• cümə, 29 Mart, 01:58
  • Baku Bakı 7°C

Türkiyə və Almaniyadakı hadisələrə münasibət bildirməlidir

01.06.13 11:34 1630
Türkiyə və Almaniyadakı hadisələrə münasibət bildirməlidir
Avropa hüquq müdafiəçiləri Türkiyə və Almaniyada dinc nümayişçilərə qarşı fiziki güc tətbiq edilməsinə münasibət bildirməlidirlər. Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiya və insan haqları komitəsinin sədri Cingiz Qənizadə deyib.
Onun sözlərinə görə, həmişə Avropada bütün proseslərin normal, demokratik dəyərlərə söykənməsi qənaətində olmuşuq. Ancaq zaman-zaman bütün ölkələrdə müəyyən qarşıdurmaların olduğu üzə çıxır: "Ancaq cox təəssüf ki, bizdə hansısa bir yüngül formada hökumət nümayəndələri ilə aksiya iştirakçıları arasında sivil dəyərlərə uyğun formada qadağanedici hərəkətlər olduqda, bu hadisə dərhal böyüyür, bəyanatlar şəklində Azərbaycana ünvanlanır. Bu günlərdə iki ölkədə, həm Almaniyada, həm Türkiyədə hökumətin hansısa bir siyasətinə qarşı etiraz edənlərə qarşı zor tətbiq etməsinin şahidi olduq".
Hüquq müdafiəçisinin sözlərinə görə, Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında artıq iki gündür ki, hökumət qüvvələri dinc aksiya iştirakçılarına qarşı gözyaşardığı qazdan istifadə edirlər.
O qeyd edib ki, Türkiyədə hansısa tarixi obyektin yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən insanların sayı durmadan artır. Hökumət də buna görə həmin insanlara qarşı güc tətbiq edir.
Bunu demokratiya ilə bir araya sığan hal hesab etməyən Ç.Qənizadə bildirib ki, Almaniyanın Frankfurt şəhərində sosial problemlərlə bağlı aksiyada da polis zorakılığı baş verir. Ancaq indiyədək biz Almaniyanı, Fransanı və digər Avropa ölkələrini demokratiyanın beşiyi və demokratik dəyərlərə qiymət verən ölkələr kimi tanımışıq: "Sən demə, biz yanılmışıq. Təbii ki, mən hüquq müdafiəçisi olaraq, zorakılıq hallarını pisləyirəm. Eyni zamanda, həm Avropa Şurası, həm Avropa İttifaqının Azərbaycana qarşı maraqlı və qərəzli mövqe nümayiş etdirən deputatlarına və komitələrinə üzümü tutub deyirəm ki, Avropadakı hadisələrə qiymət versinlər. Biz bu hadisələrlə əlaqədar bəyanat gözləyirik. Azərbaycanda kicik bir hadisə baş verən kimi cox operativ olaraq, bəyanatlar şəklində buna münasibət bildirirlər. Mən indi Avropanın, Avropa hüquq müdafiəçilərinin, Avropa Şurasının, Avropanın digər təşkilatlarının iki ölkədə baş verən hadisələrə necə qiymət verəcəyini gözləyirəm. Belə hesab edirəm ki, bu hadisələrə mütləq qiymət verilməlidir. Əgər qiymət verilməsə, onda hesab etmək olar ki, onların başqa dövlətlərə münasibəti heç də demokratik dəyərlərin qorunmasına söykənmir. Bu, siyasi məqsədlər güdür".
banner

Oxşar Xəbərlər