• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Türkiyə əleyhinə aparılan oyunlara qarşı birgə mübarizə

12.09.20 11:15 506
Türkiyə əleyhinə aparılan oyunlara qarşı birgə mübarizə
Azərbaycan Milli Məclisinin sədri kimi ilk xarici səfərini Türkiyəyə edən Sahibə Qafarova və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə böyük diqqət çəkdi.
Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Ş.Ayrım bildirib ki, koronavirus pandemiyası səbəbindən uzun zamandan bəri Azərbaycandan Türkiyəyə belə böyük nümayəndə heyəti gəlməmişdi: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yunanstanın yeni təyin olunan səfirinə "Türkiyə bizim qardaşımızdır, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük” sözlərindən sonra belə bir səfərin reallaşması qardaşlığımızın güclənməsi ilə yanaşı, Aralıq dənizində Türkiyə əleyhinə aparılan oyunlara qarşı bizə böyük mənəvi dəstək oldu”.
Ş.Ayrım vurğulayıb ki, iki qardaş ölkənin parlament rəhbərləri arasında keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasında bir çox məsələlərə toxunuldu: "Xüsusilə ermənilərin Tovuz istiqamətindəki təxribatları geniş müzakirə edildi.
COVİD-19 pandemiyası ilə bağlı olaraq iki ölkənin yaxın əməkdaşlıq etdiyi ifadə edildi. Həmçinin ticarətlə bağlı məsələlər, İğdırdan Naxçıvana təbii qazın nəql edilməsi, Qars-İğdır-Naxçıvan dəmir yol layihəsi müzakirə olundu. Bir sözlə, bu səfər iki ölkənin qardaşlığının möhkəmlənməsi üçün çox mühüm səfərdir. Azərbaycan nümayəndə heyətini ölkəmizdə görməkdən son dərəcə məmnun olduğumuzu ifadə etmək istərdim”.
Qeyd edək ki, sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər bugün başa çatır.
banner

Oxşar Xəbərlər