• çərşənbə axşamı, 19 mart, 11:16
  • Baku Bakı 8°C

“Türkiyədə Azərbaycan dramaturqlarının bir neçə əsərini səhnələşdirmişik” - Fotolar

09.09.17 11:00 4403
“Türkiyədə Azərbaycan dramaturqlarının bir neçə əsərini səhnələşdirmişik” - Fotolar
Bir neçə gün əvvəl əməkdar artist Məlahət Abbasova media mənsublarına ətrafına yığaraq, ATV telekanalında yayımlanacaq "Məlahətli söhbətlər” layihəsini təqdim etdi. Verilişin yeni bölümünün qonaqlarından olan Türkiyənin tanınmış ifaçısı Petek Dinçöz də təqdimatda jurnalistlərlə görüşdü.Təqdimatdan öncə sözügedən verilişin layihə rəhbəri olan Məlahət Abbasova ona ünvanlandığımız sualları cavablandırdı.
- Yeni layihənizə görə sizi təbrik edirik.
- Təşəkkür edirəm. Layihəni işıqlandıran bütün mətbuat nümayəndələrinə də minnətdarlığımı bildirirəm.
- İstərdik "Məlahətli söhbətlər” verilişinin məqsədi ilə bağlı açıqlama verəsiniz.
- Çoxdandır ki, belə bir layihənin həyata keçirmək istəyirdim. Axır ki, arzuma çatdım. Verilişin formatı belədir ki, Azərbaycan və Türkiyənin ən çox tanınan və sənəti ilə sözünü demiş insanlarını bir araya gətirəcəyəm və çay süfrəsi arxasında onlarla söhbət edəcəyəm. Sanki onlar mənim evimin qonağı olacaqlar. Hər verilişimdə Türkiyədən məşhur simaları ölkəmizə dəvət edəcəyəm. Onlarla bərabər bizim də 3 tanınmış məşhur sənətkarlarımız qonağım olacaq. Nəticədə türkiyəli ulduzlar hər dəfə burdan gedəndə bizim 3 məşhur simamızı tanıyacaqlar. Siz bilirsiniz ki, onlar bizim sənətkarlarımızı bir o qədər də tanımırlar.
-"Məlahətli söhbətlər” verilişinin anonsları nümayiş olunduqdan sonra sizin Türkiyədə bir şey edə bilmədiyinizi və nəticədə vətənə döndüyünüz yazdılar.
- Onlar yanılırlar. Hazırda Türkiyədə sənət aləmində tanınmış bir nüfuzum var. İstanbul bələdiyyəsinə bağlı Şəhər Teatrının bədii rəhbərinin müavinivəzifəsində çalışıram. "Məlahət Türkiyədə heç bir işə yaramayıb, gəlib burada layihə həyata keçirir” deyən insanlar bir çox şeylərdən xəbərsizdirlər. Mən qonşu ölkəyə təkbaşına getdim və alnımın təri, biləyimin gücü ilə bu səviyyəyə qədər gəlib çatmışam.Türkiyədə çalışdığım teatrda vəzifə sahibiyəm. Bundan başqa, aktrisayam, rejissoram, seriallarda obrazlar canlandırıram. Türk sənət adamlarının yanında nüfuzum, hörmətim var. Təbii ki, o hörmət, sevgi olmasaydı, mən bu layihəyə başlaya bilməzdim. Onlara belə bir layihəmin olduğunu dedikdə, mənə bildirdilər ki, biz hər zaman sənin yanındayıq. Onlar xaricdə tanınan və kifayət qədər sözünü demiş aktrisalardır. Bu layihə sayəsində bir daha əmin oldum ki, onlar məni nə qədər çox sevirlər. Layihəmlə bağlı kimə müraciət etdimsə, heç biri etiraz etmədi.
- Verilişinizdə hansı dildə danışacaqsınız?
- Mən öz dilimizdə sərbəst danışa bilirəm. Verilişdə ortaq bir dildən istifadə edəcəyəm. İndidən deməyin ki, Türkiyədə yaşadı və ləhcəsini dəyişdi. Bunun icazəsini ATV kanalının rəhbərliyindən almışam. Sağ tərəfimdə Azərbaycanlı, sol tərəfimdə isə türk aktyoru olacaq. İstədik ki, ortaq bir dil olsun ki, hər iki tərəf danışdıqlarımızı başa düşsün. Dilə görə də kanal rəhbəri ilə danışdım. Dedilər ki, sizin simanız bizə bəsdir.
- Bəs Bakıya gələn türk qonaqların qonorarı kim tərəfindən ödəniləcək?
- Onlar buraya təmənnasız gəliblər. Mənim layihəmə dəstək vermək üçün, mənə görə gələcəklər. Onu da qeyd edim ki, bu layihəyə həm də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib. Belə ki, qonaqlarımı qarşılayıb, tarixi yerlərimizi gəzdirməyi, yeməklərimizi dadızdırmağı nazirlik öz öhdəsinə götürüb.
- Hazırda İstanbul Şəhər Teatrında hansı işlərlə məşğulsunuz?
- Türkiyənin ən böyük teatrında çalışıram və qürur duyuram ki, belə böyük bir sənət ocağında məhz Azərbaycanı təmsil edirəm. Mən gələndə teatrda bir dənə də olsa Azərbaycan əsəri səhnə həlli tapmamışdı. Ancaq bu gün bizim teatrın səhnəsində bir çox Azərbaycan dramaturqlarının əsərləri var. Bu barədə bizim Mədəniyyət və Turizm Nazirliyimiz məlumatlıdır. Bu gün bizim əsərlərimizi qonşu ölkədə sevdirən və ona səhnə həlli verərək tanıdan biri olaraq çox qürurluyam. İndiyə qədər Türkiyədə çalışdığım teatrda Azərbaycan dramaturqlarının bir neçə əsərini səhnələşdirmişik. Onun 4-ünü mən hazırlamışam. Hazırda Hüseyn Cavidin "İblis” tamaşası üzərində işləyirik.Tez-tez bizim nazirlikdən mənimlə əlaqə saxlayırlar. Nə kimi köməkliyin lazım olub-olmadığını soruşurlar. Bizim teatrımızın imkanları çox geniş olduğu üçün maddi olaraq heç nəyə yaxın durmur. Çünki İstanbul Şəhər Teatrı Türkiyənin ən böyük teatrıdır.
- Qeyd etdiniz ki, 6 əsərimiz çalışdığınız teatrda səhnələşdirilib. Onlar hansı əsərlərdir?
- Elçin Əfəndiyevin "Teleskop”, Cəlil Məmmədquluzadənin "Ölülər”, "Dəli yığıncağı” əsərlərini səhnələşdirmişik. Bundan başqa, gələcəkdə Mir Cəlal Paşayevin "Dirilən adam” əsərini səhnələşdirməyi düşünürəm. Oktyabrın 15-dən sonra Hüseyn Cavidin "İblis” tamaşasının məşqlərinə başlayacağıq. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasını da artıq bədii şuradan keçirmişik.
- Hüseyn Cavidin dili çox qəlizdir. Bəs türk aktyorları bu dildə tamaşanı nümayiş etdirə biləcəklərmi?
- Əslində türk aktyorları "İblis” tamaşasını bu dildə oynamağa bir qədər çətinlik çəkdilər. Biz onun dilini sadələşdirməyə çalışdıq. Sağ olsun, tanınmış şairə Sona Vəliyeva bu işdə bizə çox kömək etdi. O, "İblis” tamaşasının baş məsləhətçisidir. Sona xanım bunun üçün məxsusi olaraq İstanbula gəldi. Sözügedən əsərin dili ilə bağlı böyük iclasımız oldu. H.Cavidin belə bir vəsiyyəti var ki, heç bir kəlməsinə toxunulmamalıdır. Amma "İblis”in o dərinliyindəki qatları türk tamaşaçılarına izah etmək üçün bir qədər dili sadələşdirməyə ehtiyac var idi. Bilirsiniz ki, anlaşılmayan bir dildə tamaşa oynamaq çətindir.
- Bəs hazırda film, serial aləmində hansı yeniliklər var?
- Artıq yeni bir seriala çəkilirəm. Sibel Canın baş rolda olacağı serialda mən Tatyana rolunu ifa edəcəyəm. "Kanal D”də yayımlanacaq serialın adı "Sevdanın bahçesi”dir. Tatyana rus qızıdır. Menecerim dedi ki, sən bu filmdə rus xarakterini canlandıracaqsan. Həmin obrazın rusca cümlələri olacaq. Rejissorlar da düşünüblər ki, Məlahətdən başqa heç kim rusca bilməz (gülür). Türkiyədə menecerlərin müğənnilərin, aktyorların üzərində səlahiyyəti çox böyükdür. Menecer nə dedisə odur. Menecer bizə "get” deyirsə, gedirik, "getmə” deyirsə, getmirik. Biz onların sözlərinə baxırıq, buna məcburuq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər