• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

Türkiyədə seçki ehtirasları qızışır

06.05.15 06:15 1053
Türkiyədə seçki ehtirasları qızışır
Türkiyədə 7 iyun parlament seçkiləri yaxınlaşdıqca, siyasi partiya liderlərinin bir-birlərinə qarşı ifadələri daha da sərtləşir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan ona “Quranı istismar edir” deyən müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna Siirt şəhərində keçirilən mitinqdə cavab verib: “Mən Quran ilə böyümüşəm və Quran ilə də yaşayıram”. K.Kılıçdaroğlu isə Türkiyə prezidentinə cavabında qeyd edib ki, R.T.Ərdoğan çıxışlarına şərəf və namus anlayışlarını başa salaraq başlasa, daha yaxşı olar: “İqtidara görə, namus və şərəfdən imtina edənin prezident olmağa haqqı yoxdur”. K.Kılıçdaroğlu mitinqdə çıxışı zamanı Naxçıvan haqqında da danışıb.
Türkiyə prezidenti bildirib ki, K.Kılıçdaroğlunun Quranla bağlı fikriləri hamıya məlumdur: “Cənab Kılıçdaroğlu, mən Quran ilə böyümüşəm və Quran ilə də yaşayıram. Bu barədə sən özünü sorğu-sual etməlisən. Mən “Diyanət İşləri Nazirliyi kürd dilində Quran nəşr edib” dediyimə görə Kılıçdaroğlu narahat olub. Siz buna istismar deyirsiniz? Bizim ölkədə hər dildə Quran nəşr olunmalıdır”.
R.T.Ərdoğan həmçinin kürd partiyası HDP-nin lideri Səlahəttin Demirtaşı da tənqid edib. O qeyd edib ki, məlum terror təşkilatının bəslədiyi siyasi partiya “Diyanət İşləri Nazirliyi”ni bağlayacaqlarını bildirir: “Bunlar artıq məscid divarlarını da murdarlamağa başlayıblar. Bu məsələni istismar edirlər. Bunun üçün bütün yollara əl atırlar. Terror təşkilatının dəstəklədiyi partiya mənim kürd vətəndaşlarımı istismar edir. Mənim kürd qardaşlarım 7 iyunda onların bu oyunlarını pozmalıdırlar. Maraqlıdır ki, bunlar “Taksim Meydanı bizim Kəbəmizdir” deyirlər. Onlar bilməlidirlər ki, bizim Kəbəmiz məlumdur. Əvvəllər CHP “Kəbə ərəbindir, bizə Çankaya kifayət edir” deyirdi. Bunların düşüncələri eynidir. Üstəgəl onlar indi də “Prezident tərəflidir” deyirlər. Bəli, mən tərəfliyəm. Mən xalqın tərəfindəyəm. Bütün partiyalara eyni məsafədəyəm. Qəlbimdə bir partiya olsa da, bu artıq başqa mövzudur”.
O vurğulayıb ki, hazırda terroru dəstəkləyən bir partiya mövcuddur: “İndi də insanlara kürd dilində azan olmasının vacibliyindən danışırlar. 70 il bundan qabaq vətəndaşlarımız türk dilində azana uyğunlaşdırılmağa çalışılırdı. Düşüncə eynidir və bunlar eyni faşist fikirlərin başqa təzahürlərinə malikdirlər. Bunların arasında heç bir fərq yoxdur. CHP mənin vətəndaşlarımı tarixindən qoparıb, özlərinin ideoloji əsirinə çevirməyə çalışır. Bölgələrimizdə bir çox imamlar terror təşkilatı tərəfindən öldürüldü. Terrorçular Quran kurslarına hücum etdilər, məktəbləri yandırdılar. Bir müddət bundan əvvəl muxtarımızı da öldürdülər. Bəs sən kürd idin. Niyə kürdü öldürürsən? Diyanət İşləri Nazirliyi son 12 ildə bir çox işlər görüb. Bu ölkədə 2002-ci ildə kürd dilində moizə vermək olmazdı. Kürd dilində Quranın, hədis kitablarının tərcümə edilməsi böyük addımlardır. Hazırda Türkiyədə İŞİD, “Boko Haram” kimi terror təşkilatlarının fəaliyyət göstərməməsinin əsas səbəbi, Diyanət İşləri Nazirliyinin fəaliyyətidir”.
CHP lideri isə İğdır və Ərdahan şəhərlərindən geri dönərkən jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, R.T.Ərdoğan rizəlilər önündə çıxış edib, çünki Rizədə uduzacağını bilir: “İnşallah bu dəfə Rizə şəhərində bir namizədimiz millət vəkili olacaq. Türkiyə prezidentinin hər çıxışı demokratiyaya zərər verir, namus və şərəfdən danışarkən, bu ifadələrin mənasını itirir. İqtidara görə, namus və şərəfini itirmiş şəxs bu haqda danışmalı deyil. O özünü hazırda AKP-nin sədri kimi görür. Onsuz da o, hazırda prezident deyil! Tərəfsiz olacağı haqqında and içib. Heç olmasa, eks-prezident Abdullah Gülü nümunə götürsün”.
O, AKP-nin hər gün qan itirdiyini qeyd edib: “İqtidarda qalmaq üçün onlar bütün yollara əl atacaqlar. Buna görə də vətəndaşlarımızı diqqətli olmağa çağırıram. Bizə iqtisadi mənbə haqqında suallar verirlər. Lakin özlərinin iqtidardan getməsinin onlara nəyə başa gələcəyini yaxşı başa düşürlər. 13 ildir yetim xalqı yedilər və hamısı varlandı. Haramı halal kimi qəbul etdilər. Ona görə də, iqtidarda qalmaq üçün, şiddətdən, təxribatdan istifadə edə bilərlər”.
CHP lideri jurnalistlərə açıqlaması zamanı baş nazir Əhməd Davudoğlunu da sərt tənqid edib. O qeyd edib ki, hazırda Ə.Davudoğlu baş nazir olduğunun fərqində deyil: “Belə bir insan Pensilvaniyaya hansı məqsəd ilə getdiyinin də fərqində olmaya bilər. Bu məsələdə Ərdoğan, Gül, Arınç və Davudoğlu başqa şeylər danışırlar. Onlardan bir pillə aşağıda olan məmurlar da nə etdiklərini bilmirlər”.
Bu arada K.Kılıçdaroğlu İğdırda keçirdiyi mitinqdə çıxışı zamanı Türkiyə vətəndaşlarının Naxçıvana xarici pasport olmadan getməli olduqlarını bildirib: “Şimali Kipr Cümhuriyyətinə gedərkən xarici pasport tələb olunurmu? Xeyr. Bəs niyə Türkiyə vətəndaşları Naxçıvana gedərkən xarici pasportdan istifadə edirlər? Biz Naxçıvana yalnız şəxsiyyət vəsiqələri ilə getməliyik. Bizim orada qohumlarımız var. Naxçıvana rahat səfər etməliyik. Dost olduğumuza görə rahat münasibətlər qurmalıyıq. Bu hakimiyyət bunu edə bilməyib. Lakin biz edəcəyik”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər