• cümə axşamı, 25 aprel, 05:46
  • Baku Bakı 19°C

Türkiyədə film kimi seçki kampaniyası

03.06.15 10:39 1717
Türkiyədə film kimi seçki kampaniyası
İyun ayının 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Seçkilərin vaxtı yaxınlaşdıqca qardaş ölkənin öndə gələn siyasətçilərinin bir-birlərinə qarşı tənqid və təhqirləri daha da artır. Əlbəttə, bu seçkilər Türkiyə üçün çox vacibdir. Hakim AKP (Ədalət və İnkişaf Partiyası) yenidən iqtidarda olmaq üçün əlindən gələni edir. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğan konstitusiyanı dəyişmək fikrindədir. Lakin hazırda iqtidar üçün çox çətin günlərin gəldiyini də demək mümkündür. İlk öncə qeyd olunmalıdır ki, AKP əvvəlki illərdə olduğu kimi güclü deyil. Gəzi parkında baş verən hadisələr, “paralel dövlət” məsələsi, rüşvət qalmaqalları, Türkiyə hökumətinin xarici siyasəti və sair hakim partiyanın səslərinin azalmasına gətirib çıxara bilər. Lakin ana müxalifət partiyası olan CHP-nin (Cümhuriyyət Xalq Partiyası) də bu seçkilərdə AKP-dən daha çox səs qazanacağı gözlənilmir. CHP yalnız digər müxalif partiyalarla, yəni MHP (Milliyətçi Hərəkat Partiyası) və HDP (Xalqlarin Demokratik Partiyası) ilə birlikdə koalisiya hökuməti qura bilər. Seçkilərin əsas qırılma nöqtəsi isə kürd partiyası olan HDP-nin yığacağı səslər olacaq. Çünki bu partiya 10%-lik həddi keçərək parlamentə daxil olacağı təqdirdə, CHP və MHP ilə birləşə bilər. Lakin HDP 10%-lik həddi keçə bilməsə, bu zaman onun səsləri partiyalar arasında bölünəcək. Bu halda AKP parlamentdə konstitusiyanı dəyişə biləcək səs çoxluğuna malik ola bilər.
Seçki kampaniyası hələ bir neçə gündən sonra bitəcək. Bu zaman kəsiyindən partiya liderləri və prezident yaxşı istifadə etməyə çalışır. Düzdür, prezident hazırda heç bir partiyanın üzvü deyil. Lakin R.T.Ərdoğan öz çıxışlarında müxalifət partiyalarını tənqid, hərdən isə təhqir etməkdən belə çəkinmir. Prezident Ərzurum meydanında çıxışı zamanı bildirib ki, Türkiyədə iki qrup formalaşıb: “Birincisi, siyasi kürdçülər, ikincisi isə siyasi türkçülər. Lakin biz bu qrupların heç birinə aid deyilik. Türk, kürd, ərəb, ağ və yaxud qaradərili olmaq üstünlük deyil. Kim Allahdan çox qorxursa, Allaha daha çox ibadət edirsə, üstünlük ondadır”.
R.T.Ərdoğan müxalifəti ölkəni “köhnə Türkiyə”yə çevirməkdə, həmçinin “paralel dövlət” və separatçılarla birgə fəaliyyət göstərməkdə ittiham edib. O qeyd edib ki, Türkiyədə olan sabitliyə zərbə vurmaq üçün belə addımlar atılır: “Bu millətin inkişaf etməsinə, çiçəklənməsinə, böyüməsinə mane olmaq üçün hər yola əl atırlar. Separatçıların partiyasını sudan quru çıxarmaq üçün əllərindən gələni edirlər. Milliyyətçi olduğunu elan edən partiya da bu işlərə qoşulur və onlara dəstək verir. MHP-nin lideri iddia edir ki, prezident terrorçu ilə (Abdullah Öcalan nəzərdə tutulur-müəl.) görüşüb və danışıqlar aparıb. Dövlət Baxçalıya bundan qabaq da səslənmişəm, indi deyirəm ki, əgər bu iddiaları sübut etməzsə, alçaqdır, namussuzdur. Mən heç vaxt heç bir terror təşkilatı ilə və yaxud terrorçu ilə danışıqlar aparmamışam”.
Prezidentdən fərqli olaraq, CHP lideri daha təmkinli görünür. K.Kılıçdaroğlu “CNN Türk” kanalına müsahibə verib. O bildirib ki, Türkiyə vətəndaşları mütləq səs verməlidirlər: “Çünki parlament seçkiləri çox şeyi həll edəcək”. Jurnalistin “Siz müxalifət olmasaydınız, nə olardı? Müxalifət olaraq nələrə mane oldunuz və siz olmasaydınız, bu ölkədə vəziyyət hansı dərəcədə pis olardı?” sualına CHP lideri belə cavab verib: “Biz çox şeyə mane olduq. İlk öncə müharibənin qarşısını aldıq. ABŞ əsgərləri Türkiyədən Yaxın Şərqə daxil olacaqdı. Biz bunun qarşısını aldıq. Hüquqsuz olaraq edilən bir çox şeylərə qarşı mübarizə apardıq. Uğurlar əldə etdik. İqtisadiyyatdan başlayaraq sosial həyata qədər bir çox problemlərin həllində iştirak etdik. Kasıb təbəqənin problemləri haqqında danışdıq və bu məsələləri gündəmə gətirdik. Biz həmişə xalqın yanında olduq. Əlbəttə, müxalifət olaraq hansı səviyyədə uğur qazandığımız mübahisə mövzusu ola bilər. Mən bir şeyi dəqiq bilirəm; elədiklərimizi göstərməyin yolu yalnız mediadır. Bu qədər təzyiqin olduğu bir vaxtda səsimizin hara qədər gedəcəyini deyə bilmərəm. Lakin biz inandığımız hər şeyi başa salmağa çalışdıq”.
K.Kılıçdaroğlu HDP-nin 10%-lik həddi keçib parlamentə düşə biləcəyini qeyd edib: “Bütün sorğular HDP-nin 10%-lik həddi keçdiyini göstərir. Lakin biz hər hansı bir partiya ilə koalisiya qurulmasına müsbət yanaşmırıq. Çünki CHP hökuməti təkcə qurmalıdır. Hazırda Türkiyə dövlətinin buna ehtiyacı var. Demokratiya, insan haqları, iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması baxımından da bu vacibdir. Hazırda ölkədə iqtisadi sabitlik yoxdur. AKP təkbaşına iqtidar olmayacağı təqdirdə insanlar sabitliyin pozulacağını deyirlər. İndi ölkədə sabitlik varmı?”
Builki seçkilərdə partiyalar arasında ötən illərə nisbətən ən çox populyarlıq qazanan partiya MHP hesab olunur. Bu partiya liderləri də seçkilərə ciddi hazırlaşır və AKP dövrünün bitməsi üçün əllərindən gələni edirlər.
MHP-nin lideri Dövlət Baxçalı Lüleburqaz meydanında keçirdiyi mitinqdə bildirib ki, partiya vətəndaşların problemləri haqqında məlumatlıdır: “Biz hər zaman insanlarımızın yanındayıq. Problemlərinizi həll etmək üçün hakimiyyətə gələcəyik. İşsizliyə qarşı səssiz qala bilmərik. MHP heç vaxt heç kimin kökü ilə maraqlanmayıb. Bizə görə, hər bir vətəndaş Allahın bizə bəxş etdiyi əmanətdir. MHP hər bir insanı türk millətinin hörmətli şəxsi hesab edir”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər