• cümə, 26 Aprel, 01:27
  • Baku Bakı 16°C

Türkiyə ilə İsraili yaxınlaşdıran amillər

18.12.20 16:05 1001
Türkiyə ilə İsraili yaxınlaşdıran amillər
ABŞ-ın sanksiyası kimi hədəf alıb?


Ötən həftə bəlli oldu ki, Türkiyə son iki ildə ilk dəfə olaraq İsrailə səfirini göndərir. Yayılan rəsmi xəbərlərə görə, Türkiyəni İsraildə 40 yaşlı Ufuk Ulutaş təmsil edəcək. Türkiyə Xarici İşlər Nazirliyində Strateji Tədqiqatlar Mərkəzinin (SETA) rəhbəri olan diplomat Qüdsdəki Yəhudi Universitetinin məzunudur. Türkiyə mediası yazır ki, bu şəxs, SETA-nın direktoru vəzifəsində çalışmaqla yanaşı, Yaxın Şərq siyasəti və yəhudi tarixi ilə bağlı çoxsaylı kitablar yazıb. Ulutaş həm də İran üzrə mütəxəssisdir. Ulutaşla tanış olan mənbələr onu "çox cilalanmış”, "çox ağıllı” biri kimi qələmə veriblər. Yeni təyinatın Türkiyə ilə İsrail arasında münasibətlərə necə təsir edəcəyini israilli politoloq Yuri Boçarev jurnalistlərə şərh edib. Onun sözlərinə görə, Türkiyə İsrailin bir sıra məsələlər üzrə ən köhnə tərəfdaşlarından biridir. Son illər isə ölkələr arasında ən müxtəlif məsələlər üzrə fikir ayrılıqları yaşanıb, hətta az qala "soyuq müharibə” yaşandı. Nəticədə, əvvəlki səfir geri çağırıldı.
Türkiyənin səlahiyyətli nümayəndəni geri qaytarması ondan xəbər verir ki, Ankara Türkiyə-İsrail münasibətlərinə yenidən nəzər salmaq niyyətindədir və bu da alqışlanmalıdır. Politoloq hesab edir ki, əlaqələri yenidən qurmaq və gücləndirmək üçün bir neçə istiqamətdə iş aparmaq olar. Bura enerji təchizatından tutmuş, qaz magistralları və yaxud silahlanma xəttini əlavə etmək olar. Ya da ola bilsin, Suriya məsələsi üzrə əməkdaşlıq etmək olar. Hər iki ölkənin burada ümumi maraqları var. İstənilən halda, səfirin qayıtması Türkiyənin İsraillə əməkdaşlıq etmək istəyindən xəbər verir. Bəs görəsən belə bir dəyişikliyin baş verməsinə səbəb nə oldu? İsrailli politoloq bu qənaətdədir ki, Dağlıq Qarabağda müharibə Türkiyə və İsraili dostluğa qaytardı. Xatırladaq ki, Türkiyə-İsrail münasibətlərində gərginlik 2010-cu ildən start götürüb. O zaman Qəzza sektorunun blokadasının aradan qaldırılması zamanı İsraillə Türkiyə arasında gərginlik yaşanmışdı. İsrail xüsusi təyinatlıları fələstinlilərə yardım aparan "Mavi Mərmərə” gəmisini saxlamış və nəticədə bir neçə nəfər həlak olmuşdu. Bu insidentdən sonra Türkiyə İsraillə münasibətləri dayandırmışdı. Düzdür, uzun sürən danışıqlardan sonra İsrail Türkiyəyə kompensasiya ödədi və üzrxahlıq etdi. Lakin üzrxahlıq qəbul edilsə də, münasibətlər normallaşmadı. Buna baxmayaraq, iki ölkənin xüsusi xidmət orqanları, hərbçilər arasında əməkdaşlıq davam edirdi. Köklü dəyişikliklər isə bir neçə ay bundan əvvəl başladı. İsrail bir sıra ərəb ölkələri – Bəhreyn, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri ilə sazişlər imzaladı. Bu da Türkiyə-İsrail əlaqələrində müsbət tendensiyalara səbəb oldu. Sonra isə Dağlıq Qarabağda hərbi əməliyyatlar başladı. Lakin demək ki, Türkiyə və İsrail bu hərbi əməliyyatlar məsələsində birgə fəaliyyət göstərib, düz deyil. Düzdür, Ankara tam şəkildə Azərbaycanın yanında oldu, İsrail də Ermənistan və Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, Azərbaycanla hərbi-texniki əməkdaşlıqdan imtina etmədi. Bu da Azərbaycanla İsrailin bir sıra məsələlərlə bağlı mövqeyini yaxınlaşdırmış oldu.

Türkiyənin münasibətlərin bərpasında marağı

Böyük ehtimalla, Türkiyə Yaxın Şərqdə baş verən proseslərdən kənarda qalmaq istəmir. İndi də söhbət İsrailin müsəlman ölkələri ilə dostluğundan yeni qurşağın yaranmasından gedir. İsrailin müqavilə imzaladığı dövlətlər heç də Yaxın Şərqin geosiyasi xəritəsində sonuncu rolu oynamırlar. Bu müqavilələr Yaxın Şərqdə regional proseslərdə köklü dəyişikliklərə gətirib çıxaracaq. Türkiyə də, sözsüz ki, bunda iştirak etmək istəyir. Belə bir durumda hakimiyyətdən getməyə hazırlaşan yeni ABŞ administrasiyası Türkiyə hərbi sənayesinin rəhbərinə və daha üç rəsmisinə sanksiyalar elan edib. Sanksiyalar Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq elan edilib. Şərhçilər bildirirlər ki, ABŞ-ın bu addımı iki NATO müttəfiqi arasında onsuz da soyuq olan münasibətləri daha da tarıma çəkəcək. Qərb mediası xatırladır ki, Rusiyadan S-400 raket sistemləri aldığına görə, ABŞ bundan əvvəl Türkiyəni F-35 proqramından xaric etmişdi. ABŞ və Türkiyənin başqa Qərb müttəfiqləri S-400-lərin alınmasından narazılıq bildirmişdilər. Pentaqon bəyan etmişdi ki, S-400 raketləri NATO sisteminə uyğun deyil. ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar S-400 raketlərinin ABŞ-ın hərbi texnologiyalarına və heyətinə təhlükə təşkil etdiyini Ankaraya aydın şəkildə bildirib: "NATO sisteminə uyğun alternativin olmasına baxmayaraq, Türkiyə S-400 sistemini alıb və sınaqdan çıxarıb. Mən Türkiyəni Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə S-400 problemini dərhal həll etməyə çağırıram. Türkiyə Birləşmiş Ştatların dəyərli müttəfiqi və mühüm regional partnyorudur. Biz Türkiyənin S-400 problemini aradan qaldırması ilə tarixi onilliklər olan məhsuldar müdafiə sektoru əməkdaşlığını davam etdirmək istəyirik”. S-400 zenit raket komplekslərinin alınması ilə bağlı türk rəsmilərə tətbiq olunan sanksiyalar, əslində Türkiyəyə qarşı deyil, Rusiyaya qarşı yönəldilib. Bu barədə isə ABŞ Dövlət Departamenti məlumat yayıb. "CAATSA-nın 231-ci bəndi və bugünkü addım Türkiyənin və ya ABŞ-ın digər müttəfiqinin hərbi potensialını və döyüş hazırlığını sarsıtmaq məqsədi daşımır”, - məlumatda qeyd olunub.

Ankaradan sərt reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda ABŞ-ın sanksiyalarını "pislədiyini və rədd etdiyini” bildirib. Bəyanatda deyilir: "Türkiyə bu qərarın əleyhinə zəruri olan addımları atacaq və bu, münasibətlərimizi labüd şəkildə təsirləndirəcək”. Ankara bir daha bəyan edib ki, onun S-400 alması NATO sisteminə təsir etməyəcək. Türkiyə ABŞ-ı "bu səhv addımdan mümkün qədər tez geri qayıtmağa çağırıb”. Müxalif CHP hakimiyyəti Vaşinqtonun sanksiyalarına cavab olaraq S-400 sistemlərini aktivləşdirməyə çağırıb. Bu çağırışı partiyanın deputatı Ünal Çeviköz öz "Tvitter” səhifəsində yerləşdirib. "ABŞ sanksiyalarına səbəb olan S-400-ün alınması Türkiyənin suveren qərarıdır. Bu səbəbdən biz bu sanksiya qərarını qəbul etmirik. Bu gün ediləsi vacib şey tez bir zamanda 2,5 milyard dollar yatırımın edildiyi sistemləri istifadə etməkdir”, – deyə o bildirib. "Mənə və rəhbərlik etdiyim quruma xaricdən yönələn hər hansı qərar bizim mövqeyimizi dəyişdirməyəcək”. Bu sözləri Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib. O bildirib ki, sanksiyalar Türkiyənin müdafiə sənayesinin qarşısını heç bir şəkildə ala bilməz. Qeyd edək ki, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya siyahısında İsmayıl Dəmir və onun rəhbərlik etdiyi qurum da var.

Bayden üçün başağrısı

ABŞ-da hakimiyyətin dəyişdiyi vaxta təsadüf edən bu sanksiyalar Ağ Evin gələcək sahibi üçün ciddi problemlər yarada bilər. Baydenin komandası Türkiyənin S-400 sistemi alması ilə bağlı narazılığını artıq bildirib. Dövlət Departamentinin vəzifəli rəsmisi Kris Ford deyib ki, biz belə bir addımın labüdlüyündən məyusluq hissi keçiririk. Departamentin Avropa İşləri Bürosunun nümayəndəsi Metyu Palmer deyib ki, NATO müttəfiqinin üzərinə sanksiyalar qoyulması asan atılan addım deyil. Ötən ay Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Ankara S-400-lərdən qaynaqlanan narahatlığı ABŞ-la müzakirə etməyə hazırdır. Ankara bildirir ki, Türkiyə ABŞ istehsalı olan Patriot raketlərini ala bilmədiyinə görə, Rusiyadan S-400 raketləri almağa məcbur olub.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı da Türkiyə üzərinə sanksiyaların genişləndirilməsinə dair qərar qəbul edib. Qərar Türkiyənin şərqi Aralıq dənizində neft-qaz kəşfiyyat-qazma işləri görməsi ilə əlaqədardır. Sanksiyalar Türkiyədəki bəzi fərdlər və təşkilatlara tətbiq olunacaq.

Almaniya Türkiyənin tərəfindədir

Onu da qeyd edək ki, Almaniya Türkiyənin tərəfindədir. Avropa İttifaqının sammitində Almaniya, həmişə olduğu kimi, Ankara ilə səbirli rəftara çağırıb. Berlin israr edir ki, İttifaq Türkiyə ilə əməkdaşlıq üçün qapını açıq saxlamalıdır. Almaniya bildirib ki, Avropa İttifaqının qətnaməsindən sonra Türkiyə mübahisələri dialoq və beynəlxalq qanunlar çərçivəsində həll etməyə hazır olacağı təqdirdə, Ankaraya dostluq əli uzadılmalıdır. Berlin, habelə şərqi Aralıq dənizinin gələcəyinə dair çoxtərəfli konfransın keçirilməsini təklif edir. Bu, Avropa İttifaqına ya Türkiyəyə qarşı sanksiyaları genişləndirmək, ya da Ankaranın gərginliyin azaldılmasına tərəfdar olacağı təqdirdə, Türkiyə ilə genişləndirilmiş gömrük ittifaqı vasitəsilə daha sıx iqtisadi-ticarət əlaqələr qurmaq üçün vaxt verəcək. Aİ rəsmisi Cozep Borrell deyib ki, mart ayınadək Avropa İttifaqının Türkiyə ilə bağlı ABŞ-da prezident seçilmiş Co Baydenin komandası ilə məsləhətləşmək imkanı olacaq.

Türkiyəni nə gözləyir?

Bəllidir ki, Türkiyəni indi İsraillə, eləcə də, bundan əvvəl Rusiya ilə yaxınlaşdıran amillərdən biri də ona qarşı Qərbin, xüsusilə də Avropa İttifaqı və Birləşmiş Ştatların təzyiqləri olub. Aİ üzvləri sanksiya təhdidlərilə Türkiyəni addım-addım küncə sıxışdırmağa həvəslidir. Ancaq hələ ki, Ankaranın Aralıq dənizindəki bu oyunları pozmaq imkanı var. Belə ki, Ankara Liviya ilə imzaladığı anlaşma ilə Aralıq dənizinin ən kritik sahələrində ssenariləşdirilən oyunları pozdu. İndi eyni anlaşmaları İsraillə imzalayaraq üzərindəki bütün təzyiqləri ortadan qaldıra bilər. Dörd ay öncə Türkiyə İsrailə Şərqi Aralıq dənizində dəniz zonalarının sərhədlərinin müəyyən edilməsini təklif etdi. Bu da Fransa və Yunanıstanı indidən narahat edib. Təklif Kiprin rum kəsiminin dəniz zonasının bir qisminin İsrailə verilməsini və İsrailin Türkiyə ilə ortaq layihə lehinə olaraq, Şərqi Aralıq dənizi Boru Xəttindən vaz keçməsini nəzərdə tutur. İsrailli qaynaqlar 4 ay öncə keçirilən görüşlər zamanı dəniz zonalarının sərhədlərinin müəyyən edilməsinin Türkiyə tərəfindən dilə gətirildiyini, ancaq Covid-19 infeksiyası üzündən görüşlərin bir müddət təxirə salındığını ifadə edirlər. Ayrıca, Şərqi Aralıq dənizində İsraillə Türkiyə arasında iqtisadi zonaların sərhədləri də müəyyən edilməlidir. Bunda İsrail də maraqlıdır. Lakin Ankaranın Aralıq dənizində edəcəyi həmlə qısa müddətli deyil, uzun müddətli olmalı və sabitlik vəd etməlidir. Güc balansları dəyişdikcə, dairə daraldıqca Türkiyənin qısa müddətli taktiki atışlara deyil, yaxşı düşünülmüş, uzun müddətə hesablanmış strateji və qalıcı həmlələrə olan ehtiyacı artır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər