AZE | RUS | ENG |


Türkiyədə çoxdan gözlənilən həbslər

Türkiyədə çoxdan gözlənilən həbslər
HDP-nin 12 millət vəkili terrorçulara dəstəkdə günahlandırılaraq həbs edildi

Türkiyə hökuməti illər uzundur ki, terror aktları həyata keçirən, on minlərlə insanın ölümünə səbəb olan kürd separatçılarına və onların havadarlarına qarşı ən sərt addımlar atmaq qərarı verib. Bu dəfə PKK terror təşkilatına açıq dəstək verən Xalqların Demokratik Partiyasının (HDP) rəhbərliyinə daxil olan deputatlar saxlanılıb. 12 deputat terrorizm xarakterli cinayətlərin istintaqı çərçivəsində həbs edilib. Nəzarətə alınan deputatlar arasında partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və FigenYüksəkdağ da var. S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki, F.Yüksəkdağ isə Ankaradakı evlərində saxlanılıblar. Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib. S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışlarına məhəl qoymayıblar. HDP-nin Ankara millət vəkili, Gezi Parki hadisələrində iştirak edən Sırrı Sürəyya Öndər də Ankarada həbs olunub. 
 
Məlumat üçün bildirək ki, 550 yerlik parlamentdə HDP-dən 59 deputat var. 

"Anadolu” agentliyi xəbər verir ki, HDP-çilər haqqında həbslər eyni zamanda Demokratik Toplum Kongresi (DTK) və KCK-nın 6-8 oktyabr hadisələri ilə bağlı aparılan istintaqa ifadə verməyə getməkdən imtina etdikləri üçün reallaşdırılıb. Həmin vaxt HDP Mərkəzi İcra orqanı və həmsədri Dəmirtaşın "Küçələrə çıxın” çağırışı ilə terrorçu PKK tərəfdarlarının 35 bölgədə keçirdikləri aksiyalarda baş verən qarşıdurma zamanı 2 polis əməkdaşı həlak olmuşdu. Diyarbəkirin özündə qarşıdurmalarda 31 nəfər həlak olmuş, 221 mülki, 139 polis əməkdaşı yaralanmışdı. 
 
İttihamlar məlum olub
 
Az sonra 12 HDP millət vəkilinə qarşı irəli sürülən ittihamlar məlum olub. Saxlanılan deputatların "terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, "cinayəti və cinayətkarı tərifləmək”, "xalqı kin və düşmənçiliyə təhrik”, "silahlı terror təşkilatına üzv olmaq” və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittiham olunduqları açıqlanıb.

HDP həmsədri Səlahəddin Dəmirtaş isə cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adından cinayət törətmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk milləti, cümhuriyyəti və TBMM-i açıq-aşkar təhqir etmək, prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatını açıq-aşkar təhqir etmək, terror təşkilatı olan PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, dövlət vəzifəlisini tutduğu mövqe ilə əlaqədar təhqir etmək, terror təşkilatına bilərək və istəyərək yardım etmək, 2911 saylı toplantı və nümayiş yürüşləri qanununa müxalif olmaq və sair maddələrlə ittiham olunur.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində bu ilin mart ayında qəbul edilən Konstitusiya dəyişikliyindən sonra müxtəlif partiyalardan olan 148 deputatın toxunulmazlığı qaldırılıb. Bu deputatlar arasında olan HDP üzvləri terrorizm xarakterli cinayətlərin istintaqı çərçivəsində dəfələrlə çağırılmalarına  baxmayaraq, ifadə verməyə getməyiblər. 
 
Diyarbəkirdə terror
 
HDP-çilərin həbsindən dərhal sonra Diyarbəkir vilayətində terror aktı baş verib. İnsident dünən səhər saatlarında Diyarbəkir polis idarəsinin binası yaxınlığında törədilib. Partlayış zamanı yaxınlıqdakı binalar ciddi zədə alıb. Partlayışın bomba yüklü avtomobil vasitəsilə törədildiyi təxmin edilir. İHA-nın məlumatına görə, partlayışdan sonra ərazidə silahlı qarşıdurma baş verib. Terrora Qarşı Mübarizə və Çevik Polis Alayının yerləşdiyi binanın qarşısında törədilən partlayış nəticəsində 8 nəfər həlak olub, 100-dən çox sakin yaralanıb, onların 93-ü xəstəxanaya yerləşdirilib. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Ölənlərdən 2-si polis əməkdaşı, biri texniki işçi, 5-i isə dinc sakindir. Baş nazir ölən və yaralıların sayının artacağını istisna etməyib. Partlayışın məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.

Öz növbəsində ədliyyə naziri Bekir Bozdağ qeyd edib ki, terrora qarşı mübarizə başa çatmayıb və bu məsələdə bütün dünyanın birlikdə səmimi şəkildə əməkdaşlıq etməsi lazımdır: "Bölgəyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün adamlar gətirirlər. Bu qədər terrorçunu ölüb və öldürməyə kim yönəldir? Bu, beynəlxalq bir layihədir və həm Türkiyə, həm insanlıq, həm də müsəlmanlığın düşmənidir. Türkiyə həm daxili, həm də beynəlxalq hüquqa uyğun şəkildə terrorla mübarizədə üzərinə düşən işi yerinə yetirəcəkdir. Beynəlxalq ictimaiyyət Türkiyəyə bu məsələdə yetərincə dəstək vermir. Bütün dünya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən əl çəksə də, Türkiyə əl çəkməyəcək”. 

Diyarbəkirdəki terroru birmənalı şəkildə rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək olar. Həbslər fonunda baş verən terror hadisələri ölkənin cənub-şərq bölgəsi ilə məhdudlaşmaya da bilər. 

Onu da qeyd edək ki, Türkiyə ordusunun apardığı əməliyyatlar PKK-ya ağır zərbə vurub. Son 2 ayda 1550, son 1 ildə isə 15 minə yaxın terrorçu zərərsizləşdirilib. Təşkilatda davam edən gərginlik terrorçular arasındakı danışıqlardan da açıq-aşkar hiss olunur. Rabitə danışıqları zamanı səsləri yazılan terrorçular canlı qüvvə və təchizat olmadığından gileylənib.
 
Telefon vasitəsilə sosial şəbəkələrə giriş dayandırılıb
 
Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə giriş dayandırılıb. Hazırda mobil telefonlar vasitəsilə facebook, whatsapp, twitter, youtube daxil olmaq mümkün deyil.

Sosial şəbəkələrə giriş yalnız kompüter vasitəsilə mümkündür. Ölkədə sosial şəbəkələrə məhdudiyyətin qoyulmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb. Amma bunun terrorçuluğa qarşı keçirilən sonuncu əməliyyatlarla bağlı olduğu güman olunur.  "Təhlükəsizlik baxımından zaman-zaman bu cür tədbirlər görülür”. "Haber-7" xəbər verir ki, bunu baş nazir Binəli Yıldırm ölkə ərazisində mobil telefonlar vasitəsilə "facebook", "whatsapp", "twitter", "youtube"a daxil olmağa qoyulan məhdudiyyətə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır: "Təhlükə aradan qalxdıqdan sonra onların fəaliyyəti normallaşacaq”.
 
Avropa dərhal narahat oldu
 
Beləliklə, öz fəaliyyətini PKK-nın siyasi qanadı olaraq quran HDP belə bir nəticəni gözləməli idi. Analitiklər hesab edir ki, həbslərin məhz Diyarbəkirdə aparılan terror istintaqı çərçivəsində reallaşması HDP-nin hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra etdiyinin göstəricisidir. Sözsüz ki, həbslərin ən başlıca səbəbi HDP-çilərin Türkiyənin Konstitusiyasına zidd fəaliyyətləri, eləcə də terror qruplaşmaları ilə əlaqələrinin olmasıdır. HDP-nin tutduğu istiqamət şübhəsiz ki, bu tip qərarların qəbul edilməsi üçün kifayət qədər ciddi əsaslar verib. Ən maraqlısı isə odur ki, kürd separatçıları və HDP-yə dəstək verən Qərb baş verənlərə dərhal reaksiya verib. Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pari dərhal öz "Twitter” səhifəsində yazıb ki, "Türkiyədən yenə çox pis xəbərlər gəlir”. O, son həbsləri pisləyib. Aİ və ABŞ da son vaxtlar Türkiyədə baş verənlərdən narahatlıqlarını, hökumətin addımlarının həm də kürdlərlə münaqişəni qızışdırdığını bildiriblər. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer isə Türkiyənin Almaniyadakı müvəqqəti işlər vəkilini HDP üzvlərinin həbsi ilə bağlı danışıqlara çağırıb.

Nazirlikdən HDP siyasətçilərinin həbsinin vəziyyətin kəskinləşməsinə səbəb olacağı bildirilib.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN