AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə Ermənistanla sərhədini açacaqmı?

Türkiyə Ermənistanla sərhədini açacaqmı?

Siyasət
10 Yanvar 2013, 09:48 1579
Erməni politoloqlarının və ekspertlərinin bir müddət bundan əvvəl gözlənilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirmələrinin əsl məramı bəlli olur. Aydın olur ki, bunlar heç də onların öz fikirləri deyil və bunun arxasında müəyyən məqsədlər var. Bəlli olur ki, Birləşmiş Ştatlar və Qərbin erməni lobbisi Türkiyəyə qarşı növbəti şantaj və təzyiq kampaniyasına başlayıb. Belə ki, Ağ evin saytında Türkiyə-Ermənistan sərhədinin açılması məqsədilə imza toplama kampaniyası başlayıb. Bu dəfə bəhanə Suriya erməniləri göstərilib.

Saytda rəsmi Ankara heç bir şərt irəli sürmədən öz sərhədlərini Suriya erməniləri üçün açmağa çağırılıb. Bu çağırışın təşkilatçıları bunun daha çox Suriyanın erməni qaçqınları üçün edilməsini istəyirlər. "Bu çağırışı imzalayanlar Türkiyəyə səslənir. Suriyalı qaçqınlar üçün Ermənistanla sərhədlərin açılmasını istəyirik. Suriyada müharibədə 60 min insan həlak olub. Yarım milyondan artıq insan müharibədən, ölümdən qaçıb. Lakin milyonlarla insan oradan çıxa bilmir. Suriyada təxminən 200 min etnik erməni yaşayır. Onların böyük əksəriyyəti Ermənistana gəlmək istəyir. Onlar daha sakit və rahat yaşamaq istəyirlər" - deyə çağırış sənədində qeyd edilib. "21-ci əsrdə bağlı sərhədlər olmamalıdır" – deyə petisiyada deyilir. Suriyada döyüşlər başlanandan bəri 6 min qaçqın Ermənistanda sığınacaq tapıb: «Onların kütləvi şəkildə tarixi vətənlərinə köçməsinə Suriyada etnik ermənilərin əksəriyyətinin məskunlaşdığı Hələb şəhəri və Yerevan arasında çətinləşən uçuşlar maneələr yaradır. Hələb təyyarə limanı qiyamçıların müntəzəm atəş hədəfinə çevrilib».

Onu da qeyd edək ki, petisiyanın prezident Obamaya göndərilməsi üçün fevralın 4-dək 24,689 imza toplanmalıdır. Yanvarın 5-də yaradılmış petisiyanın altında hələlik 300-dən artıq imza var. Fevralın 4-ə kimi davam edəcək kampaniya çərçivəsində bu rəqəmin 25 minə çatdırılması planlaşdırılır. Sənəddə yazılıb ki, Suriyadan Ermənistana gedən yol Türkiyədən keçir. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib. Tərəflərin münasibətlərindəki gərginliyə Ankaranın Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki haqlı mövqeyini dəstəkləməsi, eləcə də ermənilərin türklərə qarşı irəli sürdüyü uydurma erməni soyqırımı səbəb olub. Bir neçə il bundan əvvəl Birləşmiş Ştatların təşəbbüsü ilə Sürixdə sərhədlərin açılması ilə bağlı Türkiyə və Ermənistan arasında protokollar imzalansa da, bu protokollar elə kağız üzərində də qaldı. Azərbaycan və Türkiyə ictimaiyyətinin haqlı tələbi ilə protokollar gündəmdən çıxarıldı. Türkiyə hökuməti açıq şəkildə bəyan etdi ki, işğal olunmuş Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılmasından söhbət gedə bilməz. Ardınca da Ermənistan Konstitusiya Məhkəməsi protokolların birtərəfli qaydada dondurulması barədə qərar qəbul etdi. Bəziləri ortaya atılan yeni təşəbbüsü Barak Obama administrasiyası üçün təzyiq vasitəsi kimi qələmə verməyə çalışırlar. Onlar hesab edirlər ki, Hillari Klintondan sonra dövlət katibi olacaq ermənipərəst senator Con Kerri bu məsələni gündəmə gətirməyə çalışacaq. Xüsusən də nəzərə almaq lazımdır ki, qondarma soyqırımının 100 illiyi yaxınlaşır və sərhədlərin açılması məsələsinin gündəmə gətirilməsi də məhz bununla bağlıdır.

Maraqlıdır ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından parlament üzvü Mustafa Kabakçı və ölkənin Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı şərh vermək istəməyiblər. Türkiyənin ABŞ-da keçmiş səfiri Osman Faruk Loğoğlu bu kampaniyanı "Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışan erməni lobbisinin fürsətcil davranışı" kimi dəyərləndirib: "Suriya ermənilərini bəhanə edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmək yanlışdır”. Diplomatın sözlərinə görə, Suriyadan gələn bütün qaçqınlar etnik mənsubiyyətlərindən asılı olmayaraq Türkiyəyə qəbul olunurlar. Onun fikrincə, "Ermənistana getmək lazımdırsa, bunu mütləq quru yolla etməyə ehtiyac yoxdur. Bu, humanitar məsələni siyasətə alət etmək deməkdir".

Türkiyədəki erməni lobbisinin təmsilçiləri bu fikirdədirlər ki, Suriya erməniləri üçün Türkiyənin Ermənistanla sərhədlərinin açılması hökumətin iradəsinə bağlı məsələdir. "Suriyalı qaçqınların etnik mənsubiyyətinin Türkiyədə araşdırılacağına inanmıram. Ona görə də onların Türkiyəyə keçmələrinə problem olmayacaq" - türk-erməni biznes şurasının təmsilcisi Noyan Soyak bildirib. Noyan Soyak xatırladıb ki, 2011-ci ilin oktyabrında Vanda baş vermiş zəlzələ zamanı fəlakət qurbanlarına həyati vacib əşya və ərzaqların çatdırılması ilə bağlı Türkiyə tərəfinə qeyri-rəsmi müraciət edilsə də, buna müsbət cavab almaq mümkün olmamışdı. "Ona görə də humanitar məqsədlə sərhədlərin açılması məsələsi hökumətdən asılıdır" - Soyak deyib. Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya məsələləri üzrə mütəxəssisi Oytun Orhan deyib ki, bir müddət əvvəl Suriyadan etnik çərkəzlər Rusiyaya getmək üçün müraciət etmişdi. "Müharibə başlayandan bu yana çox sayda erməni qaçqın da Suriyanı tərk edərək Ermənistana gedib. Ancaq indi nəyə görə onlar üçün Türkiyə-Ermənistan sərhədinin açılması vacib olub - bunu anlamaq çətindir. Bu proses humanitar məqsəddən daha çox, Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslərinin davamı kimi görünür" - deyə Oytun Orhan deyib.

Beləliklə, yeni ilin ilk günlərindən Türkiyəyə qarşı növbəti erməni şantajı işə düşdü. Böyük ehtimalla Birləşmiş Ştatların müəyyən ermənipərəst dairələri bununla Türkiyənin mövqeyini zəiflətmək istəyirlər. Onlar sərhədlərin açılması məsələsini ortaya atmaqla Türkiyəni fakt qarşısında qoymağa da çalışacaqlar. Yəni, Türkiyə Suriyada qaçqın vəziyyətinə düşən insanların taleyinə biganə yanaşır. Onların problemlərinin həllində ayrı-seçkiliyə yol verir. Şübhəsiz ki, Türkiyə ermənilərin bu növbəti hiyləsinə uymayacaq və sərhədlərin açılmasına izn verməyəcək. Əks təqdirdə, bu, çox mənfi nəticələrə səbəb ola bilər. Onu da qeyd etmək yerinə düşər ki, rəsmi Ankara Suriya ermənilərinin Türkiyə ərazisindən təyyarə ilə Ermənistana gedə bilmələrində heç bir problem olmadığını dəfələrlə bəyan edib. Hətta onların burada qalmaları üçün şərait yaradıldığını da bəyan edib. Rəsmi Ankara bəyan edib ki, Suriyadan köçən insanların hansı xalqı təmsil etmələrinə fərq qoymur. Bir sözlə, quru sərhədlərinin açılması bu məsələdə şərt ola bilməz.

Azər NURİYEV