Türkiyə-NATO əməkdaşlığı bitir?
İllər uzunu Türkiyəni min bir bəhanə göstərməklə, öz sıralarına daxil
etmək istəməyən Avropa İttifaqı qardaş ölkəyə qarşı ikili standartlar nümayiş
etdirmək siyasəti yürüdür. Təəssüfedici hal ondan ibarətdir ki, başqa nüfuzlu
qurum - NATO da ondan geri qalmır. Üzv dövlətə, onun terrorçu qruplaşmalara
qarşı apardığı siyasətə zidd addımlar atır. Bütün bunların nəticəsidir ki,
Alyansla Ankara arasında əməkdaşlıq məsələlərində mütəmadi olaraq problemlər yaşanır.
"Türkiyə NATO tərəfdaşları ilə bəzi təlim planlarını və bir neçə sahədə
əməkdaşlığı dayandırmağa qərar verib”.Belə bir sensasion xəbərlə nüfuzlu "Röyters”
agentliyi çıxış edib. Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə,
NATO-nun 2017-ci ildə Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrlə
əməkdaşlığını nəzərdə tutan proqram bloklanıb, o cümlədən siyasi tədbirlər,
təhsil proqramları, layihələr və hərbi təlimlər təxirə salınır. Türk rəsmiləri
bu haqda məlumat verməyiblər.
Türkiyəni acıqlandıran Aİ ölkələrindən Almaniya
və Hollandiyanın türklərin referendum öncəsi təbliğatına icazə verməməsidir.
Aprelin 16-da Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı səsvermə olacaq və
Türkiyə liderləri türklərin çox olduğu Avropa ölkələrində də seçki kampaniyası
aparmaq istəyirdilər. Britaniyanın "The Daily Mail”qəzeti Hollandiyada
400 min, Almaniyada isə 1.4 milyon vətəndaşlığı olan türkün yaşadığını, onların
İstanbul, Ankara və İzmirdən sonra ən böyük elektorata sahib olduqlarını
vurğulayır. Amma Hollandiya keçən həftə Türkiyənin xarici işlər nazirinin
təyyarəsinin enməsinə icazə vermədi, iki başqa türk naziri də ölkəyə
buraxmamaqla Ankaranı qəzəbləndirdi. Ancaq hər biri NATO-ya üzv olduğundan
Türkiyə nə Hollandiya, nə də Almaniya ilə əməkdaşlığı bloklaya bilər. Adının
açıqlanmasını istəməyən NATO rəsmisinin "Reuters”ə bildirdiyinə görə,
Türkiyənin hədəfi yəqin ki, Avstriyadır. Avstriya NATO üzvü deyil, alyansa
tərəfdaş ölkədir. Avstriya da türklərin referendum öncəsi tədbirlərinə icazə
verməyib. Həm də ötən il Avstriya Avropa İttifaqını Türkiyənin quruma daxil
edilməsilə bağlı danışıqları dayandırmağa çağırıb. Səbəb kimi Türkiyədə
çevriliş cəhdindən sonra baş verənləri, 10 minlərlə adamın "təmizləmə”
əməliyyatlarına qurban getdiyini, həbsə atıldığını, işdən qovulduğunu göstərib.
"Hazırkı durum və bu durumun tərəfdaşlarla əməkdaşlıq proqramlarına təsiri bizi
məyus edir. Türkiyə ilə Avstriyanın aralarındakı məsələni tezliklə həll
edəcəklərinə ümidliyik”. NATO rəsmisi "Reuters”ə müsahibəsində belə deyib. Türkiyənin
əməkdaşlıq proqramlarını blokladığını Avstriyanın Müdafiə Nazirliyi
təsdiqləyib, amma bunun onlara, hələ ki, bir təsiri olmadığını bildirib.
"Reuters”
isə Türkiyənin bu addımının 22 NATO tərəfdaşına, o cümlədən İsveç, Gürcüstan və
Kosovo kimi Əfqanıstana missiya göndərmiş bəzi ölkələrə təsir etdiyini yazır. Daha
bir NATO rəsmisi problemin siyasi xarakter daşıdığını, Türkiyədə referendum
keçiriləndən, ara sakitləşəndən sonra proqramların bərpa ediləcəyinə inandığını
söyləyib. NATO-ya üzv olmayan ölkələr isə Türkiyənin bu addımının əməkdaşlığı
əngəllədiyini, alyans müttəfiqləri və tərəfdaşlarının birgə fəaliyyətinə zərbə
vurduğunu deyirlər. Onu da qeyd edək ki, Türkiyədə baş verən son terror
hadisələri, Suriyada yaşananlar Birləşmiş Ştatlarla Türkiyə arasında gərginliyi
artırıb. Rəsmi Ankara Birləşmiş Ştatları terrorçu qruplaşmalara qarşı
mübarizədə Ankaraya lazımi dəstəyi göstərməməkdə günahlandırıb. Gündəmə
İncirlik bazası da gəlib. Belə ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
bildirib ki, Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası
yoxdur: "Türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən
mövcudiyyətinin lüzumluluğunu sual edir”. O deyib ki, bazadan istifadə edən
ölkələr Türkiyənin əməliyyatlarına dəstək verməlidir. Bununla belə, Çavuşoğlu
ABŞ-ın Türkiyənin mühüm müttəfiqi olaraq qaldığını deyib.
Qərb ekspertləri xüsusi qeyd edirlər ki, belə vəziyyət Türkiyəni
Rusiyanın himayəsi altında olan təşkilatlara doğru istiqamət götürməsinə səbəb
ola bilər. Artıq Türkiyə prezidenti, xüsusilə də Türkiyə - Aİ münasibətləri
korlandıqdan sonra alternativ müttəfiqlər axtardığını gizlətmir. O, bir neçə
dəfə Rusiya və Çinin rəhbərlik etdiyi təhlükəsizlik və iqtisadi blok Şanxay
Əməkdaşlıq Təşkilatına, Avrasiya İqtisadi İttifaqına qoşulmaq marağını
bildirib.
Azər