Türkiyə ədəbiyyatında türkçülük və milliyyətçilik ideologiyası
Türkiyə ədəbiyyatı tarixinin diqqətəlayiq mərhələlərindən biri olan milli ədəbiyyat
1911-ci ildə Ömər Seyfəddin və məsləkdaşlarının Səlanikdə nəşr etdikləri
"Gənc qələmlər" jurnalı ilə başlayıb, 1923-cü ildə cümhuriyyətin
qurulmasına qədər fəaliyyət göstərən bir ədəbi cərəyandır. Əsasında Türkiyə
türkcəsinin sadələşdirilməsi prinsipi olan milli ədəbiyyat Ziya Göyalpın bu hərəkata
qoşulmasından sonra türkçülük düşüncəsi ilə daha da qüvvətlənmişdir.
Türkçülük - "Türk birliyi" prinsipi ilə hərəkət edib dünyadakı
bütün türkləri milli düşüncə və duyğu ətrafında birləşdirməyi qarşısına məqsəd
qoyan siyasi bir cərəyandır. İlk növbədə "Turancı" bir fikirlə yer
üzündəki bütün Türk irqini bir araya toplamaq hədəflənmişdir. Daha sonra bu məqsəd
bir az daha kiçikləşdirilərək Anadolu və Orta Asiya türklərindən ibarət bir
dövlət qurma istiqamətində inkişaf etmiş, lakin bütün bu səylər boşa
çıxaraq "Anadolu türklüyü"
ideyası aktuallıq qazanmışdır.Türk ədəbiyyatı tarixinin böyük türkçü-milliyyətçi şəxsiyyəti olan Ziya
Göyalp "Turan" adlı şeirində "Turancılıq" düşüncəsini belə
ifadə etmişdir:
Vətən; nə Türkiyədir Türklərə,
nə Türküstan,
Vətən; böyük və müəbbət bir
ölkədir: Turan!
Tənzimat dövründə Əhməd Vəfiq Paşa, Süleyman Paşa, Şəmsəddin Sami, Əli
Süavi kimi yazıçılar türklərin Anadoluya gəlişindən öncəki tarix və mədəniyyət
ilə bağlı araşdırmalar aparmış, hətta o illərdə türkçülük cərəyanının əsasını
qoymuşdular. Türkçülüyün əsaslarından olan türk dili və mədəniyyəti ilə bağlı
ilk işlər tənzimat dövründə başlandı. İbrahim Şinasi, Namiq Kamal və Ziya
Paşanın dilin sadələşdirməsi cəhdləri bunun ilk nümunələridir.
Türkçülük düşüncəsini sosioloji bir anlayışla sistemləşdirib məlum prinsiplərlə
əlaqələndirən isə türkçü-milliyyətçi şair Ziya Göyalpdır."Türkçülük və milliyyətçilik" cərəyanı Balkan müharibəsi ilə bərabər
"Osmanlıçılıq" düşüncəsinin əhəmiyyətini itirməsi, ərəb və digər türk
olmayan milli azlıqların Osmanlı imperiyasından ayrılmağa çalışması nəticəsində
yaranmışdır. Müxtəlif ərazilərə səpələnmiş türkləri "Türk" kimliyi
altında bir araya toplamaq, türklərdən ibarət böyük bir dövlət qurmaq,
"Türk birliyi" düşüncəsindən hərəkət edərək dil, din, vətən və torpaq
birliyini qoruyub saxlamaq türkçü-milliyətçi şəxsiyyətlərin əsas məqsədi
olmuşdur.
Tənzimatdan sonra,
imperatorluğun düşdüyü böhranlı vəziyyətdən xilas olması və yenidən köhnə gücünə
qovuşa bilməsi üçün bəzi siyasi görüşlər irəli sürülmüşdür. Bu görüşlərin ən əhəmiyyətliləri:
Mədəniyyətçilik, Osmanlıçılıq, İslam birliyi (İttihadi İslam) fikirləri idi. Düşüncə tərzinə hakim bu üç
siyasi sistem 1908-ci ildə yəni II Məşrutiyyənin qəbuluna qədər davam etdi. II
Məşrutiyyənin elanından sonra bu görüşlərə türkçülüyü əsas alan "milliyyətçilik”
fikri də əlavə olundu.
Türkçülük axını xüsusilə tənzimat
ədəbiyyatçılarından olan Əli Süavi, Əhməd Vəfiq Paşa, Süleyman Paşa və Şəmsəddin
Saminin fəaliyyətlərilə elmi şəkildə
inkişaf etmişdir. Bursalı Məhməd Tahir bəyin, Vələd Çələbi və Nəcib Asimin
yazıları sayəsində isə bu düşüncə əhatə dairəsini daha da genişləndirdi.
Məhməd Əmin Yurdaqulun "Türkcə şeirlər” kitabı və digər şeirləri ilə
"türkçülük" axını ədəbiyyat sahəsinə keçdi. II Məşrutiyyənin
elanından sonra "Türk Dərnəyi" (1908), "Türk Yurdu" (1911),
"Türk Ocağı" (1912) dərnəklərinin qurulması türkçülüyə əsaslanan "milliyyətçilik”
axınını bir tərəfdən siyasət, digər tərəfdənsə ədəbiyyat sahəsində inkişaf
etdirdi.
1908-ci ildən sonra islamiyyətdən
əvvəlki türk dili və ədəbiyyatı, türk tarixi, türk mədəniyyəti araşdırılmağa
başlandı. Dövrün hökuməti də bu sahədə olan fəaliyyətləri dəstəklədi. Bu dövrdə
sənətdə nüfuzu və yeri olan ayrı-ayrı şəxsiyyətlər qüvvətlənməkdə olan milli ədəbi
hərəkatlara rəhbərlik edir, türk milliyyətçiliyinin inkişaf etməsində mühüm rol
oynayırdılar. 1911-ci ildə "Gənc qələmlər" məcmuəsində yeni dil
qaydalarının hakimliyi məsələsi ilə bağlı silsilə yazılar çap olunmağa başlandı.
İlk sanballı, problem səciyyəli
məqalənin müəlliflərindən biri olan Ömər Seyfəddin ədəbiyyatda ərəb, fars və
fransız sözlərinin işlədilməsinin əleyhinə çıxır, Türkiyə türkcəsinə ədəbi
dilini gəlmə sözlərlə dolduran sənətkarları tənqid edir və bugünkü tələbin
mahiyyətinin nədən ibarət olmasını açıqlayırdı:
"İndi yeni bir həyata,
yeni bir intibah dövrünə girən türklərə yeni, təbii bir dil, yəni öz dilləri
lazımdır. Milli bir ədəbiyyat yaratmaq üçün əvvəla milli bir dil lazımdır. Köhnə
dil xəstədir və bu xəstəliyin səbəbi də içindəki lazımsız və əcnəbi
qaydalardır".
"Gənc qələmlər" məcmuəsi
ətrafına toplaşan mütəfəkkir şəxsiyyətlər yeni fikirlər irəli sürərkən beş
xüsusi maddə ilə çıxış edir və yazılı dil qaydaları ilə yanaşı şifahi danışıq
dilinin İstanbul türkcəsi olmasını tələb edirdilər. Bütün bunlardan sonra ədəbiyyatda
yeni bir nəfəs və dirçəliş başladı. Ömər Seyfəddin, Əli Canib, Ziya Göyalp, Məhməd
Fuad Köprülü, Məhməd Akif Ərsoy və s. sənətkarlar sayəsində türk ədəbiyyatında
milli ədəbi cərəyan formalaşdı.
Milli ədəbiyyat dövründə
türkçülər ilk olaraq 1908-cil ildə "Türk dərnəyi" adı altında bir dərnək
qurdular. Qurucuları arasında Yusif Akçuraoğlu, Əhməd Midhət Əfəndi, Nəcib
Asim, Rza Tofiq Bölükbaşı kimi simaların olduğu dərnək, 1911-ci ildə eyni adla
bir jurnal nəşr etdi. Bu jurnalın ilk sayında "Türk dərnəyi bəyənnaməsi"
başlığı altında dilin sadələşdirilməsi üçün lazım olan maddələr açıqlandı:
1. Osmanlı türkcəsinin bütün
Osmanlılar arasında istifadə olunan bir dil ola bilməsi üçün türk dilinin bütün
xüsusiyyətləri, keçid dövrü araşdırılacaqdır.
2. Dildəki ərəb-farsca kəlmələr
atılmayacaq və bu sözlərin türkcə qarşılıqları istifadə olunacaqdır.
3. Rəsmi yazışmalarda, elan və
lövhələrdə xalqın asanlıqla başa düşəcəyi bir türkcənin istifadə olunması hökumətdən
xahiş ediləcək.
Bu düşüncələr istənilən
formada həyata keçirilə bilməmişdir. Lakin daha sonra dildə sadələşmə üçün bir
addım olduğu açıq-aşkar görülməkdədir. 1911-ci ildə Məhməd Əmin Yurdaqulun rəhbərliyi
ilə "Türk yurdu" dərnəyi quruldu. Bu dərnək də öz adı ilə bir jurnal
nəşr etdi. Daha sonra da ən uzun müddət fəaliyyət göstərən, Türkiyədə milliyyətçiliyin
inkişafında ən təsirli dərnək olan "Türk ocağı" quruldu. Ayrıca
"Xalqa doğru" (1913) adlı xalqa daha yaxın olmaq məqsədi güdən bir
jurnal nəşr olundu. İqtidardakı "İttihad və tərəqqi" partiyası da bu
hərəkatı dəstəkləməsi nəticəsində milliyyətçilik və türkçülük ideologiyası sürətlə
inkişaf etmişdir.
Milliyyətçiliyin dil və ədəbiyyatla
əlaqəsi 1911-ci ildə Səlanikdə Ömər Seyfəddin və Əli Canibin başçılığı altında
nəşr olunmağa başlayan "Gənc qələmlər" adlı jurnal ilə qurulmuşdur.
"Milli ədəbiyyat" adı ilk dəfə "Gənc qələmlər" jurnalında
istifadə olunmuşdur. Milli bir ədəbiyyat yaratmaq vəzifəsini üzərinə götürən
jurnal, belə bir ədəbiyyat üçün ilk növbədə dilin milliləşdirilməsinin
labüdlüyünü ortaya qoymuşdur. "Gənc qələmlər"in nümayəndələri
jurnalın "Yeni lisan" başlıqlı məşhur ön yazısında dilin sadələşdirilərək
Osmanlıcadan qurtarılması vacibliyi fikrini irəli sürmüşlər.
Bu hərəkatın başında gələn Ömər
Seyfəddin ədəbiyyat ilə dili bir-birindən ayırmamışdır. Zamanın ədəbiyyatının
milli olmamasına səbəb olaraq köhnə və qəliz tərkiblərlə zəngin olan bir dili-osmanlıcanı
göstərmişdir. Lazımsız əcnəbi qaydaların dili xəstə etdiyi düşüncəsini irəli
sürmüş və bu səbəbdən gənc ədəbiyyatçılara bu xəstə dildən uzaqlaşmağı tövsiyə
etmişdir. Ömər Seyfəddinə görə milli bir ədəbiyyatı yalnız bu dildən uzaqlaşan ədəbiyyatçılar
yarada bilər. Ayrıca ədəbiyyatın mövzusunun da xalqın yaşayışından, həyatından
alınması vacibliyini bildirmişdir. Çünki tənzimata qədər İranın təqlidçisi olan
türk ədəbiyyatı, tənzimatdan sonra da Qərbin təqlidçisi olmuşdur. Artıq bütün
bunlardan qurtulmaq, yaradıcı mərhələyə qədəm qoymaq və türk xalqının
yaşayışına yönəlmək lazımdır.
"Gənc qələmlər"
1912-ci ildə bağlanmış və bu ədəbi topluluğun nümayəndələri isə İstanbula
qayıtmış, orada milli ədəbiyyat hərəkatını "Türk yurdu" kimi digər
milliyyətçi jurnallardakı yazıları ilə davam etdirmişlər.
1911-ci ildə "Gənc qələmlər"
jurnalının nümayəndələri tərəfindən başladılan "Yeni lisan" hərəkatı
inkişaf edərək "Milli ədəbiyyat axını"nı formalaşdırmışdır. Milli bir
dil və ədəbiyyatın yaranmasını əsas hesab edən bu dövr, yeni türk ədəbiyyatının
mühüm və əhəmiyyətli bir mərhələsini meydana gətirmişdir.
Milli ədəbiyyat adını almış
bu dövrün əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Şifahi dilin yazı dilinə
çevrilməsi düşüncəsi zamanın yazıçıları tərəfindən mənimsənilmiş, beləcə
osmanlıcadan türkcəyə qayıdılıb.
2. Şeirdə xalq ədəbiyyatı nəzm
formalarından faydalanılmış, əruz vəznindən heca vəzninə keçilmişdir.
3. Xalqın həyatı ədəbi əsərlərə
mövzu olaraq seçilmişdir. O zamana qədər hadisələrin baş verdiyi yer həmişə
İstanbul ikən, yazıçılar artıq İstanbul xaricinə, xüsusilə də Anadoluya üz tutmağa başladılar, əsərlərində Anadolu
xalqına və coğrafiyasına geniş yer vermişdilər.
4. Ayrıca türk tarixi və adət-ənənələri
də yenidən canlandırılmaya başlanıldı.
5. Roman və hekayələrdə
Anadoluya istiqamətlənmək ilə yanaşı "məmləkət ədəbiyyatı"
formalaşmış və yurd, vətən problemləri qələmə alınmışdır.
6. Roman və hekayələrdə
realizm cərəyanının təsiri görülərkən, şeirlər romantik bir duyğu ilə
yazılırdı.
7. Dövrün ən mühüm hadisəsi
kimi qəbul olunan Qurtuluş savaşı ədəbiyyatçılara da təsir etmiş, milli mücadilə
bir çox əsərə mövzu olmuşdur.
8. "Sənət xalq üçündür”
prinsipinə əsaslanmışdılar.
II məşrutiyyədən sonra türk
dili və tarixi ilə bağlı araşdırma və tədqiqatlar daha da gücləndi. Əhməd Hikmət
və Məhməd Əmin Yurdaqul kimi sənətçilərin vətən və millət sevgisini göstərən əsərləri
xüsusilə gənc alimlər arasında böyük bir həyəcan yaratdı. Məhməd Əmin
Yurdaqulun 1897-ci ildə türk-yunan müharibəsi zamanı yazdığı "Mən bir türkəm,
dinim, cinsim uludur" misrası ilə başlayan "Cəngə gidərkən" adlı
şeiri böyük maraq ilə qarşılandı. Sənətçi daha sonra şeirlərini topladığı
kitabına "Türkcə şeirlər" adını verməsi milliyyətçi hiss və
duyğuların bir göstəricisidir.
Bu proseslər milli bir ədəbiyyatın
formalaşmasına zəmin yaratdı. 1908-ci ildə Yusif Akçura, Nəcib Əsim, Vələd Çələbi
kimi yazıçılar tərəfindən "Türk dərnəyi", 1911-ci ildə Məhməd Əmin
Yurdaqul, Əhməd Hikmət, Ağaoğlu Əhməd və Yusif Akçuranın rəhbərliyi altında
"Türk yurdu" dərnəyi quruldu. Bu ənənəni 1912-ci ildə Emin Bülənt və
Həmdullah Sübhinin nəşr etdiyi "Türk ocağı" davam etdirdi.
1908-ci ildən sonra yaradılan
bu dərnəklər və onlara aid mətbuat orqanları milliyyətçiliyin siyasi bir cərəyana
çevrilməsində, dilin sadələşdirilməsində mühüm rol oynadı. Milliyyətçilik hərəkatının
ədəbiyyatda əks olunması "Gənc qələmlər" jurnalında özünü göstərdi.
1911-ci ildə Səlanikdə Ömər Seyfəddin və Əli Canib tərəfindən başladılan dildə
sadələşmə prosesi milli ədəbiyyatın yaranmasına böyük dəstək oldu.
İlk öncə Manastr, sonra
Selanikdə çıxan "Hüsn" və "Şeir" jurnalının baş redaktoru
Əli Canib Yöntəm jurnalın adının "Gənc qələmlər" olaraq dəyişdirilməsi
fikrini irəli sürdü.
Milli ədəbiyyat dövründə məqalə
yazmaq daha da aktuallıq qazandı. Ömər Seyfəddin, Əli Canib Yöntəm və Ziya
Göyalp bu növlə milli duyğu və düşüncələri dilə gətirən yazılar yazdılar. Əli
Canib Yöntəm ədəbiyyat tarixi mövzularında etdiyi çalışmaları ilə tanınmışdır.
"Milli ədəbiyyat məsələləri" və "Cənab Bəylə münaqişələrim"
adlı kitablarında topladığı məqalələrini "Türk yurdu" adlı jurnalda
çap etdirmişdir.
Milli ədəbiyyat dövrü şeirlərində
əruz və heca vəzni bərabər istifadə olunmasına baxmayaraq heca vəzninə daha çox
üstünlük verilirdi. Milli ədəbiyyatın nümayəndələri; sadə bir dil və heca vəzni
ilə milliyyətçilik mövzusunu ələ alan şeirlər yazmışdılar və şifahi dilin şeirə
tətbiq olunmasını vurğulamışdılar.
Milli ədəbiyyat şeiri
deyildikdə ağıla ilk gələnlər "türkçülük, sadə dil, heca vəzni, milli
motivlər"dir. Sadə bir dilin istifadə olunduğu şeir "vətən sevgisi və
milliyyətçilik", türkü nəzm formasını xatırladan bəndlər və heca ölçüsü ilə
yoğurulduğu üçün "milli ədəbiyyat şeir ənənəsini" əks etdirməkdədir.
Hekayələrdə mövzu olaraq Anadoluda yaşanan həyat həqiqətləri, xalqın yaşamı və
problemləri, tarixi hadisələr canalandırılmışdır.
Milli dövr romanlarında daha
çox sosial mövzulara üstünlük verildi və "Yeni lisan" hərəkatının təsiri
ilə sadə bir türkcədə qələmə alındı. Bu dövr romançılarının ortaq xüsusiyyətləri,
"cəmiyyətin və xalqın problemlərini işləmək, məmləkət və millət sevgisini
romantik duyğularla təsvir etmək, milli dəyərlərə diqqət yetirmək"dir.
Milli bir xüsusiyyət daşıyan romanlardakı mövzular, tip və xarakterlər türk
millətinin həyatından, milli mücadilədən alınmışdır. Öncəki dövrlərdə İstanbul
həyatı, mühiti ilə məhdudlaşan roman; bu dövrdə "məmləkət ədəbiyyatı"
hərəkatının ilk nümunələrini vermiş, ilk dəfə həqiqi mənada Anadolu coğrafiyası
və Anadolu insanı canlandırılmışdır. Xalidə Ədib Adıvar, Yaqub Qədri
Qaraosmanoğlu, Rəfiq Xalid Karay, Rəşad Nuri Güntəkin bu dövrün ən əsas
romançılarıdır.
Aydan UMUDOVA