini şərh etməyib. Ancaq Ərdoğana dolayısı ilə xəbərdarlıq edib: "Son bir neçə ildir Türkiyədə siyasət səhnəsində diqqətçəkən proseslər baş verir. Ərdoğan getdikcə gücünü artırır. Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə qarşıdurmalar baş verəcək”.
Binəli Yıldırım da Hakan Fidanla əlaqə saxlaya bilməyib
15 iyulda hərbi çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, baş nazir Binəli Yıldırım da MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib. Baş nazir həmin gecəni belə xatırladıb:
"Saat 21.00-a qədər Dolmabaxça sarayında görüşlərim vardı. Körpünü keçərkən hərəkətlilik hiss etdim. Prezidentə zəng etdim. Çevrilişə cəhd olması ilə bağlı məlumat aldığını dedi və evə getməməyimi istədi. Nazirlər kəşfiyyat səhvi olduğunu deyir. Bir qisim isə "çevriliş barədə məlumat var idisə, niyə qarşısı alınmadı, prezident, baş nazir və kabinet üzvlərinə niyə xəbər verilmədi” sualı üzərində dayanır, məsul şəxslərin vəzifədən çıxarılmasını tələb edir.
Daxili işlər naziri Efkan Ala "Saat 21.20-də Ərzurumda təyyarəyə mindim, xəbərim yox idi. Saat 23.00-da Ankaraya çatanda xəbərim oldu. Elə hava limanındaca tədbir görməyə başladım” deyib. Milli Təhlükəsizlik Şurasında Baş Qərargah rəisi Hulusi Akar çıxış edir, hərbi çevrilişin baş verdiyi gecə olanları danışır. Akarın sözlərini deyəcəyəm, çox diqqət çəkən bir cümlə işlətdi: "Birliklərə çatdırılması üçün verdiyim təlimatları faksla göndərmək əvəzinə cırmışdılar”.
Silahlı Qüvvələr Müdafiə Nazirliyinin tabeliyinə verilir?
Türkiyə Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin tabeliyinə verilməsi məsələsi gündəmdədir. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. "Türkiyə Silahlı Qüvvələrinin daxilindəki Fətullahçıları ayırd etməliyik. Bu qruplaşmanın vətənə xəyanət etdiyi hər kəsə bəllidir. Lakin bunu bütünlüklə türk ordusuna şamil etmək yanlışdır. Orduda yüzlərlə, minlərlə vətənpərvər var. Onları ayırmalıyıq”, – Kalın bildirib.
Jandarm qüvvələri DİN-in tabeliyinə veriləcək
İslahatlar isə davam edir. "Jandarm qüvvələri tamamilə Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək”. Bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, yeni qurumlar yaradıla bilər: "Gücün bir əldə cəmləşməsinin qarşısını almalıyıq. Ona görə də jandarm qüvvələrinə kiminsə təyinatı və vəzifədən çıxarılması bizim sərəncamımızda olacaq. Yəni polis idarələri necədirsə, jandarm də elə olacaq".
1669 özəl təhsil qurumu qapadılacaq
Türkiyə Milli Təhsil Nazirliyi "Fətullahçı Terror Təşkilatı”na (FETÖ) məxsus olan 939 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər qurumu bağlamağa hazırlaşır. Ümumilikdə 1669 özəl təhsil qurumu qapadılacaq. Nazirlik indiyə qədər 800-ə yaxın özəl məktəbin bağlanması ilə bağlı yazılı təlimatı vilayətlərə göndərib. Həmin məktəblərdə çalışan 27 min 157 təhsil işçisi və digər personalın çalışma iznləri ləğv edilib. Bu şəxslərin Təhsil Nazirliyi sistemində çalışmasına icazə verilməyəcək.
Hərbçi intihar edib
Türkiyəli hərbçi dövlət çevrilişinə cəhdin qarşısını ala bilmədiyinə görə intihar edib. Bu barədə Siirt valiliyi yazılı açıqlama verib. Məlimata görə, Türkiyə Silahlı Qüvvələrinin Siirt şəhərində yerləşən 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Önder dünən səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb. Açıqlamada hərbçinin prokurorluğa şahid qismində ifadə verdiyi, lakin qiyamçıların planlarının qarşısını ala bilməməsindən dolayı mənəvi sarsıntı keçirdiyi, bu səbəbdən də intihar etdiyi qeyd olunub.
Türkiyə ekstradisiya komissiyasında iştirak etməyə hazırdır
Türkiyə Fətullah Gülənin ekstradisiyası məsələsini həll etmək üçün ABŞ-da yaradılması təklif olunan komissiyanın işində iştirak etməyə hazırdır. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində bildirib. Bu arada o da bəlli olub ki, Türkiyənin daxili işlər və ədliyyə nazirləri gələn həftə ABŞ-a səfərə gedəcəklər. Səfər çərçivəsində Efkan Ala və Bekir Bozdağ Fətullahçı terror təşkilatının uğursuz dövlət çevrilişi cəhdindən sonra təşkilatın rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstadisiyası məsələsini müzakirə edəcəklər.
Öz növbəsində, Türkiyənin Ankara 4-cü Ağır Cəza Məhkəməsində prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı qəbul edilib. İttihamnamədə cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı keçir. Onların arasında FETÖ-nun rəhbəri Fətullah Gülənin də adı var. Məlumata görə, məhkəmənin ilk hazırlıq iclası bu il noyabrın 22-25-də keçiriləcək.
Ölən və yaralanan mülki vətəndaşların ailələrinə təzminat ödəniləcək
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı ölən və yaralanan mülki vətəndaşların ailələrinə ödəniləcək təzminatın məbləği açıqlanıb. Təzminat "Terror və terrorizmlə mübarizə nəticəsində yaranmış zərərlərin qarşılanması haqqında" qanuna əsasən ödənəcək. Məlumata görə, hadisələr zamanı ölənlərin ailələrinə 32 640 TL, yaralananlara 3 916 TL, əlil qalanlara isə 47 000 TL birdəfəlik maddi yardım veriləcək. Bundan əlavə, yaralananlara iş qabiliyyətinin itirilməsinə görə əlillik dərəcəsinə uyğun olaraq birdəfəlik təzminat ödəniləcək. Belə ki, I qrup əlilə 31 987 - 47 000 TL, II qrup əlilə 16 320 - 31 334 TL və III qrup əlilə isə 2 611 - 15 667 TL məbləği arasında pul veriləcək.
Eyni zamanda, ölənlərin ailələri və iş qabiliyyətini tamamilə itirənlərə aylıq müavinət ödəniləcək. Belə ki, ölənlərin ailələrinə 885 TL, iş qabiliyyətini tamamilə itirən I qrup əlilə 885 TL, II qrup əlilə 708 TL, III qrup əlilə isə 531 TL aylıq müavinət veriləcək. Ölən və yaralanan mülki vətəndaşların ailələri təzminatı almaq üçün 60 gün müddətində valiliyə müaciət etməlidirlər. Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1 536 nəfər yaralanıb. Ölənlərdən 179, yaralılardan 1 391 nəfəri mülki vətəndaşdır.
Kredit reytinqləri aşağı salınıb
"S&P Global Ratings" (S&P) Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 5 maliyyə institutunun uzunmüddətli kredit reytinqini aşağı salıb. Reytinqlər üzrə proqnoz neqativdir. Bu barədə agentliyin yaydığı xəbərdə deyilir. Kredit reytinqi endirilən banklar bunlardır: "Turkiye Is Bankasi" AS (Isbank), "Garanti Finansal Kiralama" A.S. (Garanti Leasing), "Yapi ve Kredi Bankasi" A.S. (YapiKredi), "Turkiye Garanti Bankasi" A.S. (Garanti) və "Turkiye Vakiflar Bankasi" TAO (VakifBank). Onların reytinqi "BB+" səviyyəsindən "BB"-yə endirilib.
Kamran
banner

Oxşar Xəbərlər